Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4996/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilənin ləğv edilməsi, müqavilə əsasında ödənilmiş pulun qaytarılması və həmin pulun qanunsuz saxlanıldığı müddətə görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(011)-3247/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı müqavilənin ləğv edilməsi, müqavilə üzrə ödənilmiş pulun və həmin pulun qanunsuz saxlanıldığı müddətə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(011)-3247/2021 saylı qərardadı ilə məhkəməyə müraciət etməzdən əvvəl işin məhkəmədən kənar həlli qaydasına riayət edilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş müqavilədən görünür ki, xitam verilməsini tələb etdiyi müqavilənin müddəti bitsə də, cavabdeh həmin müqavilə üzrə götürdüyü öhdəliyini icra etməmişdir ki, bu da onun hazırkı iddianın qaldırılmasına əsas vermişdir. Müqaviləyə xitam verilməsi tələbinin irəli sürülməsi üçün pretenziya qaydası nəzərdə tutulmamışdır. Bundan əlavə, o, müqaviləyə xitam verilməsi tələbindən başqa digər tələblər də irəli sürmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(011)-3247/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddia tələblərindən biri müqavilənin ləğv edilməsi ilə bağlıdır. İddiaçı tərəfindən isə mülki və mülki-prosessual qanunvericiliyin müqavilənin ləğvi ilə bağlı tələblərinə riayət edilməmiş və müqavilənin ləğvi ilə bağlı cavabdehə müraciət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Mülki Məcəllənin 423.2-ci maddəsində, müqavilənin hansı formada bağlanmasından asılı olmayaraq müqavilənin məhkəmədə dəyişdirilməsi və yaxud ləğv edilməsi qaydası müəyyən olunmuşdur. Həmin qaydaya əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl işin məhkəmədən kənar həlli qaydasına riayət etməmiş və buna dair sənədi təqdim etməmişdir. Mülki Prossesual Məcəllənin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Buna görə də şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(011)- 3247/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(011)-3247/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4996/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4996/2021
17.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver