Məhkəmə qərarları › İş №2(103)-4997/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4997/2025

19.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4997/2025 19.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-2217/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı xx.xx.1999-cu il təvəllüdlüdür, hazırda 26 yaşı var. İddiaçı birinci dərəcə əlildir, ona müddətsiz “Daun sindromu nəticəsində ağır dərəcəli (imbesillik) kəmağıllıq, davranış pozuntusu və anadangəlmə nitq qüsuru. OS-Anadangəlmə Kantarkta. Vegetativ damar distoniyası” diaqnozu təyin edilib. 2.Cavabdeh iddiaçının atasıdır. Cavabdeh iddiaçının anası Ofelya Musayeva ilə xx.xx.1993-cü ildə nikaha daxil olub, xx.xx.2024-cü il tarixli qənamə ilə nikah pozulub. İddiaçı anası ilə birlikdə yaşayır, cavabdeh isə onlardan ayrı yaşayır. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsi xx.xx.2025-ci ildə verilib. İddia ərizəsində tələb olunub ki, hər ay 500 manat aliment cavabdehdən tutularaq iddiaçıya verilsin. 4.Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, iddiaçının saxlanması üçün xx.xx.2025-ci ildən başlayaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, cavabdehin özü 3-cü qrup əlildir, halhazırda heç bir yerdə işləmir, iddiaçı dövlətdən təqaüd alır, iddiaçnın anası işləyir, habelə iddiaçıya baxdığına görə dövlətdən müavinət alır. 6.Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 7.Apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 8.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsinə görə, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. İddiaçının əmək qabiliyyəti yoxdur və maddi yardıma ehtiyacı var. Ona görə də iddiaçı cavabdehdən aliment tələb etmək hüququna malikdir. 9.Ailə Məcəlləsinin 80.2-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir .Alimentin miqdarının minimum əmək haqqının 0,50 misli həddində müəyyən edilməsi həmin maddənin göstərişinə uyğundur. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, cavabdeh mağazada menecer işləyir, aylıq əmək haqqı 250 manat təşkil edir, bundan başqa 3-cü qrup əlil kimi 393,32 manat pensiya alır, mülkiyyətində iki mənzil və “Mercedes Benz E200” markalı avtomobil var, fəaliyyəti müvəqqəti dayandırılsa da sahibkar kimi ********** VÖEN var. 10.Beləliklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. 11.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-2217/2025 nömrəli qətnaməsi iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar