Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4998/2025 02.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyun 2025-ci il tarixli qərardaddan cavabdehin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiasına dair mülki işə baxmış Nərimanov Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdr. Cavabdeh həmin qətnamədən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Cavabdeh eyni zamanda ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnaməni cavabdehin ünvanına göndərsə də, qətnaməni iş üzrə iddiaçı xx.xx.2025-ci il tarixdə almış və cavabdehə verməmişdir. Belə ki, iddiaçı ilə cavabdehin nikahına məhkəmə qətnaməsi əsasında 2021-ci ildə xitam verilsə də, onların münasibətləri daha əvvəl pozulmuş və cavabdeh əvvəllər yaşadığı, qeydiyyatda olduğu həmin ünvandan çıxmaq məcburiyyətində qalmışdır. Cavabdeh qətnamə barədə məlumatı 2025-ci ilin fevral ayının ortalarında almış, xx.xx.2025-ci il tarixdə Rayon Məhkəməsinə müraciət edərək, qətnaməni əldə etmiş və bundan sonra apellyasiya şikayəti vermişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında” ərizəyə və apellyasiya şikayətinin qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə ərizənin təmin edilməməsini və bu səbəbdən də apellyasiya şikayətinin qaytarılmasını qərara almışdır. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında” ərizənin təmin edilərək, apellyasiya şikayətinin qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə Cavabdeh tərəfindən qəbul edilməmiş, “Poçt göndərişinin verilməsi haqqında xəbərnamədəki” imza ona məxsus deyil. Qətnaməni xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək rəsmi qaydada almışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və xx.xx.2024-cü il tarixli qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 134.1-ci maddəsinin mənasına görə, məhkəmə, məhkəmə sənədləri, o cümlədən məhkəmə aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. MPM-nin 135.2-ci maddəsinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-nin 135.3-ci maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə bildirir ki, iş üzrə xx.xx.2025-ci il tarixdə qəbul olunmuş qətnamə cavabdehin ünvanı kimi qeyd edilmiş ünvan 1r. Həmin göndərişi həmin ünvana çatdırmış və Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş poçtalyon X1 Rayon Məhkəməsinə verdiyi ifadədə bildirmişdir ki, Rayon Məhkəməsinin həmin göndərişini o, xx.xx.2025-ci il tarixdə ünvançı olan cavabdehə deyil, cavabdehin ərinə - iddiaçıya təqdim etmiş, sonuncu da “çatdırılma vərəqəsini” imzalayaraq cavabdehə və özünə çatacaq hər iki məktubu qəbul etmişdir. Məhkəmə hesab edir ki, qətnamənin xx.xx.2025-ci il tarixdə cavabdehə deyil, cavabdehin keçmiş ərinə, yəni hazırkı iş üzrə cavabdehə əks olan tərəfə - iddiaçıya çatdırılması qətnamənin cavabdehə rəsmi qaydada təqdim edilməsi kimi qəbul edilə bilməz. Çünki, onların nikahı 2021-ci ildə pozulduğundan iddiaçı cavabdehin ailə üzvü sayılmır. Belə olan halda qətnamənin cavabdehə çatdırılması faktını sübuta yetirmək yükü, artıq iddiaçının üzərinə düşür, lakin o, bu kimi sübutları məhkəmələrə təqdim etməmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alan, MPM-in 398-ci maddəsində təsbit edilmiş səlahiyyətinə əsaslanan, və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdehnın şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli qərardadı ləğv edilsin. Müəyyən edilsin ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 05 dekabr 2024-cü il tarixli qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət Cavabdeh tərəfindən ötürülməmişdir. Cavabdeh prosessual müddəti ötürmədiyindən onun tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə təmin edilməsin. Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 05 dekabr 2024-cü il tarixli qətnamədən verdiyi apellyasiya şikayəti qəbul edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-4998/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4998/2025
02.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver