Məhkəmə qərarları › İş №2(103)-5009/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5009/2020

17.06.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5009/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4816/2019 saylı qətnaməsindən İddiaçı və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmək haqqının gecikməsinə görə pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən onun xeyrinə ödənilməmiş əmək haqqının ödənişinin gecikdirildiyi hər gün üçün 2 faiz dəbbə pulu hesablanaraq tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9293/2019 saylı xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə işəgötürən Cavabdeh MMC-dən onun həmin MMC-də əmək müqaviləsi əsasında işlədiyi dövrdə (xx.xx.2017-xx.xx.2018) artıq işlədiyi iş saatlarına görə ödənilməli olan, lakin ödənilməmiş 612,52 manat əmək haqqının tutulması qət edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən: 1.Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Ona işəgötürən tərəfindən 612,52 manatın ən azı işdən çıxdığı gün ödənilməli olduğu nəzərə alınarsa həmin məbləğin gecikdirilməsinə görə işəgötürən tərəfindən 17 ay üçün (ən azı 510 gün) üçün günə 2 faizdən 6247 manat faiz ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, qanunla müəyyən edilən cərimə, maliyyə sanksiyası, habelə qanundan irəli gələn dəbbə pulunun (peniyanın) tətbiqi ilə yaranan hüquq münasibətləri mahiyyət etibarı ilə ümumi (publik) hüquq münasibətləridir və bu sahədə hüququn və ya qanunun analogiyası tətbiq edilə bilməz. Mövcud qanunvericilikdə gecikdirmə ilə bağlı dəbbə pulu (peniya) nəzərdə tutulmuşdursa, bu qanunvericinin müəyyən etdiyi normadır və məhkəmələr öz mülahizələrinə əsaslanaraq bu normanı dəyişdirə bilməzlər. Beləliklə, qanunvericilikdə cərimə, maliyyə sanksiyası və ya dəbbə pulu dəyişməz (sabit dərəcədə) faiz miqdarında nəzərdə tutulubsa həmin faizin azaldılması və ya artırılması qeyri-qanuni hesab edilməlidir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4816/2019 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-dən İddiaçı xeyrinə ödənilməmiş əmək haqqının ödənişinin gecikdirildiyi hər gün üçün 1 (bir) faiz dəbbə pulunun hesablanaraq tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi və iddia tələbinin tam təmin olunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4816/2019 saylı qətnaməsinin ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayətində qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Eyni zamanda hakim qətnamədə iddianı hansı səbəbdən tam deyil, qismən təmin etdiyini əsaslandıra bilməmişdir. Qeyd edilənlərə əsasən, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2 (005)- 486/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia əmək haqqı ödənişinin gecikdirilməsi ilə bağlı olduğundan dövlət rüsumu ödənilmir. Cavabdehin apellyasiya şikayətində qeyd olunur ki, İddiaçı xx xxx 2018-ci ildə iddia ərizəsi ilə Səbail rayon Məhkəməsina müraciət edərək, cavabdeh "Cavabdeh" MMC-dən işlədiyi dövr ərzində iş vaxtından artıq işlədiyi dövr üçün, iş günü hesab olunmayan bayram günlarində ve ümumxalq hüzn günündə işlərə cəlb olunmasıyla baglı ödənişlərin və eləcədə həmin məbləğlərin ödənilməməsinə görə gecikdirilmiş hər gün üçün an azı 1 faiz məbləğində faiz borcunun, ümumilikdə isə 2000 (iki min) manat pulun cavabdehdən onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra xx xxxx 2019-cu il tarixdə “İddia tələbinin azaldılması və iddia məbləğinin hesablanması" barədə Məhkəməyə ərizə verərək iddia tələbini azaldaraq cavabdehdən cəmi 1999 manat pul tutulmasını xahiş etmişdir. İşə baxan məhkəmə iddia tələbinin rədd olunması barədə 2(009)-145/2019 saylı mulki iş üzrə, xx.xx.2019-cu il tarixli qətnamə qəbul etmişdir. Qətnamədən narazı qalan iddiaçı Xəlilov X3 şikayati verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-145/2019 saylı mülki iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsini ləğv edilib iddia tələbi təmin edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 9293/2019 saylı mülki iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ila İddiaçı Farhad oğlunun Apellyasiya şikayatini qismən təmin edilərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 145/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi qismən - əlavə iş saatlarına görə əmək haqqının tutulması hissəsində ləğv edilərək, həmin hissədə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qabul edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə, yuxarıda qeyd olunan məhkəmələrin sözügedən mübahisə ilə bağlı gəlmiş oldugu hüquqi nətica artıq bu məsələ ilə baglı eyni tərəflərin, eyni predmetlə bağlı va eyni əsas üzra növbəti dəfə məhkəmə qaydasında mübahisələndirmə imkanını istisna edir. Bundan əlavə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzərindən gecikdirildikdə, bu fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilən gün üçün əmək haqqının ən azı bir faizi məbləğində ödənc ödənilməlidir. Bu maddədə nəzərdə tutulan fərdi əmək mübahisəsi yaratma tərəflərdən biri tərəfindən məhkəməyə muraciət olunduqda yaranır. O zaman isə iddiaçıya ödənilməmiş əmək haqqına görə bir faiz dəbbə pulu hesablanmamalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X4 iddiaçının apellyasiya şikayəti qəbul etməyərək, öz apellyasiya şikayətini müdafiə etdi və iddia tələbinin rədd olunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2(103)-9293/2019 saylı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı digər iddiaları ilə birlikdə əlavə işlədiyi iş saatlarına görə 1% məbləğini də tələb etsə də, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək 1999 manat pulun tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2(103)-9293/2019 saylı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçının tələbləri “fevral ayının maaşından az ödənilmiş 13 manat, mart ayının 1-dən 13-dək hesablanmış maaş və məzuniyyət pulundan ödənilmiş 255. 28 manat maaş, iş vaxtından əlavə işlədiyi saatlara görə 1502,8 manat və qeyri-iş günləri işə cəlb olunması ilə bağlı 1502,8 manat kompensasiya təşkil etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2(103)-9293/2019 saylı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, əmək müqaviləsinə əsasən "Cavabdeh” MMC və İddiaçı arasında xx xxxx 2017-ci il tarixdə əmək müqaviləsi bağlanmış və İddiaçı əsas iş yeri olmaqla anbardar vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 2.1-ci, 2.2-ci bəndinə əsasən bu Müqavilə müddətli olaraq bağlanmış, AR Əmək Məcəlləsinin 47-ci maddəsinin "f” bəndinə əsasən xx xxxx 2017-ci il tarixdən xx xxx 2017-ci il tarixədək 2 ay müddətinə bağlanmış, tərəflərdən birinin etirazı olmaması halında müqavilə avtomatik olaraq daha 2 (iki) ay müddətinə uzadılması halı qeyd edilmişdir. Əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən işçiyə hər ay vergi və digər icbari tutulmalar da daxil olmaqla 170 manat məbləğində əmək haqqı hesablanır. Həmin müqavilənin 4.26-cı maddəsində işçinin iş ilini xx xxxx 2017-ci il - xx xxxx 2018-ci il təşkil etdiyi göstərilmişdir. Müqavilənin 4.17-ci bəndinə əsasən iş həftənin 5 günü 09:00-da başlanır, saat 17:00-da qurtarır, şənbə günləri isə saat 09:00-da başlanır, saat 15:00-da qurtarır. Müqavilənin 8.2- ci bəndinə əsasən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş ştat cədvəlinə əsasən əmək haqqı 185 manat hesablanması barədə əmək müqaviləsinə dəyişiklik edilmişdir. Həmin Müqavilənin 10.2-ci maddəsində Müqavilənin 2 (iki) nüsxədə tərtib edildiyi, onlardan birinin işçidə, digərinin isə işəgötürəndə saxlanılması qeyd edilir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 9293/2019 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 145/2019 saylı iş üzrə xx xxxxx 2017-ci il tarixli qətnaməsi qismən - əlavə iş saatlarına görə əmək haqqının tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilməklə yeni qətnamə qəbul edilmişdir. İddiaçı cavabdeh "Cavabdeh” MMC-də işlədiyi müddətdə (xx.xx.2017-xx.xx.2018) İ-Vİ günlər saat 08:00-dan 09:00-dək iş vaxtından əlavə işlədiyi saatlara görə ödənilməmiş cəmi 612,52 manat əmək haqqı cavabdeh "Cavabdeh” MMC-dən onun xeyrinə tutulmuşdur. Tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9293/2019 saylı xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən ödənilməmiş və bununla bağlı iddiaçı məhkəməyə müraciət etmiş və 612,52 manat əmək haqqı Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, əmək qanunvericiliyində işəgötürənin təqsiri üzündən əmək haaqının gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsini nəzərdə tutmuşdur. İddiaçı isə daha artıq faizlərin tutulması üçün mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən iddia həmin hissədə qismən təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Buna görə də, kollegiya hesab edir ki, qətnamə ləğv edilməli, işdə olan sübutlar əsasında işə baxılmalıdır. Əvvəla qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, qanunla müəyyən edilən cərimə, maliyyə sanksiyası, habelə qanundan irəli gələn dəbbə pulunun (peniyanın) tətbiqi ilə yaranan hüquq münasibətləri mahiyyət etibarı ilə ümumi (publik) hüquq münasibətləridir və bu sahədə hüququn və ya qanunun analogiyası tətbiq edilə bilməz. Mövcud qanunvericilikdə gecikdirmə ilə bağlı dəbbə pulu (peniya) nəzərdə tutulmuşdursa, bu qanunvericinin müəyyən etdiyi normadır və məhkəmələr öz mülahizələrinə əsaslanaraq bu normanı dəyişdirə bilməzlər. Beləliklə, qanunvericilikdə cərimə, maliyyə sanksiyası və ya dəbbə pulu dəyişməz (sabit dərəcədə) faiz miqdarında nəzərdə tutulubsa həmin faizin azaldılması və ya artırılması qeyri-qanuni hesab edilməlidir. Hazırki halda iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə istinad edərək, Cavabdeh MMC-dən onun xeyrinə ödənilməmiş əmək haqqının ödənişinin gecikdirildiyi hər gün üçün 2 faiz dəbbə pulu hesablanaraq tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, əmək haqqının gecikdirilməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndində faiz ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-ƏM) 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddənin məzmunundan göründüyü kimi əmək haqqı üçün faizin tutulması o halda mümkün hesab edilir ki, əmək haqqının məbləği əmək mübahisəsi yaratmasın. Mübahisənin məzmunundan göründüyü kimi iddiaçının tələb etdiyi əmək haqqı məbləği əmək mübahisəsinə səbəb olmuş, lakin məhkəmə faiz məbləğini qət edən zaman işin bu halını nəzərə almamışdır. Qanunun məzmunundan göründüyü kimi faiz tutulmalı olan əmək haqqı məbləği mübahisə predmeti olmamalıdır. Yəni faiz məbləği hesablanmış, lakin ödənilməsi işəgötürən tərəfindən yubadılmış əmək haqqı məbləğindən ödənilməlidir. Birinci instansiya məhkəməsi iddiaçıya ödənilməsi yubadılmış pul məbləğinə görə faiz pulu tutan zaman işin göstərilən hallarını nəzərə almamış, pul ödənişinə görə gecikdirilmiş vaxt üçün Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş faiz məbləğinin tutulmalı olub-olmamasını araşdırmamışdır. Buna görə də, hazırkı iddia tələbi əmək haqqının gecikdirilməsinə görə faizin tutulması hissəsində əsaslı hesab edilə bilməz. Kollegiya hesab edir ki, iddiaçı ƏM-nin 195-ci maddəsinin “d” bəndinə əsasən işəgötürəndən əmək haqqının əsassız və qanunsuz olaraq verilməməsinə görə ona vurulan ziyanı tələb edə bilər. Kollegiya cavabdeh apellyatorun digər dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı əvvəlki məhkəmədə digər iddiaları ilə birlikdə əlavə işlədiyi iş saatlarına görə 1% məbləğini də tələb etsə də, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək 1999 manat pulun tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmiş, xx.xx.2019-cu il tarixli, 2(103)- 9293/2019 saylı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən də görünür ki, iddiaçının tələbləri “fevral ayının maaşından az ödənilmiş 13 manat, mart ayının 1-dən 13-dək hesablanmış maaş və məzuniyyət pulundan ödənilmiş 255. 28 manat maaş, iş vaxtından əlavə işlədiyi saatlara görə 1502,8 manat və qeyri-iş günləri işə cəlb olunması ilə bağlı 1502,8 manat kompensasiya təşkil etmişdir. Buna görə də, cavabdeh apellyatorun hazırkı iddia tələbinə əvvəlki məhkəmələrdə qiymət verilməsi ilə bağlı dəlili əsaslı hesab edilə bilməz. Buna görə də, cavabdeh tərəfin apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətini yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edərək, təmin olunmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya sikayəti təmin edilməsin. Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya sikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4816/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim: imza: Hakimlər: imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar