Məhkəmə qərarları › İş №2(103)-5015/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5015/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5015/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı “sığorta məbləğinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən cavabdeh Şirkətin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, hərbi xidmət dövründə xəsarət alaraq İİ qrup əlil olmasına görə ona ödənilməli olan sığorta ödənişinin cavabdeh Şirkətdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 1992-ci ilin dekabr ayından 1996-cı ilin fevral ayına kimi hərbi xidmətdə olmuş və Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1994-cü il tarixdə hərbi əməliyyatda iştirak edərkən ağır yaralanmışdır. Buna görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən ona İİ qrup əlillik dərəcəsi verilmişdir. Həmin vaxt iddiaçıya hərbi qulluqçular üçün nəzərdə tutulmuş sığorta ödənişi verilməmişdir. Bununla bağlı o, cavabdeh Şirkətə rəsmi qaydada müraciət etsə də, Şirkət heç bir tutarlı əsas olmadan sığorta ödənişinin verilməsindən imtina etmişdir. Bu səbəbdən, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh Şirkət həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, hərbi qulluqçuların icbari sığortasını tənzimləyən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu isə xx.xx.1997-ci il tarixdə qəbul edilmiş, həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti xx.xx.1997-ci il tarixdə Fərman imzalamış və həmin Qanun xx.xx.1997-ci il tarixdən qüvvəyə minmişdir. Qanunda müəyyən edilmiş sığorta ödənişinin Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş hərbiçilərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsi olması barəsində heç bir şərt yoxdur. Habelə, bu Qanun iddiaçıya münasibətdə şamil edilsə belə, onun xidmətdə tərxis edilən gündən 16 il sonra əlillik dərəcəsi alması sığorta hadisəsi hesab edilə bilməz. Belə ki, hərbi qulluqçuların icbari sığorta qaydalarını müəyyən edən və tənzimləyən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin “ç” bəndinə görə hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: İ qrup əlilliyə görə - 80 faiz; İİ qrup əlilliyə görə - 60 faiz; İİİ qrup əlilliyə görə - 40 faiz məbləğində sığorta ödənişi verilir. Sənədlərdən də məlum olduğu kimi iddiaçıya əlillik dərəcəsi 16 il sonra təyin edildiyindən Mülki Məcəllənin 373.-cü maddəsinin 3 və 4-cü bəndlərinə görə sığorta ödənişi verilməli deyil. Bundan başqa, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 73-cü maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) 3 il müəyyən edilmişdir. Hal-hazırda qüvvədə olan Mülki Məcəllənin 373-ci maddəsinin tələbinə görə də, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Buna görə də, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəniş verilməsinə başlanılmışdır. Bu Fərmanın icrası Əmək və X6 Nazirliyinə və Maliyyə Nazirliyinə həvalə edilmişdir. 1991-1997-ci illərdə xidmət etmiş və xəsarət almış hərb qulluqçulara sığorta məbləğinin ödənilməsi qaydası və şərtləri müəyyən olunmamış, bu məqsədlər üçün müvafiq vəsait büdcədən ayrılmamış məhkəmə qətnaməsi ilə siğorta məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh kimi Dövlət X3 üzərinə qoyulması əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulan istisna fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İddiaçının tələbi isə onun hüquqi vəziyyətinin yaxşılaşdırılması və hüquq məsuliyyətinin aradan qaldırılması ilə əlaqədar deyil, sığorta ödənişinə dair maddi tələbdən ibarətdir. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh Şirkətin nümayəndəsi apellyasiya baxışının iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı isə apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin 8 saylı Mingəçevir Zona X1 tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş TSE-01 seriyalı, 916902 nömrəli arayışından görünür ki, 1969-cu il təvəllüdlü İddiaçı müddətsiz İİ qrup əlildir. Əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşdə alınmışdır. İddiaçının adına verilmiş NZ seriyalı, ******* nömrəli “Hərbi biletdən” görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək hərbi xidmətdə olmuş, hərbi xidmət zamanı döyüşlərdə iştirak etmiş və odlu silahın gülləsinin onun sol diz oynağından dəlib-keçməsi nəticəsində xəsarət almışdır. Azərbaycan Respublikası Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə görə, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Məhkəmə hazırki işin mübahisəsiz halı kimi müəyyən edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş iddiaçı xx.xx.1994-cü il tarixdə döyüş zamanı yaralanmışdır və müvafiq HƏEK-sı tərəfindən ona iddiaçıya İİ qrup əlillik dərəcəsi verilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu 11.000 min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin “ç” bəndinin mənasına görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar 3 il müddətində sığorta olunana əlillik təyin olunduqda bu, sığorta hadisəsi hesab edilir və onlara sığorta ödənişi bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin İİ qrup əlilliyə görə — 60 faizi nisbətində verilir. Hazırda iddiaçı bildirir ki, hərbi xidmət dövründə aldığı xəsarətlə əlaqədar ona İİ qrup əlillik təyin olunmasına görə, qanunla müəyyən edilmiş sığorta ödənişi (6.600 manat) cavabdeh Şirkət tərəfindən ona ödənilməlidir. Rayon Məhkəməsi hesab etmişdir ki, cavabdeh Şirkətin iddiaçının sığorta ödənişinin verilməsi ilə bağlı etdiyi müraciətinə dair imtinasının dəlilləri formaldır və müvafiq sığorta ödənişini iddiaçıya ödəməkdən imtina üçün əsas ola bilməz. Məhkəmə Rayon Məhkəməsinin bu mövqeyini düzgün hesab edir. Belə ki, faktiki olaraq dövlət tərəfindən icbari şəxsi sığorta edilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş hərbi qulluqçunun baş vermiş sığorta hadisəsindən sonra sığorta ödənişindən bu kimi səbəblərə görə məhrum olması insan hüquq və azadlıqları sahəsində müəyyən edilmiş konstitusion prinsiplərlə bir araya sığmır. Həmçinin, hərbi qulluqçunun baş vermiş sığorta hadisəsindən sonra sığorta ödənişini almasının qeyri-müəyyən müddətə təxirə salınması yalnız qanunçuluğa olan etimadın azalmasına və hüquqtətbiqetmədə lüzumsuz əngəllərin yaradılmasına xidmət edəcəkdir ki bu da yolverilməzdir. Bundan başqa, sığorta olunana sığorta ödənişinin verilməsindən imtinanın əsasları “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Qanunun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən imtinanın əsasları göstərilmişdir ki, hazırki mübahisə çərçivəsində həmin əsasların heç biri müşahidə olunmur. Odur ki, apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissələrdə əsassızdır. Apellyasiya şikayətində irəli sürülən daha bir dəlil isə onunla bağlıdır ki, sığorta ödənişinin ödənilməsi üçün sığorta olunana hərbi xidmət dövründə alınmış xəsarətlə əlaqədar Qanunda 3 il müddətində əlillik təyin olunması tələb olunur. Lakin hazırki iş üzrə iddiaçı əlillik dərəcəsini tərxis olunduqdan 16 il keçdikdən sonra almışdır. Bununla bağlı Məhkəmə bildirir ki, iddiaçıya İİ qrup əlillik təyin olunmasına Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi zamanı döyüş tapşırığını yerinə yetirərkən xəsarət alması səbəb olmuşdur və bu hal mübahisəsizdir. Qanunvericiliyin tələblərinə əsasən isə 3 illik müddət əlilliyin səbəbinin müəyyən edilməsi üçün zəruridir. Hazırki iş üzrə isə əlilliyin hərbi xidmət dövründə alınmış xəsarət ilə əlaqəli olması mübahisə doğurmur. Odur ki, iddiaçının əlillik dərəcəsini tərxis olunduqdan 16 il keçdikdən sonra alması iddianın rədd edilməsi üçün əsas ola bilməz. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Şirkət tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət X3 apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Şirkət tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar