Məhkəmə qərarları › İş №2(103)-5023/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5023/2021

26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5023/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-677/2021 saylı iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Şəmkir Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2(076)-2952/2019 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 21 iyun 2012- ci il təvəllüdlü X6 adlı uşağın anasının yanında saxlanması, uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək aylıq 170 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(001)- 5454/2020 saylı qiyabi qətnaməsinə əsasən, iddia təmin edilmişdir. Sonradan Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini və iş üzrə məhkəmə baxışının bərpa olunmasını xahiş etmiş, məhkəmənin 09 dekabr 2020-ci il tarixli, 2(001)-5454/2020 saylı qərardadına əsasən, qiyabi qətnamə ləğv edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-677/2021 saylı iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 21 iyun 2012-ci il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanması üçün Şəmkir Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2(076)- 2952/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nikahı pozulduqdan sonra, ailə həyatı qurmuş və 3 aylıq oğlan övladı var. Kənd yerində ata evində yaşayır, ancaq təsərrüfat işləri ilə məşğul olur. Əlavə gəliri yoxdur. Mövsümu təsərüfatdan əldə etdiyi gəlirlə dolanır. Rübabənin evi yoxdur. Övladına baxa bilmirsə, onu ata kimi saxlamağa hazırdır. 170 manat aliment ödəməkdə çətinlik çəkir. Şəmkir rayon Məhkəməsinin onun gəlirlərinin müqabilində aliment ödəməyi barədə qəbul etdiyi qətnamədə haqlı olmuşdur. Onun sabit aylıq gəliri yoxdur ki, hər ay 170 manat aliment ödəsin. Qeyd etdiyi kimi, kənd yerində gəliri mövsümüdür. Ona görə də, hesab edir ki, qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyası iclasında Cavabdeh apelyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda ailə həyatı qurmuş və həmin nikahdan 3 aylıq körpə övladı var. Heç bir yerdə işləmir və sabit gəliri yoxdur. Məhkəmə kollegiyası iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, işləmir və hazırda “Təmiz Dünya” Qadınlara Yardım ictimai birliyinə məxsus sığınacaqda məskunlaşmışdır. Cavabdeh uzun müddətdir ki, uşağı ilə maraqlanmır, onun saxlanması üçün heç bir maddi yardım göstərmir. Qanunvericiliyin tələbi baxımından məhkəmə tərəfindən uşağın saxlanılması üçün 170 manat alimentin tutulmasının qət edilməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-677/2021 saylı iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Kollegiya qeyd edir ki, hazırki iddia tələbi Şəmkir Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2(076)-2952/2019 saylı qətnaməsinə əsasən tutulan alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Tərəflər arasındakı hazırki mübahisənin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. İş materialları ilə müəyyən edilir ki, Şəmkir Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2(076)-2952/2019 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 21 iyun 2012- ci il təvəllüdlü X4 adlı uşağın anasının yanında saxlanması, uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. 2020-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2020ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2019-cu il tarixli Qanununa əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı ümumiyyətlə işləmir və sığınacaqda yaşayır. Hazırda isə yaşayış minimumu məbləği artırılmış, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Buna görə də, birinci instansiya məhkəməsi ölkə üzrə 2020-ci il üçün uşaqlar yaşayış minimumunu və həmçininAzərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinin tələblərini nəzərə almaqla 21 iyun 2012- ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin 170 manat sabit pul məbləğində müəyyən edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Alimentin məbləği ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, cavabdeh maddi gəlirinin aşağı olduğunu və ailə qurduğunu və həmin nikahdan 3 aylıq körpə uşağının olduğunu qeyd etmişdir. Cavabdehin qeyd etdiyi hallar qəbul edilsə belə, sonuncunun uşağının saxlanılmasında, getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Ona görə də, kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsaslı sayıla və təmin edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayəti yuxarıda qeyd edilənlərə əsasən təmin edilə və şikayətdə göstərilən hallar həmin qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-677/2021 saylı iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-677/2021 saylı iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar