Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5031/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərovun və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlələri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabehlər “xxxx” kiçik müəssisəsinə və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “şəhadətnamənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(009)-595/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabehlər “xxxx” kiçik müəssisəsinə və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.05.2007-ci il tarixli müqavilənin, həmin müqavilə əsasında verilmiş 21.05.2007-ci il tarixli şəhadətnamənin və bütün hüquqverici sənədlərin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Həmin vaxtdan bu günə kimi həmin mənzilin altında olan zirzəmi iddiaçının və ailəsinin istifadəsində olmuşdur. İddiaçı həmin zirzəminin istifadəsi ilə bağlı Nərimanov rayon MKTB ilə 26.05.2005-ci il tarixdə 15 saylı istismar yığım müqaviləsi bağlamış və nəticədə mənzilin altındakı 42 kv. metr sahəsi olan yarımzirzəmi iddiaçının istifadəsinə verilmişdir. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, həmin zirzəmi hansısa yolla “xxxx” kiçik müəssisəsinə satılmışdır. Belə ki, iddiaçının və qonşusunun mənzilinin altında yerləşən 119,2 kv.metr sahəsi olan yarımzirzəmi Nərimanov rayon MKTB-nin 13.06.2006-cı il tarixli razılıq məktubuna əsasən 2007-ci il tarixdə “xxxx” kiçik müəssisəsi tərəfindən özəlləşdirilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(009)-595/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunur ki, o, 1996-cı ildən ünvan 2 ünvanında yaşayır. Qeyd olunan mənzil binanın birinci mərtəbəsində yerləşir. Həmin vaxtdan bu günə kimi mənzilin altında olan yalnız taxta döşəmə ilə arakəsməsi olan zirzəmi onun və ailəsinin istifadəsində olmuşdur. Bunun bariz nümunəsi olmuşdur ki, o, həmin zirzəminin istifadə etməyi üçün Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Nərimanov rayon İcra Hakimiyyəti Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə 26.05.2005-ci il tarixdə 15 saylı istismar yığım müqaviləsi bağlamış və mülkiyyətində ünvan 2 ünvanında yerləşən mənzilin altındakı 42 kv.m yarımzirzəmi onun istifadəsinə verilmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin yarımzirzəmi hansısa yolla “xxxx” kiçik müəssisəsinə satılmışdır. Bildirmək istəyir ki, onunla Bakı şəhər İcra Hakimiyyəti Nərimanov rayon İcra Hakimiyyəti Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə 26.05.2005-ci il tarixdə 15 saylı istismar yığım barədə müqavilənin ləğv edilməsinə dair hər hansı bildiriş onlara daxil olmamışdır. Qeyd olunan zirzəmi qeyri-yaşayış sahəsi sayıla bilməz, onun mülkiyyətində olan mənzilin ayrılmaz tərkib hissəsidir. Belə ki, həmin zirzəmi ilə onun yaşadığı mənzil arasında yalnız taxta bir döşəmə vardır. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlələri Dövlət Xidmətinin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, qeyd olunan zirzəmi dövlət əmlakı olaraq Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 113 saylı, 27 aprel 2007-ci il tarixli “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” Sərəncamına əsasən özəlləşdirilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh “xxxx” kiçik müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(009)-595/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: 37 nömrəli MKİS Nərimanov rayon MKTB ilə İddiaçı Maqsud qızı arasında bağlanmış 26 may 2005-ci il tarixli istismar yığım müqaviləsindən görünür ki, ünvan 1-ün altında yerləşən 42 kv.metr sahəsi olan zirzəmi İddiaçı Maqsud qızına istismara verilmişdir. Həmin Müqavilənin 10-cu bəndində qeyd edilmişdir ki, bu Müqavilə 26 may 2005-ci il tarixdən 26 may 2006-cı il tarixədək müddətə bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 259 saylı, 17 sentyabr 2006-cı il tarixli “Daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında” Sərəncama əsasən kiçik özəlləşdirmənin təşkili, icarə və torpaq şöbəsi tərəfindən icarə müqavilələlərinin bağlanması üçün təqdim olunmuş icarə obyektlərinin siyahısı təsdiq edilmişdir. Həmin siyahıya əsasən balans saxlayıcı ünvan 3-də yerləşən sahəsi 119,2 kv.m olan 2/zirzəmi “xxxx” kiçik müəssisəsinə icarəyə verilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 113 saylı, 27 aprel 2007-ci il tarixli “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” Sərəncamın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 23.12.2000-ci il tarixli, 432 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabitenitin “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsalların təsdiq edilməsi barədə” 24.01.2001-ci il tarixli, 23 saylı Qərarına uyğun qiymətləndirilmiş, bu Sərəncama əlavədə göstərilən icarəyə verilmiş qeyri-yaşayış sahələri və daşınmaz dövlət əmlakı 100 % dəyəri ilə icarəçilərə satın alınmaq üçün təklif edilməsi qərara alınmışdır. Həmin Sərəncama əsasən ünvan 3 ünvanında yerləşən 119,2 kv.m olan 2 mərtəbəli binanın zirzəmisi 100% dəyəri ilə 2026 manat satış qiyməti ilə “xxxx” kiçik müəssisəsinin xeyrinə özəlləşdirilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə “xxxx” Kiçik Müəssisəsi arasında bağlanmış 01.05.2007-ci il tarixli, 1371 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə ilə satıcı (Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi) ünvan 4 ünvanında yerləşən 119,2 kv.m qeyri-yaşayış sahəsini alıcıya (“xxxx” Kiçik Müəssisəsi) 2026 manata satmışdır. Nərimanov rayon MKTB-nin 13.06.2006-cı il tarixli Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 16.02.1995-ci il tarixli Sərəncamı ilə ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi “xxxx” Kiçik Müəssisəsinə icarəyə verilmişdir. Azərbaycan Respüblikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 21.05.2007-ci ildə verilmiş 67 saylı dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamənin surətinə əsasən ünvan 6 ünvanında yerləşən 119,2 kv.m qeyriyaşayış sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Dövlət əmlakının alınması nəticəsində hesablaşma hesabı Milli Bankdakı **********944 saylı tranzit manat hesabı ünvanlı dövlət büdcəsinə 2026 manat məbləğində pul köçürülmüşdür. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10.04.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10.04.2015-ci il tarixli qərarının Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə yeni redaksiyada verilən 17-ci bəndinə əsasən müəyyən edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülkihüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Mübahisələndirilən 01.05.2007-ci il tarixli müqavilə və 21.05.2007-ci il tarixli şəhadətnamə mülki-hüquqi əqd əsasında deyil, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 113 saylı, 27 aprel 2007-ci il tarixli “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” Sərəncamına əsasən aparıldığı nəzərə alınarsa, həmin sərəncamın özünün qanuniliyinin mübahisələndirilməsi ilə yanaşı, həmin inzibati akt əsasında hüququn qeydə alınmasına dair 01.05.2007-ci il tarixli müqavilə və 21.05.2007-ci il tarixli çıxarışın mübahisələndirilməsi də hüquqi təbiətinə görə inzibati mübahisədir. Buna baxmayaraq, birinci instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini nəzərə almadan və hazırkı mübahisənin inzibati mübahisə olmasına baxmayaraq, mülki məhkəmə icraatı qaydasında verilmiş iddiaya mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyrimüəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli qərarları). Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırkı qətnamə məhkəmə aidiyyəti qaydalarının pozulmasına görə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10.04.2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPMin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Ona görə də hazırkı iş üzrə apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməli, iddiaçıya müvafiq inzibati orqana qarşı iddia ilə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1, 262.1, 262.3, 263-264, 391, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(009)- 595/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, hazırkı iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-5031/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5031/2021
16.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver