Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5035/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5166/2024 saylı, 28 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(076) 70/2013 saylı hökmündən görünür ki, X14 Azərbaycan Respublikasının CM-nin 225.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Hökmdən həmçinin görünür ki, baş vermiş hadisə ilə əlaqədar, X20 Sahəsinin Qaz kəmərlərinin və avadanlıqlarının istismarı, qəza dispetçer xidmətin xətt baxısıcı V.A.Namazov sonuncu dəfə 28 fevral 2013-cü il tarixdə Zəyəm qəsəbəsində M.Vidadi küçəsində abonent M.B.Musayevin evinin yaxınlığında olan qaz xətlərinə dəqiq texniki baxışı keçirməklə, qaz ölçü cihaz tətbiq etməklə avtomobil yolunun yeraltı çəkilmiş diametri 40 mm olan qaz xəttinin borularında olan qaz sızmasını aşkar etmədiyinə görə, onun tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 1.9, “Qazdan istifadə qaydaları”nın 3.1.3 və “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.5, 3.3.7, 3.3.19, 3.3.20 bəndlərinin tələbləri pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 tərəfindən verilən xx.xx.2013-cü il tarixli, 164 nömrəli ekspert rəyinin surətindən görünür ki, X5 bədənin səthində aşkar edilmiş xəsarətlər–alın və üz nahiyyəsinin, hər iki əlin arxa səthinin və sağ ayaq səthinin ayaqarxası səthinin İ-İİ dərəcəli termiki yanıqları yüksək hərarətin alovun təsirindən törəmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər, törənmə müddəti xx.xx.2013-cü il tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Hazırda iddiaçı ona dəyən mənəvi zərərin məbləğini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nə qarşı – cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən iddiaçının xeyrinə 100.000.000 (yüz milyon) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qadın olaraq iddiaçıya dəyən zərərin nə qədər ağır olmasını, aldığı bu xəsarətlərdən nə dərəcədə əziyyət çəkdiyini, mənəvi olaraq nələr yaşadığını, hansı duyğular keçirdiyini kəlimələrlə ifadə edə bilmir. İddiaçı bildirir ki, üzünün və bədəninin yanmış nahiyələrinin görüntüsü onun çəkdiyi iztirabları yenidən canlandırır. İddiaçı ömür boyu yeni tanış olduğu insanlara həmin cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətlərini yenidən anlatmaq məcburiyyətində qalır və buna da davam etməli olacaq. Əlində və üzündəki yanıq izləri hələ də getməyib və getməyəcəkdir. Bu izlər silinməzdir. Bu hadisəni hər dəfə anlatmağa çalışanda baş verən partlayış anı və ondan sonrakı dəhşətlər gözünün önündə canlanır. Belə ki, iddiaçı Şəmkir rayonu, Zəyəm qəsəbəsi M.Vidadi küçəsində yerləşən evdə atası Məlik Musayev, qardaşları Elvin və Elçin, gəlini Nuranə və qardaşı uşaqları Aysu və Elmirlə birlikdə yaşayır. 01 mart 2013-cü ildə səhər tezdən təxminən saat 8-də mətbəxdə anası qaz sobasını yandırdı, yataq otağına qayıtdıqdan sonra aradan heç 5 dəqiqə keçməmiş güclü bir partlayış baş verdi. Evin pəncərələri və giriş qapısı partlayışın təsirindən yerindən çıxaraq çölə düşdü. Həmin vaxtı sanki qiyamət baş verdi. Hələ də nə baş verməsini bilmirdi. Həmin vaxtı hamı öz dərdinin hayına qalmışdı. Atası həyətdə olduğundan yeganə xəsarət almayan şəxs o idi. Atasının və qonşuların köməkliyi ilə onları xəstəxanaya çatdırdılar. İddiaçı qeyd edir ki, hadisə onun sifət və bədənində izlər buraxıb, yanmış dərinin yeri hava dəyişərkən ona ağrılar verir. Bədənindəki izlər və güzgüdə özünü görərkən sifətindəki yanıqlar ona keçirdiyi mənəvi sarsıntını daha da dərinləşdirərək mənəvi iztirablar verir. İddiaçı bildirir ki, evdə baş verən partlayış həyatlarını alt-üst etdi, onun və yaxınlarının, əzizlərinin yaralanmağına səbəb oldu. İddiaçı qeyd edir ki, o anın ağrıları hələ də iddiaçıya sözlə ifadə edə bilməyəcəyi dərəcədə çox təsir edir, davam edən əzab,əziyyət verir, sevdiklərini alov içində köməksiz və aciz vəziyyətdə görmək, anasının, qardaşının, övladlarının yanmış bədənləri, hər birinin ağrıdan qışqırmasını eşitmək bütün bu faciəvi mənzərə ürəyini parçalamışdır, ailəsinin hər birinin gözlərindəki ağrı və qorxu iddiaçının dərindən sarsıtmışdır. Qonşuların və atasının köməyi olmasaydı, bəlkə də heç biri bu dəhşətli yanğından sağ çıxa bilməzdilər. Ailənin və iddiaçının çəkdiyi fiziki və mənəvi ağrılar iddiaçı üçün travma oldu. Evinin içində alovların qalxdığı anı düşünəndə sevdiklərinin və iddiaçının çarəsizlik içindəki vəziyyəti gözünün qabağına gəlir və sanki o anı hər gün yenidən yaşayır, o əzabları yenidən hiss edir. İddiaçı bildirir ki, məhkəmənin hökmü ilə məhkum edilən vəzifəli şəxs olan X6 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi, sağlamlığına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə səbəb olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5166/2024 saylı, 28 iyun 2024cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 (yüz iyirmi) manat məbləğində pulun Cavabdehndən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının yanıq xəsarətləri almasında cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Məhkəmə hazırkı məsələ ilə bağlı xüsusi olaraq qeyd etmişdir ki, cavabdehin təqsiri üzündən baş vermiş həmin hadisədən sonra iddiaçının səhhətində problemlər yaranmışdır. Bu da onda fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi yarada biləcək faktorlardan biridir. Baş vermiş hadisədən xeyli müddət ötmüş olsa belə, iddiaçının üzündə və bədəninin digər hissələrində olan yaralar daim ona baş vermiş hadisəni xatırlatmaqla yanaşı digər şəxslərlə ünsiyyət zamanı onda narahatlıq hissi yaradan amildir. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. Belə ki, iddiaçının bədənin müxtəlif nahiyyələrinin yanması nəticəsində, o psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmişdir. Buna görə də, iddiaçı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ var. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab etmişdir ki, iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Mənəvi təzminatın məbləğinə təsir edən ünsürlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Bu hal həm məhkəmə təcrübəsi, həm də hüquq ədəbiyyatları tərəfindən birmənalı olaraq qəbul edilir. Çünki hər kəsin qane olma səviyyəsi eyni deyildir. Beləliklə məhkəmə hesab etmişdir ki, ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edildiyindən iddia tələbi qismən təmin edilməli, vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qətnamə ləğv edilməsi, iddia ərizəsi təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar cavabdeh Azəriqaz İB tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi (60 manat) iddiaçıdan tutularaq cavabdeh Azəriqaz İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsində baxılmış və mülki iş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli 1(076)-70/2013 nömrəli hökmün surətindən müəyyən olunur ki, xx.xx.2013-cü il tarixində iddiaçının ailəsinə məxsus mənzildə baş vermiş partlayış hadisəsi nəticəsində iddiaçının anası X2 və qardaşı X1 «az ağır» zərər vurmaya aid yanıq xəsarətləri dəymiş və yalnız anası ilə qardaşı iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdırlar. Cinayət işi materiallarından müəyyən olunmuşdur ki, İddiaçı iş üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır. Xətai Rayon Məhkəməsi öz mövqeyində sözügedən hökmdə iddiaçı şəxsin zərərçəkmiş şəxs qismində tanınmadığına hüquqi qiymət verməmişdir. 1(076)-70/2013 nömrəli cinayət işi üzrə ifadə vermiş iddiaçının atası X11 ifadəsinin sonunda qeyd etmişdir ki: hadisə zamanı əsasən arvadı X3 və oğlu X15 yanıq xəsarətləri almışlar. X22, eləcə də gəlini və nəvəsi yüngül xəsarət almışdırlar. Hadisə zamanı isə evdə yanğın olmamışdır. İddiaçı İnsaf Musayevanın yanıq xəsarəti almadığı, yüngül xəsarət almaqla kifayətləndiyi atasının ifadəsi ilə də təsdiq olunmuşdur. Xətai Rayon Məhkəməsi öz mövqeyində sözügedən hökm əsasında iddiaçı şəxsin yanıq xəsarəti almadığını onun atasının ifadəsindən müəyyən etməmişdir.Bundan başqa Şəmkir Rayon Məhkəməsində baxılmış və mülki iş materiallarına əlavə edilmiş xx.xx.2013 cü il tarixli 1(076)-70/2013 nömrəli hökmdə zərərçəkmiş şəxs qismində tanınmış: 1) İddiaçının anası X3 baş vermiş hadisə ilə əlaqədar aldığı az ağır zərərvurmaya görə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş e-2(011)-5664/2023 nömrəli xx.xx.2023-cü tarixli qətnaməyə əsasən Cavabdeh İB dən 20.000 manat məbləğində mənəvi zərər əldə etmişdir. 2) İddiaçının qardaşı X15 baş vermiş hadisə ilə əlaqədar aldığı az ağır zərərvurmaya görə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş e- 2(011)-3366/2023 nömrəli xx.xx.2023-cü tarixli qətnaməyə əsasən Cavabdeh İB-dən 10.000 manat məbləğində mənəvi zərər əldə etmişdir. İddiaçı tərəfin az ağır xəsarət almış anasına və qardaşına müvafiq olaraq 20.000 və 10.000 manat mənəvi zərər əvəzi qismində pulun verilməsinə dair məhkəmə qətnamələri qəbul edildiyi halda, yüngül xəsarət almış bir şəxsə 10.000 manat məbləğində pulun verilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması nəticə etibarı ilə ağlabatan və ədalətli deyildir. Məhkəmə tərəfindən iddiaçının ailə üzvlərinə, yəni ki anasına və qardaşına mənəvi zərərə görə Cavabdeh İB tərəfindən külli miqdarda vəsaitinin verilməsi nəzərə alınmamışdır. O cümlədən, hökmdə zərərçəkmiş şəxs qismində tanınmamış və yüngül xəsarət aldığını iddia edən şəxsə 10.000 manat məbləğində pulun verilməsinə dair qəbul edilmiş mübahisələndirilən hazırki qətnamə qanuni və əsaslı deyildir. xx.xx.2013cü il tarixində iddiaçının ailəsinə məxsus mənzildə baş vermiş partlayış hadisəsinin üzərindən artıq 11 ilə yaxın müddət keçmişdir. Hadisə baş verən ərəfədə iddiaçının 14 yaşı olmuşdur. Bu qəbildən olan işlərdə baş verən hadisələrin üzərindən uzun müddətin keçməsi onu düşünməyə əsas verir ki, hadisənin ilk vaxtlarında keçirilən arzuolunmaz mənəvi psixoloji stressin səviyyəsi ilə hazırki vaxtda keçirilən stressin səviyyəsi eyni deyil və ola da bilməz. Baş vermiş partlayış hadisəsindən sonra iddiaçı tərəfdə yaranmış mənəvi sarsıntının təəssüratları və fəsadları aradan qalxmış, iddiaçı tərəf psixoloji vəziyyətinə mənfi təsir göstərən arzuolunmaz keçmiş o günləri unudaraq ailə həyatı qurmuşdur. Lakin məhkəmə tərəfindən, iddiaçı tərəfindən yaşanıldığı iddia edilən mənəvi sarsıntının və zərərin aradan qalxması halları müəyyən edilə bilinməmiş və məhkəmə bu istiqamətdə düzgün araşdırma aparmamışdır. İddiaçı özünün yanıq xəsarəti almasını təsdiq edən fotoşəkil işə əlavə etmişdir. Lakin, həmin fotoşəkil 2012-ci il tarixinə aiddir, baş vermiş partlayış hadisəsi isə 2013-cü ilə aiddir. Belə müəyyən olunur ki, işə əlavə olunmuş fotoşəkil onun ailəsinə məxsus mənzildə baş vermiş partlayış hadisəsindən 1 il öncə çəkilmişdir. 2) 2013-cü il tarixli ekspert rəyi başqa bir şəxsə - X7 barəsində verilmişdir. Yəni ki, üzərində ekspertiza tədqiqatı aparılmış şəxs digər cinsə mənsub şəxsdir. 3) X5 bədəni üzərində nə kimi xəsarətlərin olub-olmaması, o cümlədən, daha əvvəl almış olduğu yanıq xəsarətlərindən hal-hazırda qalıcı xəsarət izlərinin qalıb-qalmaması və aldığı bədən xəsarətlərinin hazırki zaman üçün onun gündəlik həyatına və psixoloji vəziyyətinə mənfi təsir göstərib-göstərməməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən kompleks məhkəmə-tibbi və məhkəmə psixoloji ekspertiza təyin edilməmişdir. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsin – iddia tələbinin təmin edilən hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı: “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41 ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarı: Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur... Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə - Cavabdehndən mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi hissəsində dəyişdirilməklə, Cavabdehndən mənəvi zərərə görə tutulmalı olan vəsait 3000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində iddiaçının Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmlə zərərçəkmiş şəxs kimi tanınmamadığı halda Xətai Rayon Məhkəməsinin iddia ilə bağlı mövqeyində hökmün bu hissəsinə hüquqi qiymət verməməsinə dair dəlilləri ilə razılaşmır. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçının ailə üzvləri ilə birgə yaşadığı Şəmkir rayonu, Zəyəm qəsəbəsi, M.Vidadi küçəsində yerləşən evə həmin küçə ilə yeraltı çəkilmiş qaz kəmərindən torpağın altı ilə qaz sızaraq dolmuş və xx.xx.2013-cü il tarixində səhər saat 08:00 radələrində partlayış baş vermişdir ki, bunun da nəticəsində X12 alın və üz nahiyyəsinin, hər iki əlin arxa səthinin və sağ ayaq səthindən xəsarətlər almışdır. Göründüyü kimi iddiaçının yanıq xəsarətləri almasında cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir və iddiaçının qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmaması onun hazırki iddia ilə məhkəməyə müraciət etməsinə maneə deyil, çünki işin faktiki halları ilə müəyyən edilir ki, məhz cavabdehin işçisinin təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığa yüngül zərər vurulmuşdur. Digər tərəfdən cavabdeh baş vermiş hadisə ilə əlaqədar qəbul edilmiş hökmdə iddiaçının atasının ifadəsinə istinad etsə də məhkəmə kollegiyası həmin dəlilləri də əsassız hesab edir. Belə ki, iddiaçının məhz baş vermiş hadisə ilə əlaqədar sağlamlığına yüngül zərər vurulması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 tərəfindən verilən xx.xx.2013-cü il tarixli, 164 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir. Bundan başqa, cavabdehin apellyasiya şikayətində baş vermiş partlayış hadisəsindən sonra iddiaçı tərəfdə yaranmış mənəvi sarsıntının təəssüratları və fəsadlarının aradan qalxması, iddiaçı tərəfin psixoloji vəziyyətinə mənfi təsir göstərən arzuolunmaz keçmiş o günləri unudaraq ailə həyatı qurması hallarına istinad etməklə məhkəmə tərəfindən, iddiaçı tərəfindən yaşanıldığı iddia edilən mənəvi sarsıntının və zərərin aradan qalxması halları müəyyən edilə bilinməsi və bu istiqamətdə düzgün araşdırma aparmamasına, eləcə də iddiaçının aldığı bədən xəsarətlərinin hazırki zaman üçün onun gündəlik həyatına və psixoloji vəziyyətinə mənfi təsir göstəribgöstərməməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən kompleks məhkəmə-tibbi və məhkəmə psixoloji ekspertiza təyin edilməməsinə dair dəlillərini də məhkəmə kollegiyası əsassız sayır və hesab edir ki, baş vermiş hadisədən xeyli müddət ötmüş olsa belə, iddiaçının üzündə və bədəninin digər hissələrində olan yaralar daim ona baş vermiş hadisəni xatırlatmaqla yanaşı digər şəxslərlə ünsiyyət zamanı onda narahatlıq hissi yaradan amildir. Həmçinin də kollegiya cavabdehin təqsiri üzündən baş vermiş həmin hadisədən sonra iddiaçının səhhətində problemlər yaranmasının onda fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi yarada biləcək faktorlardan biri olmasına və həmin hadisə nəticəsində iddiaçının aldığı bədən xəsarətlərinin onun gündəlik həyatına və psixoloji vəziyyətinə mənfi təsir göstərməsi mübahisəsiz olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə də razılaşır. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının bədənin müxtəlif nahiyyələrinin yanması nəticəsində, o psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi mahiyyəti üzrə əsaslıdır. Cavabdehin müzakirə edilən dəlilləri isə əsassız olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin məbləğini müəyyən edərkən işin faktiki hallarını nəzərə almamışdır. Belə ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011) 3366/2023 nömrəli qətnaməsi ilə iddiaçı X8 mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdehndən 10.000 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bundan başqa Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(011) 5664/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən mənəvi zərərə görə 20.000 manat məbləğində pul vəsaitinin alınaraq X2 ödənilməsi qət edilmişdir. Göründüyü kimi iddiaçı tərəfin az ağır xəsarət almış anasına və qardaşına müvafiq olaraq 20.000 və 10.000 manat mənəvi zərər əvəzi qismində pulun verilməsinə dair məhkəmə qətnamələri qəbul edildiyi halda, yüngül xəsarət almış bir şəxsə 10.000 manat məbləğində pulun verilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması Konstitusiya Məhkəməsinin Plenum Qərarının tələblərin əsasən (mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillərin nəzərə alınması).nəticə etibarı ilə ağlabatan və ədalətli deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir. Çünki, təmin edilən məbləğin vurulmuş mənəvi zərərin həcminə uyğunluğu kifayət qədər əsaslandırılmamışdır. Ona görə də qeyd olunan məbləğ azaldılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mənəvi zərərin məbləği hissəsində dəyişdirilməli və zərərin miqdarı azaldılaraq 3000 (üç min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5166/2024 saylı, 28 iyun 2024cü il tarixli qətnaməsi qismən, yəni mənəvi zərərin məbləği hissəsində dəyişdirilsin və zərərin miqdarı azaldılaraq 3000 (üç min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən iddiaçı ona qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Günel Abbasova