Məhkəmə qərarları › İş №2(103)-5041/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5041/2024

31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5041/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: ananın saxlanılması üçün alimentin tutulması) X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4299/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı X3 (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Ağamalıyev, arvada Ağamalıyeva soyadı verilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2023-cü il tarixdə X10 doğulmuşdur. Hazırda tərəflər ayrı yaşayır və birgə təsərrüfat aparmır. Elektron məhkəmə informasiya sisteminin məlumatına əsasən iddiaçının əmək müqaviləsi əsasında əmək fəaliyyəti ilə məşğul olması müəyyən edilmir, cavabdeh vətən müharibəsi iştirakçısı olaraq 80 manat məbləğində pensiya alır. Eyni zamanda, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində xidmət edir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin, uşaq 3 yaşına çatanadək ana üçün 100 manat alimentin, vəkilə hüquqi yardımın göstərilməsi üçün 150 manat pulun, etibarnamə üçün ödənilmiş 17,25 manat pulun, mediasiya üçün ödənilmiş 50 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək, onunla əsaslandırmışdır ki, hazırda cavabdehdən ayrı yaşayır və birgə nikahdan doğulmuş uşaq onun himayəsindədir. Uşağın saxlanılması üçün cavabdeh ona heç bir köməklik göstərmir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4299/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2023-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla cavabdeh X5 hər ay 235 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, hüquqi yardıma görə ödənilmiş haqqın əvəzi olaraq 150 manat, etibarnamənin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 17,25 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı, 49,87 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim X11)

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, birgə uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Odur ki, məhkəmə hesab etmişdir ki, tərəflərin birgə nikahından olan uşaqlarının maddi cəhətdən təmin edilməsi hər iki valideynin vəzifəsi olaraq qəbul edilməli, iddiaçı və cavabdehin maddi vəziyyəti nəzərə alınaraq, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay üçün 235 manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab etmişdir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalı və qətnamə dərhal icra edilməlidir.

6. Məhkəmə iddiaya uşaq 3 yaşına çatanadək ana üçün 100 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlmişdir ki, ümumi uşaqların doğulduğu gündən üç il ərzində arvadın qarşı tərəfdən aliment tələb etmək hüququ olsa da, bu hüquq buna zəruri vəsaitə malik olan şəxsə qarşı yönəldilə bilər. Lakin mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh rəsmi iş yeri yoxdur, onun adına VÖEN qeydiyyata alınmayıb. Cavabdehə hər ay 80 manat məbləğində müavinət ödənilir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, Cavabdeh iddiaçının saxlanılması üçün alimenti ödəməyə yetərli maddi imkanı yoxdur. Odur ki, iddia bu hissədə təmin edilməməlidir.

7. Məhkəmə iddiaya ilkin mediasiya sessiyasının xərcinə görə ödənilmiş 50 manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qiymət verərək qeyd etmişdir ki, mülki iş materiallarında olan arayışdan məlum olur ki, həmin xərc iddiaçı tərəfindən deyil, cavabdeh tərəfindən ödənilmişdir. Odur ki, iddia bu hissədə də əsassız hesab edilərək təmin edilməməlidir.

8. Məhkəmə iddianın məhkəməyə verilməsi üçün göstərilən hüquqi yardıma görə 150 manat, etibarnamənin təsdiq edilməsi üçün ödənilmiş 17,25 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsində qiymət verərək belə qənaətə gəlmişir ki, cavabdeh uşaqların saxlanılması üçün qanunvericilikdən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar vəkilə etibarnamənin verilməsi və hüquqi yardıma görə ödənilmiş xidmət haqqının ödənilməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçı həmin məsrəflərin əvəzini cavabdehdən tələb etməkdə haqlıdır.

9. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 2.987,25 manat (235 manat x 12 ay+150+17,25) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 49,87 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-44-cü, 75ci, 78-ci, 84-cü, 100-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 78.1-ci, 234-cü, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu 36-cı, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni ”iddianın uşaq 3 yaşına çatanadək ana üçün 100 manat alimentin tutulmasının rədd edilməsi” hissəsində ləğv edilərək, həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-ci il təvəllüdlü X8 3 yaşı tamam deyil və Cavabdeh imkanlı bir şəxsdir. Birinci instansiya məhkəməsi bu hala əhəmiyyət verməmiş və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinin tələblərini pozmaqla yanlışlığa yol vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər. Eyni zamanda, İddiaçı bildirmişdir ki, cavabdeh hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində xidmət edir və yalnız aylıq əmək haqqısı 1.000 manatdan artıqdır. Bundan başqa, ona xidmətinə uyğun olaraq əlavələr də verilir.

15. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir; 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir; 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən, “iddianın uşaq 3 yaşına çatanadək ana üçün 100 manat alimentin tutulmasının rədd edilməsi” hissəsində ləğv edilməsi və bu hissədə iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, birgə nikahdan doğulmuş uşaq 3 yaşına çatanadək ana üçün alimentin tutulmalı olmaması ilə bağlı öz qənaətində haqlı olmamışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın uşaq 3 yaşına çatanadək ana üçün 100 manat alimentin tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə qismən təmin edilməlidir.

22. Məhkəmə kollegiyası Ailə Məcəlləsinin 84-cü maddəsinin tələblərini rəhbər tutub apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, qanunverici arvada (iddiaçıya) ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində ərdən (cavabdehdən) aliment ödəməyi tələb etmək hüququ versə də, bu hüququn reallaşmasını hüquqi nəticə etibarı ilə ərin maddi imkanından, ödəniş qabiliyyətindən, başqa sözlə gəlirlərindən asılı etmişdir. Belə ki, maddədən də göründüyü kimi, bu aliment istisnasız və qeyri-şərtsiz olaraq yalnız buna zəruri vəsaitə malik olan ərdən tələb edilə bilər. Bununla belə, iddiaçı cavabdehin bu alimenti ödəmək üçün zəruri vəsaitə malik olmasını sübut etməlidir.

23. Eyni zamanda, hamıya məlum olan bir haldır ki, 3 yaşınadək olan uşaqların qidalanması və onların saxlanılması bu yaşdan yuxarı uşaqların qidalanmasından və saxlanılmasından hər bir baxımdan, o cümlədən maddi xərclər nöqteyi nəzərdən fərqlənir. Digər tərəfdən bu yaş həddində olan uşağa baxan ananın əmək fəaliyyəti ilə məşğul olmaq imkanları da konkret olaraq məhduddur. Məhz bu və digər diqqətəlayıq halları nəzərə alıb, qanunverici 3 yaşına çatmamış uşaqlara baxan valideyn üçün belə bir hüquqi imkan yaratmışdır.

24. Hazırda iddiaçı əmək fəaliyyəti ilə məşğul olmur, cavabdeh vətən müharibəsi iştirakçısı olaraq 80 manat məbləğində pensiya alır. Eyni zamanda, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində xidmət edir. Bu da öz növbəsində onun ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində iddiaçıya aliment ödəmək üçün zəruri vəsaitə malik olmasını təsdiq edir və bu məqsədlər üçün də cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasını mümkün edir.

25. Məhkəmə kollegiyası öz mövqeyi ilə bağlı onu da qeyd edir ki, cavabdeh hazırki qətnamə ilə birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün məhkəmə tərəfindən tutulmuş 235 manat məbləğində alimenti vaxtı-vaxtında və tam həcmdə ödəyir. Bu məbləğlə yanaşı cavabdehdən hüquqi yardıma görə ödənilmiş haqqın əvəzi olaraq 150 manat, etibarnamənin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 17,25 manat, habelə 49,87 manat məbləğində dövlət rüsumu tutulmuşdur. Lakin cavabdeh iddianın təmin edilən hissəsi ilə razılaşmış və qətnaməni mübahisələndirməmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdehin 235 manat sabit pul məbləğində alimenti, hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş məbləğin və dövlət rüsumunun əvəzini ödəməyə maddi imkanı vardır.

26. Bununla belə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşaq 3 yaşına çatanadək cavabdehdən iddiaçının da xeyrinə hər ay sabit pul məbləğində aliment tutulmalı və həmin alimentin miqdarı hər ay 50 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, bu tələbə belə hüquqi qiymət verilməsi “zəruri vəsaitə malik olan” ifadəsi ilə ziddiyyət təşkil etmir.

27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “iddianın uşaq 3 yaşına çatanadək ana üçün 100 manat alimentin tutulmasının rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə qismən təmin edilməli, uşaq 3 yaşına çatanadək iddiaçı üçün cavabdehdən 50 manat sabit pul məbləğində aliment tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması iddiaçının hazırki tələblə məhkəməyə müraciət etdiyi, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, qətnamə dərhal icra edilməlidir.

28. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın təmin və təmin edilməyən hissəsinin qiyməti (50x12=600 manat) 600 manat təşkil etdiyindən və məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

29. Yuxarıda göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4299/2024 nömrəli qətnaməsi qismən, yəni “iddianın uşaq 3 yaşına çatanadək ana üçün 100 (bir yüz) manat alimentin tutulmasının rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X10 3 yaşına çatanadək İddiaçı üçün Cavabdeh 50 (əlli) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar