Məhkəmə qərarları › İş №2(103)-5052/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5052/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5052/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-846/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” MMC-ə və Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx KB” ASC cəlb edilməklə qarşı “əmlakın qiymətləndirməsi barədə hesabatın ləğv edilməsi, hərracın nəticələrinin ləğv edilməsi və ipoteka predmetinin yenidən qiymətləndirilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MMC tərəfindən əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi, “xxxx” MMC tərəfindən əmlakının 77 775 manat məbləğində satılması haqqında hərrac protokolunun ləğv edilməsi və həmin zərurətdən irəli gələn hüquqi nəticələr qanunsuz olduğundan etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan və sonradan ipotekaya qoyulmuş ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi yaşayış evi “xxxx” MMC tərəfindən ilkin olaraq 122 000 manata, sonra isə 103 700 manata və sonunda 25 faiz aşağı 77 775 manata qiymətləndirilərək tələbkara satılmışdır. Qiymətləndirməni və hərracı keçirən təşkilat eyni təşkilatdır. Bu da bir daha hərracın qeyri-obyektiv aparılmasını göstərir. Ona məxsus olana fərdi yaşayış evinin hərracdan satılması üçün qiymətləndirmənin kim tərəfindən, hansı şəraitdə və hansı qaydada aparılması barədə ona heç bir məlumat, bildiriş verilməmiş, hazırki bazar qiymətindən çox aşağı qiymətə 77 775 manata qiymətləndirmişdir. Həmin hərracın yekunları barədə olan Protokolu o, Abşeron Rayon İcra və Probasiya şöbəsindən əldə etmişdir. Halbuki, hərrac keçirilərkən onun iştirakı ilə keçirilməliydi və bu qaydanı pozmalarına baxmayaraq, hətta hərracdan sonra da bu haqda ona nə məlumat verməyiblər, nə də ki, həmin protokolu ona göndərməyiblər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-846/2021 saylı 10 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynilik təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB ASC-nin nümayəndəsi X2 şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-846/2021 saylı 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Abşeron Rayon İcra və Probasiya şöbəsi tərəfindən 14 fevral 2019-cu il tarixdə verilmiş 17/75 № 23-3A nömrəli Sifariş məktubundan görünür ki, 01 fevral 2019-cu il tarixli qərarla icraatına başlanılmış Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1137/2018 saylı 24 yanvar 2019-cu il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə tələbin yönəldiyi iş üzrə borclu İddiaçı məxsus ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi yaşayış evinin satılması ilə bağlı hərracın keçirilməsi sifariş edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən Abşeron Rayon İcra və Probasiya Şöbəsinə, İddiaçı və “xxxx KB” ASC-ə ünvanlanmış 01 mart 2019-cu il tarixli 01/789 qeydiyyat nömrəli 01 nömrəli Açıq hərracın keçirilməsinə dair bildirişin təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1137/2018 saylı 24 yanvar 2019-cu il tarixli icra sənədi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, dalan 1 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 saylı fərdi yaşayış evinin açıq hərracda 122 000 manata satılması və hərracın 01 aprel 2019-cu il tarixdə saat 11:00da keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan ƏİV seriyalı 071428 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin surətindən görünür ki, “xxxx” MMC tərəfindən İddiaçı (ünvan 3 ünvanlanmış məktub qapı bağlı olduğundan 06 mart 2019-cu il tarixdə geri qaytarılmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən Abşeron Rayon İcra və Probasiya Şöbəsinə, İddiaçı və “xxxx KB” ASC-ə ünvanlanmış 05 aprel 2019-cu il tarixli 01/1271 qeydiyyat nömrəli 02 nömrəli Açıq hərracın keçirilməsinə dair bildirişin təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1137/2018 saylı 24 yanvar 2019-cu il tarixli icra sənədi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, dalan 1 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 saylı fərdi yaşayış evinin açıq hərracda 122 000-15%=103 700 manata satılması və hərracın 22 aprel 2019-cu il tarixdə saat 11:00-da keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan ƏİV seriyalı 076581 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin surətindən görünür ki, “xxxx” MMC tərəfindən İddiaçı (ünvan 3 ünvanlanmış məktub 10 aprel 2019-cu il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir. İş materiallarında olan 01-07 mart 2019-cu il tarixli, 05-11 aprel 2019-cu il tarixli və 26 aprel-02 may 2019-cu il tarixli “Birja yenilikləri” qəzetlərinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, dalan 1 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması ilə bağlı hərracların keçirilməsi tarixləri barədə elanlar verilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən 26 aprel 2019-cu il tarixdə “xxxx KB” ASC-ə, həmçinin, məlumat üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə, İddiaçı göndərilmiş 01/1528 qeydiyyat nömrəli İpoteka predmetinin əldə olunmasına dair Təklif məktubunun surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, dalan 1 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 saylı fərdi yaşayış evi təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 77 775 manat olmaqla tələbkara təklif edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş 23/07 nömrəli 06 may 2019-cu il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, dalan 1 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 saylı fərdi yaşayış evi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1137/2018 saylı 24 yanvar 2019-cu il tarixli icra sənədinə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin 17/75-23-3A saylı 14 fevral 2019-cu il tarixli sifariş məktubuna əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 122 000 manat, əmlakın təkrar hərracdakı satış qiyməti 103 700 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti 77 775 manat olmuş, əmlak tələbkar tərəfindən alınmışdır. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1137/2018 saylı 24 yanvar 2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, həmin qətnamə ilə mübahisəli əmlak satışa çıxarılarkən ilkin satış qiyməti 122 000 manat müəyyən edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələblərinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1 və 34.1.1 maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarından biridir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. İpoteka predmeti hərracda satışa çıxarılmazdan əvvəl onun dəyəri qiymətləndirilməli və bu zaman mövcud qanunvericiliyin tələblərinə riayət olunmalıdır. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Göstərilən Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçı, və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.8-cü maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə görə icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. İş materiallarında olan sübutlardan məlum olur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, Birja Yenilikləri qəzetində elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar “xxxx” KB ASC-yə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi yaşayış evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya hesab edir ki, şikayətdə göstərilənlər hallar iş materialları və maddi hüquq normaları ilə təkzib olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-846/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-846/2021 saylı, 10 mart 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar