Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5059/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul etdiyi 12 iyun 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı və Cavabdeh nümayəndəsi X3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, 65 yaşda pensiya yaşına çatdığına görə onunla ilə cavabdeh Birlik arasında bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi ilə bağlı orta aylıq əmək haqqının 5 misli miqdarında, yəni 12.787 manat məbləğində birdəfəlik müavinətin cavabdeh Birlik tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh Birliyin Layihəkonstruktor Bürosunun Mühəndis-axtarış şöbəsinin rəisi vəzifəsində işləmiş, qanunvericiliklə müəyyən olunmuş qaydada pensiya yaşına çatdığına görə iddiaçı cavabdeh Birliyin rəhbərliyinə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət etmiş və xx.xx.2023-cü il tarixdən etibarən “Əmək müqaviləsinə” xitam verilməsi və əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsini xahiş etmişdir. Çünki SOCAR və ANQSİHİRK arasında bağlanmış “2020-2023-cü illər üçün X5” 5.16-cı bəndində işçi qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Birlik ilə X1 Komitəsi arasında bağlanmış “2020-2023-cü illər üçün X5” 5.16-cı bəndində də işçi pensiya yaşına çatdıqda Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. İddiaçının müraciəti ilə bağlı Birliyin rəhbərliyi iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə xx.xx.2023-cü il tarixdə əmr qəbul etmişdir. Əmrdə həmçinin qeyd edilmişdir ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi ilə əlaqədar iddiaçı ilə son haqq-hesab aparılsın və iddiaçıya, onun əmək haqqısının 5 misli məbləğində birdəfəlik müavinət ödənilsin. Əmrə əsasən iddiaçıya orta aylıq əmək haqqının 5 misli miqdarında, yəni 12.787 manat məbləğində birdəfəlik müavinət ödənilsə də, sonradan həmin məbləğin qaytarılması iddiaçıdan xahiş olunmuş və iddiaçı həmin məbləği qaytararaq, bununla bağlı onunla Birlik arasında yaranmış mülki mübahisənin məhkəmə qaydasında həll etmək qərarına gəlmişdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müavinətin verilməsi kollektiv müqavilə ilə nəzərdə tutulub. İşçinin güzəştli şərtlərlə təqaüdə çıxması onun bugünkü gün müqavilədə istinad olunan müavinəti almaqdan imtina üçün əsas ola bilməz. Belə ki, nə qanunvericilik müstəvisində, nə də kollektiv müqavilədə digər növdə təqaüd alan şəxslərin yaşa görə təqaüdə çıxdıqları zaman bu müavinəti almaqdan məhrum edilmələri ilə bağlı hər hansı bir qeyd-şərt yoxdur. Belə olan halda cavabdeh Birliyin həmin müavinəti iddiaçıdan geri alması və yenidən ödəməkdən imtinası qanunsuz sayılmalı və iddia ərizəsi təmin edilməlidir. Rayon Məhkəməsi cavabdeh Birlikdən iddiaçının xeyrinə tutulmalı olan vəsaitin miqdarı ilə bağlı hesab etmişdir ki, iddiaçının aldığı orta əmək haqqı 2.557,4 manat məbləğində olduğundan, deməli cavabdeh birlikdən iddiaçının xeyrinə (2.557,4 x 5=) 12.787 manat məbləğində pul tutulmalıdır. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, SOCAR-ın və Azərbaycan Neft Qaz X2 İttifaqı Respublika Komitəsinin ANQSİHİRK-nın xx.xx.2009-cu il tarixli, 57/06-19ə nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" əmir-qərarına əsasən işçi qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir ay müddətində öz təşəbbüsü ilə “Əmək müqaviləsinə” xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının 5 misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulur. “X4” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının 3 növü, yəni yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya növü müəyyən edilmişdir. Qeyd olunan əmr-qərarda da işçinin yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı vaxt, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinətinin ödənilməsi nəzərdə tutulur və əlilliyə görə əmək pensiyası təyin olunmuş işçilərdə qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda bu hüququndan istifadə edə bilər. Qeyd olunan əmr-qərarda nəzərdə tutulan qanunvericilikdə müəyyən olunmuş pensiya yaşı dedikdə “X4” Qanun “Yaşa görə əmək pensiyası” fəslində nəzərdə tutulduğu kimi 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların, həmçinin güzəştli şərtlərlə əmək pensiyası hüququ onların, çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqları təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddi nəzərdə tutulur. Həmin Qanuna edilmiş dəyişikliyə əsasən, Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyul ayının 1-dən başlayaraq 2021-ci ilin iyul ayının 1-dək, qadınların yaş həddi 2017-ci il iyul ayının 1-dən başlayaraq 2027-ci ilin iyul ayının 1-dək artırılır. Qeyd edilən qanunun tələblərinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ ayrı-ayrı əsaslarla əmələ gələ bilər. Bu əsaslardan biri de güzəştli şərtlərlə əmək pensiyası almaq hüququdur. Göründüyü kimi iddiaçının yaşla əlaqədar güzəştli şərtlərlə əmək pensiyası hüququ uzun müddətdir əmələ gəldiyindən (xx.xx.2015-ci il tarixdən etibarən güzəştli şərtlərlə əmək pensiyası alır) ona əmək haqqının 5 misli ödəmək üçün heç bir hüquqi əsas yoxdur. Bundan əlavə işçi öz təşəbbüsü ilə işdən çıxarılarkən əmək qanunvericiliyində ona əmək haqqının 5 misli həcmində müavinətin ödənilməsi imperativ qaydada ödənilməsi tənzimlənməmişdir və yalnız bu tip hallarda işçiyə istifadə etmədiyi məzuniyyətinə görə son haqq hesab ödənilməsi şərtləndirilmişdir. Əmək haqqının beş misli həcmində müavinətin ödənilməsi yalnız ARDNŞ-nın və Birliyin öz təşəbbüsü ilə həyata keçirdiyi tədbirdir və iddiaçı da güzəştli şərtlərlə əmək pensiyası almaq hüququna malik olan şəxs olduğundan qeyd olunan əmr-qərarın təsir dairəsinə düşmür. İmperativ qaydada ödənilməsi nəzərdə tutulmayan hər hansı vəsaitin məcburi qaydada Birlikdən tutulması ilə bağlı qətnamənin qəbul edilməsi isə tamamilə qanunvericiliyin tələblərinə ziddir. Həmçinin işin faktiki hallarından da göründüyü kimi tərəflər arasında yaranmış mübahisə fərdi əmək mübahisələrindən irəli gəlməkdədir. Belə olan halda iddiaçı tərəf məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyanın tətbiqi ilə bağlı qanunvericiliyin tələblərinə riayət etməli idi. İşdən açıq məlumdur ki, tərəf medaisya qanunverciliyin tələblərinə riayət etməmiş və Rayon Məhkəməsi həmin məqama diqqət etməmişdir ki, bu hal qətnamənin mübahisəsiz ləğvinə əsasdır. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatlar barədə məlumat
7. Cavabdeh Birliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
8. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsində verdiyi izahatın məzmununa uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
10. Belə ki, iş materiallarından görünür ki, iddiaçı, cavabdeh Birliyin İdarəetmə aparatının Layihə-Konstruktor Bürosunun Mühəndis-axtarış şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Tərəflər arasında bağlanmış “Əmək müqaviləsi” iddiaçının ərizəsi əsasında xx.xx.2023-cü il tarixində ləğv edilmişdir.
11. İş materiallarında olan Kollektiv müqavilənin 5.16-cı bəndinə əsasən, pensiya yaşına çatdıqda Əmək Məcəlləsini 70-ci maddəsinin “a” və “b” bəndinə əsasən işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 misli həcmində birdəfəlik və ya sosial dayanıqlılığının təmin edilməsi məqsədilə qüvvədə olan Proqram üzrə müavinət vermək Birliyin idarəetmə aparatında və qurumlarda çalışan işçilərin sosial rifah halının gücləndirilməsi, onların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən biridir.
12. İş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan və işdə olan sənədlərdən görünür ki, iddiaçının müraciəti ilə bağlı Birliyin rəhbərliyi iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə xx.xx.2023-cü il tarixdə əmr qəbul etmişdir. Əmrdə həmçinin qeyd edilmişdir ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi ilə əlaqədar iddiaçı ilə son haqq-hesab aparılsın və iddiaçıya, onun əmək haqqısının 5 misli məbləğində birdəfəlik müavinət ödənilsin. Əmrə əsasən iddiaçıya orta aylıq əmək haqqının 5 misli miqdarında, yəni 12.787 manat məbləğində birdəfəlik müavinət ödənilsə də, sonradan həmin məbləğin qaytarılması iddiaçıdan xahiş olunmuş və iddiaçı həmin məbləği qaytarmışdır. Bundan sonra iddiaçı həmin məbləğin ona ödənilməsi ilə bağlı Birliyə müraciət etsə də, həmin məbləğin ödənilməsi Birlik tərəfindən məqsədəmüvafiq hesab edilməmişdir.
13. Göstərilənlərə əsasən müəyyən edilir ki, Birlik ilə X1 Komitəsi arasında 2020-ci ildə kollektiv müqavilə bağlanmışdır. Həmin müqavilədə əks olunmuş razılaşmaya əsasən təqaüd yaşına, yəni 65 yaşına çatmış işçilərlə əmək müqaviləsinə xitam verilərkən onlara əmək haqqının 5 misli miqdarında müavinət ödənilməsi nəzərdə tutulmuşdur.
14. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
15. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə görə, kollektiv müqavilə - işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir (maddə 3.). Bu Məcəllədə nəzərdə tutulan qaydada bağlanmış kollektiv müqavilənin və sazişin şərtləri tərəflər və bu şərtlərin aid edildiyi iş yerləri üçün məcburidir (maddə 24.).
16. Göründüyü kimi müavinətin verilməsi kollektiv müqavilə ilə nəzərdə tutulmuş, işçinin güzəştli şərtlərlə təqaüdə çıxması isə onun bugünkü gün müqavilədə istinad olunan müavinəti almaqdan imtina üçün əsas ola bilməz. Belə ki, nə qanunvericilik müstəvisində, nə də kollektiv müqavilədə digər növdə təqaüd alan şəxslərin yaşa görə təqaüdə çıxdıqları zaman bu müavinəti almaqdan məhrum edilmələri ilə bağlı hər hansı bir qeyd-şərt yoxdur.
17. Belə olan halda Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin müavinəti ödəməkdən imtina etməsi qanunsuz sayılmalı və iddia təmin edilməlidir. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri əsassızdır.
18. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, bu kimi iddia ilə bağlı məhkəməyə müraciət etmiş iddiaçı, onunla cavabdeh Birlik arasında yaranmış əmək mübahisəsinin həlli ilə bağlı müvafiq mediasiya təşkilatına müraciət etməmiş, işə baxmış Rayon Məhkəməsi isə işin bu halını nəzərə almamışdır.
19. Məhkəmə bildirir ki, Birliyin bu dəlili də əsassızıdır. Çünki iş materiallarından görünür ki, iddiaçı, onunla cavabdeh Birlik arasında yaranmış əmək mübahisəsinin həlli ilə bağlı Bakı 11 saylı Mediasiya Təşkilatına müraciət etmiş, həmin Mediasiya Təşkilatı tərəfindən keçirilmiş mediasiya sessiyasında iddiaçı iştirak etsə də, Birliyin nümayəndəsi sessiyaya gəlməmişdir (bax: iş v. 16). f) apellyasiya baxışının nəticəsi
20. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur.
21. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 iyun 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.