Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5070/2020 23.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh “Borçalı” Kommersiya Bankının ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2018-ci il tarixli qətnamədən Bankın ləğvedicisi olan Fondun verdiyi apellyasiya şikayətinə əsasən mülki işə iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə və Fondun nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş üzrə iddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2003-cü il tarixli, 05 və 05 “a” saylı “Kredit müqavilələrinin” təminatı kimi Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, K.Setkin küçəsi, 7 saylı evin 2 nömrəli mənzilinin (bundan sonra – mənzil) ipotekasına xitam verilməsi və ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə (İş № 2(006)-2558/2018) iddianın təmin edilməsini qət etmişdir. Bankın ləğv edicisi olan Fond qeyd olunan qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə (İş № 2(103)- 12499/2018) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən Fond tərəfindən verilmiş kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərar (iş № 2(102)-3119/2019) ilə kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsini qərara almışdır. İşə apellyasiya qaydasında yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə (İş № 2(103)-9364/2019) ilə Fondun apellyasiya şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməsini qət etmişdir. Həmin qətnamədən Fondun verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərar (İş № 2(102)-572/2020) ilə kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Göstərilən səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən cavabdehin apellyasiya şikayətinə əsasən mülki işə yenidən baxılır. Mülki işə apellyasiya qaydasında yenidən baxan Məhkəmə qeyd edir ki, iş üzrə iddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Cavabdeh2” ilə X4 arasında xx.xx.2003-cü il tarixdə 05 və 05 “a” saylı “Kredit müqavilələri” bağlanmışdır. Sözügedən “Kredit müqavilələrinin” təminatı olaraq İddiaçı mülkiyyətində olan mənzilin ipoteka ilə yüklü edilməsinə dair eyni tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. “Kredit müqaviləsinin” müddəti xx.xx.2004-cü il tarixdə başa çatmışdır. İddiaçı qeyd edilən mənzilin alğı-satqısını həyata keçirmək istəyən zaman məlum olmuşdur ki, hazırkı vaxtadək mülkiyyətində olan mənzil ipoteka yüklülüyündən azad edilməmişdir. Bankın ləğvedicisi olan Fonda müraciət olunaraq, hazırda mübahisəsi gedən mənzilin ipoteka yüklülüyündən azad edilməsi xahiş olunmuşdur. Fond tərəfindən xx.xx.2018-ci il tarixdə müraciətə cavab olaraq bildirilmişdir ki, Bank, 1 saylı Bakı İqtisad Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 179/5-32 saylı qətnaməsi ilə məcburi ləğv edilmiş və həmin məhkəmənin xx.xx.2016-ci il tarixli, 179/5-32 saylı qərardadı ilə “RR & X5 Konsaltinq” MMC Bankın ləğvedici təyin olunmuşdur. Bundan sonra isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(103)-1376/2017 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Fond əvvəlki ləğvedici olan MMC ilə təhvil-təslim işlərinin aparılması zamanı Banka aid uçot sənədlərində, o cümlədən kredit sənədlərində çatışmazlıqlar aşkar etdiyinə görə, məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət etmişdir. Əvvəlki ləğvedicinin fəaliyyətinə hüquqi qiymət verilmədiyindən və bununla əlaqədar təhvil-təslim işlərinin tam yekunlaşmaması səbəbindən qeyd edilən məsələnin hazırda araşdırılması qeyri-mümkün hesab olunmuşdur. Lakin ləğvedicinin dəyişməsindən 7 aydan artıq bir müddət keçmişdir və bugünə qədər təhvil-təslim prosesinin aparılması üçün kifayət qədər zaman mövcud olmuşdur. Buna baxmayaraq, cavabdeh tərəfindən bu və ya digər səbəblərdən təhvil-təslim prosesinin aparılmaması mülkiyyətində olan mənzilin üzərində sərəncam vermə hüququnun pozulması ilə nəticələnmişdir. “İpoteka müqaviləsi” sərbəst bağlanan müqavilə deyil. Əsas öhdəliyin (kredit müqaviləsinin) təminatı məqsədi ilə bağlanır və əsas öhdəliyə xitam verildiyi zaman isə qeyd şərtsiz ipotekaya da xitam verilir. Göründüyü kimi, əsas öhdəliyə xitam verilməsi ipotekaya da xitam verilməsi ilə nəticələnir və bu, ipoteka saxlayanın və ya qeyrisinin iradəsindən asılı deyildir. Belə hallarda ipotekaya xitam verilməsi qanunun imperativ göstərişidir və bunun üçün əlavə hər hansı addım atmağa ehtiyac yoxdur. Qeyd olunan kredit müqavilələri üzrə ödənişlər tam şəkildə həyata keçirilmiş və həmin kredit müqavilələri üzrə heç bir borc öhdəliyi yoxdur. Məhz bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Əmanətlərin Sığortalanması Fondunun iddia tələbinə qarşı etirazı və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən verdiyi apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsi həm maddi hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Belə ki, iddiaçı kredit borcunun tam bağlanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçı tərəfindən mübahisənin məhkəmədənkənar həlli yolu kimi pretenziya qaydasına riayət edilməmiş, bununla bağlı Fonda hər hansı yazılı müraciəti daxil olmamışdır. Fondun nümayəndəsi S.Dadaşov apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətin məzmununa uyğun izahat verdi. İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçının adına mübahisəli mənzilə dair verilmiş MH seriyalı, 013975 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, K.Setkin küçəsi, 7 saylı evin 2 nömrəli mənzili iddiaçının mülkiyyətində olan əmlak kimi xx.xx.1996-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. “Cavabdeh2” ilə X4 arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 05 saylı “Kredit müqaviləsinin” surətindən görünür ki, bu müqaviləyə əsasən İ.Hacıyev illik 10 faiz dərəcəsi ilə 100.000 ABŞ dolları məbləğində pulu, hissə-hissə və aybaay qaytarmaq şərti ilə 1 il müddətinə Bankdan borc alır. Bank ilə İ.Hacıyev arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 05 “a” saylı “Kredit müqaviləsinin” surətindən görünür ki, bu müqaviləyə əsasən isə İ.Hacıyev illik 10 faiz dərəcəsi ilə 500.000.000 (köhnə miqyasda) manat məbləğində pulu, hissə-hissə və aybaay qaytarmaq şərti ilə 1 il müddətinə Bankdan borc alır. İddia ərizəsində qeyd edilən xx.xx.2003-cü il tarixli, 05 saylı “İpoteka müqaviləsinin” surətindən görünür ki, iddiaçıya məxsus olan mənzil hər iki “Kredit müqaviləsi” üzrə İ.Hacıyevin Bank qarşısında üzərində götürdüyü öhdəliklərin təminatı olaraq Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2018-ci il tarixli, **********45 nömrəli məktubundan görünür ki, Bankın xx.xx.2003-cü il tarixli müraciəti əsasında mənzilin ipoteka ilə yüklüyü qeydə alınmışdır. Mənzil hal-hazırda da yüklüdür. Əmanətlərin Sığortalanması Fondunun iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli, **********082 saylı məktubdan görünür ki, “Cavabdeh2” ilə X4 arasında xx.xx.2003-cü il tarixdə 05 və 05 “a” saylı “Kredit müqavilələri” habelə 05 saylı “İpoteka müqaviləsi” bağlanmışdır. 1 saylı Bakı İqtisad Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 179/5-32 saylı qətnaməsi ilə Bank məcburi ləğv edilmiş və həmin məhkəmənin xx.xx.2016-ci il tarixli, 179/5-32 saylı qərardadı ilə “RR & X5 Konsaltinq” MMC həmin Banka ləğvedici təyin olunmuşdur. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(103)- 1376/2017 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu həmin banka ləğvedici təyin edilmişdir. Fond əvvəlki ləğvedici ilə təhvil-təslim işlərinin aparılması zamanı Banka aid uçot sənədlərində, o cümlədən kredit sənədlərində çatışmazlıqlar aşkar etdiyinə görə, məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət etmişdir. Əvvəlki ləğvedicinin fəaliyyətinə hüquqi qiymət verilmədiyindən və bununla əlaqədar təhvil-təslim işlərinin tam yekunlaşmaması səbəbindən qeyd edilən məsələnin hazırda araşdırılması qeyri-mümkün hesab olunmuşdur. Göstərilənlərə əsasən müəyyən edilir ki, Bank ilə İsa Hacıyev arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 05 və 5 “a” saylı “Kredit müqavilələri” üzrə İ.Hacıyevin Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq hazırki iş üzrə iddiaçıya məxsus mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və bununla bağlı 05 saylı “İpoteka müqaviləsi” bağlanmışdır. Mənzilin ipoteka ilə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və yüklülük barədə qeydiyyat hazırda da qüvvədədir. Bank xx.xx.2005-ci il tarixli məhkəmə qətnaməsinə əsasən ləğv olunmuşdur. Bankın ləğvedici olan Fondun məhkəmələrə verdiyi məlumatlardan bəlli olur ki, Bankın əvvəlki ləğvedicisi olmuş “RR & X5 Konsaltinq” MMC tərəfindən bir çox, o cümlədən, yuxarıda qeyd edilən kredit və ipoteka müqavilələri bağlı sənədlər Bankın yeni ləğvedicisi olan Fonda təhvil verilməmiş, bu səbəbdən də, Fond, həmin “Kredit müqavilələri” üzrə İ.Hacıyevin Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icra olunub-olunmadığı haqqında heç bir məlumat verə bilmir. İş üzrə iddiaçı isə qeyd edilən “Kredit müqavilələri” üzrə İ.Hacıyevin Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin İ.Hacıyev tərəfindən icra olunduğunu bildirir. Rayon Məhkəməsi işin hallarını və Bank ilə İ.Hacıyev arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 05 və 05 “a” saylı “Kredit müqavilələri” üzrə kredit borcunun ödənilməsini təkzib edə biləcək sübutların Fond tərəfindən təqdim edilməməsini nəzərə alaraq hesab etmişdir ki, hazırkı iddia ərizəsi təmin olunmalı və yuxarıda qeyd edilən 05 və 05a saylı “Kredit müqavilələrinin” təminatı kimi iddiaçıya məxsus və Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş mənzil həmin ipoteka yüklülüyündən azad olunmalıdır. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2., 16.1., 152.1., 294.1., 425.1., 425.2., 527.1., 527.2., 528., “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7., 10.1. və 48.1.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə formal cəhətdən düzgün olsa da, maddi hüququ normaların tətbiqi baxımından səhv olmuşdur. Çünki Rayon Məhkəməsi sübutetmə vəzifəsini cavabdeh Fonda aid etmişdir ki, bu yanaşma düzgün hesab edilə bilməz. Bu mövqeyini Məhkəmə onunla əsaslandırır ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda hazırki iş üzrə iddiaçı sübut etməlidir ki, İ.Hacıyev onunla Bank arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 05 və 05 “a” saylı “Kredit müqavilələri” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra edərək Banka olan borcunu ödəmişdir. Lakin o, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Qeyd edilən halın araşdırılması ilə bağlı olaraq Məhkəmə X2 şahid qismində dəvət edərək onun ifadəsini almış (Ali Məhkəmənin göstərişinə əsasən), lakin İ.Hacıyev göstərmişdir ki, o, qeyd edilən “Kredit müqavilələri” üzrə borclarını Bank ləğv edilənə qədər Banka ödəmiş, lakin bunun üstündən uzun müddət keçdiyi üçün o, “Ödəniş qəbzlərini” qoruyub saxlamamışdır. Göründüyü kimi, İ.Hacıyevin Bank qarşısında üzərinə götürdüyü öhdəlikərin bir mənalı olaraq icra edilməsini müəyyən etmək olmur. Lakin Məhkəmə hesab edir ki, həmin öhdəliklərin icra edilib edilməməsində asılı olmayaraq İddiaçı iddiası təmin edilməli, iddiaçıya məxsus mənzilin ipoteka ilə yüklülünə Rayon Məhkəməsinin istinad etdiyi hal və maddi hüququ normaları əsasında deyil, başqa əsasla və maddi hüquq normasının tətbiqi ilə xitam verilməli, mənzil ipoteka yüklülüyündən azad olunmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, İ.Hacıyev ilə Bank arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 05 və 05 “a” saylı “Kredit müqavilələri” 1 il müddətinə bağlanmış və müqavilələrin müddəti xx.xx.2004-cü il tarixdə bitmişdir. Ötən müddət ərzində Bank kredit borcunun tutulması tələbi ilə məhkəməyə müraciət etməmiş, hər hansı kredit məbləğini mübahisələndirməmişdir. xx.xx.2018-ci il tarixdə hazırki iddia ərizəsi Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı yuxarıda qeyd edilən “Kredit müqavilələri” üzrə öhdəliyin tam icra olunduğuna və həmdə Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən bütün tələblərin on il keçdikdən sonra qüvvəsini itirməsinə istinad edərək kredit müqaviləsinin təminatı olaraq onunla Bank arasında bağlanmış “İpoteka müqaviləsinə” xitam verilməsini xahiş edir. Lakin işə baxmış Rayon Məhkəməsi “Kredit müqaviləsi” üzrə öhdəliyin tam icra olunmasına və Banka hər hansı borcun qalmamasına istinad edərək həmin kreditin təminatı olaraq iddiaçı ilə bağlanmış “İpoteka müqaviləsinə” xitam verilməli olmasına istinad etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələbin qanuni əsası həm də Mülki Məcəllənin 551.1-ci maddəsinə söykənir. Lakin iddianı təmin etmiş Rayon Məhkəməsi bu əsasa istinad etməmişdir. Belə olan halda, “Kredit müqavilələrinin” bağlanma tarixi və qüvvədə olma müddətinin xx.xx.2004-cü il tarixdə başa çatmasına, Bank tərəfindən həmin müqavilə üzrə borcun tutulması tələbi barədə iddia qaldırılıb-qaldırılmamasına və nəticədə “Kredit müqavilələrinin” müddətinin başa çatmasından (iddia ərizəsinin Rayon Məhkəməsinə verilmə tarixi nəzərə alınmaqla) 13 il keçdiyinə görə müqaviləyə xitam verilməli olmasına Rayon Məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir. Göstərilən hallar Məhkəmə tərəfindən müəyyən edilmiş, Bank tərəfindən kredit borcunun iddiaçıdan məhkəmə qaydasında tələb edilməsi barədə hər hansı sübut təqdim olunmamış, nəticədə Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən öhdəliyə xitam verilməsi üçün əsas yaranmışdır. Belə ki, “Öhdəliklərin xitamı üçün müddətlər” adlanan Mülki Məcəllənin 551.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 550-ci maddəsinə görə, tələblərə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 552-ci maddəsinə görə, müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Məcəllənin 554-cü maddəsinə görə, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır (maddə 554.1.). Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir (maddə 554.3.). Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər (maddə 554.4.). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya da xitam verilir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, hazırki iş üzrə ipoteka hüququ ilə təminat verilmiş “Kredit müqavilələrinin” müddəti xx.xx.2004-cü il tarixdə başa çatdığından həmin tarixdən 10 il tələbetmə müddətinin keçməsinə istinad edən iddiaçı mənzilin ipoteka ilə yüklüyünə xitam verilməsini və mənzilin ipoteka yüklülüyündən azad edilməsini tələb etməkdə haqlı olmuşdur. Bunlardan başqa Məhkəmə qeyd edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının hazırki iş üzrə verdiyi göstərişlərin icrası ilə bağlı Məhkəmə yuxarıda qeyd edilən müqavilələri notarial qaydada təsdiq edilmiş surətlərini əldə etmiş, onları tədqiq edərək işə əlavə etmişdir. Odur ki, apelyasiya baxışının nəticələrini, MPM-nin 385 və 386 maddələrinin tələblərini nəzərə alan və 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə QƏT ETDİ: Cavabdeh “Borçalı” Kommersiya Bankının ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2018-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “Borçalı” Kommersiya Bankının ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi tələbi barədə” iddiası təmin edilsin. X4 ilə “Borçalı” Kommersiya Bankı arasında bağlanmış xx xxxxxx 2003-cü il tarixli 05 və 05 “a” saylı “Kredit müqavilələri” ilə bağlı bağlanmış xx xxxxxx 2003-cü il tarixli 05 saylı “İpoteka müqaviləsinin” predmeti olan və İddiaçı məxsus – Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, K.Setkin küçəsi, bina № 7-də yerləşən 2 saylı mənzilinin ipoteka ilə yüklüyünə xitam verilsin və həmin mənzil ipoteka yüklülüyündən azad olunsun. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5070/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5070/2020
23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver