Məhkəmə qərarları › İş №2(103)-5070/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5070/2021

17.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5070/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(005)-1932/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında 17 avqust 2018-ci il tarixdə bağlanmış barışıq sazişinin ləğv olunması, barışıq sazişi əsasında onun Cavabdeh ödədiyi 150.000 (yüz əlli min) manatın alınaraq geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(005)- 1932/2021 nömrəli qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunmuşdur. İddiaçı qərardaddan şikayət vermiş, qərardadın ləğv olunmasını, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(005)-1932/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxsə məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata götürməkdən imtina edərkən, qənaətini belə əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının yenidən mübahisələndirilməsi yalnız müstəsna hallarda mümkündür və birinci instansiya məhkəmələrinin iddia icraatı qaydasında bu tip işlərə baxmaq səlahiyyəti mövcud deyildir. Belə ki, hazırda iddia ərizəsində qeyd olunan qərardad icra mərhələsindədir, Xaçmaz rayon məhkəməsi 2(067)-287/2018 saylı 17 avqust 2018-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazışinin yenidən iddia icraatı qaydasında məhkəmədə mübahisələndirilməsi mümkün deyil. Belə ki, iş üzrə iddiaçı tərəfin hüquqlarının pozulduğunu hesab etdiyi həmin qərardaddan şikayət vermək hüququ mövcuddur. Göstərilən qanunvericilik aktı normasına əsasən iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsində göstərilən tələb üzrə icraatın başlanılmasının qeyri-mümkünlüyü başa düşülür. İddiaçının alimentin ləğv edilməsi tələbi məhkəmədə iddia icraatı qaydasında mübahisələndirilə bilməz. Odur ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, işdən açıq-aşkar görünür ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı vardır. Tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olduğundan eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Buna görə də birinci instansiya məhkəməsi iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edərkən nəticə etibarı ilə haqlı olmuşdur. Ancaq iddiaçının yenidən bu cür iddia ilə məkəməyə müraciət etməsi isə anlaşılan deyildir. Düzdür, iddiaçı bəyan edir ki, o, qanuni qüvvəyə minmiş məhkəmə aktını mübahisələndirmir, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-287/2018 saylı 17 avqust 2018-ci il tarixli qərardadından həmin məhkəməyə şikayət vermiş, mübahisələndirdiyi 17 avqust 2018-ci il tarixdə bağlanmış barışıq sazişinin ləğv olunması, həmin saziş əsasında cavabdehə ödədiyi 150000 manatın ona qaytarılmasıdır ki, bu barədə iddia qaldırmışdır. İddiaçı əsas kimi göstərir ki, məhkəmə qərardadı ilə təsdiq olunub-olunmamasından asılı olmayaraq saziş iki tərəfli əqddir və tərəflərdən biri hər biri onu mübahisələndirə bilər. Əlbətdə ki, bu dəlillər açıq-aşkar əsassızdır. Çünki, Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinin imperativ tələbinə əsasən barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. İddiaçının mübahisələndirmək istədiyi barışıq sazişi də məhz məhkəmə qərardadı ilə təsdiq olunmuşdur. Bu cür vəziyyətdə məhkəmə qərardadı ilə təsdiq olunan barışıq sazişi yenidən ayrıca məhkəmə icraatının necə predmeti ola bilər ki, iddiaçı da məhz israrla bunu arzulayır. Ancaq hər bir arzunun və istəyin də hüquqi müstəvidə qanuni əsası olmalıdır. Əgər belə bir əsas yoxdursa demək nəinki konstitusion hüquq, heç adi hüququn da pozulmasından bəhs etmək əsassızdır. Görünüdyü kimi, iddiaçı birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşmayaraq qərardaddan şikayət vermişdir. Lakin iddianın yolverilməzliyinə görə baxılmalı olmayan bir tələblə məhkəməyə müraciət edərək bu istəyinə necə nail olacağını qanuna istinad etməklə əsaslandırmamış, dolayısı ilə, nail olmağa çalışdığı məqsəd üçün düzgün vasitə (yol) seçməmişdir. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(005)- 1932/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(005)- 1932/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar