Məhkəmə qərarları › İş №2(103)-5074/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5074/2024

28.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5074/2024 28.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5074/2024 (Açar sözlər: aliment) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiаçı İddiaçı, cavabdehin nümayəndə-vəkili Vəkil iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2672/2024 saylı xx.xx.2024-cü il qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 28 avqust 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh xx.xx.2006-cı il tarixində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir.

2. Tərəflərin nikahları pozulmasa da, faktiki bir yerdə yaşamırlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 235 manat, cəmi 705 sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki; Cavabdeh ilə 2005-ci ildə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahdan xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 adlı üç övladı dünyaya gəlmişdir. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşmiş və artıq 10 aya yaxındır ki, evdən getmiş və Cavabdeh uşaqların saxlanması üçün heç bir yardım göstərmir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2672/2024 saylı xx.xx.2024cü il qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddianın təmin edilməsi, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat, cəmi 705 manat sabit pul məbləğində alimentin xx.xx.2024-cü il tarixdən hesablanmaqla tutularaq İddiaçı ödənilməsi, ödənilməmiş 106.40 məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilçməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə, Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü və 27-ci maddələrinə, Ailə Məcəlləsinin 75.1, 75.4, 78, 99, 100.2-ci maddələri, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 52, 77.1, 88, 217.3, 217.4, 234.2.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 və 9.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin qismən təmin olunması və onun aylıq qazancının ½ hissəsində aliment tutulması, alimentin hər uşağın adına açılan bank hesabına köçürülməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə aliment hissədə tam qanunsuz və əsassızdır. Məhkəmə işə düzgün baxmamışdır.Çünki cavabdehin rəsmi iş yeri vardır və hər ay 955 manat əmək haqqı alır. Arayışın əslini məhəkəməyə təqdim etmişdir. Hər ay 705 manat aliment ödəsə onda cavabdeh necə yaşamalıdır?! Ona görə xahiş edir ki, işə baxılan zaman bu nəzərə alınsın.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndə-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, heç yerdə işləmir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

12. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

14. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

15. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

16. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

17. Maddə 18. 1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.

18. «Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Cavabdeh apellyasiya şikayətində qətnaməni yalnız tutulan alimentin məbləğinə aid hissədə mübahisələndirdiyindən hazırki apelyasiya baxışının predmetini qətnamənin yalnız həmin hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə alimentin məbləğinə aid hissədə dəyişdirilməlidir.

26. Belə ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. “

27. Hazirki işin faktiki hallarından görünür ki, iddiaçı heç bir yerdə işləmir, cavabdeh isə "xxxx" MMC-də sahə koordinatoru vəzifəsində çalışmaqla aylıq əmək haqqısı 955,43 manat təşkil edir.

28. Kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi alimentin məbləği göstərilən halların məcmusu baxımından ədalətlidir və alimentin məbləğinin dəyişdirilməsi uşağın üstün mənafeyinin pozulması ilə nəticələnə bilər.

29. Bu baxımdan kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, əvvəla iddiaçı alimentin sabit pul məbləğində tutulmasını xahiş etmişdir. Digər tərəfdən üç uşağa görə onun aylıq əmək haqqısının ½ hissəsi miqdarında alimentin tutulması qanunvericiliyin yuxarıda sadalanan normalarına zidd olmaqla yanaşı, eyni zamanda uşaqların hüquqlarının, eləcə də uşaqları yanında saxlayan və onların qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarını çəkən ananın-iddiaçının marağının pozulması hallarını yarada bilər.

30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsini onun mübahisələndirilən hissəsində qanuni və əsaslı olması qənaətinə gəlir və bu səbəblə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2672/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar