Məhkəmə qərarları › İş №2(103)-5081/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5081/2024

09.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5081/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 4321/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh 19 oktyabr 2021-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından 25 sentyabr 2022-ci il təvəllüdlü X3 və 13 mart 2024-cü il təvəllüdlü X7 anadan olmuşdur. Uşaqlar hazırda iddiaçının yanındadır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 sentyabr 2022-ci il təvəllüdlü X2 və 13 mart 2024-cü il təvəllüdlü X4 hər birinin saxlanılması üçün ayrılıqda 235 manat, ümumilikdə 470 manat pul məbləğinin, həmçinin 13 mart 2024-cü il təvəllüdlü X4 3 yaşı tamam olanadək İddiaçı maddi köməklik edilməsi üçün 200 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh nikahı 19 oktyabr 2021-ci il tarixində Sumqayıt ASAN xidmət mərkəzində qeydə alınmışdır. Nikahdan 25 sentyabr 2022-ci il tarixində X3 və 13 mart 2024- cü il tarixində X7 doğulmuşdur. Artıq uzun müddətdir ki, Cavabdeh övladlarının saxlanılmasında iştirak etmir. Heç bir maddi köməklik göstərmir. O, uşaqların nəinki minimum ehtiyaclarını ödəmir, ərzaqla belə ailəsini təmin etmir. İddiaçının ikinci uşağa hamilə olduğu dövrdə ümumiyyətlə iddiaçı ilə, uşağın vəziyyətilə maraqlanmamış, uşağın nəinki doğumuna maddi köməklik göstərmiş, doğulmasından xəbər tutsa da özünü xəbərsiz kimi aparmışdır. Artıq 2 övladları var, uşaqlar körpə olduğundan çalışa da bilmir. Bu səbəbdən uşaqların və özünün ehtiyaclarını təkbaşına ödəməkdə olduqca çətinlik çəkir. Evləndikləri ilk illərdə münasibətləri normal olsa da sonradan qeyri-müəyyən səbəblərdən cavabdeh iddiaçıya qarşı mütəmadi olaraq qeyri-adekvat hərəkətlərə yol verib, ona fiziki və psixi təzyiqlər və şiddət göstərmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4321/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 25 sentyabr 2022-ci il təvəllüdlü X2 və 13 mart 2024- cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 iyun 2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 200 manat, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulması,Cavabdeh 68 (altmış səkkiz) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi,iddia tələbinin qalan hissədə rədd edilməsi və qətnamənin dərhal icra edilməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə ilk növbədə tələb edilən 470 manat aliment miqdarına münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, cavabdeh 459 manat əmək haqqı alır. Odur ki, məhkəmə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşaqların yaş həddini, sağlamlıq vəziyyətini, diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın bu hissədə qismən təmin edilməsini və cavabdehdən hər ay hər uşağa görə 200 manat, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin tutulmasını ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin 13 mart 2024-cü il təvəllüdlü X4 3 yaşı tamam olanadək İddiaçı maddi köməklik edilməsi üçün 200 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı satıcı vəzifəsində çalışır və 350 manat əmək haqqı alır. Onun analıq məzuniyyətində olmasını təsdiq edən hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Odur ki, yuxarıda istinad olunanlara əsasən məhkəmə iddianı İddiaçı maddi köməklik edilməsi üçün 200 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində əsassız sayır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(011)-605/2024 saylı, 08 aprel 2024-cü il tarixli qərardadından görünür ki, ərizə qismən təmin edilmiş, iddia tələbi üzrə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək 25 sentyabr 2022-ci il təvəllüdlü X2 və 13 mart 2024-cü il təvəllüdlü X1 üçün 08 aprel 2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 235 manat, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin, həmçinin İddiaçı maddi köməklik edilməsi üçün aylıq 50 (əlli) manat alimentin alınaraq İddiaçı ödənilməsi qərara alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, aliment hazırkı qətnamə qəbul olunduğu tarixdən, yəni 06 iyun 2024-cü il tarixdən başlayaraq tutulmalıdır.

6. Məhkəmə gəldiyi nəticəni Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 75.1,78.1,78.2, 84.1, 84.2, 86, 100.2-ci maddələrinə ,Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 88 ,112, 119.1, 124.1, 217.4, 234.2.1, 216-220 və 360-cı maddələrinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunaistinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhər Xətai rayon məhkəməsinin 2(011)-4321/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilərək, qət edilmiş aliment məbləğinin azladılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, qanunvericiliyin tələblərindən də aydın görünür ki, uşaqları saxlamaq yalnız bir valideynin deyil, hər iki valideynin borcudur. Bildirir ki, məhkəmə işin hallarını ətraflı və obyektiv araşdırmamışdır. Belə ki, işin hallarından da aydın görünür ki, onun əməkhaqqısı kartına köçürülən əmək haqqı məbləği 448,51 manatdır. Məhkəmə ona 400 manat aliment ödəməyi qət etmişdir. Buradan da aydın görünür ki, məhkəmə onun maddi durumunu nəzərə almamışdır. Həmçinin qeyd edir ki, birgə nikah dövründə iddiaçı və o illik 18.1%-lə 1550 manat kredit götürmüşdür. Həmin krediti də o ödəyir. Onu da qeyd edir ki, iddiaçı özü də işləyir. Övladlarını saxlamağa onun da maddi imkanı vardır. Buna baxmayaraq, məhkəmə ədalətsiz qətnamə çıxarmış, onun maddi durumunu nəzərə almamışdır. Baxmayaraq ki, uşaqları saxlamaq hər iki valideynin borcudur, məhkəmə bu halları nəzərə alamışdır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında qanununa əsasən Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə onun hər ay birgə nikah dövründə götürmüş olduğ və aylıq ödənişlərini onun etdiyi krediti nəzərə almamış, həmçinin onun 448 manat əmək haqqı aldığı halda onun 400 manatını alimentə ödənilməsini qət etmişdir. Cavabdehin normal yaşayış şəraitini, maddi durumunu nəzərə almamışdır. Həmçinin əmək qabiliyyətli əhali kimi onun yaşayış minimumu da nəzərə almamışdır. Bu səbəbdən də məhkəmənin qətnaməsini tamamilə qanunsuz və əsassız hesab edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirir ki, 448 manat maaş alır. İddiaçı pula görə məhkəmələrdə iddia qaldırır. O, uşağın xərclərini ödəyir, təmin edir. Qəbzləri var. Maaşının 70%-i tutulur. Banka da pul ödəyir. Ona 50 manat pul qalır. Boşanmadan aliment tələb edib. Onun uşaqdan xəbəri olmur. Evə gedəndə də qapını açmırlar. İddiaçının yaxınları ilə də əlaqə saxlaya bilmir. Hazırda iddiaçı anasıgildə qalır. Boşanmaq fikri yoxdur.Rayon məhkəməsində də iddiaçı iştirak etməyib. İddiaçı ailəsinin sözü ilə hərəkət edir. İddiaçı işləyir və analıq məzuniyyəti ilə bağlı ödəniş alır. Alimentin ümumi olaraq 200 manat tutulmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikası Konstitutsiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

13. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

15. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

16. Məcəllənin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

17. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

18. Uşaq Hüquqları haqqında Qanunun 5-ci maddəsinə əsasən, Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

19. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

20. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin aliment məbləğinin azladılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən hissədə cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. İşin araşdırılan halları ilə müəyyən edilir ki, tərəflər rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar və tərəflərin birgə nikahından 25 sentyabr 2022-ci il təvəllüdlü X3 və 13 mart 2024-cü il təvəllüdlü X7 anadan olmuşdur.

28. İddiaçı məhkəməyə müraciət edərək, 1) uşaqların hər birinin saxlanması üçün 235 manat, ümumilikdə 470 manat pul məbləğinin, 2) 13 mart 2024-cü il təvəllüdlü X4 3 yaşı tamam olanadək İddiaçı maddi köməklik edilməsi üçün 200 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir.

29. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək hər ay hər uşağa görə 200 manat, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanunun 19cu maddəsi, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2-ci maddələrindən göründüyü kimi, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin.

31. Bu mənada kollegiya hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir.

32. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyəti, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin şikayətin dəlili olaraq qeyd etdiyi bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir.

33. Ailə Məcəlləsinin 78.2-ci maddəsində qeyd edilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

34. İşin yuxarıda sadalanan diqqətəlayiq hallarını nəzərə almaqla kollegiya hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qəbul edildiyi xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

35. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

36. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, onun tərəfindən ödənilməli kredit müqaviləsi üzrə borc vardır, həmçinin aldığı əmək haqqı alimentin ödənilməsi və digər xərclərinin qarşılanmasına kifayət etmir.

37. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, həmin dəlillər cavabdehin maddi mənafeyinin uşağın minimum dolanacaq məbləğində maddi təminat almaq kimi üstün hüququndan üstün tutulması üçün kifayət edəcək qədər əsaslı deyildir.

38. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 4321/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur.

40. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

41. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

42. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 4321/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar