Məhkəmə qərarları › İş №2(103)-5086/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5086/2023

25.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5086/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdeh İB-nin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1627/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. 22.09.2010-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, bina 3, mənzil 24 ünvanında yerləşən mənzildə ventilyasiya sistemi, nəfəsliyin və qapının alt hissəsində hava daxil olması üçün aralıq və ya dəlikləri olmayan, tüstü-bacası düzgün quraşdırılmamış və yapma məhsullarının sovrulmasını təmin etməyən hamam otağında quraşdırılmış qazla işləyən axıntı su qızdırıcısı tüstü bacasında lazimi seyrəlmə olmadıqda qazın verilməsini dayandıran bloklayıcı avtomatik qurğu ilə təchiz edilməməklə axımlı su qızdırıcısından istifadə olunmuş, tüstü borusunun yanma məhsullarını çəkmə-sorma qabiliyyəti kifayət qədər olmadığından, hamam otağının havası daimi olaraq dəyişdirilmədiyindən yanma məhsullarının, o cümlədən, dəm qazının hamam otağına yığılmaqla istismar edilməsi nəticəsində iddiaçının arvadı X2 aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

2. Baş vermiş hadisə hadisəsində Cavabdeh İB-nin Nərimanov rayonu X11 2 saylı Yaşayış yerlərində qaz xəttələrinə və məişət qaz cihazlarına nəzarət xidməti ustası vəzifəsində işləyən X12 təqsirli bilinərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehdən 30.000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 180 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1980-ci ildən X2 ilə ailə həyatı qurmaqla evlənmişlər. Əvvəllər Şəmkir rayonunda yaşamışlar. Sonradan işləmək üçün Bakı şəhərinə gəlmiş və təxminən 2010-cu ilin iyul ayında ünvan 2 ünvanında yerləşən mənzildə kirayədə yaşamağa başlamışlar. 22 sentrabr 2010-cu ildə tarixdə saat təxminən 20-30 radələrində həyat yoldaşı Şəfiqə yuyunmaq üçün hamam otağına girmişdir. İddiaçı tikintidə “Paşa holdinqdə” sürücü işləyirdi. Həmin vaxtı işdə idi və əmisinin həyat yoldaşı onlarda idi. Onun mobil telefonuna zəng gəlmiş və həyat yoldaşının hamamda yuyunarkən dəm qazından faciəvi surətdə vəfat etməsini demişlər. Dərhal evə gəlmiş və həyat yoldaşının cansız bədənini görəndə dünya gözündə qaralmışdır. O, yoldaşı ilə tək yaşayırdı. Lakin təsadüfən onlara qonaq gələn əmisinin yoldaşı ona zəng etməsəydi bu barədə daha gec xəbər tuta bilərdi. Əslində bütün bunların heç bir faydası yoxdur. Cavabdehin ucbatından həmin ili bir xeyli şəxs faciəvi surətdə vəfat etmişdi. Onlar qazın tərkibini təmizləmədən verdiklərindən bu hadisə baş verib. Bu barədə cinayət işi başlandı və formal olaraq bir nəfər şəxsi təqsirləndirilən şəxs qismində məhkəmə məsuliyyətinə cəlb etdilər. Həmin şəxs onun yoldaşının vəfatı ilə bağlı hər hansı bir hərəkət etməyib. O, 30 illik həyat yoldaşnı itirmişdir. Onun keçirdiyi mənəvi sarsıntı, mənəvi iztirablarını yalnız başına bu faciə gələn şəxs yaşaya bilər. Bu baş vermiş hadisə ilə əlaqədar olaraq cavabdehin işçisi X12 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməsinə görə həyat yoldaşı X2 dəm qazından zəhərlənərək ölmüşdür.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1627/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, mənəvi zərərə görə 25 000 manat pul Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 165 manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının ona maddi və mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdehin işçisi olmuş Fizuli Əliyevin əməllərinin qanuna zidd olması, cinayətin baş verməsində onların təqsirli olması, habelə onların əməli nəticəsində iddiaçının ərinin ölməsi iş materialları öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə cavabdehin işçisi olmuş Fizuli Əliyev Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Fizuli Əliyev ona görə təqsirləndərilmişdir ki, onun öz vəzifəsini düzgün icra etməməsi nəticəsində ünvan 2 ünvanında yerləşən mənzildə dəm qazının hamam otağına yığılmaqla istismar edilməsi nəticəsində iddiaçının arvadı X2 aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçının arvadının ölməsində cavabdehin işçisinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilir. Fizuli Əliyevin cavabdehin işçisi olması işin mübahisəsiz halıdır. O ki qaldı deliktin Fizuli Əliyevin əmək vəzifələrinin icrası zamanı törətməsinə, bu hal qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmiş və Fizuli Əliyevə qarşı ittiham onların əmək funksiyalarının pozulmasına görə verilmişdir. Cavabdehin işçisi Fizuli Əliyevin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıması işdə olan sübutlar əsasında təsdiqini tapır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçisinin təqsirindən iddiaçının arvadı ölmüşdür. İddiaçı mərhum arvadı X2 ilə xx.xx.1979-cu il tarixdə rəsmi nikaha daxil olaraq uzun müddət ər-arvad münasibətlərində yaşamış və birgə təsərrüfat aparmışlar. Şübhəsiz ki, iddiaçının uzun illər birlikdə yaşadığı yaxın qohumunu itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin işçisinin təqsirli hərəkətəri ilə iddiaçının arvadının ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir.

7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1099.1, 1099.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh İB apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1627/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdiyi qətnamənin ləğv edilməsinə əsasdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qətnamə qəbul edərkən bu meyarların heç birini düzgün qiymətləndirməmiş və tələb olunan mənəvi ziyanın məbləğini həddindən çox qət etmişdir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. İddiaçı bu hissədə hansı mənəvi sarsıntı, əzab və iztirab keçirməsi barədə heç bir sübut təqdim etməmiş və yalnız qətnamə sözlərə istinad edilərək qəbul olunmuşdur. İddiaçı tərəfindən həqiqətən 10 ildən çox bir müddətə həyat yoldaşını itirdiyinə görə hansı mənəvi sarsıntını keçriməsi barədə heç bir sübut yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə iddia ərizəsini qismən təmin edərkən mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalı olduğunu nəzərə almamışdır.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

11. Cavabdeh İB-nin nümayəndəsi və vəkili X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, hesab edir ki, məhkəmə 25.000 manat məbləğin tutulmasında məbləği həddində artıq qoymuşdur. "Azəriqaz" Socar-ın büdcəsi ilə maliyyələşir. 25000 manat hansı meyara əsaslanır bilinmir. Belə bir halda mənəvi zərər görən ailə üzvlərinin hamısı Socar-a qarşı mənəvi zərər tələb edir, yəni onlar standart bir rəqəm qoyaraq iddia qaldırırlar və məbləğ 25000-30000 manatdan aşağı olmur. Buna misal olaraq bu gün Azərbaycanın bütövlüyü uğrunda Şəhid olanların ailə üzvləriniə 25000-30000 manat ödənmir. Buna görə hesab edir ki, iddianın təmin edilməsu büdcəyə ziyandır.

12. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, qarşı tərəfin vəkili qeyd edir ki, Dövlət tərəfindən Şəhid ailələrinə 11.000 manat ödənilir, amma şəhid ailələrinin hər bir üzvünün statusu olur. Şəhid ailələrinə hər ay dövlət ödəniş ödəyir, onlara müəyyən güzəştlər və imtiyazlar verilir. İddiaçı otuz illlik həyat yoldaşını itirib. İddiaçı həyat yoldaşını itirəndə iddiaçının 51 yaşı var idi, bugünkü günə qədər ailə həyatı qurmayıb. 4 övladı var idi və o 4 övladın heç bir xeyir işini İmamverdiyeva Şəfiqə görməyib. Bugünkü gün iddiaçı öz həyat yoldaşı ilə bu mənəvi bağlardan məhrumdur. Eyni zamanda iddiaçının 4 övladı-Əliyeva Vüsalə, Əliyev Rasim, Əliyeva Tünzalə, Əliyev Vüsal olub və heç biri də ailə həyatı qurmayıb. 1982-ci ildə anadan olmuş bir övladı 2022-ci ildə beyninə qan sızması nəticəsində dünyasını dəyişib. İddiaçı 13 ildir ki, ailə həyatı qurmayıb. Xətai Rayon Məhkəməsində də hakim iddianı niyə 13 ildən sonra verməsi barədə iddiaçıya sual verdi. Bu iddiaçının öz hüququ olduğu üçün ondan niyə bu qədər müddətdən sonra iddianı qaldırmasını soruşa bilməz. İddiaçı özü də istəyərdi ki, məhkəmə iclaslarında iştirak etsin, amma səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmir. Cavabdeh orqan işinə ciddi, vicdanlı yanaşsa idi, iddiaçının həyat yoldaşı bu gün sağ qalardı və övlad toyu görərdi. O cavabdeh orqanın nizamnamə kapitalına aid sənəd də iş materialllarına əlavə edib, cavabdeh orqanın nizamnamə kapitalı kifayət qədər çoxdur. 25000 manat elə də böyük məbləğ deyil. Məhkəmədən xahiş edir ki, daxili inamına uyğun qərar qəbul etsin, şikayət təmin edilməsin. İddiaçının ürək xəstəliyi var deyə hadisədən sonra özünə gələ bilmədi və ona görə də 13 il sonra iddia qaldırdı.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 68. İİİ bənd. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı müllki işə və kommersiya mübahisəsinə baxılarkın məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh iddia tələbinin təmin edilmiş hissəsindən apellyasiya şikayəti vermişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, hazırkı iddiasında Cavabdeh İB-nin Nərimanov rayonu X11 2 saylı Yaşayış yerlərində qaz xəttələrinə və məişət qaz cihazlarına nəzarət xidməti ustası vəzifəsində işləyən X8 təqsirli hərəkətləri nəticəsində iddiaçının arvadı X1 vəfatı səbəbindən ona dəymiş mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

22. Məhkəmə kollegiyası iddia tələbinin əsaslı olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının yoldaşının vəfat etməsinə səbəb olan hadisə ilə bağlı Cavabdeh İB-nin Nərimanov rayonu X11 2 saylı Yaşayış yerlərində qaz xəttələrinə və məişət qaz cihazlarına nəzarət xidməti ustası vəzifəsində işləyən İddiaçı Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

23. Mülki qanunvericiliyin tələbinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. §14

24. Göründüyü kimi, iddiaçının həyat yoldaşının vəfat etməsi ilə bağlı Cavabdeh İB-nin işçisinin məsuliyyəti qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır.

25. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının bu hadisə ilə bağlı hansı mənəvi iztirab, sarsıntı keçirməsi müəyyən edilmir, iddiaçı tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında qeyd edilir ki, “...Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur.”

27. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, hazırkı halda iddiaçı vəfat etmiş X1 həyat yoldaşı olmuşdur. İddiaçı mərhum arvadı X2 ilə xx.xx.1979-cu il tarixdə rəsmi nikaha daxil olaraq uzun müddət ər-arvad münasibətlərində yaşamış və birgə təsərrüfat aparmışlar, ömür-gün yoldaşı olmuşlar. Tərəflərin birgə nikahından 4 övladı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, vəfat etmiş X2 ilə iddiaçının xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu iş materialları müəyyən edilir.

28. Cavabdeh apellyasiya şikayətinin digər dəlili olaraq mənəvi ziyanın ödənilməsi ilə bağlı tutulan məbləğin əsassız olaraq şişirdilməsini qeyd etsə, şikayətin dəlilinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir.

29. Məhkəmə kollegiyası iddiaçının mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

30. Həmin Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

31. İşin hallarından və qanunvericiliyin, o cümlədən mövcud məhkəmə praktikasına dair Ali Məhkəmənin Plenumunun qərarında göstərilən müddəalarından belə nəticəyə gəlmək olur ki, iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissədə qismən təmin edilməsi də qanuni və əsaslı olmuşdur.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

33. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

34. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1627/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar