Məhkəmə qərarları › İş №2(103)-5094/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5094/2020

17.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5094/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı oğlunun iştirakı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-1207/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat pulun tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, 2015-ci il tarixdə Cavabdeh ilə faktiki ailə münasibətlərinə daxil olmuşdur. xx.xx.2016-cı il tarixdə münasibətlərindən X2 anadan olmuşdur. Nikahları rəsmi olaraq qeydə alınmasa da atalıq rəsmi olaraq tanınmış və cavabdeh övladının doğum haqqında şəhadəmaməsində uşağın atası kimi qeyd olunmuşdur. Bir müddət belə davam etdikdən sonra münasibətləri kəskinləşdiyindən o, övladını da götürüb anası ilə birlikdə yaşadığı ünvana getmiş və aralarındakı münasibət sona çatmışdır. Hazırda uşaq onun himayəsindədir. Uzun müddətdir ki, uşaq onun himayəsində olmasına baxmayaraq, cavabdeh bugünki günə kimi övladı üçün hər hansı bir məbləğdə maddi yardım göstərməmiş və övladı ilə maraqlanmamışdır. Bu baxımdan da, övladının normal yaşayışını təmin edə bilmir. Cavabdehin maddi durumu kifayət qədər yüksəkdir, birgə yaşadıqları dövrdə heç vaxt maddi problem yaşamamışlar. Buna baxmayaraq, cavabdeh onlar ayrıldıqdan sonra onlara heç bir maddi köməklik göstərməmişdir. Hazırda uşağın maddi tələbatını təmin etmək onun üçün çox çətindir və uşaq böyüdükcə onun xərcləri də artır. Cavabdeh iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, uşağın ondan alınmasını tələb etmişdir. Hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmalıdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-1207/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-1207/2020 saylı qətnaməsinin ləğv edilməsi, işin baxılmamış saxlanılması və ya iş üzrə icraatın dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, məhkəmə zamanı tərəflərindən “Etiraz” və “Vəsatət” verilərək bildirilmişdir ki, “Bakı şəhəri Binəqədi rayon məhkəməsinə uşağın alınaraq onun himayəsinə verilməsi üçün iddia ərizəsi ilə müraciət etmişdir. Hal-hazırda 2(001)-8775/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə Binəqəqdi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi almanadək mülki iş üzrə icraatı dayandırılıb” bu səbəbdən məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılması və ya məhkəmə araşdırılmasının dayandırılması barədə qərardad qəbul etməsini xahiş etmişlər. Lakin məhkəmə tərəfindən müraciətlərimizə qeyri obyektiv yanaşaraq bu kimi hallara müvafiq hüquqi qiymət verilməyərək, maddi hüquq və prosessual hüquq normaları düzgün tətbiq edilməyərək tələsik qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-1207/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi iş materialları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh faktiki münasibətlərindən xx.xx.2016-cı il tarixdə X2 doğulmuşdur. Bundan sonra cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi və doğum haqqında akt qeydləri kitablarında qeyd edilməklə müvafiq şəhadətnamələr verilmişdir. İddiaçı hazırda uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən sabit pul məbləğində hər ay 200 manat məbləğində alimentin tutulmasını tələb edir, lakin cavabdehin hər ay bu məbləğdə alimentin ödənilməsi üçün kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı sübut təqdim edə bilmir. Tərəflər arasında uşağa alimentin ödənilməsi barədə sazişin olması, habelə cavabdehin müntəzəm gəlirə malik olması müəyyən edilməmişdir. Uşaq hazırda iddiaçı ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin dördüncü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, uşağın saxlanması üçün alimentin məbləğinin hər ay 170 manat məbləğində müəyyən edilməsi uşağın mənafeyinə uyğundur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini müəyyən edərkən uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, respublikada 2020-ci il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, eyni zamanda tərəflərin maddi və sosial vəziyyətini nəzərə almışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 112.1.3, 119.2, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2, 9.4-cü maddələrinə əsasən cavabdehdən dövlət rüsumunun tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində iddianın baxılmamış saxlanılması barədə verdiyi vəsatətinə məhkəmə tərəfindən qətnamədə qiymət verilmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 1207/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar