Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5099/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-1284/2020 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2003-cü ildə alınmış, çəkisi 25,52 qram, dəyəri 2170 manat olan 750 əyarlı, İtaliya istehsalı, ağ-sarı qızıldan bir ədəd boyunbağı və 2008-ci ildə alınmış, çəkisi 21,33 qram, dəyəri 1900 manat olan 750 əyarlı, İtaliya istehsalı, ağ-sarı qızıldan bir ədəd üzük-sırğa dəstinin alınaraq ona qaytarılması, əşyaların müxtəlif səbəblərdən qaytarılmasından imtina olunarsa, həmin əşyaların ümumi dəyəri kimi 4070 manat və göstərilən hüquqi yardıma görə ödənilmiş 500 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.1979-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki uşaqları olmuşdur. Son zamanlarda cavabdeh ilə aralarındakı ailə münasibətləri pozulmuş, buna səbəb isə cavabdehin ailəsinə olan biganəliyi, ona qarşı olan pis rəftarı, onu döyməsi, təhqirləri və s. olmuşdur. Sonradan cavabdeh nikahın pozulması iddiası ilə məhkəməyə müraciət etmişdir. Bu səbəblərdən o, 90 yaşlı atasının himayəsinə sığınmışdır. Cavabdeh birgə nikah dövründə ona oğlu və iş kollektivi tərəfindən hədiyyə edilmiş, iddia tələbində göstərilən qızıl-zinət əşlayarını ondan zorla almış, o, dəfələrlə geri tələb etsə də, həmin əşyaları qaytarmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)- 1284/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, dəyəri 2170 manat olan, 750 əyarlı, İtaliya istehsalı, ağ-sarı qızıldan bir ədəd boyunbağı və dəyəri 1900 manat olan, 750 əyarlı, İtaliya istehsalı, ağ-sarı qızıldan bir ədəd üzük-sırğa dəstinin Cavabdeh alınaraq İddiaçı verilməsi, əşyaların müxtəlif səbəblərdən qaytarılması mümkün olmadıqda həmin əşyaların ümumi dəyəri kimi 4070 manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması, hüquqi yardım üçün ödənilmiş pulun əvəzi kimi 500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır, iddiaçı onun maddi vəziyyətindən öz mənafeləri üçün yararlanmışdır. İddiaçıya məxsus qızıl-zinət əşyaları onda deyil və qeyd olunan əşyalarla bağlı heç bir məlumatı yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Həmçinin göstərdi ki, iddiaçı ilə cavabdeh arasında olan münasibətlər faktiki olaraq 2017-ci ildən kəsilmiş və həmin vaxtdan onlar ayrı yaşayırlar. xx.xx.2017-ci il tarixli Razılaşma və həmin tarixli alqı-satqı müqaviləsini təqdim edərək qeyd etdi ki, hələ 2017-ci ildə tərəflər birgə nikah dövründə əldə edilmiş qeyri-yaşayış sahəsinin (qarajın) satışından əldə olunacaq pul məbləğinin aralarında bölünməsi barəsində razılaşmışlar. Eyni dövrdə tərəflər yaşadıqları mənzili də satıb pulunu bölmüşlər. Həmin vaxtdan cavabdeh bağ evində, iddiaçı isə özünün valideynləri evində yaşayırlar, yəni, tərəflər 3 ildir birgə yaşamırlar. Məhkəmə kollegiyasının iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Bununla belə iddiaçının nümayəndəsi-vəkili cavabdehin iddiaçının tələb etdiyi qızılzinət əşyalarını konkret olaraq nə vaxt və hansı şəraitdə əlindən almasını açıqlaya bilmədi. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. İddiaçı birgə nikah dövründə ona hədiyyə edilmiş qeyd etdiyi qızıl-zinət əşyalarının özlərini və ya onların ümumi dəyəri olan 4070 manat pulu tələb etmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 225.1, 225.2-ci maddələrinə, Ailə Məcəlləsinin 34.1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 77.1, 115.0, 115.0.6, 119.1,119.2-ci maddələrinə istinad etməklə iddianı təmin etmişdir. Ailə Məcəlləsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur (maddə 34). Mülki Məcəlləyə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (maddə 225.2). Sadalanan hüquq normalarının mənasına görə baxılan iş üzrə iddia tələbinin qeyd edilən hissədə təmin olunması üçün iddiaçının tələb etdiyi əşyanın mövcudluğu və göstərilən dəyərdə olduğu, əşyanın ona məxsus olduğu və hal-hazırda özgəsinin (hazırkı halda cavabdehin) qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. İddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğu və əşyanın ona məxsus olduğu cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Lakin iddiaçı həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olduğunu sübut edə bilməmişdir. İddiaçı qızıl-zinət əşyalarının cavabdeh tərəfindən zorla əlindən alındığını və geri qaytarılmadığını bildirir. Lakin, «zorla əlindən alınmışdır» dedikdə, bunun konkret hansı tarixdə və şəraitdə baş verməsi barədə iddiaçı heç bir müfəssəl məlumat verə bilmir, fikrini ümumi sözlərlə əsaslandırır. İddiaçının vəsatəti ilə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şükürova Zöhrə Əli qızı da konkret heç nə göstərməmiş, «son münaqişələri zamanı iddiaçını sakitləşdirmək üçün öz evimə aparmışam, bu zaman iddiaçı özü ilə heç bir əşya götürməmişdir» kimi ifadəsi qeyri-müəyyən olmaqla, iddianın əsaslılılığını təsdiq edən sübut kimi qəbul edilə bilməz, çünki konrkret hansı münaqişədən söhbət getdiyi və bunun nə vaxt baş verdiyi aydın deyildir. Digər şahid X2 isə təxminən 20 günə yaxın müddətdə tərəflərin evində xidmətçi işlədiyini və mübahisəsi gedən qızıl-zinət əşyalarının iddiaçıya sonuncunun oğlu və kollektvi tərəfindən hədiyyə olunduğunu təsdiqlədiyini göstərmişdir. Kollegiya işin müəyyən edilmiş hallarına, tərəflərin gətirdikləri arqumentlərə qiymət verərək hesab edir ki, iddia kifayət qədər əsaslandırılmamış, sübuta yetirilməmiş, məhkəmə də iddianı təmin edərkən qətnaməni əsaslandırmamışdır. Qızıl-zinət əşyaları ilə bağlı tərəflər arasındakı mübahisənin predmetini əsasən həmin qiymətli əşyaların kimdə olması təşkil edir. Nəzərə alınmalıdır ki, müvafiq iddianı sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı, qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının iddia ərizəsində göstərdiyi sayda olduğunu, həmin əşyaların onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya baxışı zamanı təqdim edilmiş xx.xx.2017-ci il tarixli Razılaşmadan görünür ki, tərəflər birgə nikah dövründə əldə edilmiş qeyri-yaşayış sahəsinin (qarajın) satışından əldə olunacaq pul vəsaitinin bölünməsi barədə razılığa gəlmişlər, Cavabdeh satışdan əldə olunan pul vəsaitindən 24627,4 manat məbləğində pulun İddiaçı ödənilməsinə razılıq vermiş, İddiaçı isə həmin qeyri-yaşayış sahəsinin satılmasına dair razılıq verməyi öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə həmin qeyri-yaşayış sahəsinin alqı-satqısı həyata keçirilmişdir. Göründüyü kimi, tərəflər hələ 2017-ci ildə birgə nikah dövründə əldə edilmiş əmlakları barəsində bölgü etmişlər. Qeyd olunanlar bu nəticəyə gəlməyə əsas verir ki, tərəflər həmin vaxtdan faktiki olaraq ayrılmışlar və iddiaçının ona hədiyyə edilmiş qızılzinət əşyalarının cavabdeh tərəfindən zorla əlindən alınması barədə qeyd etdikləri inandırıcı görünmür. İşin müəyyən edilmiş halları bu nəticəyə gəlməyə əsas verir ki, qızılzinət əşyaları iddiaçının daim özündə olmuşdur. Beləliklə, Kollegiya hesab edir ki, iddiaçı qızıl-zinət əşyalarının cavabdehdə olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə iddianı təmin edərkən bu hissədə qətnaməni əsaslandırmamışdır. İddia sübuta yetirilmədiyindən təmin edilə bilməz. Kollegiya iddianı əsaslı saymır, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1284/2020 saylı iş üzrəxx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-5099/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5099/2020
14.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver