Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5103/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı əmək haqqının və istifalə olunan olunmamış məzuniyyət haqqının ödənilməsi barədə mülki iş üzrə (açar sözlər: əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Quluzadə Günel Cəbrayıl qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı əmək haqqının və istifalə olunan olunmamış məzuniyyət haqqının ödənilməsi barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, e-2(006)-1641/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları
1. "xxxx" ASC üzrə 01 avqust 2012-ci il tarixli 21/58 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı həmin tarixdən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə bankın “İsmayıllı” filialının kredit şöbəsinə iqtisadçı təyin edilmişdir.
2. "xxxx" ASC üzrə 31 yanvar 2013-cü il tarixli 22/09 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı 04 fevral 2013-cü il tarixindən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə bankın “İsmayıllı” filialının Mühasibat uçotu və əməliyyat şöbəsinə iqtisadçı vəzifəsinə keçirilmiş və ona müvəqqəti olaraq baş mühasib vəzifəsinin icrası həvalə edilmişdir.
3. "xxxx" ASC üzrə 03 sentyabr 2015-ci il tarixli 24/123 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı həmin tarixdən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə bankın “İsmayıllı” filialının baş mühasibi vəzifəsinə keçirilmişdir.
4. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2-1(81)-3620/2016 nömrəli qərarından görünür ki, Cavabdeh2 ASC-nin məcburi ləğv edilməsi, Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2016-cı il tarixindən etibarən Cavabdeh2 ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır.
5. AR ƏƏSMN DƏMX Bakı şəhər idarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, araşdırma zamanı LPO Cavabdeh2 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. Eyni zamanda, Fond tərəfindən idarəyə təqdim edilmiş məktubda tələb olunan sənədlərin müəssisənin arxivində aşkar edilmədiyi bildirilmişdir. Bu səbəbdən müraciətin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Mübahisəli halla bağlı müvafiq qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.
6. İddiaçı tərəfindən LPO Cavabdeh2 ASC-yə ünvanlanmış xx.xx.2023- cü il tarixli pretenziya məktubundan görünür ki, əmək haqqının, gecikdirilmiş vaxt üçün hesablanmış 1 % məbləğində ödəncin və istifadə edilməmiş əmək məzuniyyətinə görə haqqın 10 gün müddətində ödənilməsini xahiş etmişdir.
7. LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3620/2016 nömrəli qərarına əsasən Cavabdeh2 ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2-1(81)- 3620/2016 nömrəli qərarı ilə Cavabdeh2 ASC müflis elan edilərək barəsində iflas proseduruna başlanılmışdır. İstifadə edilməmiş məzuniyyət günləri üçün hesablanmış vəsait “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditor tələbi kimi qeydə alınmışdır. Qanuna əsasən qeydə alınmış kreditor tələbin ödənilməsi həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir. Hazırda LPO bank tərəfindən Qanunun 82.1.2-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fondunun reqres hüququ üzrə tələbləri ödənilməkdədir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsi üzrə işlədiyi müddətdə əmək haqqı kimi hesablanmış 2340 manat, istifadə edilməmiş məzuniyyət günləri üçün hesablanmış 3078 manat və mediasiya xərci kimi ödənilmiş 60 manat olmaqla, ümumilikdə 5478 manat məbləğində pul vəsaitinin cavabdeh X1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixə kimi Cavabdeh2 ASC-nin İsmayıllı filialında baş mühasib vəzifəsində işləmiş, 2016cı ildə sözügedən bank ləğv edildikdən sonra işdən azad edilmiş, lakin buna baxmayaraq, işdən azad edildiyinə görə iddiaçıya əmək haqqı ödənilməmişdir. Ötən dövr ərzində iddiaçı tərəfindən Cavabdeh2 ASC-yə şifahi və rəsmi müraciətlər edilsə də, onun müraciətinə biganə münasibət göstərilərək cavab verilməmişdir. İddiaçının hər dəfə əmək haqqının, işlədiyi dövr ərzində məzuniyyətə çıxmadığına görə son haqq-hesab ödənilməsi tələbinə Cavabdeh2 ASC müxtəlif cür bəhanələr gətirərək ödəniş etməkdən yayınmışdır. Belə ki, cavabdeh təşkilat özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət etmiş, iddiaçının müraciətinə cavab verməmiş və öz inhisarçı mövqeyindən istifadə edərək, əmək haqqı kimi ödəməli olan vəsaiti ödəməkdən qəsdən yayınmaqda davam etmişdir. İddiaçı tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, 2016-cı ildə sözügedən bank ləğv edildikdən sonra guya iddiaçıya 2340 manat məbləğ son üç ayın əmək haqqısı hesablanaraq ödənilmiş və fərdi şəxsi hesab portalına (sosial arayışda) yerləşdirilmişdir. Halbuki, hesablanmış 2340 manat məbləğ iddiaçıya verilməmişdir. Belə ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ödənilməli olan əmək haqqı 2190 gün gecikdirilmiş, gecikdirilən məbləğ 2340 x 1% = 23.4 manat olmaqla (23.4 manat x 2190 gün = 51246 manat), cəmi 51246 manat gecikdirilməyə görə faiz təşkil edir. Həmin məbləğ cavabdeh olaraq Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ödənilməlidir. Cavabdeh tərəfindən hesablanmış, lakin ödənilməyən əmək haqqı və məzuniyyət haqqı vaxtında verilmədiyindən iddiaçı hər gün üçün faiz ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Cavabdeh2 ASC ləğv prosesində olduğu üçün iddiaçı cavabdehdən yalnız ona ödənilməli olan 2340 manat əmək haqqının və 3078 manat məzuniyyət haqqının ödənilməsini tələb edir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilata pretenziya qaydasında etdiyi müraciətində ona hesablanmış əmək haqqının, eləcə də ödənilməyən əmək məzuniyyətinin ödənilməsini xahiş etmişdir.
10. İddiaçı birinci instansiya məhkəməsinə ərizələr təqdim edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)-3620/2016 saylı qərarına əsasən Cavabdeh2 ASC-nin məcburi ləğv edildiyini və Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2016-cı il tarixdən Cavabdeh2 ASC-nin ləğvedicisi təyin edildiyini bildirmiş, bunları nəzərə alaraq, cavabdehin LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu kimi qəbul edilməsini, sonradan isə ərizə təqdim edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)- 3620/2016 saylı qərarına əsasən Cavabdeh2 ASCnin məcburi ləğv edildiyini və Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2016-cı il tarixdən Cavabdeh2 ASC-nin ləğvedicisi təyin edildiyini bildirmiş, bunları nəzərə alaraq, cavabdehlərin LPO Cavabdeh2 ASC və Əmanətlərin Sığortalanması Fondu kimi qəbul edilməsini xahiş etmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, e-2(006)- 1641/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər LPO "xxxx" ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmək haqqı və s.” tələbinə dair iddia ərizəsinin “cavabdeh LPO "xxxx" ASC-yə qarşı “əmək haqqı” tələbinə dair” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmış, iddiaçıya qeyd olunan tələblə bankın iflas proseduru çərçivəsində birinci instansiya qismində nəzarəti həyata keçirən Bakı Apellyasiya Məhkəməsinə (inzibati kollegiya) müraciət etmək hüququna malik olması, həmçinin, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilmədiyi izah olunmuşdur.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, e-2(006)- 1641/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
13. Qətnamə onunla əsaslandırılmışdır ki, iddia tələbi əmək münasibətləri ilə əlaqədar yaranmış əmək mübahisəsi ilə bağlı olduğundan, iddiaçı ilə cavabdeh Əmanətlərin Sığortalanması Fondu arasında isə heç bir əmək müqaviləsi və ondan irəli gələn əmək münasibətləri olmadığından, sırf məhkəmə qərarı ilə bankın ləğvedicisi təyin edildiyinə əsaslanmaqla Əmanətlərin Sığortalanması Fondunu qeyd olunan tələb üzrə cavabdeh hesab etmək düzgün deyildir. Belə ki, ləğv edilməsi barədə məhkəmə qərarı olmasına baxmayaraq, sözügedən bank tam ləğv edilməmiş, hazırda ləğv prosesindədir və hüquqi şəxs kimi fəaliyyət göstərir. Məhkəmənin qənaətinə görə tələbə cavab verməli olan əsl cavabdeh məhz iddiaçının əmək münasibətlərində olduğu, hazırda isə ləğv prosesində olan bank olduğundan, iddiaçının həmin banka qarşı olan tələbinə aidiyyəti məhkəmə tərəfindən mahiyyəti üzrə baxılıb müvafiq hüquqi qiymət verilməlidir. Belə ki, iddiaçının tələbi mahiyyət etibarilə kreditor tələb hesab olunduğundan, məhkəmə hazırki iş üzrə qəbul etdiyi 15 aprel 2024-cü il tarixli qərardadı ilə iddiaçıya bankın iflas proseduru çərçivəsində birinci instansiya qismində nəzarəti həyata keçirən Bakı Apellyasiya Məhkəməsinə (inzibati kollegiya) müraciət etmək hüququna malik olduğunu izah etmişdir. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, Əmanətlərin Sığortalanması Fondu hazırki iş üzrə əsl cavabdeh olmadığından, yəni iddia tələbi əsl cavabdehə qarşı yönəlmədiyindən, iddia təmin edilməməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək tam ləğv edilməklə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iddiası kreditor tələb deyildir. O, ödənilməmiş müvinətləri və əmək haqqını tələb etmir, işlədiyim dövrdə istifadə etmədiyi məzuniyyətlərə görə pul əvəzinin ödənilməsini və Dövlət Sosial Müdafiə Fondununa 2016-ci ilin dekabr ayında verilmiş hesabata görə mənə ödənildiyi göstərilmiş, lakin almadığı pulu tələb edir. Hansı ki, ləğvetmə prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, bu tələbi kreditor tələb kimi qeydə almamalıdir, əksinə dərhal (heç bir mübahisə yaratmadan) ödəməlidir. Hansı ki, ləğvetmə prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 19 oktyabr 2016-cı il tarixdə əmək müqaviləmə xitam verərkən qanunvericiliyin tələbinə görə mənə olan bütün məcburi ödənişləri tam icra etməli idi. Qanunvericiliyin bu tələbləri ləğvetmə prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kobud şəkildə pozulsa da, Nəsimi rayon Məhkəməsi 15 aprel 2024-cü il tarixli qətnaməsində mühüm əhəmiyyət kəsb edən qeyd olunan faktiki halları aydınlaşdırmamış və nəticədə qanunsuz akt qəbul etmişdir. Birinci instansiya məhkəməsinə bir sıra sübutlar və eyni zamanda öhdəliklərin icrası ilə bağlı məlumat versə də, Nəsimi rayon Məhkəməsi iş üçün əhəmiyyəti olan bu sübutlara hüquqi qiymət verməmiş və nəticədə qanunsuz qətnamə çıxarmışdır. Belə ki, Dövlət Sosial Müdafiə Fondununa 2016-ci ilin dekabr ayında verilmiş hesabata görə ona 2340 manat pulun ödənildiyi göstərilmişdir. Nəsimi rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli Qətnaməsilə göstərilən faktlara düzgün qiymət verməmiş və səhv nəticəyə gəlmişdir. Belə ki, qanunların tələblərinə əməl etməyən ləğvetmə prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona olan məcburi ödənişlərinin icra etməsini təşviq etmək əvəzinə, iddiamı təmin etməməklə, cavabdehin qanunsuz hərəkətlərinin qavamına şərait yaratmışdır. Qeyd edildiyi kimi, əmək münasibətləri çərçivəsində ödənclərin gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir. Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir. Bu baxımdan normanın məzmununun fərqli şərhi, yəni ödəncin yalnız fərdi əmək mübahisəsinin yaranmadığı halda ödənilməli olması kimi şərhi hüquqi məntiqə uyğun olmamaqla yanaşı, işçinin əmək münasibətlərinə daxil olmasının əsasını təşkil edən əmək haqqı hüququnun pozulmasına görə işəgötürənin məsuliyyətdən kənar qalmasına gətirib çıxarar. Eyni zamanda bu işçinin əmək haqqı hüququnun pozulması səbəbindən qanunvericiliklə tanınan ödəncin verilməsi tələbinin təmin edilməsi üçün məhkəməyə müraciət etməsini də mənasız edər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
19. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 178.2. Müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, bu Məcəllənin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir.
21. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 72.1.2-72.1.3. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2ci bəndinin, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2017-ci il tarixli Qərarında müflis elan olunmuş bankın işçilərinin əmək haqlarının əmək qanunvericiliyinə uyğun olaraq birinci növbədə, yaxud bank qanunvericiliyində müəyyən edilmiş növbəlilik qaydasında ödənilməli olması ilə bağlı suala cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, əmək haqqı tələbi apellyasiya instansiyası məhkəməsinin icraatında olan iş üzrə lisenziyası ləğv olunmuş banka qarşı yönəlmişdir. Əmək Məcəlləsinin 178.2-ci maddəsində müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda işçilərə həmin ödənclərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsi müəyyən edilmişdir. Müflis elan olunmuş bank lisenziyasının ləğvi ilə əlaqədar ləğv edilmiş bankla müqayisədə öz öhdəliklərini tam yerinə yetirmək, bütün kreditorların tələblərini ödəmək iqtidarında olmur. Bu zaman əmək haqqı tələb edən işçilər də kreditorlardan birinə çevrilir. Ona görə “Banklar haqqında” Qanunun 82-ci maddəsində müflis elan olunmuş banka qarşı tələblərin xüsusi ödəniş növbəliliyi nəzərdə tutulmuşdur. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.3-cü maddəsinə görə, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Göstərilənlərdən belə nəticəyə gəlinmişdir ki, “Banklar haqqında” Qanunun 82-ci maddəsində lisenziyanın ləğvi ilə əlaqədar ləğv edilmiş banklardan fərqli olaraq, müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının 4-cü növbədə ödənilməsinin nəzərdə tutulması Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.3-cü maddəsinə uyğundur. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur; müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının “Banklar haqqında” Qanunun 82-ci maddəsində müəyyən edilən növbəlilik üzrə ödənilməsinin nəzərdə tutulması Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddia kreditor tələb deyildir, o, ödənilməmiş müvinətləri və əmək haqqını tələb etmir, işlədiyim dövrdə istifadə etmədiyi məzuniyyətlərə görə pul əvəzinin ödənilməsini və Dövlət Sosial Müdafiə Fondununa 2016ci ilin dekabr ayında verilmiş hesabata görə mənə ödənildiyi göstərilmiş, lakin almadığı pulu tələb edir, hansı ki, ləğvetmə prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, bu tələbi kreditor tələb kimi qeydə almamalıdir, əksinə dərhal ödəməlidir.
27. Şikayətin məzmunundan da göründüyü kimi iddiaçı tələb etdiyi pulu Əmanətlərin Sığortalanması Fondundan məhz Cavabdeh2 ASC-nin ləğvedicisi kimi tələb edir. Halbuki, onun Cavabdeh2 ASC ilə bağlı olan tələbinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, e-2(006)-1641/2024 nömrəli qərardadı ilə qyimət verilərək iddia ərizəsinin “cavabdeh LPO "xxxx" ASC-yə qarşı “əmək haqqı” tələbinə dair” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmış, iddiaçıya qeyd olunan tələblə bankın iflas proseduru çərçivəsində birinci instansiya qismində nəzarəti həyata keçirən Bakı Apellyasiya Məhkəməsinə (inzibati kollegiya) müraciət etmək hüququna malik olması, həmçinin, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilmədiyi izah olunmuşdur. Bu qərardaddan iddiaçı tərəfindən şikayət verilsə də, apellyasiya instansiyası məhkəməsinin qərardadına əsasən dəyişdirilmədən saxlanılmışdır. Yəni, bu barədə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcuddur.
28. Hazırkı qətnamənin isə məzmununu, əsaslandırılmasını o təşkil edir ki, iddiaçı ilə cavabdeh Əmanətlərin Sığortalanması Fondu arasında isə heç bir əmək müqaviləsi və ondan irəli gələn əmək münasibətləri mövcud olmamışdır, sırf məhkəmə qərarı ilə bankın ləğvedicisi təyin edildiyinə əsaslanmaqla Əmanətlərin Sığortalanması Fondunu qeyd olunan tələb üzrə cavabdeh hesab etmək düzgün deyildir.
29. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən normalara əsaslanmaqla düzgün olaraq qeyd etmişdir ki, ləğv edilməsi barədə məhkəmə qərarı olmasına baxmayaraq, sözügedən bank tam ləğv edilməmiş, hazırda ləğv prosesindədir və hüquqi şəxs kimi fəaliyyət göstərir, iddiaçının tələbi mahiyyət etibarilə kreditor tələb hesab olunduğundan, məhkəmə hazırki iş üzrə qəbul etdiyi 15 aprel 2024-cü il tarixli qərardadı ilə iddiaçıya bankın iflas proseduru çərçivəsində birinci instansiya qismində nəzarəti həyata keçirən Bakı Apellyasiya Məhkəməsinə (inzibati kollegiya) müraciət etmək hüququna malik olduğunu izah etmişdir, Əmanətlərin Sığortalanması Fondu hazırki iş üzrə əsl cavabdeh olmadığından, yəni iddia tələbi əsl cavabdehə qarşı yönəlmədiyindən, iddia təmin edilməməlidir.
30. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, e-2(006)- 1641/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, e-2(006)- 1641/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Fərrux Qasımov Xumar Mərdanova Xəyal Sarıyev