Məhkəmə qərarları › İş №2(103)-5106/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5106/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5106/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: 2019-cu ilin iyun ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan X1 xeyrinə 17.300 ABŞ dollarının tutulmasına dair Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2013-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar tutmanın ona məxsus Pirşağı qəsəbəsindəki bağ evinə yönəldilərkən bağ evinin 40.000 manata qiymətləndirilməsini və s. mübahisələndirərək evin qiymətləndirilməsinə dair 13 may 2019-cu il tarixli rəyin ləğv edilməsi və hazırkı real bazar dəyərinin nəzərə alınmaqla evin yenidən qiymətləndirilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim V.Quliyev, iş № 2(005)-3047/2019) iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti vermiş və şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski-sədrlik edən və məruzəçi, R.Eyvazov və Z.Şirinov, iş № 2(103)-4198/20) apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia qismən təmin olunmaqla "xxxx" MMC tərəfindən tərtib edilmiş 13 may 2019-cu il tarixli Qiymətləndirmə rəyi ləğv edilmiş, iddianın qalan hissəsi təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov-sədrlik edən və məruzəçi, G.Quliyev və Z.Əliyev, iş №2(102)-2150/21) apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu rayon məhkəməsinin 10.10.2013cü il tarixli Qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən “tələbkar X1 xeyrinə 17300 ABŞ dolları ödənilməlidir. Sabunçu rayon məhkəməsinin 31.01.2019-cu il tarixli qərardadına əsasən tələb ona məxsus Sabunçu rayonu, Pirşağı qəsəbəsində 558 a saylı bağ evinə yönəldilməli, əmlak açıq hərracdan satılmalı, satışdan əldə olunmuş vəsait hesabına borc ödənilməlidir. Belə ki, həmin icra sənədi üzrə icra məmurunun qərarı əsasında "xxxx" MMC əmlakın qiymətləndirilməsi barədə 74 saylı, 23.05.2019-ci il tarixli qiymətləndirmə rəyi qəbul edərək əmlakın satış qiymətinin 40.000 AZN müəyyən etmişdir. Hesab edir ki, bağ evinin qiymətləndirilməsinə dair “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC tərəfindən tərtib olunmuş 74 saylı, 23.05.2019-cu il tarixli Qiymətləndirmə rəyi predmetin real bazar qiymətini özündə əks etdirmir, əsassızdır və tənasübsüz qaydada aşağıdır. Belə ki, həmin əmlakın ilkin qiymətləndirilməsi zamanı 100.000 AZN qiymətləndirilmişdir. Sözügedən bağ evi 332.64 k.m. ibarət 2 mərtəbəli tikilidən ibarətdir, həmçinin qeyd edilən əmlak 0.03986 ha-dan ibarət torpaq sahəsinin üzərində yerləşir. Bundan başqa, cavabdeh tərəfindən daşınmaz əmlakı qiymətləndirərərkən əmlakın şəkillərinin vizual baxış metodu ilə kifayətlənmiş, əmlaka faktiki baxış keçirilməmiş, həmin ərazidə cari dövrdə, əmlakın yerləşdiyi ərazidə daşınmaz əmlakların satışı üzrə aparılmış əməliyyatları, mülki dövriyyəni və daşınmaz əmlakla bağlı əqdlərin qiymətini nəzərə almamış, statistik təhlil aparmamış, rəy əsas etibarilə formal mülahizələrə və şablon müddəalara əsaslanmışdır. Başqa sözlə desək, qiymətləndirmə rəyində qiymətləndirici mübahisəli daşınmaz əmlaka dair zəruri bütün sənədlərlə tanış olmamış, qiymətləndirilən daşınmaz əmlakın dəyərinə təsir edən bütün amillər müəyyən edilməmiş, daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi üçün analoji daşınmaz əmlakların bazar dəyəri təhlil edilməmiş, müvafiq əmlakların müqayisəli təhlili aparılmamış və daşınmaz əmlakın cari dövrdəki dəyəri də qeyri-obyektiv təyin edilmişdir. Həmçinin, əmlak naməlum şəraitdə qiymətləndirilmiş və qiymətləndirmə prosesində iştirak etmiş şəxslərin dairəsi məchuldur. Başqa sözlə, həmin əmlakın qiymətləndirici tərəfindən hansı vaxtda, hansı şəraitdə, kim tərəfindən və kimin iştirakı ilə qiymətləndirilməsi məlum deyil. Əmlakın qiymətləndirilməsi prosesində borclu kimi iştirakım təmin edilməmiş, bununla da “İcra haqqında" Qanunun 29.1-ci maddəsində təsbit edilmiş hüquqlardan - icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etməkdən məhrum edilmişdir. Başqa sözlə, əmlak qiymətləndirilməsi prosesi həyata keçirilərkən tələbkar kimi iştirakı təmin edilmədiyindən həmin prosesdə şifahi və yazılı izahatlar vermək, qiymətləndirmə prosesinin gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək hüquqları həyata keçirmək mümkün olmamışdır. Halhazırda cavabdeh tərəfindən qiymətləndirilmiş əmlakın real bazar qiyməti rəydə müəyyən edilmiş qiymətdən xeyli yuxarıdır. Beləliklə cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” tərəfindən qiymətləndirmə düzgün aparılmamış, mübahisəli əmlakın dəyəri qiymətləndirmə qaydalarına müvafiq təyin edilməmiş, Sabunçu rayon icra və probasiya şöbəsi tərəfindən əmlak qeyri-adekvat qiymətə açıq hərracdan satılmaq üçün sifariş verilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, "xxxx" MMC tərəfindən tərtib olunmuş bağ evinin qiymətləndirilməsinə dair 74 saylı, 13.05.2019-ci il tarixli Qiymətləndirmə rəyi ləğv edilməli və həmin əmlak yenidən qiymətləndirilməlidir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 17.10.2019-cu il tarixli qətnaməsində "xxxx" MMC-nin 26.09.2019-cu il tarixli qiymətləndirmə rəyinə istinad edərək əmlakın şəkillərinin vizual baxış metodu ilə nəzərdən keçirilməsi ilə kifayətlənmiş, əmlaka faktiki baxış keçirilməmiş, həmin ərazidə cari dövrdə, əmlakın yerləşdiyi ərazidə daşınmaz əmlakların satışı üzrə aparılmış əməliyyatları, mülki dövriyyəni və daşınmaz əmlakla bağlı əqdlərin qiymətini nəzərə almamış, statistik təhlil aparmamış, rəy əsas etibarilə formal mülahizələrə və şablon müddəalara əsaslanmışdır. Başqa sözlə, qiymətləndirmə rəyində qiymətləndirici mübahisəli daşınmaz əmlaka dair zəruri bütün sənədlərlə tanış olmamış, qiymətləndirilən daşınmaz əmlakın dəyərinə təsir edən bütün amillər müəyyən edilməmiş, daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi üçün analoji daşınmaz əmlakların bazar dəyəri təhlil edilməmiş, müvafiq əmlakların müqayisəli təhlili aparılmamış və daşınmaz əmlakın cari dövrdəki dəyəri də qeyri-obyektiv təyin edilmişdir. Həmçinin, əmlak naməlum şəraitdə qiymətləndirilmiş və qiymətləndirmə prosesində iştirak etmiş şəxslərin dairəsi məchuldur. Başqa sözlə həmin əmlakın qiymətləndirici tərəfindən hansı vaxtda, hansı şəraitdə, kim tərəfindən və kimin iştirakı ilə qiymətləndirilməsi məlum deyil. Qeyd olunanlara əsasən hesab edir ki, iş üzrə tikinti-texniki ekspertizası təyin olunmalı və ipoteka predmeti olan əmlakların həqiqi bazar dəyəri müəyyən. Prosesi həyata keçirilərkən tələbkar kimi iştirakımız təmin edilmədiyindən həmin prosesdə şifahi və yazılı izahatlar vermək, qiymətləndirmə prosesinin gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrimizi bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək hüquqlarımızı həyata keçirmək mümkün olmamışdır. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 17 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, Sabunçu Rayon İcra və Probasiya Şöbəsi tərəfindən "xxxx" MMC-yə 13.05.2019-cu il tarixli, 5005-139478 nömrəli sifariş məktubu göndərilmiş, "xxxx" MMC müvafiq sifariş məktubunu icra edərək, İddiaçı məxsus Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 558a saylı bağ evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətini cəmi 40.000 (qırx min) manat olaraq müəyyən etmişdir. İddiaçı qiymətləndirmənin düzgün keçirilmədiyini mübahisələndirmiş və hazırkı iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi iddianı əsassız saymış və mövqeyini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin 23 may 2019-cu il tarixli 74 nömrəli “Əmlakın qiymətləndirilməsi barədə Hesabat”ında müvafiq bağ evinin real bazar qiyməti 40.000 (qırx min) manat, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq "xxxx" MMC tərəfindən tərtib edilmiş 26.09.2019-cu il tarixli 54 nömrəli rəydə isə 43.000 (qırx üç min) manat olaraq müəyyən edilmişdir. Göründüyü kimi, Bakı şəhəri Sabunçu rauonu, Pirşağı qəsəbəsi 558 a saylı bağ evinin real bazar qiymətinin müəyyən edilməsi üçün aparılmış müvafiq tədqiqatların nəticələri arasında cuzi fərq müşahidə olunmuşdur. Bununla da məhkəmə hesab etmişdir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rauonu, Pirşağı qəsəbəsi 558 a saylı bağ evinin bazar dəyərinin daha yüksək olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası MPM-nin 77.1, 78.1, 80, 81 və s. maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, iddiaçı öz iddiasında və apellyasiya şikayətində göstərdiyi halları təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Bundan əlavə, işə apellyasiya qaydasında baxılarkən məlum olmuşdur ki, İddiaçı borc pulu tam şəkildə X2 ödəmişdir. Bu barədə hər iki tərəf 12 mart 2021-ci il tarixdə 9 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmiş və 9 saylı notariat Ofisi 12 mart 2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəh, Sabunçu rayonu, Pirşağı qəs, bağ 558a ünvanda yerləşən bağ evinin üzərindən özgəninkiləşdirilməsinə dair qadağanın götürülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərdiyi 20 avqust 2021-ci il tarixli məktubundan da müəyyən edilir ki, sözügedən bağ evinə dair ipotekanın dövlət qeydiyyatı 05.04.2021-ci il tarixli müraciətə əsasən ləğv edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmun daşıyır və birinci instansiya məhkəməsi həmin hallara düzgün hüquqi qiymət vermişdir. Həmçinin mübahisələndirilən rəy hazırda öz əhəmiyyətini itirmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən bu qənaətə gəlir ki, hazırkı işdə iddiaçı öz iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin bütün dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 17 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar