Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5106/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı mənzilin boşaldılması və payçı müqaviləsinin ləğvi tələbinə dair ilkin, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı mənzilin hərracda satılması, satışdan əldə edilən vəsaitin və mənzilin təmirinə xərclənən pulun hesablanıb ödənilməsi tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə (açar sözlər: müqavilənin ləğvi, pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı mənzilin boşaldılması və payçı müqaviləsinin ləğvi tələbinə dair ilkin, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı mənzilin hərracda satılması, satışdan əldə olunan məbləğdən onun tərəfindən mənzilə görə ödənilmiş və təmirə xərclənən pul vəsaitinin ödənilməsi barədə qarşılıqlı iddia ərizələri ilə bağlı iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 avqust 2021ci il tarixli, 2(010)-35/2021 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları
1. "xxxx" Mənzil Tikinti Kooperativi ilə Qafarlı (Budaqova) Arzu Rahib qızı arasında bağlanmış 30 avqust 2016-cı il tarixli müqaviləyə əsasən, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, bina 1, 14-cü mərtəbə 106 nömrəli ümumi sahəsi 98,2 kv.m olan, 3 otaqlı mənzili (bundan sonra - mübahisəli mənzil) tikib cavabdehə təhvil verməyi, cavabdeh isə mənzilin dəyəri olan 130115 manat məbləğində pulu MTK və "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank) arasında bağlanacaq üç tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür (müqavilənin 1.2 və 2.4- cü bəndləri).
2. Müqavilənin şərtlərinə görə “Payçı” tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya Bankla aralarında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, Bankın rəsmi bildirişi əsasında MTK birtərəfli olaraq bu müqaviləni ləğv edib mənzilin sahibi ola bilər. Bu halda MTK Bank və “Payçı” arasında imzalanmış Zaminlik müqaviləsindən irəli gələn “Payçı”nın öhdəliklərini yerinə yetirməlidir (bənd 4.2.7).
3. Cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda, MTK müqaviləni bir tərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda MTK mənzili digər şəxsə satdıqdan sonra, mənzilin qalıq borcu bağlanılır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ «Payçı»ya qaytarılır (bənd 8.1).
4. «Payçı» tərəfindən “Bank ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və faiz borcu ayrı-ayrılıqda 2 ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda «Payçı» qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır (bənd 8.11).
5. Bank 31 avqust 2016-cı il tarixli Təminatlı kredit müqaviləsi ilə cavabdehlə iddiaçı arasında bağlanmış 30 avqust 2016-cı il tarixli müqavilənin predmeti olan mənzilin alınması üçün cavabdehə 240 ay müddətinə, illik 10%-lə, aylıq ödəniş 1255,70 manat olmaqla 130115 manat məbləğində kredit vermişdir.
6. Eyni tarixli zaminlik müqaviləsinə əsasən iddiaçı Bank tərəfindən cavabdehə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Bank qarşısında birgə cavabdehliyi öhdəsinə götürmüşdür.
7. Cavabdeh 31 avqust 2016-cı il tarixli kredit müqaviləsinin şərtlərini pozmuş və aylıq ödənişləri gecikdirilmiş, nəticədə onun banka borcu yaranmışdır.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin boşaldılması və 30 avqust 2016-cı il tarixli ********* saylı payçı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda sadalanan hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdehə dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh ödəmə qabiliyyətində olmadığını bildirmiş, həmçinin bank tərəfindən cavabdehə rəsmi bildiriş göndərilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və mənzilin könüllü olaraq təhvil verilməsindən imtina etmişdir.
10. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka haqqında qanunun normalarına əsasən mübahisəli mənzilin hərracda satılması, satışdan əldə edilən 25000 manat və mənzilin təmirinə xərclənən pulun hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, COVİD-19 pandemiyası səbəbindən kredit müqaviləsi üzrə ödəmələrdə gecikmələr olmuşdur. Mənzilə onun tərəfindən təmir xərcləri çəkilmişdir. Onun yaşamağa başqa yeri yoxdur və himayəsində azyaşlı uşağı vardır.
12. Məhkəmə tərəfindən keçirilmiş məhkəmə-tikinti texniki və əmtəəşünaslıq ekspertizasının 17 iyul 2021-ci il tarixli rəyinə əsasən mübahisəli mənzilin daxilində istilik xətti çəkilmiş, yalnız eyvanda kombi avadanlığı quraşdırılaraq mətbəxin daxilində istilik sistemi çəkilmiş və həmin istilik sistemi çəkilməsinin ümumi dəyəri (zəhmət haqqı və material ilə birlikdə) 1395 manat təşkil etmişdir. Mənzildə payçının vəsaiti hesabına mətbəxin daxilində 25 mm ölçüdə plastmas boru ilə istilik xətti çəkilmiş, 2,7x5,0 ölçüdə dekor divar kağızı vurulmuş, mətbəx mebelinin arxasına kafel vurulmuş, eyvanın daxilində plastik materialından şkaf və kombi aparatı quraşdırılmış, mətbəxin, dəhlizin, uşaq otağının tavanı boya ilə rənglənmiş, yaşayış otağının və dəhlizin döşəməsinin haşiyəsi dəyişdirilmiş, hamamın daxilində 0,45x2,5 m ölçüdə rəngli plastik qapı və hamamayaqyolunda havalandırma quraşdırılmış, görülən təmir və quraşdırılma işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2514,5 manat məbləğində müəyyən olunmuşdur.
13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-35/2021 nömrəli, 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddialar rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, borcun qaytarılmasına dair öhdəliyi cavabdeh bank qarşısında götürmüş və həmin mənzilə dair ödənişləri bankın hesabına ödənilməsi barədə tərəflər razılığa gəlmişlər. Bank ilə iddiaçı arasında isə zaminlik müqaviləsi bağlanmış və həmin müqavilə üzrə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımışdır.
15. İddiaçı cavabdehin bank qarşısında yaranmış öhdəliyinə əsasən, cavabdehlə aralarında bağlanmış payçı müqaviləsinin ləğvini tələb edə bilməz. Belə ki, cavabdeh iddiaçı qarşısında başqa öhdəlik, Bank qarşısında isə başqa öhdəlik götürmüşdür. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdehin bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməməsi payçı müqaviləsinin ləğvi üçün əsas ola bilməz.
16. Qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə bağlı məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının cavabdehə və 3-cü şəxsə qarşı ilkin iddia tələbi təmin olunmadığından qarşılıqlı iddianın təmin olunmasına zərurət qalmır. Belə ki, cavabdeh həmin mənzilə dair mənzilin hərracda satılmasını, satışdan əldə edilən 25000 manat pulun və mənzilin təmirinə xərclənən pulun hesablanıb ona ödənilməsini xahiş edir.
17. Məhkəmə hesab etmişdir ki, mənzilin boşaldılması və payçı müqaviləsinin ləğvi tələbi təmin olunmadığından qarşılıqlı iddia tələbi də rədd olunmalıdır.
18. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 109.1, 110, 269.1, 307.1, 307.3, 307.6, 307.7, 324.1, 331.1, 385.1, 433.1, 448.1, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 59.1, 59.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119, 217.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə, bankın təminatlı kredit müqaviləsi üzrə cavabdehə verdiyi kredit məbləğinə görə MTK-nın külli miqdarda əmlakı və pul vəsaitləri bankın girovunda olduğunu nəzərə almamışdır. Bundan başqa, MTK-nın həmin kredit məbləğinə görə bank qarşısında zaminliyi də vardır. Bank cavabdehə həmin krediti məhz MTK-nın bu təminatlarına görə vermişdir. MTK isə bu təminatı Banka payçı müqaviləsi üzrə cavabdehin MTK qarşısında üzərinə götürdüyü, yuxarıda qeyd edilmiş öhdəliyi nəzərə alaraq vermişdir. İşə baxan birinci instansiya məhkəməsi isə işi lazımi səviyyədə araşdırmamış və qətnamədə mübahisəli mənzili yanlış olaraq Bankın girovunda olan mənzil kimi qiymətləndirmişdir.
21. Məhkəmə nəzərə almamışdır ki, mübahisəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilməmişdir. Belə olan halda isə tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq, payçı müqaviləsinin ləğvi barədə MTK-nın cavabdehə qarşı iddia qaldırmaq hüququ vardır. Lakin məhkəmə bu halları və müqavilə şərtlərini nəzərə almamış, nəticədə tamamilə qanunsuz və əsassız olan qətnamə çıxarmışdır.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2(103)-606/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi təmin edilmiş, qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
23. Qətnamədə qeyd olunmuşdur ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam deyil, yalnız ilk iddianın təmin edilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya baxışının predmetini ilkin iddianın təmin edilməyən hissəsi təşkil edir.
24. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 31 avqust 2016-cı il tarixli zaminlik müqaviləsinin şərtlərinə uyğun olaraq borclu cavabdehin Bank qarşısında kredit müqaviləsi üzrə yaranmış borcunu tam ödəmişdir və hazırda həmin kredit müqaviləsi üzrə Bank qarşısında icra edilməmiş öhdəlik qalmamışdır. Cavabdeh tərəfindən ümumilikdə 18169,79 manat ödəniş aparılmış, habelə onun tərəfindən mübahisəli mənzildə 2514 manat dəyərində müəyyən təmir işləri həyata keçirmişdir.
25. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin Bank qarşısında kredit müqaviləsi üzrə yaranmış öhdəliyini icra etməklə, cavabdeh ilə aralarında bağlanmış 30 avqust 2016-cı il tarixli “Payçı müqaviləsi”nin ləğv edilməsini, habelə cavabdehin mübahisəli mənzili boşaltmasını tələb etmək hüququ yaranmışdır. Ona görə də, MTK cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur.
26. Lakin birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini düzgün təfsir etməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bu səbəbdən hazırkı mülki iş üzrə mübahisələndirilən hissədə səhv nəticəyə gəlmişdir.
27. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 421.1, 423.1, 423.2, 567, 598.1, 598.2, 598.4, 646.2, 648.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
28. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı və bank qarşısında üzərinə müxtəlif öhdəliklər götürmüşdür. Bank qarşısında götürdüyü öhdəliyi icra etməməsi payçı müqaviləsinin ləğvi üçün əsas ola bilməz. Ona müqavilənin ləğvi ilə bağlı bildiriş gəlməmiş, ödəniş gecikdirilən ərəfədə maliyyə çətinliyi olmuşdur. Həmçinin iddiaçı özü müqavilənin şərtlərini pozmuş, mənzili müqavilədə müəyyən olunmuş müddətdə təhvil verməmiş, mənzilin təmiri natamam olmuş, mərkəzi istilik sistemi quraşdırılmamışdır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3144/2022 nömrəli iş üzrə 20 iyun 2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaya apellyasiya qaydasında baxılmaması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
31. İşi təkrar məhkəmə baxışına göndərən kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq “Payçı müqaviləsi”nin 2.4, 4.2.7, 8.1, 8.11-ci bəndlərinə istinad etməklə hesab etmişdir ki, MTK zamin olaraq cavabdehin Bank qarşısında kredit müqaviləsi üzrə yaranmış öhdəliyini icra etməklə, onun 30 avqust 2016-cı il tarixli müqavilənin ləğv edilməsini, habelə mübahisəli mənzilin boşaldılmasını tələb etmək hüququ yaranmış və iddiası haqlı olmuşdur. Bu hissədə apellyasiya məhkəməsi tərəfindən maddi və ya prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir.
32. Bununla belə Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya baxışının hədləri ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, cavabdeh qarşılıqlı iddia ilə faktiki olaraq ilk iddianın təmin ediləcəyi təqdirdə, mənzilə çəkilmiş xərclərin ona ödənilməsini tələb etmiş və birinci instansiya məhkəməsi tərəfindən həmin tələb üzrə araşdırma aparılaraq müvafiq ekspertiza keçirilmiş, son nəticədə hər iki iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı yalnız o əsasla rədd etmişdir ki, mənzilin boşaldılması və müqavilənin ləğv edilməsi tələbinə dair ilk iddia təmin olunmadığından, qarşılıqlı iddia da təmin oluna bilməz. Göründüyü kimi, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəldilmiş və hər iki iddia təmin olunmadığı üçün cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ondan apellyasiya şikayəti verməmişdir.
33. Lakin iddiaçının apellyasiya şikayəti üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan hallarını nəzərə almayaraq, apellyasiya baxışının predmetini müəyyən edərkən birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız ilk iddianın təmin edilməyən hissəsini yoxlamış və müvafiq qərar qəbul etmişdir. Qarşılıqlı tələbin ilk tələbin ödənilməsinə yönəldilməsi, yəni mübahisənin predmetinin bölünməz olduğu nəzərə alınmamış və qarşılıqlı iddia apellyasiya qaydasında yoxlamadan kənarda qalmaqla, qarşılıqlı iddiaçı həmin tələbi təkrarən irəli sürmək hüququndan da məhrum olunmuşdur.
34. Apellyasiya instansiya məhkəməsi apellyasiya baxışının həddini yalnız ilk iddianın təmin edilməyən hissəsi ilə məhdudlaşdırdığını müəyyən etdiyi və birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə ləğv etməklə iddianı təmin etdiyi halda, qətnamənin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlamaqla, ziddiyyətli nəticəyə gəlmişdir.
Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
35. Apellyasiya instansiyası məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(103)- 5994/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla, qarşılıqlı iddia qismən təmin edilmiş, mübahisəli mənzil iddiaçı tərəfindən satıldıqdan sonra cavabdeh tərəfindən mənzilin alınmasına görə ödənilmiş 25000 manat, mənzildə istilik sisteminin quraşdırılmasına və təmir işlərinə sərf olunmuş 3909,5 manat pulun iddiaçıdan tutulub cavabdehə ödənilməsi qət edilmişdir.
36. İddiaçı tərəfindən apellyasiya instansiya məhkəməsinə təqdim olunmuş 15 oktyabr 2022-ci il tarixli, 157 saylı arayışa əsasən, cavabdeh tərəfindən mənzilə görə 26435 manat ödəniş edildiyi müəyyən edilmişdir.
37. Məhkəmə tərəflər arasında bağlanmış 30 avqust 2016-cı il tarixli müqavilənin 4.2.7-ci, 8.1-ci və 8.11-ci bəndlərinə istinad edərək belə qənaətə gəlmişdir ki, mübahisəli mənzil hərrac yolu ilə deyil, məhz MTK tərəfindən istənilən qaydada satılması nəzərdə tutulmuşdur. Buna görə də mənzilin hərracda satılması tələbi əsassızdır.
38. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil iddiaçı tərəfindən satıldıqdan sonra cavabdeh tərəfindən mənzilə görə ödənilmiş 25000 manat (iddia tələbi həcmində) və ekspert rəyi ilə müəyyən olunmuş, mənzilin təmirinə sərf olunmuş 2514,5 manat və mənzildə istilik sisteminin çəkilməsinə sərf olunmuş 1395 manat, cəmi 3909,5 manat pul iddiaçıdan tutulub cavabdehə ödənilməlidir.
Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
39. İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, qarşılıqlı iddia tələblərinin təmin edildiyi hissədə ləğv edilməsi və qarşılıqlı iddia tələblərinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş rəsmi arayışlardan göründüyü kimi mübahisəli mənzilə görə Banka ümumilikdə 188881,29 qəpik məbləğində pul vəsaiti ödənilmiş, bundan 130115 manat əsas borc, 58766,29 manat isə faiz borcudur. Qeyd olunan mənzilə görə MTK tərəfindən Banka cəmi 163881,29 manat pul ödənilmişdir, cavabdehin mənzilinə görə MTK zamin olaraq 60842 manat kredit ödəmişdir. Həmin ödənişin 9510 manatı əsas borca hesablanmış, 51332 manat isə faizə silinmişdir. Mənzilin qalıq 103.039,29 manat krediti MTK tərəfindən zaminlik müqaviləsinin şərtlərinə əsasən tam bağlanmışdır. Bununla da, cavabdeh öhdəliklərini lazımınca icra etməməsi səbəbindən MTK-ya əlavə olaraq 60842 manat ziyan vurmuşdur. Bununla da, cavabdeh öhdəliklərini lazımınca icra etməməsi səbəbindən MTK-ya əlavə olaraq 60842 manat ziyan vurmuşdur. Yəni, payçı banka ümumi olaraq 25000 manat ödədikdən sonra, qalan məbləği banka ödəyə bilmədiyi üçün, yəni öhdəliyini vaxtında və lazım qaydada icra edə bilmədiyinə görə, müqavilə şərtlərinə uyğun olaraq mənzili vaxtında MTK-ya təhvil versə idi, MTK da həmin vaxt banka cəmi 103039,29 manat ödəmiş olardı.
41. Hazırkı halda isə məhz payçının müqavilə öhdəliklərini icra etməməsi, eləcə də bu halı qəsdən uzatması nəticəsində onun təqsirindən MTK-ya əlavə 60842 manat ziyan dəymişdir. Göründüyü kimi işə baxan apellyasiya instansiya məhkəməsi payçı tərəfindən Banka ödənilmiş faiz borcunu da MTK-dan tutmaqla kobud qanun pozuntusuna yol vermişdir. İşə baxan məhkəmə tərəflər arasında bağlanmış payçı müqaviləsinin 8.1-ci bəndinə istinad edərək “mənzil MTK tərəfindən satıldıqdan sonra cavabdeh tərəfindən mənzilə görə ödənilmiş 25000 manat ödənilməsini” qeyd etsə də, görünür diqqətsizlikdən həmin istinad etdiyi, payçı müqaviləsinin 8.1-ci bəndində nəzərdə tutulan digər şərtə, yəni “mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğin Payçıya qaytarılmalı olmasını” əsassız və qanunsuz olaraq nəzərə almamışdır. Cavabdehə iddiaçı tərəfindən dəfələrlə bildiriş göndərilməsinə və onunla danışıq aparılmasına baxmayaraq, bildirmişdir ki, onun mənzili qaytarmaq fikri yoxdur, pulu ödəyəcək. Məhz bu səbəbdən də, müxtəlif əsassız bəhanələrlə məhkəmə prosesinin uzadılmasına və mənzilə görə banka olan faiz borclarının artmasına səbəb cavabdeh özü olmuşdur.
42. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1704/2023 nömrəli iş üzrə 06 iyun 2023-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
43. İşi təkrar məhkəmə baxışına göndərən kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması və məhkəmə aktlarının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamış, qətnamədə ümumiyyətlə hər hansı maddi hüquq normasına istinad edilməmişdir.
44. Qarşılıqlı iddia ərizəsində cavabdeh mübahisəli mənzilin hərracda satılması, satışdan əldə edilən 25000 manat və mənzilin təmirinə xərclənən pulun hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
45. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ondan ibarət olmuşdur ki, cavabdeh bankdan aldığı vəsait hesabına mübahisəli mənzilin dəyərini iddiaçıya tam ödəmiş, sonradan banka olan kredit borcunun 25000 manat hissəsini qaytarmışdır. Qarşılıqlı iddia ərizəsində iddiaçının tələb etdiyi həmin 25000 manat vəsaitin bir hissəsi əsas borca, bir hissəsi isə faiz borcuna ödənilmişdir.
46. İşə baxmış apellyasiya instansiyası məhkəməsi cavabdehin Bank qarşısında kredit müqaviləsi üzrə yerinə yetirdiyi öhdəliyi (25000 manatı) və mübahisəli mənzilin təmirinə xərclənmiş 3909,5 manatı iddiaçıdan cavabdehin xeyrinə hansı qanuni əsasla tutduğunu, habelə iddianı qalan hissədə təmin etmədiyini qətnamədə əsaslandırmamışdır.
47. Halbuki Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
48. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsinin öz qətnaməsində istinad etdiyi tərəflər arasında bağlanmış 30 avqust 2016-cı il tarixli müqavilənin 8.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda, MTK müqaviləni bir tərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda MTK mənzili digər şəxsə satdıqdan sonra, mənzilin qalıq borcu bağlanılır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ payçıya qaytarılır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri qətnamənin 20-21-ci bəndlərində qeyd olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
50. İddiaçının nümayəndəsi X6 izahatında göstərdi ki, müqavilə şərtinə görə mənzil təqdim edildikdən sonra əgər şəxs həmin məbləği ödəyə bilmirsə ev satışa çıxır və xərclər ödənildikdən sonra qalan məbləğ həmin şəxsə qaytarılır. Cavabdeh həm MTK, həm də bank tərəfindən dəfələrlə xəbərdar olunmasına baxmayaraq borcu ödəməmiş və evi təhvil verməmişdir. Cavabdeh pulu ödəmədiyinə görə qalıq borc onun əvəzindən MTK tərəfindən banka ödənilmişdir.
51. Cavabdeh izahatında göstərdi ki, o, MTK-dan evi alanda dəyəri 130000 manat idi, lakin hal – hazırda evin qiyməti yüksəlmişdir. Əgər ona yenidən qrafik təyin olunarsa o, hər ay 1000-1100 manat olmaqla həmin məbləği ödəməyə razıdır və bu halda hazırda tələb etdiyi məbləği də istəmir. Ev yeni təmirdən çıxmışdır və son 2 ildə orda yaşayış olmamışdır. Hal – hazırda MTK həm onun evini, həm də pulunu almaq istəyir. Belə olduğu təqdirdə o və ailə üzvləri evsiz qalacaqdır.
52. Cavabdehin nümayəndəsi Vəkil2 qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi və izahatında göstərdi ki, qarşılıqlı iddianın hüquqi əsasını 8.1-ci bəndi təşkil etsə də, həmin bənddə MTK-nın mənzili digər şəxsə satdıqdan sonra, mənzilin qalıq borcu bağlanılması, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ payçıya qaytarılması nəzərdə tutulmuşdur. Lakin bu halda mənzilin satılması MTK-nın üzərinə qoyulur, bu isə Cavabdeh mənafeyinə uyğun deyildir. Çünki, MTK həmin mənzili satarkən öz maraqlarına uyğun qiymət müəyyən edəcək və bunun nəticəsində Cavabdeh təmirə çəkdiyi xərci və ödədiyi pul vəsaitini almaq imkanından məhrum olacaqdır. Lakin mənzil hərrac vasitəsilə satıldığı təqdirdə real qiymət müəyyən olunacaqdır. Tətbiq edilən hüquq
53. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
54. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
56. İddiaçının apellyasiya şikayəti ilə qətnamənin ilk iddia ilə bağlı hissədə ləğvi xahiş edilsə də, ilk iddiaya Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2(103)-606/2022 nömrəli qətnaməsi ilə münasibət bildirildiyindən, bu qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2022-ci il tarixli, 2(102)-3144/2022 nömrəli qərarı ilə yalnız qarşılıqlı iddiaya apellyasiya qaydasında baxılmaması hissədə ləğv edildiyindən, yəni qətnamə ilk iddiaya dair hissədə artıq qanuni qüvvəsini aldığından, məhkəmə aktı yalnız qarşılıqlı iddia ilə bağlı hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
57. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv elilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, qarşılıqlı iddia rədd olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir.
58. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd edərkən bu nəticəyə ona görə gəlmişdir ki, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh və 3-cü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı “mənzilin boşaldılması, payçı müqaviləsinin ləğvi” tələbinə dair ilkin iddia tələbi təmin olunmadığından qarşılıqlı iddianın təmin olunmasına zərurət qalmır.
59. Lakin sonradan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2(103)-606/2022 nömrəli qətnaməsi ilə ilkin iddia tələbinin təmin olunduğundan və qanuni qüvvəyə minmiş qərara əsasən iddianın predmetinin bölünməz olduğu müəyyən edidldiyindən bu əsasla qarşılıqlı iddianın rəddi əsaslı hesab oluna bilməz.
60. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1704/2023 nömrəli iş üzrə 06 iyun 2023-cü il tarixli qərarına əsasən araşdırılmalı xüsusat cavabdehin bank qarşısında kredit müqaviləsi üzrə yerinə yetirdiyi öhdəliyi və mübahisəli mənzilin təmirinə xərclənmiş vəsaitin iddiaçıdan cavabdehin xeyrinə hansı qanuni əsasla tutulmalı olduğunu müəyyən etməkdir.
61. Tərəflərin 30 avqust 2016-cı il tarixli müqavilədə hazırkı situasiya, yəni, ödənişlərin gecikdirildiyi və müqaviləni ləğv olunduğu halda yuxarıda qeyd olunan məbləğlərin tutulması ilə bağlı müəyyən etdikləri bənd müqavilənin 8.1-ci bəndidir. Həmin bənddə qeyd olunmuşdur ki, cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda, MTK müqaviləni bir tərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda MTK mənzili digər şəxsə satdıqdan sonra, mənzilin qalıq borcu bağlanılır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ payçıya qaytarılır. Kassasiya instansiyası məhkəməsinin qərarın 77-ci bəndində qarşılıqlı iddia ilə bağlı müqavilənin məhz bu bəndinə istinad etmişdir.
62. Qeyd olunan bəndin məzmununa görə payçya hər hansı məbləğdə pul vəsaitinin qaytarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: MTK-nın mənzili digər şəxsə satması, satışdan əldə olunan vəsait hesabına mənzilin qalıq borcunun bağlanılması, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclərin ödənilməsi və bundan sonra qalan məbləğin payçıya qaytarılması.
63. Lakin hal – hazırda qeyd olunan ilkin şərt, yəni, mənzilin MTK tərəfindən digər şəxsə satılması şərti mövcud olmadığından payçıya bank qarşısında kredit müqaviləsi üzrə yerinə yetirdiyi öhdəliyi və mübahisəli mənzilin təmirinə xərclənmiş vəsaitin ödənilməsi üçün əsas mövcud deyildir və buna görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, qarşılıqlı iddia rədd olunmalıdır.
64. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qətnamənin qismən ləğvinə əsas verir. Buna görə də qətnamə qismən - qarşılıqlı iddia rədd olunan hissədə ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia rədd olunmalıdır.
65. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(010)- 35/2021 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(010)- 35/2021 nömrəli qətnaməsi qismən – qarşılıqlı iddia rədd olunan hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı mənzilin hərracda satılması, satışdan əldə olunan məbləğdən onun tərəfindən mənzilə görə ödənilmiş və təmirə xərclənən pul vəsaitinin ödənilməsi barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev