Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5113/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: alimentin müəyyən olunmuş məbləğinin dəyişdirilməsi, yaşayış minumumu) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. X3 ilə Cavabdeh xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuş, nikahdan sonra qadına (arvada) “Əhmədova” soyadı verilmiş, nikahlarından xx.xx.2009-cu il tarixdə Sahil, xx.xx.2013-cü il tarixdə Pərviz, xx.xx.2019-cu il tarixdə Duyğu adını verdikləri uşaqları dünyaya gəlmişdir.
2. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə Bakı 16 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmış, sazişdə tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri aşağıdakı kimi müəyyən edilmişdir: 1. Tərəflər (İddiaçı və Cavabdeh) xx.xx.2008-ci il tarixində Kürdəmir rayon İHBnın Şilyan kəndi üzrə icra nümayəndiliyi 26 nömrəli nikah akt qeydinin pozulması razılığa gəldilər. 2. 2-ci tərəf (Cavabdeh) tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X4 1-ci tərəfin, yəni ananın (İddiaçı) yanında qalmasına etiraz etmir. 3. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf (Cavabdeh) 1-ci tərəfə (İddiaçı), gəlirinin ½ hissəsi qədər alimenti ödəməyi öz öhdəsinə götürür və alimentin əmək haqqına yönəldilməsinə razıdır. 4. Alimentin ödənilməsi 2023-cü ilin sentyabr ayından başlayaraq hər ayın 25-dən 30-na kimi 1-ci tərəfin (İddiaçı) kart hesabına ödəniləcəkdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, Əhmədova (Əsgərova) Mənsimə Ənvər qızı və Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Kürdəmir rayonu İHB-nın Şilyan kəndi üzrə icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3472/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi qət olunmuşdur.
5. X5 xx.xx.2024-cü il tarixdən “MC İnşaat Təmir Tikinti" MMC-də usta işində əmək fəaliyyəti ilə məşğul olur, aylıq əmək haqqı 600 manat təşkil edir, vergi və rüsumlar çıxıldıqdan sonra qalan məbləğ 539 manat kart hesabına köçürülür.
6. Elektron Məhkəmə Sistemində olan məlumatlara görə, Əhmədova (Əsgərova) Mənsimə Ənvər qızı işləmir, mülkiyyətində avtomobil və ya daşınmaz əmlak yoxdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təsdiq edilmiş barışıq sazişi üzrə müəyyən edilmiş alimentin ½ hissədə tutulması qaydasının dəyişdirilməsini və xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2013-cü təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X7 doğulmuşlar. Birlikdə yaşamaları mümkün olmadığından o, nikahın pozulması üçün məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesi ilə bağlı cavabdehə təklif etmiş və mediasiya zamanı tərəflər arasında barışıq sazişi imzalanmışdır. Lakin Cavabdeh sazişin tələblərini icra etməkdən boyun qaçırmış, bu səbəbdən Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-3472/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə barışıq sazişi təsdiq edilmişdir. Cavabdehin şəxsi mərmər sexi var, o, barışıq sazişi imzalanandan sonra gəlirini aşağı miqdarda göstərmiş, əmək haqqını 600 manat kimi qeyd etmişdir. Barışıq sazişində isə Cavabdeh gəlirinin yarısı məbləğində aliment ödəməyə razılaşmışdır. Cavabdeh gəlirini 600 manat göstərməklə, o cümlədən ümumiyyətlə sazişin şərtlərini yerinə yetiriməkdən boyun qaçırmaqla uşaqların saxlanmasında yardım etməkdən yayınmışdır.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, cavabdehin şəxsi mərmər sexi var, ayda 1000 manat gəliri olur, hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində aliment ödəmək imkanındadır.
10. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) də iddianı müdafiə edərək bildirmişdir ki, barışıq sazişində cavabdehin alimentin gəlirinin yarısı məbləğində ödənilməsi nəzərdə tutulsa da, cavabdeh barışıq sazişinin tələblərini yerini yetirmir. Cavabdeh aldığı əmək haqqının yarısı ilə üç uşağın saxlanması mümkün deyil.
11. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın əsassız olduğunu bildirərək qeyd etmişdir ki, 2024-cü ilin fevral ayından “MC İnşaat Təmir Tikinti" MMC-də tikinti üzrə usta işləyir, 539 manat əmək haqqı alır, başqa gəliri yoxdur. Əmək haqqının yarısı miqdarda aliment ödəməyə və yaşadığı evi iddiaçıya verməyə razıdır.
12. Birinci instansiya məhkəməsinin 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3472/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təsdiq edilmiş barışıq sazişi üzrə müəyyən edilmiş alimentin ½ hissədə tutulması qaydası dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2013-cü təvəllüdlü X1, xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 manat mediasiya xərcinin alınıb İddiaçı, 89 manat dövlət rüsumunun isə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur.
13. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında təsdiq edilmiş barışıq sazişi ilə cavabdeh hər ay hər uşağa görə gəlirinin ½ hissəsi qədər alimenti ödəməyi öz öhdəsinə götürmüş, həmin barışıq sazişi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3472/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. “Elektron məhkəmə" informasiya sistemindən çıxarışdan görünür ki, cavabdeh əmək müqaviləsi üzrə “MC İnşaat Təmir Tikinti" MMC-də “Usta, tikinti üzrə" vəzifəsində işləyir və 600 manat məbləğində əmək haqqı alır. Cavabdehin başqa gəliri barədə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Cavabdeh hazırkı rəsmi əmək haqqısının yarısı məbləğində aliment uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması prinsipinə uyğun olmadığından, tərəflərin maddi və ailə vəziyyətləri nəzərə alınaraq, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş alimentin ½ hissədə tutulması qaydasının dəyişdirilərək, hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi ədalətli hesab olunmalıdır.
14. Məhkəmə həmçinin vurğulamışdır ki, cavabdehdən hər ay hər uşağa görə tutulmalı olan 200 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, qətnamənin qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır.
15. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Ailə Məcəlləsinin 78.1-ci, 112.1-ci maddələrinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Qanuna, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarına istinad etmişdir.
16. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini, məhkəmənin Ailə Məcəlləsinin 88.1-ci və 112.1-ci maddələrinin tələblərini pozduğu, tərəflərin arasında alimentlə bağlı saziş olduğuna əhəmiyyət vermədiyi, rəsmi iş yeri olan cavabdehdən sabit pul məbləğində aliment tutmaqla qanunu düzgün tətbiq etmədiyi, cavabdehin maddi vəziyyətini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
18. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı isə iddia ərizəsinin məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
19. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
20. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
21. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.
22. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
23. Maddə 78.1 və 78.2. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
24. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Qanun
25. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
26. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
“Uşaq hüquqları haqqında” Konvensiya
27. Maddə 18 (1-ci bənd). İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.
“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanun
28. Maddə 1. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
38. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
40. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin qismən təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü iddiaçı qətnaməni ümumiyyətlə mübahisələndirməmiş; cavabdeh isə özünün apellyasiya şikayətində qətnamənin ləğvini və iddianın təmin edilməməsini xahiş etsə də, şikayətinin məzmunundan qətnaməni məhz qeyd edilən hissədə mübahisələndirdiyi aydın olmaqdadır. Başqa sözlə, iddia tələbinin təmin edilmədiyi hissə apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
41. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir (§ 24).
42. Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
43. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını alimentin cavabdehin gəlirindən hissə kimi tutulmasının, müvafiq məbləğin uşaqların ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin tutulma üsulunun dəyişdirilməsini tələb etməkdə haqlı olmuşdur; belə ki, Sabunçu Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq edib iddiaçının xeyrinə cavabdehdən onun qazancının ½ hissəsi məbləğində aliment tutulmasını müəyyənləşdirərkən, cavabdehin rəsmi gəlirinin müvafiq hissəsinin uşaqların saxlanılması üçün yetərli olacağını, eyni zamanda iddiaçının özünün bunu istəməsini əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqların tələbatları artmışdır, həm də cavabdehin rəsmi qazancından ½ hissə alimentin tutulması uşaqların mənafeyinə uyğun deyildir.
44. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.
45. Cavabdehdən tutulmalı olan alimentin yeni məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
46. Qanunvericiliyin sadalanan müddəaları (§ 21-23) alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.
47. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.
48. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında (§ 21); sabit pul məbləğində (§ 23). Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər (§ 22), həmçinin sabit pul məbləğinin miqdarı isə məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir (§ 23).
49. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: “Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. ...Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır”.
50. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini əsas götürərkən tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də cavabdehin yüksək olmayan aliment öhdəliyi daşımış olmasını əsas götürərək ədalətli nəticəyə gəlmişdir. Apellyatorun, ikinci dəfə nikaha girməsi və bu nikahından uşağının olması dəlilinə münasibətdə isə nəzərə alınmalıdır ki, bu hal onu iddiaçı ilə nikahından olan uşağının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.
51. Yuxarıda adı çəkilən Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”.
52. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
53. Cavabdehin hazırda ödədiyi aliment məbləği təxminən 290 manat, hazırda baxılan iddia tələbi ilə müəyyənləşdirilən aliment məbləği isə 600 manat olduğundan, beləliklə də cavabdehin ödəyəcəyi aliment fərqinin illik məcmusu 5000 manatdan artıq olmadığından, qanunvericiliyin tələbinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4179/2024 saylı iş üzrə 25 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov