Məhkəmə qərarları › İş №2(103)-5116/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5116/2022

12.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5116/2022 12.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 aprel 2022-ci il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: (TƏSVİRİ HİSSƏ) a) iddia barədə məlumat:

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, təhqiqat və istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində uzun müddət istintaqa cəlb olunması, təxminən 6 ay müddətində həbsdə saxlanılması ilə bağlı ona vurulmuş maddi ziyanın əvəzi olaraq işsiz qaldığı 8 ay müddətində məhrum olduğu əmək haqqının – (1.200 manat x 8 ay=) 9.600 manat məbləğində pulun birdəfəlik qaydada və əvvəlki işinə bərpa olunana qədər hər ay üçün 1.200 manat məbləğində pulun, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq isə 100.000 manat məbləğində pulun, çəkdiyi məhkəmə xərclərinin (hüquqi yardım, sənədlərin təsdiqi və s.) cavabdeh Nazirlikdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu olan iddiaçının barəsində xx.xx.2021-ci il tarixdə Füzuli Rayon Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 206.3.2, 234.4.3 və 230.3.2-ci maddələri ilə əsassız cinayət işi başlanmış və bu səbəbdən də iddiaçı, xidmət etdiyi hərbi hissədən tərxis edilmişdir. Barəsində başlanmış cinayət işi üzrə istintaq müddətdə iddiaçı, 6 aya yaxın müddət ərzində həbsdə olmuş, onun təqsirsizliyi sübuta yetdiyi üçün istintaq orqanın qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CMP) 39.2-ci maddəsinə əsasən barəsində olan cinayət təqibinə xitam verilmiş və iddiaçının “təqsirləndirilən şəxs” statusu ləğv olunmuşdur. İstintaq zamanı təsdiq edilmişdir ki, cinayəti törədən şəxslər başqa şəxslər olmuş və iddiaçının, ona elan olunmuş ittihamda nəzərdə tutulmuş cinayətin törədilməsində iştirakı və təqsiri olmamış, o, günahsızdır.

3. Hərbçi və həyatını vətən uğrunda qurban verməyə hər an hazır olan iddiaçı bu əsassız ittiham nəticəsində həyatı qədər sevdiyi işindən məhrum olmuş, əsassız olaraq həbs edilmiş və xeyli vaxt həbsdə qalmışdır. İddiaçının həbs edilməsi barədə məlumat televiziya və kütləvi informasiya vasitələrində dəfələrlə tirajlanmış, həmin məlumatlarda iddiaçının adı çəkilmiş, o, bütün dost-tanışlarının, iş yoldaşlarının yanında biabır olmuş, hətta vəziyyət o həddə çatmışdır ki, o, özünə qəsd etmək fikrinə də düşmüşdür. Bütün bu hadisələr iddiaçıya ömrünün ən ağır anlarını, əzablarını yaşatmış, iddiaçı stress və əzablara düçar olmuşdur. Onun adı ağır cinayət hadisəsində hallandığı və işdən çıxarıldığı üçün İİ Qarabağ Müharibəsi zamanı qazandığı və ona verilməli olan medallardan məhrum olmuşdur. İddiaçı hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdeh Nazirlikdən onun xeyrinə 100.000 manat məbləğində pul tutulmalıdır.

4. İddiaçı bir neçə ay bundan əvvəl həbsdən azadlığa buraxılsa da, hələ də öz işinə bərpa edilməmişdir. Qeyd edilənlərə görə, iddiaçı, cinayət təqibi zamanı və cinayət təqibinə xitam verildikdən sonra işə bərpa olunmadığı hazırki vaxta qədər hər ay aldığı 1.200 manat məbləğində əmək haqqından məhrum olunmuşdur. İddiaçının arvadı isə uşaqlara görə işləmir. Buna görə də, o, qanunsuz olaraq istintaqa cəlb olunması, təxminən 6 ay müddətində həbsdə saxlanılması ilə bağlı ona vurulmuş maddi ziyanın əvəzi olaraq işsiz qaldığı 8 ay müddəti üçün 9.600 manat, işə bərpa olunana qədər hər ay üçün 1.200 manat, çəkdiyi məhkəmə xərclərinin (hüquqi yardım, sənədlərin təsdiqi və s.) cavabdeh Nazirlikdən tutularaq ona ödənilməsini tələb edir. b) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya vurulmuş mənəvi zərərə görə 5.000 manat, iddiaçının işsiz qaldığı müddət üçün 5.792,40 manat məbləğində maddi ziyanın cavabdeh Nazirlik vasitəsi ilə dövlət büdcəsindən iddiaçının xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. c) Apellyasiya şikayətləri barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddia tam həcmdə təmin olunmalı idi.

8. Cavabdeh Nazirlik də, qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir.

9. Nazirliyin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Nazirlik iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. İşə baxmır Rayon Məhkəməsi isə dövlət büdcəsindən iddiaçının xeyrinə pulun tutulması barədə nəticəyə gələrkən iddiaçının əsassız cinayət təqibinə məruz qoyan təqsirkar şəxsləri müəyyən etməmişdir. Nazirliyinin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır. d) Apellyasiya icraatında iş üzrə tərəflərin izahatları

10. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək cavabdeh Nazirlik tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək, bu şikayətinin dəlillərinə uyğun izahat verdi.

11. Cavabdeh Nazirlik işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Nazirliyin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. e) Apellyasiya baxışının hədləri

12. Məhkəmə bildirir ki, MPM-nin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Qeyd edilən prosessual hüquq normasının tələbini və iş üzrə tərəflərin Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin tam ləğv edilməsini xahiş etmələrini nəzərə almış Məhkəmə qətnamənin əsaslığını tam həcmdə yoxlamışdır. f) Hazırki işdə olan sübutlar

14. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan işin mübahisəsiz halı kimi müəyyən edilir ki, iddiaçı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu olmaqla sürücü-radiotelefonçu vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixdə İİ Qarabağ Müharibəsi başlayan vaxt o, döyüşə yollanmış və xidmət etdiyi hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl, Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak etmiş və 2021-ci ilin fevral ayının sonuna kimi hərbi xidmətini Laçın rayonu Hüslü kəndində davam etdirmişdir. İddiaçı ailəlidir, 3 azyaşlı övladı var, uşaqlarının ikisi məktəb yaşlıdır, digəri isə körpədir.

15. İşdə olan sənədlərdən, o cümlədən Füzuli Rayon Hərbi Prokurorluğu tərəfindən ********* saylı cinayət işi üzrə qəbul edilmiş “Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibinə xitam verilməsi və həbsdən azad edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində olmuş hazırki iş üzrə iddiaçının cinayət törədilməsinə aidiyyəti olmadığı müəyyən edildiyinə görə barəsində CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə aparılan cinayət təqibinə CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmiş və təqsirləndirilən şəxs kimi statusu ləğv edilmişdir. İddiaçı, xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onun barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Füzuli Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətində, yəni xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İddiaçı, ona qarşı irəli sürülmüş ittihamla bağlı ordu sıralarından tərxis olunmuşdur. (ƏSASLANDİRİCİ HİSSƏ) g) Məhkəmənin mövqeyi

16. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 5 ay 25 gün müddətində həbsdə olmuş, ona qarşı irəli sürülmüş ittihamla bağlı ordu sıralarından tərxis olunmuşdur.

17. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində bildirir ki, o, qanunsuz olaraq istintaqa cəlb olunaraq 6 aya yaxın müddət ərzində həbsdə saxlanılmışdır. Onun həbs edilməsi barədə məlumat televiziya və kütləvi informasiya vasitələrində dəfələrlə yayılmış, həmin məlumatlarda onun adı çəkilmiş, o, bütün dost-tanışlarının, iş yoldaşlarının yanında biabır olmuş, hətta vəziyyət o həddə çatmışdır ki, o, özünə qəsd etmək fikrinə də düşmüşdür. Bütün bu hadisələr iddiaçıya ömrünün ən ağır anlarını, əzablarını yaşatmış, iddiaçı stress və əzablara düçar olmuşdur. Onun adı ağır cinayət hadisəsində hallandığı və işdən çıxarıldığı üçün İİ Qarabağ Müharibəsi zamanı qazandığı və ona verilməli olan medallardan məhrum olmuşdur. İddiaçı hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdeh Nazirlikdən onun xeyrinə 100.000 manat məbləğində pul tutulmalıdır.

18. İddiaçının bu tələbi ilə bağlı Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən iddiaçıya münasibətdə cinayət təqibinin qanunsuz olaraq həyata keçirilməsi nəticəsində iddiaçının müəyyən narahatçılıqlar, iztirab və sarsıntı keçirməsi labüddür.

19. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li Qərarının 1-ci bəndində göstərilir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.

20. Həmin Qərarının 2-ci bəndinə görə, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyamın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

21. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

22. Qeyd edilən Plenum Qərarının 8-ci bəndinə görə, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə, mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.

25. Göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər-maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” xx.xx.2002-ci il tarixli qərarında da “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında Bəyannamə”yə istinad edilərək qeyd edilir ki, Bəyannamənin 4-cü maddəsinə görə, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.

27. Məhkəmə, yuxarıda qeyd olunanlara əsaslanaraq və iddiaçının dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Rayon Məhkəməsi mənəvi ziyana görə 5.000 manat məbləğində pulun tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Çünki iddiaçının yuxarıda göstərilən müddətdə əsassız olaraq cinayət təqibinə məruz qalması ona narahatlıq, məyusluq hissləri, stresslər yetirsə də bunun qarşılığının iddia edilən məbləğdə (100.000 manat) ödənilməsi ağlabatan deyildir. Amma Rayon Məhkəməsinin iddiaçının xeyrinə tutulmasını qət etmiş məbləğ ağlabatandır.

28. İddiaçının apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır.

29. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində daha sonra bildirir ki, o, qanunsuz olaraq istintaqa cəlb olunmaqla təxminən 6 ay müddətində həbsdə saxlanılması ilə bağlı ona vurulmuş maddi ziyanın əvəzi olaraq işsiz qaldığı 8 ay müddəti üçün 9.600 manat məbləğində puldan məhrum olunmuşdur. Buna görə də, həmin məbləğ cavabdeh Nazirlikdən tutularaq ona ödənilməlidir.

30. İddiaçının bu tələbi ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə görə, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada tam həcmdə ödənilir.

31. CPM-nin 56.0.2-ci maddəsinə görə, CPM-nin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə .xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.

32. CPM-nin 57.1-cimaddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir.

33. CPM-nin 60.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir.

34. CPM-nin 61.2-ci maddəsinə görə, bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir.

35. CPM-nin 63-cü maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.

36. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə görə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

37. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.1999-cu il tarixdən qüvvədədir) tələblərinə görə, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq müttəhim qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.

38. Həmin Qanunun 4-cü maddəsinə görə, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ 1) bəraətverici hökm çıxarıldıqda, 2) cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.

39. Qanunun 5-ci maddəsinə görə, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə qanunsuz hərəkətlər nəticəsində onun itirdiyi mənfəətə digər gəlirlər, məhkəmə məsrəfləri ilə bağlı ondan tutulmuş məbləğlər, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş mənəvi ziyan ödənilməlidir.

40. Qanunun 12-ci maddəsinə görə, bu Qanunun 5-ci maddəsinin 1, 2, 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə müəyyən edir.

41. Göstərilənləri nəzərə alan Məhkəmə müzakirə edilən tələbin həlli və iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı istintaq orqanı tərəfindən qanunsuz olaraq cinayət təqibi həyata keçirilməsi səbəbindən iş buraxdığı müddət üçün 1.200 manat məbləğində əmək haqqından məhrum olması nəticəsində 9.600 manat məbləğində maddi ziyanın vurulduğunu qeyd etsə də, aylıq əmək haqqının 1.200 manat təşkil etməsinə dair sübutları məhkəmələrə təqdim etməmişdir. Lakin onun qulluq etdiyi hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli,554 saylı arayışdan (iş v. 87) görünür ki, iddiaçı, həmin hərbi hissədə xidməti dövründə ayda 445 manat məbləğində vəzifə maaşı, 92 manat məbləğində rütbə maaşı, 44,50 manat məbləğində məharət dərəcəsi, 80,55 manat məbləğində xidmət ili və 62 manat məbləğində ərzaq pulu almışdır.

42. Göründüyü kimi, iddiaçı, ayda 1.200 manat məbləğində əmək haqqı almasını sübuta yetirə bilmir. Əksinə, işdə olan arayışa (bax: bənd 41) əsasən müəyyən edilir ki, işlədiyi yerdə iddiaçıya hər ay 724,05 manat ödənilirdi. Bunu və MPM-nin 77.1 və 14.2-ci maddələrinin tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, iddianın müzakirə edilən hissəsi qismən əsaslıdır və Rayon Məhkəməsi iddiaçının işsiz qaldığı müddət üçün maddi ziyanın məbləğini (724,05 manat x 8 ay =) 5.792,40 manat müəyyən etməkdə haqlı olmuşdur.

43. İddiaçının apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili də əsassızdır.

44. Belə ki, sübuta yetməyən tələb əsaslı hesab edilə bilməz. MPM-nin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (maddə 9.3.).

45. Bundan başqa iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində bildirir ki, o, bir neçə ay bundan əvvəl həbsdən azadlığa buraxılsa da, hələ də öz işinə bərpa edilməmişdir Buna görə də, cinayət təqibinə xitam verildikdən sonra işə bərpa olunmadığı hazırki vaxta qədər hər ay aldığı 1.200 manat məbləğində əmək haqqısından məhrum olunmuşdur. Buna görə də, o, hesab edir ki, işə bərpa olunana qədər hər ay üçün 1.200 manat məbləğində pul cavabdeh Nazirlikdən onun xeyrinə tutulmalıdır.

46. İddiaçının bu tələbi ilə bağlı Məhkəmə qeyd edir ki, istintaq orqanın yuxarıda qeyd edilən cinayət işi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının barəsində aparılan cinayət təqibinə xitam verilmiş və o, həbsdən azad edilmişdir. Belə olan halda qəbul edilməlidir ki, iddiaçının əvvəlki işinə bərpa edilib-edilməməsi iddiaçıya münasibətdə işəgötürən təşkilatdan asılıdır və əgər həmin təşkilat iddiaçını əsas olmadan işə bərpa etmirsə, iddiaçı, həmin təşkilata qarşı müvafiq iddia ilə müvafiq məhkəməyə müraciət etməli və digər tələblər ilə yanaşı “məcburi iş buraxmaya görə əmək haqqının və vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” tələbi də həmin iddiaya daxil etməlidir.

47. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddianın bu hissəsini təmin etməməklə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır.

48. İddiaçı iddia ərizəsində eyni zamanda bildirir ki, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün xərc çəkmişdir ki, həmin xərcin əvəzi cavabdeh Nazirlikdən tutularaq ona ödənilməlidir.

49. Rayon Məhkəməsi bu tələbi sübuta yetməməsi əsası ilə təmin etməmişdir.

50. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu nəticəsi faktlar nöqteyinəzərindən düzgündür. Çünki iddiaçı qeyd edilən xərclərin onun tərəfindən qarşılanmasını təsdiq edə biləcək sübutları (məsələn: ödəniş qəbzlərini, kassa mədaxil çeklərini) Rayon Məhkəməsinə təqdim etməmişdir. Yuxarıda artıq qeyd edildiyi kimi (bax: bənd 44-ə) sübuta yetməyən tələb əsaslı hesab edilə bilməz.

51. Məhkəmə cavabdeh Nazirliyin apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Nazirlik iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. İşə baxmış Rayon Məhkəməsi dövlət büdcəsindən iddiaçının xeyrinə pulun tutulması barədə nəticəyə gələrkən iddiaçının əsassız cinayət təqibinə məruz qoyan təqsirkar şəxsləri müəyyən etməmişdir. Nazirliyinin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır.

52. Məhkəmə cavabdeh Nazirliyin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

53. Məhkəmə bildirir ki, hazırkı iş üzrə iddiaçı ilə cavabdeh Nazirlik arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdeh Nazirliyin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh Nazirlik tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Məhkəmə, həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. h) Apellyasiya baxışının nəticəsi

54. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı qismən təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Hər iki apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

55. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

56. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. (NƏTİCƏVİ HİSSƏ)

57. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 aprel 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar