Məhkəmə qərarları › İş №2(103)-5121/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5121/2021

01.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5121/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili-nümayəndəsi Vəkil Aftandil oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər X4 və Bakı şəhəri Cavabdeh2nə qarşı “alimentin əvəzləşdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(011)- 969/2021 saylı qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X4 və Bakı şəhəri Cavabdeh2nə qarşı “alimentin əvəzləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərk, tərəfindən oktyabr 2019-cu il tarixdən 2020-ci ilin aprel ayına qədər uşaqların təhsil haqqına görə və cavabdehin şəxsi hesabına köçürülmüş ümumilikdə 6096,50 manat məbləğində pul vəsaitinin iddiaçının əmək haqqından tutulan aliment məbləği ilə əvəzləşdirilməsi (çıxılması) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Rusiya Federasiyasının vətəndaşı Klimenko (Morozova) İrina Oleqovna ilə 2011-ci ildə rəsmi nikaha daxil olmuşdur. Nikahdan qızları 29.07.2012-ci il təvəllüdlü X5 və 04.10.2013-cü il təvəllüdlü X6 dünyaya gəlmişlər. Cavabdehin xəyanətindən xəbər tutduqdan sonra iddiaçı dərhal boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Xətai rayon Məhkəməsinin 2(011)-5104/2019 saylı, 04.10.2010-cu il tarixli qətnaməsi ilə İddiaçılə Klimenko (Morozova) İrina Oleqovna arasında 10.09.2011-ci il tarixdə bağlanmış nikah pozulmuş, 29.07.2012-ci il təvəllüdlü X5 və 04.10.2013-cü il təvəllüdlü X2 ataları İddiaçı yanında qalmaları qət edilmişdir. İddiaçının qızları 29.07.2012-ci il təvəllüdlü X5 və 04.10.2013-cü il təvəllüdlü X6 həm Azərbaycan Respublikasının, həm də Rusiya Federasiyasının vətəndaşları olmaqla 2 dövlətin vətəndaşlığına malikdirlər. Lakin, Klimenko (Morozova) İrina Oleqovna uşaqların Azərbaycan Respublikasının vətəndaşı olmaları ilə yanaşı, həm də Rusiya Federasiyasının vətəndaşları olmasından istifadə edərək, iddiaçıdan xəbərsiz uşaqların Rusiya pasportlarının dublikatlarını almış və iddiaçının razılığını almadan uşaqlarla birlikdə, birinci instansiya məhkəməsində araşdırma aparılan dövrdə, daha dəqiq desək 17.05.2019-cu il tarixdə Azərbaycan Respublikasını tərk etmişdir. Sərhəd məntəqəsində Klimenko (Morozova) İrina Oleqovna yalnız uşaqların Rusiya pasportlarını təqdim edərək, sərhəd xidmətinin əməkdaşlarına dolğun məlumat verməmiş və onları aldadaraq, uşaqların həm də Azərbaycan vətəndaşı olduqlarını və atanın, yəni iddiaçının razılığının olmadığını bildirməmişdir. İddiaçı razılıq vermədiyinə görə hətta uşaqların Azərbaycan Pasportları belə bu günə qədər mövcud deyildir. Bu hərəkətləri cavabdeh ata ilə qızlarını tam şəkildə birbirilərindən ayırmış və onların ünsiyyətinə maneə yaratmışdır. Uzun müddətdir ki, iddiaçı qızları ilə ünsiyyətdə ola bilmir və onları görə bilmir. Cavabdeh Xətai rayon Məhkəməsinin 2(011)-5104/2019 saylı, 16.09.2019-cu il tarixli qətnaməsindən vəkili vasitəsi ilə apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14349/2019 saylı, 25.12.2019-cu il tarixli qətnaməsi ilə Xətai rayon Məhkəməsinin 2(011)-5104/2019 saylı, 16.09.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, tərəflər arasında bağlanmış nikah pozulmuş, 29.07.2012-ci il təvəllüdlü X5 və 04.10.2013-cü il təvəllüdlü X2 anaları X3 yanında saxlanılması, alimentin 22.05.2019-cu il tarixdən hesablanmaqla, İddiaçı uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsində aliment tutulması qət edilmişdir. 2020-ci ilin aprel ayından başlayaraq qətnamə icra edilməyə başlanmışdır. Uşaqlar 17.05.2019-cu il tarixdən Rusiya Federasiyasında yaşadıqlarından iddiaçı hələ apellyasya məhkəməsinin qətnaməsi qəbul edilənə, o cümlədən qətnamə qəbul ediləndən sonra icraya yönəldilənə qədər özü cavabdeh X3 hesabına 04.10.2019cu il tarixdən 06.03.2020-ci il tarixinə qədər ümumilikdə 2350 manat pul ödəmiş. Bundan başqa iddiaçı Klimenko Alisanın məktəbi üçün 16.10.2019-cu il tarixdən 24.02.2020-ci il tarixinə qədər ümumilikdə 578,50 manat və Klimenko Nikanın bağçası üçün 02.12.2019-cu il tarixdən 06.03.2020- ci il tarixinə qədər 3168 manat məbləğində pul ödəmişdir. Beləliklə iddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14349/2019 saylı, 25.12.2019-cu il tarixli qətnaməsi onun iş yerinə icraya yönəldilənə qədər uşaqların saxlanması üçün ümumilikdə 6096,50 manat məbləğində pul ödəmişdir. Bu məbləğin əmək haqqından tutulmalar zamanı nəzərə alınmasına dair icra məməuruna müraciət edilsə də, Cavabdeh2 20.10.2020-ci il tarixli məktubu ilə cavab verilmişdir ki, məbləğlər təhsil haqqı üçün ödənilmişdir və tələbkar bu vəsaiti aliment kimi qəbul etmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(011)-969/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan bank hesabından çıxarışlardan görünür ki, İddiaçı qızı Klimenko Alisanın məktəbi üçün 16 oktyabr 2019-cu il tarixdən 24 fevral 2020-ci il tarixinə qədər ümumilikdə 578,50 (beş yüz yetmiş səkkiz manat elli qəpik) manat məbləğində pul vəsaitini məktəbin hesabına və Klimenko Nikanın bağçası üçün 02 dekabr 2019-cu il tarixdən 06 mart 2020-ci il tarixinə qədər 3168 (üç min yüz altmış səkkiz) manat məbləğində pul vəsaitini bağçanın hesabına 01 dekabr 2019-cu il tarixli müqavilə əsasında ödəmişdir. Cavabdeh İrina Klimenkonun adına olan bank kartına isə iddiaçı tərəfindən 2019-cu ilin oktyabr ayından 2020ci ilin mart ayına qədər 14 dəfəyə ümumilikdə 2350 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bu köçürmələrin demək olar ki, hər birinə dair məhkəməyə tərəflər arasında olan Whats app yazışmaları təqdim edilmişdir. Həmin yazışmalardan aşkar şəkildə görünür ki, pul vəsaitləri cavabdehin xahişi ilə uşaqların saxlanılması üçün köçürülmüşdür. Lakin, nədənsə məhkəmə təqdim edilmiş bu yazışmalara ümumiyyətlə istinad etməmişdir. İşdə kifayət qədər sübutlar olmasına baxmayaraq birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehin şəxsi hesabına ödənilmiş pul vəsaitlərinin məhz uşaqların saxlanılması üçün nəzərdə tutulmasının müəyyən edilmədiyini qeyd etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil Aftandil oğlu apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, iddiaçının nümayəndəsi-vəkilinin izahatını, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-14349/2019 saylı 25.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, ilkin iddianın tələbi qismən təmin edilməsi, İddiaçılə Klimenko (Morozova) İrina Oleqovnaya arasında 10.09.2011-ci il tarixdə Səadət Sarayında (Bakı Nikah Evində) 1714 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, qarşılıqlı iddia tələbinin təmin edilməsi, tərəflərin birgə nikahdan anadan olmuş 29.07.2012-ci il təvəllüdlü X5 və 04.10.2013-cü il təvəllüdlü X6 anaları X3 yanında saxlanılması, aliment 22.05.2019-cu il tarixdən hesablanmaqla, İddiaçı uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsində alimentin tutulması qət edilmişdir. X6 04.10.2013-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. X5 29.07.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən İddiaçı ünvanlanmış 33/234/4052 saylı 09.09.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı övladları X5 və X6 Rusiya Federasiyasının vətəndaşları olduğundan Azərbaycan respublikasının qanunvericiliyində övladlarının dövlət sərhədindən keçdiyi təqdirdə razılıq ərizəsinin tələb olunması nəzərdə tutulmadığından Rusiya Federasiyasının pasportu əsasında 17.05.2019-cu il tarixdə dövlət sərhədindən buraxılmışdırlar. “xxxx” ASC-nin əməkdaşı İddiaçı əmək haqqısından tutularaq Klimenko İrinanın hesabına ödənilmiş aliment məbləğləri haqqında məlumatdan görünür ki, sonuncu tutulma 29.01.2021-ci il tarixdə 4295,82 manat olmuş ümumilikdə İddiaçı cəmi 57562,58 manat məbləğində aliment pulu tutulmuşdur. Bakı şəhəri Cavabdeh2 20.10.2020-ci il tarixli 17/74- 16823/19 saylı İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, təqdim edilmiş sənədlərdə ödənilmiş pulların uşaqların təhsil haqqı üçün ödənilmiş məbləğlər olması müəyyən edilmişdir, tələbkar X7 ilə danışıqlar aparılmış və tələbkar həmin pulları aliment kimi qəbul etməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı tərəfindən cavabdehin şəxsi hesabına ödənilmiş pul vəsaitlərinin məhz uşaqların saxlanması üçün nəzərdə tutulmuş aliment ödənişlərinin olması iş materialları ilə müəyyən edilmədiyindən, həmçinin həmin ödənilmiş pul vəsaitləri iddiaçının öz sərbəst iradə ifadəsindən irəli gələn ödənişlər olduğundan və həmin ödənişlərin edilməsi ilə bağlı valideynlərə hər hansı qanunla müəyyən edilmiş məhdudiyyət və qadağa qoyulmadığından, göstərilən ödənişlər iddiaçı tərəfindən cavabdehə edilmiş aliment ödənişləri kimi qəbul edilə bilməz. Odur ki, iddia əsassız olduğundan, təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Uşaq hüquqlarına dair BMT Konvensiyası»nın 3-cü maddəsinə görə, məhkəmələr uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmə xüsusi ilə vurğulayır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Kollegiya hesab edir ki, iddiaçıdan cavabdehin hesabına tutulmalı olan məbləği Bakı Apelyasiya Məhkəməsinin 2(103)-14349/2019 saylı 25.12.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçının öz iradəsinə uyğun olaraq, cavabdehə pul vəsaiti ödənilməsi məhz aliment ödənilməsi kimi qiymətləndirilə bilməz. Bu iddiaçının sərbəst iradəsinə əsaslanır. Belə ki, qanunvericilik alimentin tutulması və ödənilməsi halları müəyyənləşdirib. Hazırkı mübahisədə isə həmin hallar müəyyən edilmir. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə dügün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdehin istinad etdiyi “Whats app” yazışmalarının mötəbərliyi qanunvericilikldə təsbit edilmiş qaydada müəyyən edilməmiş, həmin yazışmaların əldə edilmə mənbəyi rəsmiləşdirilməmiş və hər-hansı hüquqi qüvvəyə malik deyil. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iddiaçının formal mülahizələrinə əsaslanır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Kollegiya əlavə qeyd edir ki, iddiaçı bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının artan tələbatını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-nin 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(011)-969/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar