Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5144/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evinə sərf olunan vəsaitə görə pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-301/2022 saylı 18 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli AZ-İ 017235 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Zakirova Leyla Mustacab qızı nikaha daxil olmuş, bu barədə 102 saylı nikah akt qeydi tərtib olunmuş, nikaha daxil olduqdan sonra arvada Bayramova soyadı verilmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 3989\2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi təmin edilərək İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri Səadət Sarayında bağlanmış xx.xx.2003-cü il tarixli 102 saylı nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2003-cü il təvəllüdlü Bayramova Əzizə Hikmət qızının və xx.xx.2007-ci il təvəllüdlü Bayramova Banu Hikmət qızının analarının yanında saxlanması, hər ay hər bir uşağın saxlanması üçün 200 manat olmaqla cəmi 400 manat alimentin İddiaçı Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2- 2200/2005 saylı qətnaməsindən müəyyən olunur ki, ərizə təmin edilərək ərizəçi Zahirov Müstəcəb Ağaməmməd oğlunun, onun arvadı Cavabdeh1, qızı Cavabdeh2 Müstəcəb qızının və kürəkəni İddiaçı Bakı şəhəri 1 May qəsəbəsi 2-ci döngədə yerləşən 3 saylı evə yaşayış hüquqları tanınmaqla həmin evə qeydiyyata alınmaları qət edilmişdir. Qətnamədən daha sonra müəyyən olunur ki, ərizəçi Zahirov Müstəcəb Ağaməmməd oğlu Bakı şəhəri Binəqədi rayonu İHB-nin xx.xx.2003-cü il tarixli 187 saylı sərəncamına əsasən ona ayrılan Sumqayıt şossesinin kənarında, 1 May qəsəbəsi 2-ci döngədə yerləşən 600 m2 torpaq sahəsində öz şəxsi vəsaiti hesabına inşa etdiyi evin inşa işlərinin başa şatmasını, həmin evin iki mərtəbəli olmaqla 5 otaq, 2 dəhliz, 2 açıq eyvan, 1 mətbəx, 1 hamam tualet və həyətyanı sahədən ibarət olmasını bildirmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evinə sərf olunan vəsaitə görə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2003-cü il tarixdə Cavabdeh2 ilə nikaha daxil olmuş, nikahları 2021-ci ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən pozulmuşdur. O, cavabdehlə birgə nikah dövründə 2003-cü ildə ünvan 1 ünvanında cavabdehin anası olan Zahirə Adilovanın istifadəsində olan torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisi üçün işlərə başlamış, tikinti işlərinin aparılması üçün zəruri olan tikinti materiallarını öz hesabına almış, bununla bağlı zəruri işçi heyəti cəlb etmiş, işci heyətinin əmək haqqını ödəmiş, tikinti işləri 2006-cı ilin may ayında başa çatmışdır. Həmin torpaq sahəsində iki fərdi yaşayış evi inşa edilmişdir. Belə ki, Leylanın atası Mustacab özünə ümumi sahəsi 160 m2 olan ev inşa etmiş, o, isə qaynatasının evindən bir az kənarda sahəsi təxminən 300 m2 ev inşa etmişdir. Qaynatasının özünə sahəsi 160 m2 sahəsi olan evi, onlara isə sahəsi 300 m2 evi tikməsi inandırıcı deyildir. Halhazırda onun inşa etdiyi evin bazar dəyəri 500000 manata yaxındır. Ev inşa etdiyi vaxt onun özünün 6 həkimin işlədiyi tibbi klinikası olmuş, bundan başqa o, Tibb Universitetində işlədiyindən ev inşa etmək üçün kifayət qədər vəsaiti olmuşdur. Həmin vaxt onun mülkiyyətində iki təzə, xaricdə istehsal olunan nəqliyyat vasitəsi olmuşdur. O, da digər ailə üzvləri kimi həmin ünvana qeydiyyata alınmışdır. Hər iki evin sənədi olmadığından bir ünvanda yerləşir. Tikinti işləri 2003-2006-cıillərdə aparıldığından o, tikinti materialarının alınmasına dair hər hansı bir sənədi saxlamamışdır. Mərhum qaynatası ilə münasibəti yaxşı olduğundan torpağın pulu onun tərəfindən verilsə də, qaynatası torpağı öz adına almışdır. Həmin vaxt, həyat yoldaşına, qaynatasına inandığından sənədləşmənin öz adına aparılmasını tələb etməmişdir. O, 2006-2018-ci illərdə mübahisəli evdə həyat yoldaşı və övladları ilə birlikdə yaşamış, sonra həmin evdən təmirlə bağlı çıxmışlar. Bundan sonra həmin evin əsaslı təmirinə o, 40000 manat vəsait sərf etmişdir. Cavabdeh2 ilə onun arasında olan nikah münasibətləri 2020-ci ilin avqust ayından kəskinləşdiyi üçün, xx.xx.2020-ci ildən etibarən Cavabdeh2 onu evə buraxmır. Buna görə də o, bacısı Bayramova Sumarə Xalid qızına məxsus olan ünvan 2 ünvanda yerləşən evdə yaşamağa başlamış, cavabdeh isə hal-hazırdada onun övladları ilə birlikdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla onun tərəfindən inşa olunan həmin evdə yaşayır. O, bir necə dəfə birgə nikah dövründə onun tərəfindən inşa olunan yaşayış evinə daxil olmaq istəsə də, Cavabdeh2 tərəfindən evin giriş qapısının qıfılı dəyişdirildiyi üçün o, evə daxil ola bilməmişdir. Ona məxsus geyim əşyalarını cavabdeh bu yaxınlarda ona vermiş, şəxsi kitabxanası, elmi işi hal-hazırda da onun inşa etdiyi evdə qalmış və o, bu əşyalardan istifadə edə bilmir. Sözügedən yaşayış evi Cavabdeh2 ilə birgə nikah dövründə onun tərəfindən inşa edildiyindən həmin evin tikintisinə, materialların alınmasına sərf olunan vəsaitin ½ hissəsi də ona məxsus olduğundan cavabdeh tərəfindən törədilən maneələr onun mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Sözügedən fərdi yaşayış evinin tikintisinə və tikinti işlərinin aparılması üçün işci heyətinə o, ümumilikdə 150000 manat məbləğinlə pul sərf etmişdir. Cavabdeh2 mülkiyyətində hal-hazırda 2012-ci il buraxılışlı olan Jeep Grand Cherokee markalı 9-CN-701 dövlət qeydiyyat nişanlı və 2013cü il buraxılış ili olan Honda CR-V model **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri mövcuddur. Eyni zamanda cavabdeh rəsmi əmək müqaviləsi əsasında əmək fəaliyyəti ilə məşğul olmaqla əmək haqqı alır. Onun isə hər hansı bir əmlakının olmaması ilə yanaşı hal-hazırda rəsmi gəlirləri də yoxdur.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-301/2022 saylı 18 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh2 75000 manatın İddiaçı xeyrinə tutulması, Cavabdeh2 ekspertiza tədqiqatının dəyərinə görə 50 manatın dövlət nəfinə tutulması, İddiaçı ekspertiza tədqiqatının dəyərinə görə 50 manatın dövlət nəfinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsin 32.1, 32.2, 32.3, 36.1, 36.3, 36.4, 37.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qetnamə qebul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından da məlum olur ki, çəkişməyə səbəb olan mülk nikah dövründə ər və arvadın qazandıqları əmlak deyil. Evin əsl sahibi M.A.Zahirovdur. Bu səbəblə məhkəmə çıxardığı qətnamədə haqsızdır. İddiaçı tərəf ona məxsus olmayan, payı olmayan mülkdən hissə istəyərək haqsız qazanc əldə etməyə çalışır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Ər-arvadın birgə nikah dövründə inşa etdikləri tikiliyə sərf etdiklər pul vəsaiti isə ərarvadın ümumi vəsaitinin daşınmaz əşyada maddiləşmiş formasıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh2 atası Zahirov Müstəcəb Ağaməmməd oğluna Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü iltarixli 187 saylı sərəncamına əsasən, Sumqayıt şossesi kənarında Rifah BC-yə məxsus olan sahədən 600 m2 torpaq sahəsi ayrılmışdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, ünvan 4 ünvanında ikiədəd təcrid olunmuş fərdi yaşayış evləri inşa edilmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, Zahirov Müstəcəb Ağaməmməd oğlu məhkəməyə müraciət etmiş və onun ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-2200/2005 saylı qətnaməsinə əsasən təmin edilərək Zahirov Müstəcəb Ağaməmməd oğlunun, onun arvadı Cavabdeh1, qızı Cavabdeh2 Müstəcəb qızının və kürəkəni İddiaçı Bakı şəhəri 1 May qəsəbəsi 2-ci döngədə yerləşən 3 saylı evə yaşayış hüquqları tanınmaqla həmin evə qeydiyyata alınmaları qət edilmişdir. Cavabdehlər etirazlarında ünvan 3 ünvanında inşa olunmuş B literli yaşayış evinin mərhum Zahirov Müstəcəb Ağaməmməd oğluna məxsus vəsait hesabına inşa edildiyini bildirmişdirlər. Məntiqi nəzərdən yaxınlaşacaq olsaq bir şəxsin 150000 manat pul vəsaiti xərclədiktən sonra həmin əmlakın mülkiyyətinin ona aid olması barədə hər hansı sənəddə qeydiyat aparmaması heçdə məntiqə uyğun, ağlasığan hərəkət deyil. İddiaçı tərəfin ali savadlı mötəbər bir həkim olmasını və illərlə digər peşəkar həkimlərə rəhbərlik etməsi kimi amilləri nəzərə alınsa bu qədər vəsaiti xərclədikdən sonra mülkin ona aidiyyətinə dair qeydiyyat aparmadan sadəcə xoş münasibətə güvənməsi heçdə inandırıcı deyil. Cavabdeh tərəf olaraq bildiriri ki, məhkəmə tərəfindən çıxarılmış qətnamə qanunsuzdur. Belə ki, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlib ki, məhkəmə araşdırması zamanı ünvan 6 ünvanında inşa olunmuş B literli yaşayış evinin İddiaçıla Cavabdeh2 birgə nikah dövründə, birgə vəsaitləri hesabına inşa edilməsi, evin inşasına 150240 manat sərf edilməsi müəyyən edildiyindən, iddiaçı bu vəsaitin 150000 manat olmasını iddia etdiyindən, Cavabdeh2 işləməsi və ya mülkiyyətində nəqliyyat vasitələrinin olması halı tərəfərin birgə nikah dövründə əldə etdikləri əmlakın bölgüsü aparılarkən bölgünün bərabər aparılmaması üçün əsas ola biləcək hal olmadığından iddia ərizəsi qismən təmin edilərək Cavabdeh2 birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evinə sərf olunan vəsaitə görə 75000 manat alınaraq İddiaçı verilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Yuxarıda da qeyd olunduğu kimi İddiaçı məxsus çəkişmə məsələsi olan ev ilə bağlı heçbir əmlak sənədi mövcud deyildir. Bütün bunları nəzərə almadan Məhkəmə qanuna uyğun olmayan qətnamə çıxarmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
15. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
16. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə.
17. 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
18. 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
19. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
20. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
21. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
22. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.
23. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, iddia tələbi təmin olunmayan hissəsində qətnamə mübahisələndirmədiyindən hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-301/2022 saylı 18 may 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Cavabdeh2 atası Zahirov Müstəcəb Ağaməmməd oğluna Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 187 saylı sərəncamına əsasən, Sumqayıt şossesi kənarında Rifah BC-nə məxsus olan sahədən 600 m2 torpaq sahəsi ayrılmışdır. Daha sonra ünvan 4 ünvanında iki ədəd təcrid olunmuş fərdi yaşayış evləri inşa edilmişdir. Zahirov Müstəcəb Ağaməmməd oğlu məhkəməyə etmiş və onun ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-2200/2005 saylı qətnaməsinə əsasən təmin edilərək Zahirov Müstəcəb Ağaməmməd oğlunun, onun arvadı Cavabdeh1, qızı Cavabdeh2 Müstəcəb qızının və kürəkəni İddiaçı Bakı şəhəri 1 May qəsəbəsi 2-ci döngədə yerləşən 3 saylı evə yaşayış hüquqları tanınmaqla həmin evə qeydiyyata alınmaları qət edilmişdir.
34. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, Cavabdeh apellyasiya şikayətində ünvan 7 ünvanında inşa olunmuş B literli yaşayış evinin mərhum Zahirov Müstəcəb Ağaməmməd oğluna məxsus vəsait hesabına inşa edildiyini bildirsələr də, bu halı təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmiş, bu hal məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla da öz təsdiqini tapmamışdır. Belə ki, tərəflərin izahatı, şahid ifadələri, qanuni qüvvəsini alan məhkəmə aktı ilə müəyyən olunmuşdur ki, ünvan 7 ünvanında inşa olunmuş B literli yaşayış evi İddiaçı və Cavabdeh2 birgə nikah dövründə, birgə vəsaitləri hesabına inşa edilmiş, fərdi yaşayış evinin inşa edilməsi üçün ustaları, fəhlələri İddiaçı dəvət etmiş, görülən işlərin dəyərini, alınan tikinti materiallarının dəyərini İddiaçı ödəmişdir. Bu səbəbdən də M.A. Zahirov ərizə ilə məhkəməyə müraciət etmiş, ailə üzvləri ilə birlikdə İddiaçı da, həmin ünvana yayış hüququnun tanınmasını, qeydiyyata alınmasını məhkəmədən xahiş etmiş və onun müraciəti təmin edilmişdir.
35. Kollegiya apellyasiya şikayətinin digər dəlilinə münasibətdə qeyd edir ki, 2003-2006-cı illərdə aparılan tikinti işlərinin ünvanını şahidlərin xatırlamaması müddət baxımından təbii haldır. Eyni zamanda bu şahidlər hər biri tikintiyə iddiaçı tərəfindən dəvət olunmalarını, gördükləri işin dəyərinin onlara iddiaçı tərəfindən ödənilməsini, tikintidə sərf olunan materialların iddiaçı tərəfindən şifariş edilərək alınmasını, onlara iddiaçıdan başqa hər hansı bir şəxsin pul vermədiyini təsdiq etmişlər. Cavabdehin vəsatəti əsasında dindirilən şahid ifadələrinə münasibət isə kollegiya qeyd edir ki, cavabdehlərdən birinin oğlu, digərinin qardaşı olan İ.M.Zahirov hər iki evin mərhum atası və onun tərəfindən inşa olunmasını bildirsə də, daha sonra ifadəsini dəyişib tikinti işlərində birbaşa iştirak etmədiyini, tikintiyə nəzarət etmədiyini bildirmişdir. Şahid N.V.Hümbətov isə B literli yaşayış evində yalnız pəncərələri quraşdırmasını, buna görə ona işlədiyi şirkətdən əmək haqqı verilməsini bildirmişdir.
36. Göründüyü kimi, apellyasiya şikayətində qeyd olunanlar işin yuxarıda qeyd edilən halları ilə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-301/2022 saylı 18 may 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.