Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5145/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(011)-2278/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahlarından doğulmuş 27.12.2011-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli 2(011)-5335/2018 saylı qətnaməsi ilə ondan cavabdehin xeyrinə tutulan 154 manat alimentin miqdarının azaldılaraq 85 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı heç yerdə işləmir, cavabdehdən boşandıqdan sonra yeni nikaha daxil olmuş və həmin nikahdan iki uşağı var. Hesab edir ki, uşaqları saxlamaq hər iki valideynin borcudur, bir uşağın yaşayışı üçün zəruri olan minimum məbləğ 170 manat olduğu üçün həmin məbləğin yarısı onun, yarısı anası tərəfindən ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(011)-2278/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla işə baxılarkən maddi hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı isə teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Lakin iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etmədiyinə görə məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin də iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(011)-2278/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sübutlardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli 2(011)-5335/2018 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilərək, 27.12.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Təqdim olunmuş nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı 04.02.2014-cü ildə yeni nikaha daxil olmuş və bu nikahdan 2014 və 2015-ci il təvəllüdlü iki övladı anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin tələblərinə əsasən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduqda alimentin miqdarı məhkəmə qaydasında dəyişilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 iyun 2018ci il tarixli 2(011)-5335/2018 saylı qətnaməsi ilə alimentin miqdarı hər ay 154 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi cavabdehin üzərinə düşdüyündən, bu, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi iddiaçıdan tutulmasına əsas verir. Eyni zamanda, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan əlavə, iddiaçının ikinci dəfə ailə həyatı qurması, həmin nikahdan iki uşağının dünyaya gəlməsi onun əvvəlki nikahdan doğulmuş uşağın saxlanması vəzifəsindən azad etmir. Çünki uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi iddiaçının da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən, alimentin miqdarının azaldılması uşaqların mənafeyinə zidddir. Bundan əlavə, iddiaçının ailə vəziyyətində dəyişiklik kimi qeyd etdiyi hallar (yeni nikaha daxil olması, həmin nikahdan iki uşağının doğulması) alimentin miqdarının 154 manat miqdarında müəyyən olunması barədə 20 iyun 2018-ci il tarixli qətnamənin çıxmasından bir neçə ilə əvvəl baş vermişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən, ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı halda iddianın qiyməti (154-85)x12=828 manat olmaqla iki min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(011)-2278/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5145/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5145/2021
08.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver