Məhkəmə qərarları › İş №2(103)-5149/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5149/2020

18.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5149/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, X13 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(002)-808/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «alimentin miqdarının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək,məhkəmə qətnaməsi ilə 3 uşağa görə iddiaçıdan tutulan (cəmi 160 x 3 = 480 manat) alimentin miqdarının azaldılaraq, hər uşağa görə hər ay 60 manat, cəmi 180 manat həddində müəyyən olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahından xx.xx.2016cı ildə Xəyal, xx.xx.2017-ci il tarixdə Fəray, xx.xx.2018-ci il tarixdə isə Aqşin adında 3 uşaqları dünyaya gəlmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli qətnamələri ilə uşaqların hər birinə hər ay 118 manat, cəmi 236 manat aliment kəsilmişdir. 2018-ci ilin oktyabr ayında sabiq yoldaşı, öz anası ilə birgə onu öz evlərindən qovmuş və o, məcburiyyət qarşısında qalaraq Kürdəmir rayonunun Dayıkazımlı kəndinə-atası evinə geri dönmüşdür. Bir müddət sonra, valideynləri və kəndin bir neçə ağsaqqalı, cavabdehin valideynlərinin yanına barışıq üçün getsələr də, heç bir müsbət nəticə əldə olunmamışdır. Sabiq arvadı xx xxxxxx 2018-ci ildə anadan olmuş 3-cü uşağa görə alimentin təyin olunması və əvvəlki iki uşağa təyin olunmuş alimentin miqdarının artırılması tələbi ilə, yenidən məhkəməyə müraciət etmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə alimentin hər uşağa görə hər ay 160 manat (cəmi 480 manat) tutulması qət edilmişdir. O, hazırda X8 Təmir- Tikinti İdarəsində fəhlə işləyir və ayda 250 manat əmək haqqı alır. Bundan başqa heç bir kənar yerdən gəliri yoxdur. Bu səbəbdən də hesab edir ki, alimentin məbləği azaldılmalı, cəmi 125 manat müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(002)- 808/2020 saylı qətnaməsi ilə (hakim Gülnar Əhmədova) iddia qismən təmin olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tutularaq Cavabdeh ödənilən alimentin miqdarının dəyişdirilərək, İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X2, xx xxxxxx 2018-ci il təvəllüdlü X3 və xx xxxxx 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşağa görə 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyirnə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, alimentin miqdarının əmək haqqına uyğun müəyyən olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənələr uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, alimenti ödəməyə maddi imkanının çatmamasını və s. göstərmiş, məhkəmə kollegiyasından şikayətin təmin olunması xahiş edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə baxışında iştirak etmiş cavabdeh apellyasiya şikayətini əsassız sayaraq, təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, lakin cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «X7» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «X7» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «X7 Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 58.2.-ci maddəsinə əsasən valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi,istər daxili,istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarədəri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. İşdən görünür ki, Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən, xx xxxxxx 2016-cı il təvəllüdlü X2 və xx xxxxx 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli və xx.xx.2017-ci il tarixli qətnamələri ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh İddiaçı Cavabdeh xeyrinə xx xxxxxx 2016-cı il təvəllüdlü X2 və xx xxxxx 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən hər uşağa görə hər ay 160 manat, cəmi 320 manat miqdarında sabit pul məbləğində aliment tutulması, xx xxxxxx 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İşdə olan X8 X9 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixindən X8 X6 müvəqqəti olaraq yol fəhləsi vəzifəsində işləyir və onun aylıq əmək haqqı 250 manat təşkil edir. Birinci instansiya məhkəməsi işin hallarını və iddiaçının maddi vəziyyətini nəzərə alaraq əvvəlki qətnamə ilə müəyyən olunmuş alimentin miqdarını dəyişdirərək hər bir uşaq üçün 110 manat olmaqla, cəmi 330 manat həddində müəyyən etmişdir. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh qətnaməni mübahisələndirmədiyindən, məhkəmə kollegiyası yalnız iddiaçının apellyasiya şikayəti həddində (yəni, alimentin miqdarının daha da azaldılması istiqamətində) işə baxmağa mümkün sayır. Qeyd edilməlidir ki, “X7” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında»Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 170manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi,yaşayış minimumu özündə insanın sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri ehtiyacları müəyyənləşdirmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər isə onu bir valideyn kimi uşaqlarını saxlamaq vəzifəsində azad etmir. Eyni zamanda,apellyasiya şikayətinə əsasən alimentin miqdarının daha da azaldılması azyaşlıların mənafeyinə uyğun olmamaqla,onların saxlanılması üçün yetərli sayıla bilməz. Beləliklə,məhkəmə kollegiyası işin faktiki hallarını,qanunvericiliyin qeyd edilən normalarını və azyaşlı uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki,apellyasiya şikayətinin dəlilləri alimentin miqdarının azaldılmasına əsas ola bilməz. İddiaçı apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(002)-808/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(002)- 808/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (iddiaçıya münasibətdə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar