Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5164/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızının və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(001)-3491/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ərizə ilə müraciət edərək işə mahiyyəti üzrə baxılıb yekunlaşanadək müvəqqəti aliment tutulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(001)- 3491/2022 saylı qərardadı ilə (hakim Səadət Səlimova) ərizə təmin edilərək, xx.xx.2022-ci il tarixdən başlayaraq məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat aliment tutulması qərara alınmışdır. Cavabdeh qeyd edilən qərardaddan şikayət vermiş, şikayəti – qərardadın əsassız olması, uşaq üzərində olan atalığını mübahisələndirməsi, bu səbəbdən də müvəqqəti alimentin tutulmasının qanunsuz olması və s. kimi əsaslandırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası, məruzəni dinləyib, şikayətlərin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Ailə Məcəlləsinin 58.2.-ci maddəsinə əsasən valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 100.2-ci və 101.1-ci maddələrinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında qeyd olunmuşdur ki, nikahın pozulması və aliment tələbinə dair işə baxılması ər-arvada barışıq üçün vaxt verilməsi ilə əlaqədar olaraq təxirə salındıqda məhkəmə cavabdehin uşağın saxlanmasında iştirak edib-etmədiyini aydınlaşdırmalı və əgər cavabdehin bu vəzifəni yerinə yetirmədiyini müəyyən edərsə Ailə Məcəlləsinin 101-ci maddəsinin tələbinə müvafiq olaraq mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək alimentin müvəqqəti tutulması barədə qərardad çıxara bilər. Bu qərardad dərhal icra edilir və şikayət verilməsi onun icrasını dayandırmır. Baxılan işdən görünür ki, iddiaçının cavabdehə qarşı alimentin tutulması tələbinə dair iddiası vardır. Həmçinin, işdə olan doğum haqqında və atalığın müəyyən olunması barədə şəhadətnamələrdən görünür ki, cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X2 atası, iddiaçı isə anası kimi qeyd olunmuşdur. Cavabdeh şikayətin dəlili kimi uşaq üzərində olan atalığını mübahisələndirməsini bidirsə də, bu hal müvəqqəti alimentin müəyyən olunmasını istisna etmir. Çünki, hazırki vaxtda cavabdeh uşağın atası kimi tanınmışdır və bunun əksi barədə işdə hər hansı sübut yoxdur. Məhkəmə kollegiyası, cavabdehdən tutulmalı olan müvəqqəti alimentin miqdarı hissəsində də rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-cu il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, yaşayış minimumu özündə insanın sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri ehtiyacları müəyyənləşdirmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər isə onu bir valideyn kimi uşağını saxlamaq vəzifəsində azad etmir. Məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti alimentin məbləğini ölkə üzrə uşaqlar üçün aylıq minimum dolanacaq xərclərinə uyğun məbləğdə müəyyən etməklə qanunvericiliyin tələblərini pozmamışdır, həmçinin həmin məbləğ uşaqların üstun mənafeyinə də uyğundur. Məhkəmə kollegiyası, xüsusilə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə müəyyən edilən alimentin məbləği hazırki vəziyyətdə müvəqqəti xarakter daşıyır və işə mahiyyəti üzrə baxıldıqdan sonra qəbul ediləcək yekun məhkəmə aktı ilə alimentin məbləği bir daha müəyyən olunacaqdır. Yəni, iddiaçının şikayətdə göstərdiyi dəlillər əsasən məhkəmə baxışının predmeti olmaqla onlara təqdim ediləcək sübutlar əsasında hüquqi qiymət verilə və məhkəmə baxışının nəticəsinə görə alimentin qəti miqdarı müəyyən oluna bilər. Alimentin hazırki məbləği isə müvəqqəti olmaqla, işə baxılanadək uşaqların saxlanılmasına xidmət edir. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(001)-3491/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(001)- 3491/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5164/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5164/2022
08.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver