Məhkəmə qərarları › İş №2(103)-5165/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5165/2022

22.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5165/2022 22.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-908/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.İddiaçı Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə rəsmi nikah bağlanmışdır. Birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X3 adlı uşaqları vardır. Hazırda münasibətləri pozulmuş və ayrı yaşayırlar. Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində alimentin, uşağın üç yaşına çatana kimi əlavə 100 manat məbləğində alimentin və 60 manat mediatora ödədiyi rüsumun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Tələbində göstərir ki, cavabdehlə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan bir uşağı - xx.xx.2021-ci il təvəllüdlü X3 doğulmuşdur. Cavabdehlə münasibətləri pozulmuşdur, hazırda ondan ayrı yaşayır, heç bir yerdə işləmir, rəsmi gəliri yoxdur. Hesab edir ki, cavabdeh uşağın saxlanılmasında borclu olduğundan ondan aliment tutulmalıdır.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-908/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi (hakim Şəhla Süleymanova) ilə iddia qismən təmin edilərək 29 oktyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin və 29 oktyabr 2021-ci il təvəllüdlü X3 3 yaşına çatana kimi hər ay 50 manat pulun tutularaq İddiaçı ödənilməsi; iddiaçı tərəfindən mediatora ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi; Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 43 (qırx üç) manat məbləğində pulun tutulması; qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edildiyini nəzərə alaraq X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçü hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi müəyyən edilməlidir.

6. Ailə Məcəlləsinin 84.1, 84.2, 84.2.2-ci maddələrinə əsasən iddia tələbi bu hissədə qismən təmin edilərək 29 oktyabr 2021-ci il təvəllüdlü X3 3 yaşına çatana kimi hər ay 50 manat pulun tutularaq İddiaçı ödənilməsi müəyyən edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş edərək şikayətində göstərir ki, o, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmamışdır. Məhkəmə bildirişləri yalnız onun qeydiyyatda olduğu ünvan 1 ünvanda yaşamır. Cavabdeh lazımi qaydada məlumatlandırılsaydı, məhkəmə iclasında iştirak edərək azyaşlı Nihadın onun uşağı olmadğını bildirər, qarşılıqlı iddia verərək atalığı mübahisələndirə bilərdi.Çünki, özünü uşağın bioloji atası hesab etmir, ona görə ki, uşaq süni mayalanma yolu ilə anadan olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri.

8.İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etdi və etirazda göstərilir ki, apellyasiya şikayəti əsassız və qanunsuz olduğundan rədd olunmalıdır. Çünki, məhkəmə dəfələrlə cavabdehi məhkəmə prosesinə cəlb etmişdir. Məhkəmənin yeri və vaxtı barədə tərəfə rəsmi “SMS” və telefon vasitəsilə məlumat verilmiş, lakin cavabdeh iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

10. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi hüquq normaları:

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 22.2-ci və 22.2.1-ci və 22.2.2. Məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqdauşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ikidə bir hissəsi miqdarında aliment tutulur. Maddə 78.1 və 78.2. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 85.1 və 85.1.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən(arvaddan)aliment ödəməyi tələb etmək hüququna malikdir: hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində keçmiş arvad.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarı:

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd).

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarı.

“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

14.«Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanunu.

«Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

17. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

21. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

23. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işlə bağlı faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır.

24. Cavabdehin göstərdiyi dəlillər onu azyaşlı uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdiyi dəlillər alimentin rədd edilməsi üçün əsas ola bilməz. Çünki, cavabdeh özünü uşağın bioloji atası hesab etmirsə bununla əlaqədar ayrıca məhkəmə icraatında bunu mübahisələndirə bilər. Uşağın süni mayalanma yolu ilə doğulması halı da həqiqi olsa belə buda aliment tələbinin rədd edilməsi üçün əsas deyil. Qeyd olunduğu kimi tərəflər rəsmi nikahda olmuş və doğum akt qeydində və doğum haqqında şəhadətnamədə də təbii ki, ata kimi cavabdeh qeyd olunmalıdır. Azərbaycan Respublikasında 2022-ci il üçün müəyyən olunmuş bir uşaq üçün yaşayış minimumu 193 manat olmuşdur. Ona görə də hansısa maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasından söhbət gedə bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.

25. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir.

26. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmadığını göstərsə də bu hal iş materialları ilə təsdiq olunmur. Çünki, məhkəmənin cavabdehi məlumatlandırılması iddiaçının izahatı, həm də SMS bilidirişin ona göndərilməsi və çatdırılması ilə təsdiq olunur(bax.i.v.33).Ümumiyyətlə qeydiyyatda olduğu yerdə yaşamayan şəxs yaşadığı yer barədə məhkəməyə məlumat verməlidir. Ona görə də bu dəlillərdən istifadə edilməsi onların əsaslı olmasına dəlalət etmir.

27. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-908/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-908/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar