Məhkəmə qərarları › İş №2(103)-517/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-517/2020

17.06.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-517/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), x1və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxxxxxxx” ASC-nin nümayəndəsi və vəkili x2, nümayəndəsi x3 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxx” ASC-yə qarşı “kredit və ipoteka müqavilələrinin ləğvi, artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, onunla cavabdeh “xxxxxxxxx” ASC arasında bağlanmış 30.05.2012-ci il tarixli, **********12 nömrəli kredit xətti müqaviləsinin və həmin kredit müqaviləsi üzrə hesablanmış cərimə borcunun ləğv olunması, müqavilə şərtlərindən artıq ödədiyi pul vəsaitinin cavabdehdən tutulub ona qaytarılması, cavabdehlə bağlanılmış 30.05.2012-ci il tarixli, 132001\0184\09 nömrəli ipoteka müqaviləsinin ləğv olunması və “xxxxxxxxx” ASC qarşısında ipoteka ilə yüklü edilmiş xüsusi mülkiyyətində olan İsmayıllı şəhəri, N.Nərimanov küçəsindəki 16 saylı fərdi yaşayış evinin ipoteka öhdəliklərindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilərək, tərəflər arasında bağlanmış 30.05.2012-ci il tarixli kredit xətti müqaviləsinin və həmin müqavilə üzrə hesablanmış cərimə borcunun ləğv olunması, cavabdeh “xxxxxxxxx” ASC-dən artıq ödənilmiş 16.072,61 manat məbləğində pulun alınaraq, İddiaçı ödənilməsi, 30.05.2012-ci il tarixli, 132001/0184/09 nömrəli ipoteka müqaviləsinin ləğv olunması və “xxxxxxxxx” ASC qarşısında ipoteka ilə yüklü edilmiş iddiaçının xüsusi mülkiyyətində olan İsmayıllı şəhəri, N.Nərimanov küçəsindəki 16 saylı fərdi yaşayış evinin ipotekasına xitam verilməsi, ekspertiza tədqiqatının dəyəri kimi cavabdehdən 145 manat tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh “xxxxxxxxx” ASC, apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə tərəfindən təyin edilmiş mühasibatlıq ekspertizasının rəyində hesablamalar aparılarkən 30.05.2012-ci il tarixli kredit xətti müqaviləsinin şərtləri nəzərə alınmamışdır. Ekspert rəyində göstərilir ki, ödənilən vəsait tam şəkildə ödəniş edilən gün ilk növbədə faiz borcundan, sonra isə əsas borcdan olmaqla silinir. Müqavilə üzrə kreditləşmə müddəti bitdikdən sonra ekspert nə faiz, nə də əldən çıxmış faydanı hesablamamışdır. Bundan başqa, ekspertiza qarşısında cərimə borcu barədə sual qoyulsa da, ekspert tərəfindən cərimənin hesablanıbhesablanmamasına heç bir münasibət bildirilməmişdir. Əsas fərq elə bu məqamlara görə yaranmışdır. Məsələn: 18.08.2016-cı il tarixində edilmiş 652 manat ödənişdən 107,17 manat əldən çıxmış fayda üzrə borcdan, 84,61 manat cərimə borcundan, 460,22 manat isə vaxtı keçmiş əsas borcdan silinmişdir. Ödənilən məbləğin belə qaydada silinməsi müqavilə şərtlərinə tam uyğun olmuşdur. Ekspert rəyində isə ödənilən məbləğin (652 manat) tam şəkildə əsas borcdan silindiyi göstərilmişdir. Yəni, ekspert, hesablamalarını kredit müqaviləsinin şərtlərinə uyğun olaraq aparmamış, faktiki olaraq öz üzərinə məhkəmə funksiyasını götürərək, iddiaçını kredit müqaviləsi üzrə faiz və cərimə ödəmək öhdəliyindən azad edərək, ödənişlərin hamısını əsas borcdan silmişdir. Nəticədə, belə uyğunsuzluqlara görə yekun məbləğlərdə fərq yaranmışdır. Ekspert tərəfindən əldən çıxmış fayda üzrə (2.426,39 manat) və cərimə üzrə ödənilən (1.990,28 manat) ödənilən məbləğlər nəzərə alınmamışdır. Ekspert rəyində cərimə faizlərinin və əldən çıxmış faydanın hesablanması ümumiyyətlə göstərilməmişdir. Xüsusən vurğulanmalıdır ki, ekspert öz rəyində borcu 30.05.2016-cı il tarixə göstərir, halbuki, tərtib etdiyi cədvəldə həmin tarixdən sonra aparılmış ödənişləri də nəzərə alır. Göstərilən tarixə (30.05.2016-cı il) ümumi borc 11.173,95 manat təşkil etmişdir ki, onun 11.000 manatı vaxtı keçmiş əsas borc məbləğindən, 173,95 manatı isə faizlər üzrə borc məbləğindən ibarətdir. Bu tarixdən sonra aparılmış ödənişlər həm faiz borcundan, həm əsas borcdan, həm cərimədən, həm də əldən çıxmış fayda üzrə borcdan silinmişdir. Ekspert tərəfindən bu fakt nəzərə alınmamışdır. Ekspert tərəfindən hesablamaların düzgün aparılmaması, ekspertin işə bu cür səhlənkarlıqla yanaşması səbəbindən əsas borc qalığı ilə faiz borcunun rəydə göstərilmiş əsas borc və faiz borcunun məbləğlərinin bir-birindən kəskin fərqləndiyindən təkrar ekspertiza keçirilməsi üçün əsas var. Bundan əlavə, məhkəmə kobud səhvə yol verərək, iddia tələbindən kənara çıxmışdır. Belə ki, iddiaçı, iddia ərizəsində 01.06.2018-ci il tarixə kimi 13.555 manat ödədiyini və cavabdeh qarşısında bütün borc öhdəliklərini bağladığını qeyd etmişdir. Məhkəmə isə, iddia tələbindən kənara çıxaraq, 13.555 manat pul vəsaitinin də Bankdan tutulması qənaətinə gəlmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı, müqavilə müddəti bitdikdən sonra 13.555 manat pul vəsaiti ödəmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən müqavilənin müddətinin bitməsi, tərəflərin öhdəliklərinin xitamına səbəb olmur. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Tərəflər arasında bağlanmış kredit müqaviləsində isə müqavilənin qüvvədə olma müddətinin qurtarmasının tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olması barədə şərt yoxdur. Belə olan halda, məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etmədiyi aşkardır. Bundan başqa, cavabdeh ekspert rəyi ilə razılaşılmasa da, məhkəmə ekspert rəyini əsas götürərək qətnamə qəbul edərkən yenə də kobud səhvə yol vermişdir, belə ki, ekspert rəyində iddiaçı tərəfindən artıq ödənilmiş məbləğ 2.517,61 manat müəyyən edilsə də, məhkəmə 13.555 manat naməlum borc çıxarmışdır. Başqa sözlə, məhkəmə, əsas borcun ödənilməsini də “artıq ödənilmiş pul vəsaiti” kimi göstərmişdir. Halbuki, əsas borc məbləği, ümumiyyətlə, mübahisə mövzusu olmamış və iddia tələbini təşkil etməmişdir. Əksinə, iddiaçı, həmin məbləği özünün Bank qarşısında öhdəliklərinin icrası üçün ödədiyini etiraf etmişdir. Şərh edilənlərdən də görünür ki, məhkəmə, mübahisəni tərəflər arasında sərbəst iradə ifadəsinə əsaslanan müqavilə şərtlərinə uyğun həll etməmişdir; müqavilənin müddətinin bitməsini həmin müqavilə üzrə öhdəliklərə xitam verilməsi kimi səhv nəticəyə gəlmişdir; iddia tələbindən kənara çıxaraq, mübahisə mövzusu olmayan və ola da bilməyən əsas borc məbləğinin ödənilməsini “artıq ödənilmiş pul vəsaitləri” kimi qiymətləndirmişdir; ekspertin hesablamalarının müqavilə şərtlərinə uyğun aparılmadığının fərqinə varmamış, təkrar ekspertizanın keçirilməsi barədə, Bankın şifahi vəsatətini təmin etməyərək prosessual pozuntuya yol vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri, şikayətin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını xahiş etdilər. İddiaçı isə, apellyasiya şikayətinə etiraz təqdim edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki,“xxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış 30.05.2012-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı illik 19% hesabı ilə 48 ay müddətinə 16.000 manat məbləğində kredit xətti açılmışdır. Eyni tarixli ipoteka müqaviləsi ilə Əhməd Qardaşov xüsusi mülkiyyət hüququ ilə özünə məxsus İsmayıllı şəhəri, N.Nərimanov küçəsi, ev 16 ünvanında yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 48,2 kv.m yaşayış, 45,5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü edərək, İddiaçı Bank qarşısında öhdəliklərinin icrasına təminat vermişdir. 05.05.2016-cı il tarixdə İddiaçı ərizə ilə müraciət edərək, kredit müqaviləsinin müddətinin 18 ay müddətinə artırılmasını xahiş etmiş və BKK-nin 24.05.2016-cı il tarixli 37 saylı protokolundan çıxarışa əsasən, 30.05.2012-ci il tarixli kredit xətti müqaviləsinin restrukturizasiya olunaraq: 1) kredit xətti müqaviləsi üzrə əsas və faiz borcun qalığı cəmləşdirilərək, müddətli kreditə çevrilməsinə; 2) kredit müqaviləsinin müddətinin 18 ay artırılaraq, 66 aya çatdırılmasına; 3) yeni ödəniş cədvəlinin tərtib edilməsinə (annutitet qrafikə əsasən–707,07 AZN); 4) kredit müqaviləsi üzrə təminat qismində çıxış edən Əhməd Qardaşova məxsus İsmayıllı şəhəri, N.Nərimanov küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus İsmayıllı şəhəri, R.Bədəlov küçəsi, ev 8 ünavanında yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evi ilə əvəz olunmasına qərar verilmişdir. Bankın 25.07.2016-cı il tarixli məktubundan görünür ki, İddiaçı 19.07.2016-cı il tarixə ümumi borcu 11.059,68 manat təşkil edir (10.838,40 manat əsas borc, 221,28 manat faiz borcu). İddiaçı, 16.09.2016-cı il tarixli məktubla müraciət edərək, BKK-nin 24.05.2016-cı il tarixli protokolundan çıxarışın ilk 3 bəndi ilə razı olduğunu, lakin özündən asılı olmayan səbəbə görə 4-cü bəndin, yəni ipoteka predmetinin ona məxsus fərdi yaşayış evi ilə əvəz edilməsinin mümkün olmadığını bildirmiş və 15% dərəcəsi ilə hesablanan cərimə faizlərinin dayandırılmasını xahiş etmişdir. Bank isə bildirmişdir ki, tərəflər arasında bağlanmış 30.05.2012-ci il tarixli müqavilənin 2.4-cü bəndinə əsasən, borcalan tərəfindən əsas borc məbləğinin ödənilməsi müddətləri pozulduqda borcalan banka vaxtı ötmüş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 34% dərəcəsi ilə cərimə faizləri ödəməlidir. İddiaçı isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyindən müqavilədə nəzərdə tutulduğu kimi vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış 19% adi faiz borcundan əlavə olaraq vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış 15% cərimə faizini də ödəməlidir. İddiaçı 13.02.2019-cu il tarixə olan borcuna dair maliyyə arayışından görünür ki, onun vaxtı keçmiş əsas borcu 1911,21 manat, cərimə borcu 128,25 manat, kreditin müddətinin bitməsi tarixindən (30.05.2016-cı il) arayışın məhkəməyə verilməsi tarixinədək (13.02.2019-cu il) illik 19% dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış fayda 257,21 manat olmaqla, cəmi borcu 2.296,77 manatdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 01.07.2019-cu il tarixli, 5884 saylı rəyinə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış və maliyyə arayışı məlumatları, 30.05.2012-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, İddiaçı müqavilə müddəti bitən 30.05.2016-cı il tarixə “xxxxxxxxx” ASC-yə borcunun olmadığı və 2517,61 manat artıq ödəniş aparıldığı müəyyən edilmişdir. Hazırda iddiaçı, kredit müqaviləsi üzrə öhdəliklərini artıqlaması ilə yerinə yetirdiyini və bank tərəfindən ona əsassız olaraq cərimə borcu hesablandığını bildirərək, həmin borcun silinməsini, artıq ödədiyi məbləğin qaytarılmasını, kredit və onun təminatı kimi bağlanmış ipoteka müqaviləsinin ləğv edilməsini və ipoteka predmetinin yüklülükdən azad edilməsini tələb edir. Cavabdeh isə, öhdəliyin icrasının gecikdirildiyi halda, cərimə məbləğinin hesablanacağının müqavilə ilə razılaşdırıldığını, lakin ekspert və məhkəmə tərəfindən bu şərt nəzərə alınmadan hesablama aparıldığını bildirərək, qətnaməni mübahisələndirir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı mülki qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir. Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. MM-in 421.1-ci və 421.2-ci maddələrinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya da xitam verilir. Apellyasiya baxışında işin tam, hərtərəfli, obyektiv araşdırılması məqsədilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 23.01.2020-ci il tarixli, 30567 saylı rəyinə əsasən, İddiaçı müqavilə müddəti bitən 30.05.2016-cı il tarixə “xxxxxxxxx” ASC-yə borcunun olmadığı və 2517,61 manat artıq ödəniş aparıldığı müəyyən edilmiş və qeyd olunmuşdur ki, tərəflər arasında bağlanmış 30.05.2012-ci il tarixli kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də, hazırkı tədqiqatla İddiaçı cərimə hesablanmır. Kollegiya vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanları və bu halın xüsusi bilik tələb etdiyini, ixtisaslı şəxslərin rəyi ilə müəyyən olunduğunu nəzərə alaraq, təkrar ekspertizanın rəyinə əsasən hesab edir ki, İddiaçı cavabdeh qarşısında öhdəliyinə icra səbəbilə xitam verildiyindən birinci instasniya məhkəməsinin Bank tərəfindən iddiaçıya əsassız hesablanmış borcun silinməsi, iddiaçı tərəfindən artıq ödənilmiş məbləğin qaytarılmalı olması, kredit və ipoteka müqavilələrinin ləğv edilərək, ipotekaya xitam verilməsi barədə qənaəti əsaslıdır. Bununla belə, Kollegiya birinci instansiya məhkəməsinin bank tərəfindən iddiaçıya qaytarılmalı olan artıq ödənişin məbləği hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə bu hissədə iddia tələbinin həcmindən kənara çıxmışdır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki prosesdə rəhbər tutulan dispozitivlik prinsipindən irəli gələn bu müddəaya əsasən, məhkəmə yalnız iddia tələbi çərçivəsində hüququn tətbiqinə cavabdehlik daşıyır. Qanunda göstərilən müstəsna hallar istisna olmaqla, iddia tələbindən kənara çıxmaq yolverilməzdir. Baxılan işdə isə tələbin həcmindən kənara çıxılması üçün qanunda göstərilən müstəsna hallar mövcud deyil. Belə ki, rayon məhkəməsi “xxxxxxxxx” ASC-dən artıq ödənilmiş 16.072,61 manat məbləğin alınaraq iddiaçıya ödənilməli olmasını qeyd edərkən, bunu onunla əsaslandırmışdır ki, ekspert rəyinə əsasən, müqavilə müddəti bitən tarixə 2517,61 manat, işdəki qəbzlərə əsasən müqavilə müddəti bitəndən sonra isə 13.555 manat olmaqla, cəmi 16.072,61 manat məbləğində artıq pul vəsaiti ödəmişdir. Halbuki, iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 30.05.2012-ci il tarixli kredit xətti müqaviləsinin müddəti 30.05.2016-cı il tarixdən etibarən 18 ay müddətinə uzadılmış və tərəflər arasında vaxtı keçmiş borc üzrə yeni ödəniş qrafiki razılaşdırılmışdır. Digər tərəfdən, iddia ərizəsinin məzmunundan da görünür ki, 30.05.2016-cı il tarixdən 01.06.2018-ci il tarixə kimi iddiaçı tərəfindən ödənilmiş 13.555 manat onun bank qarşısında borc öhdəliklərinin icrasına yönəldilmişdir. Belə ki, iddiaçı, ərizəsində 01.06.2018-cil tarixə kimi banka daha 13.555 manat ödəyərək, cavabdeh qarşısında borc öhdəliklərini tam yerinə yetirdiyini, heç bir borcu olmadığını qeyd etmişdir. Bu halda, birinci instansiya məhkəməsinin həmin məbləği də artıq ödənilmiş məbləğə əlavə etməklə cavabdehdən tutması əsassız olmuşdur. Göstərilənlərə əsasən, Kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulan artıq ödənilmiş məbləğ hissəsində qismən ləğv olunmalı, həmin hissədə iddia qismən təmin edilərək, “xxxxxxxxx” ASC-dən iddiaçının xeyrinə təkrar ekspertizanın rəyinə uyğun olaraq artıq ödənilmiş 2517,61 manat tutulmalı, qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: “xxxxxxxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1243/2019 saylı iş üzrə 31 iyul 2019-cu il tarixli qətnaməsi cavabdehdən tutulan artıq ödənilmiş məbləğ hissəsində qismən ləğv olunsun, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. “xxxxxxxxx” ASC-dən artıq ödənilmiş 2517,61 (iki min beş yüz on yeddi manat altmış bir qəpik) manat məbləğində pul alınaraq, İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat “xxxxxxxxx” ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar