Məhkəmə qərarları › İş №2(103)-5182/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5182/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5182/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” ASC-yə və qeyrilərinə qarşı hərracın nəticələrinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(005)- 396/2021 saylı qərardadından cavabdeh “xxxx” ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, “xxxx” ASC-yə və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olmuş Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair keçirilmiş hərracın nəticələrinin, habelə həmin torpaq sahəsinin “xxxx” ASC-nin mülkiyyətinə keçməsini təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda məhkəməyə iddianı təmin etmə tədbirinə dair ərizə verərək, həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinə (satılması, bağışlanması və sair) hazırkı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənə kimi məhdudiyyət qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(005)- 396/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb həll edilənədək Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Cavabdeh “xxxx” ASC həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını və iddianı təmin tədbirinin tətbiq olunması barədə ərizənin təmin olunmamasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, eyni tələblə bağlı iş hal-hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatındadır. Yasamal Rayon Məhkəməsində işə baxılarkən eyni məzmunlu iddianı təmin etmə barədə ərizə 31 mart 2021-ci il tarixli qərardadla təmin olunmamışdır. Buna baxmayaraq, məhkəmə tərəflər arasında eyni predmet və eyni əsasla iddia tələbinin həcminin artırılması barədə ərizəni icraata qəbul edərək iddianı təmin etmə barədə ərizəni qismən təmin etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(005)- 396/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh bankın nümayəndəsi şikayətin təmin edilməsini, iddiaçının nümayəndəsi isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(005)-396/2021 saylı qərardadı cavabdeh “xxxx” ASC-nin şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “X1 Mərkəzi” MMC-nin 27 oktyabr 2020-ci il tarixli, YP №- 035 saylı satış protokolunun surətinə əsasən İddiaçı məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsinin qiyməti 51000 manat olmaqla açıq hərracda qalib alıcı “xxxx” ASC-yə satılmışdır. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Hərracın nəticələrinin etibarsız hesab olunması barədə tərəflər arasında mübahisənin gedişi zamanı qeyd olunan daşınmaz əmlakın özgəninkiləşdirilməsi ehtimalı mövcud olduğundan, iddia tələbi təmin olunduğu təqdirdə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə həmin torpaq sahəsinin özgəninkiləşdirilməsini qadağan etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. “xxxx” ASC-nin şikayətdə qoyduğu dəlilə münasibətdə isə kollegiya qeyd edir ki, iddiaçının nümayəndəsi Vəkil tərəfindən məhkəmə kollegiyasının iclasında təqdim edilən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(004)-2751/2021 saylı qərardadından görünür ki, hazırkı mülki iş üzrə iddiaçının iddia tələblərindən birini təşkil edən, iddiaçının cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı üçüncü şəxslər “xxxx” ASC, Abşeron rayon icra və probasiya şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cəlb edilməklə hərracın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər 14 aprel 2021-ci il tarixli 2(004)-2751/2021 saylı qərardadla geri qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlili qərardadın ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: “xxxx” ASC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(005)- 396/2021 saylı qərardadı cavabdeh “xxxx” ASC-nin şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar