Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5185/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X11 və Cavabdeh1na qarşı iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin ləğvi və mülkiyyət hüquqlarının bərpa edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi, Vəkil1, cavabdeh X6 nümayəndəsi, Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər X11 və Cavabdeh1na qarşı bağışlama müqaviləsinin ləğvi və mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair 2(009)-675/2022 saylı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 06 noyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Yasamal rayonu İ.Səfərli küçəsində yerləşən 10 saylı evin 89,4 kv.m. yaşayış sahəsindən ibarət 7,8,9 nömrəli mənzili İddiaçı adına qeydiyyata alınmışdır.
2. Bakı şəhər 1 saylı Notariat Kontorunda təsdiq edilmiş və İddiaçı ilə X12 arasında bağlanmış 19 iyul 2012-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan həmin mənzili X11 bağışlamışdır.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16 avqust 2012-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu İslam Səfərli küçəsində yerləşən 10 saylı evin, 89,4 kv.m. yaşayış sahəsindən ibarət 7,8,9 saylı mənzili tam mülkiyyət hüququ üzrə X6 mülkiyyətindədir.
4. Bakı şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, əmlakının X7 və qeyriləri tərəfindən ələ keçirilməsi barədə Bakı şəhər Baş Polis İdarəsinə daxil olmuş İddiaçı ərizəsi İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə istintaqı aparılan cinayət işinə əlavə edilmişdir. 24 oktyabr 2014-cü il tarixdə Vasif Səlimovun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilərək ölkə hüdudlarını tərk etdiyindən barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(103)-3975/2021 saylı qərardadına əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-65/2021 saylı işi üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər X11 və X4 qarşı müqavilənin ləğv (etibarsız hesab) edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.
6. Bakı şəhəri Səbail RPİ-nin 39-cu Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 dekabr 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizə ilə müraciət edərək X8 tərəfindən aldatma yolu ilə ünvan 2 ünvanında yerləşən 7,8,9 saylı mənzilinin ələ keçirilməsini bildirmişdir. Araşdırma zamanı izahatı alınmış X12 izahatında göstərmişdir ki, İddiaçı 2017-2018-ci illərdə Norveçdə olarkən görmüşdür. Bundan əvvəl onu Bakıda olarkən cəmi bir dəfə görmüşdür. Yasamal rayonu İ.Səfərli küçəsində yerəşən 10 saylı evdəki 7,8,9 saylı mənzili ona adına bağışlanmazdan əvvəl görməmişdir. Eləcə də həmin mənzillərin əvvəlcədən ona bağışlanacağı barədə Təranə ona heç bir vəd verməmiş və yaxud bu barədə Təranədən xahiş etməmişdir. Təranənin həmin mənzilləri ona bağışlamasından bir müddət sonra xəbəri olmuşdur. Təranəni həmin mənzilləri ona bağışladıqdan sonra da mənzildə görməmişdir. Bildiyinə görə Təranə xaricdə yaşayırmış. Təranə ona həmin mənzilləri bağışlayarkən bağışlama müqaviləsini onun adından atası Vasif imzalamışdır. Həmin vaxt Bakı şəhərində yaşasa da, atasına etibarnamə verdiyi üçün atası müqaviləni imzalamışdır.Müqavilə bağlanan gün onun müqavilədən xəbəri olmamışdır. Təranə xanımın sözügedən mənzillərdə əşyaları qalsa da, sonradan onları evdə görməmişdir. Hesab edir ki, Təranə həmin əşyaları aparmışdır. Təranə atası ilə 2014-cü ildən 2019-cu ilədək rəsmi nikahda olmuşdur. Bundan savayı Təranə ilə qohumluq əlaqəsi olmamışdır. Hazırda nikah pozulduğu üçün Təranə həmin mənzillərin qaytarılmasını tələb edir. İbtidai araşdırma orqanının qərarına əsasən X3 əməlində cinayət tərkibi olmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
7. İddiaçı tərəfindən X11 ünvanlanmış 18 yanvar 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Məmməd Səlimovun atası X7 tərəfindən aldadılması nəticəsində Bakı şəhəri Yasamal rayonu İslam Səfərli küçəsi ev 10-da yerləşən 7,8,9 saylı mənzillər 19 iyul 2012-ci il tarixdə Cavabdeh2 bağışlanılmışdır. Atası tərəfindən aldadıldığı ona məlum olduğu üçün bağışlama müqaviləsindən imtina edərək onun ləğv edilməsi barədə 7 gün ərzində müvafiq tədbir görülməsi üçün Məmməd Səlimova məlumat verir. 28 yanvar 2022ci il tarixədək müqavilənin ləğv edilməsinə dair müvafiq tədbir görülməyəcəyi halda tərəfindən məhkəməyə müraciət ediləcək.
8. Bakı şəhəri 42 saylı MKİS tərəfindən verilmiş 10 mart 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Rahil qızı Bakı şəhəri İ.Səfərli küçəsi, 10 saylı evin 7, 8,9 saylı mənzilini aldığı gündən 06 noyabr 2002-ci ildən 10 mart 2022-ci il tarixə qədər mənzil kirayə haqqı ödənişlərini vaxtlı-vaxtında ödəyib, heç bir borcu yoxdur.
Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı cavabdehlər X11 və Cavabdeh1na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 təsdiq edilmiş 19 iyul 2012-ci il tarixli bağışlama müqaviləsinin ləğv olunması və ona məxsus Bakı şəhəri Yasamal rayonu İslam Səfərli küçəsində yerləşən 10 saylı evin ümumi sahəsi 89,4 kv.m olan 7,8,9 nömrəli mənzilindən cavabdeh X6 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Yasamal rayonu İslam Səfərli küçəsində yerləşən 10 saylı evin ümumi sahəsi 89,4 kv.m. olan 7,8,9 nömrəli mənzilini X11 bağışlamışdır. Bağışlama müqaviləsi Bakı şəhəri 1 saylı Xüsusi Notariat Kontorunda 19 iyul 2012-ci il tarixdə təsdiq edilmişdir. X6 əvəzindən bağışlama müqaviləsini atası X7 imzalamışdır. Belə ki, təxminən 2011-ci ildə “İçəri Şəhər” ərazisində yerləşən mənzilinə dair məhkəmə mübahisəsi olmuşdur. Bu işlə əlaqədar özünü hüquqşünas kimi təqdim edən X7 ona köməklik göstərəcəyini vəd etmişdir. Bundan sonra mülki işlərinə görə onu məhkəmədə təmsil etmək üçün Vasif Səlimova etibarnamələr vermişdir. Həmin mülki işin nəticəsi olaraq onun əleyhinə məhkəmə qətnaməsi qəbul olunmuşdur. Hətta mülki işin baxışı zamanı ona məxsus bir neçə mənzilin üzərinə həbs qoyulmuşdur. Sonradan həmin mənzillərin üzərinə qoyulmuş həbslər götürülmüşdür. Səlimov Vaqif bunların onun əziyyəti, hüquqi yardımı nəticəsində baş verdiyini bildirmişdir. Buna görə də X4 inamı yaranmış və sonuncuya etibar etmişdir. Vasif bundan istifadə edərək bildirmişdir ki, gələcəkdə təkrar ona məxsus ünvan 3 ünvanında yerləşən 7,8,9 saylı mənzilin üzərinə həbs qoya bilərlər. Qeyd olunan səbəbdən bu mənzili bağışlama yolu ilə əvvəllər tanımadığı Vasifin oğlu X11 hədiyyə etmişdir. O, yalnız üzərinə həbs qoyulmaması üçün mənzilini 19 iyul 2012-ci il tarixdə X11 bağışlama müqaviləsi ilə heç bir əvəz almadan hədiyyə etmişdir. Mübahisəli mənzildə ona məxsus dəyəri 100000 manat olan əşyaları da var idi. Həmçinin əlavə olaraq ona məxsus 10000 ABŞ dolları dəyərində qızıl zinət əşyaları da mövcud olmuşdur. Yəni bağışlama müqaviləsi əsasında formal olaraq digər şəxsə hədiyyə edilən həmin mənzilin açarları uzun müddət öz istifadəsində olmuşdur. Konkret bağışlama müqaviləsi görüntü xarakterli olmaqla onu aldatma yolu ilə bağlanmışdır. Həmçinin bir müddətdən sonra ona məlum olmuşdur ki, ona məxsus olan mənzillərin üzərinə qoyulmuş həbsin götürülməsində X9 ümumiyyətlə rolu olmamışdır. Göründüyü kimi, X7 etibarından sui-istifadə edərək və onu aldadaraq mənzilini ələ keçirmişdir. Hətta bununla bağlı tərəfindən verilmiş şikayətlə bağlı Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsində araşdırma aparılmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 dekabr 2021-ci il tarixli qərardan da göründüyü kimi, araşdırma zamanı izahatı alınan X12 onu bağışlama müqaviləsi bağlanmamışdan öncə ümumiyyətlə görmədiyini və tanımadığını, ona bağışlama ilə bağlı heç bir vəd vermədiyini, müqavilə bağlandıqdan bir müddət sonra bağışlamadan xəbəri olduğunu, Bakı şəhərində olsa da, müqaviləni onun əvəzindən atasının imzaladığını bildirmişdir. Bundan başqa tərəfindən X4 verilmiş baş etibarnamə əsasında əvvəllər anasına, sonradan isə bağışlama müqaviləsi əsasında onun mülkiyyətinə verilmiş və Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti, 39, mənzil 27-də olan evini xəbəri olmadan 03 may 2014-cü il tarixdə notarial qaydada öz doğma qızı X5 hədiyyə etmişdir. Lakin həmin mənzil qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən öz mülkiyyətinə qaytarılmışdır. O eyni qayda və üsulla ona məxsus iki mənzilinin birini doğma oğluna, digərini isə qızına bağışlama müqaviləsi əsasında əvəzsiz olaraq hədiyyə etmişdir. Analoji üsulla iki dəfə ona qarşı dələduzluq edərək əvəzsiz şəkildə iki mənzilini ələ keçirmişdir. Bundan başqa X7 dəfələrlə onu döyərək xəsarətlər yetirmişdir. X7 ona xəsarət yetirdiyi üçün hazırda Norveç Krallığında 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hazırda mübahisəli mənzildən istifadə hüququ tam məhdudlaşdırılmışdır. Ümumiyyətlə həmin mənzilə yaxınlaşmasına cavabdeh tərəfindən icazə verilmir. Bağışlama müqaviləsinin nəticəsi olaraq mübahisəli mənzil X6 mülkiyyətinə keçmişdir.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli 2(009)-675/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Şahin Abdullayev)
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağışlama müqaviləsi bağlanarkən həmin müqavilədə hər hansı şərt, yaxud öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulmamış, həmçinin bağışlama heç bir şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. İddiaçı bağışlama müqaviləsinin etibarsız hesab edilməsinin qanunda nəzərdə tutulmuş hüquqi əsaslarını qeyd etməklə onun ləğv edilməsini xahiş edir. İddiaçı tərəfindən isə qanunda müəyyən edilən müqavilənin ləğvinə səbəb olan sübutları məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 19 iyul 2012-ci il tarixli bağışlama müqaviləsinin iddiaçının iradə ifadəsinə uyğun olmaması və həmin əqd bağlanılarkən hər hansı qanunsuzluğa yol verilməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh1 təsdiq edilmiş 19 iyul 2012-ci il tarixli bağışlama müqaviləsinin ləğv olunması üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi bağışlama müqaviləsinin ləğv edilməsi hissəsində təmin edilmədiyindən, cavabdeh X6 mənzildən çıxarılması hissəsində də əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab etmişdir ki, iddia tələbi iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi ilə əlaqədar da təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, hazırkı tələb müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə ona Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edilməlidir. Bu mübahisələri isə iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq Mülki Məcəllənin 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Bu səbəbdən məhkəmə iddiaçının nümayəndəsinin hazırki münasibətə iddia müddətinin tətbiq edilməli olmaması barədə dəlillərini əsassız hesab etmişdir. Beləliklə, məhkəmə bağışlama müqaviləsi bağlandıqdan təxminən on il sonra hazırkı tələbin irəli sürülməsini, bununla da qanunda nəzərdə tutulmuş müddət keçməklə iddia qaldırılmasını və həmin müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair hər hansı bir sübutun təqdim edilməməsini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi iddia müddətinin keçməsi ilə əlaqədar da əsassız hesab edilməli və təmin edilməməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 372.1, 372.2, 373.1-373.4, 384.0.4, 389.1, 390.1, 405.1, 421.2, 666.1, 670.1, 670.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni əsalandırarkən iddia müddətinin keçdiyini qeyd etmişdir. Qanunvericiliyin tələblərinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bağışlama müqaviləsi 2012-ci ildə bağlansa da, iddiaçı hüquqlarının pozulduğundan 2019-cu ildə xəbərdar olmuşdur. Həmçinin mübahisəli mənzilin açarları və bütün şəxsi əşyaları onun sərəncamımda olduğu halda mülkiyyət hüquqlarının pozulmasından o xəbərdar ola bilməzdi. Eyni zamanda iddiaçı özünə məxsus mübahisəli mənzili bağışlamaq niyyətində olmamışdır. Həmin müqavilə formal xarakterli olmaqla mübahisəli mənzilə görə gələcəkdə yaranacaq problemin həlli üçün bağlanmışdır. X1 onunla nikah münasibətlərinə daxil olması bir daha aralarındakı etibarı artırmışdır. İşin real faktiki hallarından tam müəyyən edilir ki, onun 2012-ci ildən hüquqlarının pozulduğunu bilməyi mümkünsüzdür. Ümumiyyətlə, ona məxsus daşınmaz əmlaka dair pozulmuş mülkiyyət hüquqlarının bərpası barədə iddia tələbinə iddia müddəti tətbiq edilə bilməz. İşin hallarından da göründüyü kimi pozulmuş mülkiyyət hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də, mübahisəyə Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələbləri tətbiq edilməlidir. O, müqaviləni əmlakının qorunması məqsədi ilə bağladığı halda X3 məqsədi onun əmlakını dələduzluq yolu ilə ələ keçirib oğlunu zənginləşdirmək olmuşdur. İddia müddətinin tətbiqi barədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmış olunsa belə, onun mübahisəli mənzilə faktiki sahibliyi həyata keçirdiyi üçün və bağışlama müqaviləsi tam icra olunmadığı üçün bundan imtina etmək hüququ mövcuddur. Belə ki, cavabdeh və atası tərəfindən aldadılmağı, mübahisəli mənzilə dair istifadə hüquqlarının məhdudlaşdırılmasına cəhd olunması bağışlama müqaviləsindən imtina üçün əsaslardan biridir. Lakin məhkəmə tərəfindən işin halları nəzərə alınmamışdır. Təqdim olunan sübutlardan və cavabdehin verdiyi ifadədən də artıq məlumdur ki, tərəflər arasında real bağışlama müqaviləsi mövcud olmamışdır. Məhkəmə qətnaməsində tərəfindən qanunda müəyyən edilən müqavilənin ləğvi əsasına səbəb olan sübutları təqdim etmədiyi göstərilmişdir. Halbuki, tərəfindən müqavilənin oğlunun əvəzindən imzalayan Vasif Səlimovun axtarışda olduğunu təsdiqləyən məktub sübut qismində təqdim edilmişdir. Bunda başqa, 17 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar da bir daha təsdiqləyir ki, müqavilənin ləğvi üçün kifayət qədər əsas mövcuddur. Ümumiyyətlə cavabdeh onu tanımadığı bir halda hər hansı bağışlama müqaviləsindən söhbət gedə bilməz. Bundan başqa mənzilə dair bütün ödənişlər tərəfindən həyata keçirilmişdir. Bundan başqa ona X13 Səlimov tərəfindən xəsarət yetirilmişdir. Stavanger Şəhər Məhkəməsinin hökmünə əsasən X2 Cinayət Məcəlləsinin 282, 168-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 5 il müddətinə ona baş çəkmək, təqib etmək və ünsiyyətdə olmaq qadağan edilmiş, maddi və mənəvi ziyana görə 100042 Norveç kronu məbləğində pulun ona ödənilməsi öhdəliyi onun üzərinə qoyulmuşdur. Baş verənlər bir daha təsdiq edir ki, Vasif Səlimovun məqsədi onun əmlakını ələ keçirmək olmuşdur. Bu hal belə mübahisəyə Mülki Məcəllənin 673-cü maddəsinin tətbiq edilməli olduğunu bir daha təsdiqləyir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 nümayəndəsi, Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi, Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
19. Cavabdeh Bakı şəhəri 1 saylı notariat ofisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanlanmış məktubda işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
20. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası cavabdeh Bakı şəhəri 1 saylı notariat ofisinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi və prosessual hüquq normaları
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
22. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
24. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.1- 373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 373.4-ci maddəsi).
25. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi).
26. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
27. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
28. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
30. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.
31. Həmin Məcəllənin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyinin icra etməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
34. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayonu İslam Səfərli küçəsində yerləşən 10 saylı evin 7,8,9 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətində olmuş və onun tərəfindən həmin mənzil 19 iyul 2012-ci il tarixdə bağışlama müqaviləsi əsasında X11 bağışlanmışdır.
38. Tərəflər arasında bağışlama müqaviləsinin bağlanarkən həmin müqavilədə hər hansı şərt, yaxud öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulmamış, həmçinin bağışlama heç bir şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Bundan başqa iddiaçı bağışlama müqavilənin faktiki olaraq etibarsız hesab edilməsinin qanunda nəzərdə tutulmuş hüquqi əsaslarını qeyd etməklə onun ləğv edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən isə qanunda müəyyən edilən müqavilənin ləğvi əsasına səbəb olan sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin tərəflər arasında 19 iyul 2012-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin iddiaçının iradə ifadəsinə uyğun olmaması və həmin əqd bağlanılarkən hər hansı qanunsuzluğa yol verilməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir.
39. İddiaçı öz tələbinin təmin olunmasını bağışlamadan imtina ilə bağlı Mülki Məcəllənin 673-cü maddəsi ilə də əsaslandırmışdır. Mülki Məcəllənin 673-cü maddəsinə əsasən, hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir... İşin faktiki hallarından da göründüyü kimi, hədiyyə alan X12 hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətməmiş, bağışlama ilə bağlı üzərinə hər hansı öhdəlik götürməmiş, bundan əlavə ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə hər hansı vəzifə qoyulmamışdır. İddiaçı bağışlama müqaviləsinin hədiyyə alan Məmməd Səlimovun atası Vasif Səlimovla bağlandığını, Məmməd Səlimovun müqavilə bağlanarkən onu tanımadığını, cavabdehə ümumiyyətlə mənzil bağışlamaq niyyətində olmadığını, tərəf olduğu mülki işlərdə nümayəndəsi olmuş Vasif Səlimov tərəfindən aldadıldığına görə müqaviləni bağladığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bu hallar təsdiq olunduğu təqdirdə müqavilənin ləğvinə və ya müqavilədən imtinaya yox, müqavilənin etibarsızlığına əsas ola bilərdi.
40. İş materiallarından görünür ki, mübahisələndirilən bağışlama müqaviləsi 19 iyul 2012-ci ildə bağlanmış, iddia isə 18 fevral 2022-ci il tarixdə, yəni müqavilə bağlandıqdan 10 ilə yaxın vaxt keçdikdən sonra qaldırılmışdır. Cavabdeh tərəf iddia müddətinin tətbiq olunması barədə məhkəməyə ərizə vermişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi ümumi şəkildə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı tələb yox, daşınmaz əşya ilə bağlı müqavilə tələbidir. Bu tələbə 6 illik iddia müddəti tətbiq olunmalıdır. Birinci instansiya məhkəməsi səhvən hazırkı tələbə 3 illik iddia müddətinin tətbiq olunmasını qeyd etsə də, bu, nəticə etibarilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnməmişdir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İddia tələbi əsaslı olduğu halda, iddiaçının 19 iyul 2012-ci il tarixdə bağışlama müqaviləsi bağlanarkən öz hüququnun pozulduğunu yalnız Vasif Səlimovla nikah münasibətləri pozulduqdan sonra bilməsi ağlabatan deyil.
41. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, iddia həm əsassız olduğuna, həm də iddia müddəti keçdikdən sonra verildiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir.
42. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-675/2022 saylı mülki iş üzrə 13 may 2022-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.