Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5200/2023 02.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «aliment tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, cavabdeh Nəbiyeva (Tanrıverdiyeva) Billurə Rüstəm qızının və onun vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1904/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-203/2020 nömrəli, 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında xx.xx.2008-ci il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2007-ci il təvəllüdlü Nihadın, xx.xx.2010-cu il təvəllüdlü Hümbətin və xx.xx.2012-ci il təvəllüdlü Surəyyanın cavabdeh İddiaçı ilə qalmaları qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6764/2020 nömrəli, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək xx.xx.2007-ci il təvəllüdlü Nihadın, xx.xx.2010-cu il təvəllüdlü Hümbətin və xx.xx.2012-ci il təvəllüdlü Surəyyanın cavabdehdən alınaraq anaları Cavabdeh verilməsi, uşaqların saxlanması üçün hər ay, hər uşağa 100 manat aliment, cəmi 300 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, alimentin tutulmasının uşaqların atadan alınaraq anaya verildiyi vaxtdan hesablanması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1479/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6764/2020 nömrəli, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği hər ay, hər uşaq üçün 220 manat sabit pul məbləğinin cavabdehdən tutularaq ödənilməyən beş il də nəzərə alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Tələbdə göstərilir ki, iddiaçı cavabdeh ilə 29 noyabr 2008-ci il tarixində nikaha daxil olub. Birgə nikahdan üç övladı doğulmuşdur. Hal-hazırda ayrı yaşayırlar. Aralarında olan nikah əlaqələri artıq faktiki olaraq kəsilmişdir. Birgə nikahdan olan övladları onunla yaşayır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1904/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətinə görə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən uşaqlar üçün alimentin ödənilməsi hazırkı iş üzrə iddiaçıdan tutulmalı olması müəyyən edildiyindən iddiaçı alimentin ödənilməsini cavabdehdən tələb etməkdə haqlı deyildir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edib göstərir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli idi. Məhkəmə qətnaməsində onun haqlı iddiasının təmin edilməməsini əsaslandıra bilməmişdir. Məhkəmə qanuni və əsaslı iddianı təmin etmək əvəzinə iddianı təmin etməmiş, formal mülahizələrlə qətnaməsini əsaslandırmağa çalışmışdır. Məhkəmə araşdırılmalı hallara göz yummuş, sanki görməmişdir, onlara lazımi hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmdən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, uşaqlar onunla qalır, özü süpürgəçi işləyir və uşaqları saxlamaq üçün maddi imkanı yoxdur. Əvvəl qarşı tərəfdən aliment istəmirdi, çünki maddi imkanı bu qədər pis deyildi, atası da sağ idi və ona kömək edirdi. İndi isə anası, 3 uşağı və bacısına o, baxmalıdır və maddi imkanı çox aşağıdır. Amma cavabdehin maddi imkanı yaxşıdır.
10. Məhkəmə iclasında cavabdeh Nəbiyeva (Tanrıverdiyeva) Billurə Rüstəm qızı və onun vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh B.Nəbiyeva həmçinin bildirdi ki, şirniyyat bişirilən mağazada köməkçi işləyir, aylıq maaşı 165 manatdır, həmin pulun 150 manatını aliment kimi verməyə razıdır. Özünün də maddi imkanı aşağıdır.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 uşağa görə - qazancın (başqa gəlirlərin)ikidə bir hissəsi miqdarında aliment tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
12. “Uşaq hüquqları haqqında” Konvensiya:
Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. Maddə 27. 2. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, “Məhkəmələrə izah edilsin ki, məhkəmə qətnaməsinin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşağın həmin valideynin yanında olmadığı hallarda onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsini həll etməklə yanaşı, həmin valideynlə uşaq arasında uzun müddət ərzində ünsiyyətin olmaması nəticəsində yaranan və buna görə də, gələcəkdə qətnamənin icrasını çətinləşdirə biləcək dərəcədə bağlılığın zəyiflədiyini, münasibətlərin soyuduğunu müəyyən etdiyi halda uşağın mənafeyi baxımından Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə uyğun olaraq qətnamənin nəticə hissəsində icra qaydası və müddətini göstərməlidir”(7.6-cı bənd). Qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir(7.7-ci bənd).Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır(8.3). Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır(8.6).
15. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3.Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iddianı tam təmin etməməklə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
23. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə, cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işin faktiki halları yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılırdı.
24. Birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələbini əsas götürüb qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6764/2020 nömrəli, 10 sentyabr 2020ci il tarixli qətnaməsini hazırki iş üzrə nəzərə almışdır. Çünki, həmin qətnamə ilə uşaqların cavabdehdən alınaraq anaları Cavabdeh verilməsi, uşaqların saxlanması üçün hər ay, hər uşağa 100 manat aliment, cəmi 300 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, alimentin tutulmasının uşaqların atadan alınaraq anaya verildiyi vaxtdan hesablanması qət edilmişdir. Ona görə də məhkəmə hesab edib ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən uşaqlar üçün alimentin ödənilməsi hazırkı iş üzrə iddiaçıdan tutulmalı olması müəyyən edildiyindən iddiaçı alimentin ödənilməsini cavabdehdən tələb etməkdə haqlı deyildir.
25. Ancaq işin mübahisəsiz halıdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6764/2020 nömrəli, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi bugünədək icra edilməyib və ya icra edilməsi mümkün olmayıb. Demək, nə uşaqlar atadan alınıb anaya, nədə uşaqların saxlanılması üçün atadan aliment alınıb anaya verilməyib. Başqa sözlə, qətnamə qanuni qüvvəsini alsa da uşaqların iradəsinə zidd olaraq onların atadan alınıb anaya verilməsinin icrası bugünədək mümkün olmur. Məhkəmənin mövqeyindən belə çıxır ki, nəqədrki qanuni qüvvədə olan qətnamə ilə uşaqların və alimentin atadan alınıb anaya verilməsi qət olunub, uşaqlar ananın yanında olmasa da iddiaçı uşaqların saxlanması üçün anadan aliment tələb edə bilməz.
26. Göründüyü kimi, hazırki iş üzrə məhkəmə, sanki aliment tələbinə deyil, uşaq tələbi ilə bağlı mübahisəyə baxmış və aliment tələbini də bu əsasla rədd etmişdir. Ancaq uşaqların ananın yanında qalması qətnamə ilə müəyyən edilsə də, işin mübahisəsiz halına görə onlar atanın himayəsində qalır. Ona görə də hazırki iddianın predmeti alimentin alınması ilə bağlı münasibətlərə aid olduğundan məhkəmə də bu yönümdə tələbə baxaraq qərar qəbul etməli idi. Yəni, aliment, tələb edən şəxsin xeyrinə ödənilsə də uşaqların saxlanılması, qidalanması və yaşaması üçün ödənilir. Başqa sözlə, qanuni qüvvəyə minmiş qətnamə ilə uşaqların hansı valideynin yanında qalıb-qalmamasından yaxud bir valideyndən alınıb digərinə verilib-verilməməsindən və ya bu cür qətnamənin icra olunubolunmamasından asılı olmayaraq onların saxlanması və qidalanması üçün aliment ödənilir.
27. Əlbətdə ki, qanuni qüvvədə olan qətnamənin icrasını tələb etmək və buna nail olmaq da cavabdehin hüququdur, lakin nəqədərki, həmin qətnamə icra olunmayıb və uşaqların bütün tələbatı iddiaçı olan ata tərəfindən təmin edilir, demək qarşı tərəfdən aliment tələb etməkdə də haqlı sayılır. Ancaq bu cür vəziyyətdədə aliment cavabdehdən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6764/2020 nömrəli, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi icra edildiyi vaxtadək, icra edilmədiyi halda isə uşaqların yetkinlik yaşına çatanadək alınmalıdır. Başqa sözlə, qeyd olunan qətnamə icra ediləcəyi təqdirdə hazırki qətnamənin icrası dayanmalı olacaqdır.
28. Cavabdehin apellyasiya şikayətinə etiraz olaraq göstərdiyi dəlillər isə, yəni maddi imkanının aşağı olması onu azyaşlı uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdiyi dəlillər isə alimentin ümumiyyətlə təmin edilməməsi üçün əsas ola bilməz. Çünki, cavabdehin iddiaçı ilə olan şəxsi münasibətləri alimentin qismən də təmin edilməsini istisna etmirdi. Cavabdehin iddiaçı barədə səsləndirdiyi, o cümlədən sağlamlıq vəziyyəti ilə bağlı fikirlər həqiqi olsa belə buda alimentin təmin edlməməsi üçün əsas deyil. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Ona görə də hansısa maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasından söhbət gedə bilməz.
29. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir.
30. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1904/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilərək xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6764/2020 nömrəli, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi icra edildiyi vaxtadək, icra edilmədiyi təqdirdə isə yetkinlik yaşına çatana qədər hər ay, hər uşağa görə 100(yüz) manat, cəmi 300(üç yüz) manat sabit pul məbləğində aliment 27 mart 2023-cü ildən başlayaraq cavabdeh Nəbiyeva (Tanrıverdiyeva) Billurə Rüstəm qızından alınaraq İddiaçı ödənilməli, qətnamə dərhal icra edilməlidir.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1904/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6764/2020 nömrəli, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi icra edildiyi vaxtadək, icra edilmədiyi təqdirdə isə yetkinlik yaşına çatana qədər hər ay, hər uşağa görə 100(yüz) manat, cəmi 300(üç yüz) manat sabit pul məbləğində aliment 27 mart 2023-cü ildən başlayaraq cavabdeh Nəbiyeva (Tanrıverdiyeva) Billurə Rüstəm qızından alınaraq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.