Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5208/2024 16.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X2 və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, e-2(008)-3577/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə Cavabdeh xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X9 və xx.xx.2013-cü il tarixdə X8 doğulmuşlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4031/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması və uşaqların ananın yanında qalmaları qət edilmişdir. Hazırda iddiaçı aliment məbləğini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 üçün hər uşağa 235 manat olmaqla cavabdehdən aylıq 470 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh X4 ilə xx.xx.2010-cu il tarixdə Rusiya Federasiyasının Yamalo-Nenets dairəsinin VVAQ xidmətinin Yeni Urenqoy VVAQ şöbəsində rəsmi nikaha daxil olmuş, bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X8 doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004) 4031/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh arasındakı nikaha xitam verilmiş, uşaqlar ananın, yəni iddiaçının himayəsinə verilmişdir. Aliment tələb edilməmişdir. Lakin həyat səviyyəsinin dəyişilməsi ilə əlaqədar olaraq iddiaçı uşaqların maddi tələbatlarını təkbaşına ödəməkdə çətinlik çəkir. Cavabdeh də bir valideyn olaraq bu məsuliyyəti iddiaçı ilə bərabər bölüşməlidir. Bu səbəbdən aliment tələb etmək zərurəti yaranmışdır. Hər bir uşağın layiqli həyat tərzi, yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, e-2(008)- 3577/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh 76.40 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X9 və xx.xx.2013-cü il tarixdə X8 doğulmuşlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4031/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması və uşaqların ananın yanında qalmaları qət edilmişdir. Cavabdeh uşaqların saxlanılmaları üçün iddiaçıya maddi köməklik göstərmir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2024cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat alimentin cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə alimentin məbləğini müəyyən edərkən uşaqların və iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini nəzərə almış. Məhkəmə, qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cavabdehdən uşaqlar üçün 2024-cü il yaşayış minimumuna uyğun olaraq hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti və apellyasiya şikayətinə düzəliş edilməsi barədə ərizə ilə müraciət edərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı öz iddia tələbində də göstərilmişdir ki, 2020-ci ildə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4031/2020 saylı qətnaməsi ilə nikahları pozularkən o, cavabdehdən xx.xx.2010-cu il təvəlüdlü X7 və xx.xx.2013-cü il təvəlüdlü X6 vaxt məhdudiyyəti olmadan ataları yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment tələbi olmamışdır. İddiaçı bununla bağlı məhkəməyə aliment tələbindən imtina edilməsinə dair xx.xx.2020-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizə təqdim edilmişdir. Həmin ərizədə İddiaçı göstərmişdir ki, X4 ilə ünsiyyət saxlamalarına etiraz etmir və X1 aliment tələbi yoxdur və gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaqdır. Bundan əlavə cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, alimentin müqabilində cavabdeh ona məxsus mənzilin müqaviləsinin və bütün sənədlərinin İddiaçı adına keçirilməsinə dair bağışlaması barədə "xxxx" İnşaat Təmir-Tikinti MMC-nin rəhbərlirinə xx.xx.2020-ci il tarixli ərizə ilə müracət olunmuşdur. Bundan sonra cavabdeh "xxxx" İnşaat Təmir-Tikinti MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində inşa edilən 16 saylı yaşayış binasının 1-ci giriş, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 90.8 kv.m olan 2 otaqlı, 50 nömrəli mənzilin müqaviləsinin və bütün sənədlərinin İddiaçı adına keçirmişdir. Bundan sonra onlar Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət edərək müqaviləni İddiaçı adına rəsmiləşdirmişdir. Daha sonra Cavabdeh həmin mənzildə olan payından aliment tələbinə görə imtina etmiş və buna görə İddiaçı ilə Cavabdeh arasında “kompensasiya” verilməsi barədə razılığa gəlmişlər. Cavabdehin mülkiyyətində olan mənzilin sənədləşmə işləri rəsmiləşdirildikdən sonra onlar 3 sayı Bakı “Asan” xidmət mərkəzinin notariat ofisinə müraciət edərək 28 sentyabr 2021-ci il tarixində “Kompensasiya verilməsinə dair” müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən 3 sayı Bakı “Asan” xidmət mərkəzinin notariat ofisində Cavabdeh mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 80.6 kv/m olan mənzilə dair xx.xx.2021-ci il tarixdə 4Ə-15550 saylı reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsi əsasında birinci tərəf: İddiaçı əldə edilmiş 109500 (yüz doqquz min beş yüz) manatdan kompensasiya olaraq ikinci tərəf: Cavabdeh qarşılıqlı razılaşma əsasında 20000 (iyirmi min) manat pul verdi. Cavabdeh İddiaçı ilə aliment tələbindən imtina edilməsinə görə gəldikləri razılığa əsasən mülkiyyətində olan mənzilin dəyərinin ona çatacaq paydan yəni, mənzilin dəyərinin 34750 (otuz dörd min yeddi yüz əlli) manat puldan cavadehin xeyrinə imtina etmişdir. Lakin məhkəmə cavabdehin uşaqların saxlanılması üçün iddiaçıya maddi köməklik göstərmədiyini qeyd etmişdir. Artıq tərəflər arasında nikah münasibətlərinə dörd ildən artıqdır ki, xitam verilmişdir. Bu müddət ərzində cavabdeh tez-tez öz uşaqları ilə görüşmüş, onlara atalıq qayğısı göstərmiş, hər cür maddi və mənəvi dəstək vermişdir. Əks halda iddiaçı bu müddət ərzində hər hansı bir hüquqi addımın atılması ilə bağlı müraciət edə bilərdi ki, bu günədək onun tərəfindən belə bir müraciət olmamışdır. İddiaçı Cavabdeha məxsus mənzildə yaşasa da onun həmin mənzildən istifadə hüququ olmamışdır. O, Rusiya Fedarasiyasının vətəndaşı olmuş və Azərbaycanda müvəqqəti yaşama icazəsi ilə yaşamışdır. Hətda notariusda müqavilə bağlanarkən o, əcnəbi vətəndaşlığı pasportu ilə çıxış etmişdir. Lakin məhkəmə qərar qəbul edərkən iddiaçının aliment tələbindən imtina etməsinin səbəbini araşdırmamış və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizəni nəzərə alınmamışdır. Hakim yekun məhkəmə aktı qəbul edərkən tərəflərin məhkəməyə təqdim etdiyi sübutları sadalamaqla kifayətlənmiş, sübutlara hüquqi qiymət verməmiş və sonda qeyri-obyektiv qərar qəbul etmişdir. Göstərilənlərə əsasən, İddiaçı məhkəmədə öz iddia tələbini sübuta yetirə biləcək heç bir sübut təqdim etməmişdir. Lakin məhkəmə bunun əksinə olaraq cavabdehin məhkəməyə təqdim etdiyi sübutları iddiaçının xeyrinə qiymətləndirmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004) 4031/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının aliment tələbindən imtina etməsi təsdiq edilmişdir. Sabunçu rayon Məhkəməsi isə iddia tələbindən kənara çıxmaqla, qanunvericiliyin bəzi maddələrinə istinad edərək öz qətnaməsini əsaslandırmağa çalışmışdır. Məhkəmə yekunda qətnaməsində göstərmişdir ki, alimentin məbləğini müəyyən edərkən uşaqların və iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə, qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehdən uşaqlar üçün 2024-cü il yaşayış minimumuna uyğun olaraq hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində aliment tutulmalı, iddia təmin edilməlidir. Lakin məhkzmə qətnaməsində cavabdehin də mənafeyini nəzərə alır qeyd etməklə ona hansı formada və nə kimi güzəştin edilməsindən bəhs etməsi aydın deyil. Görünür məhkəmə aliment təyin edərkən 235 manat sabit pul məbləğindən də artıq aliment təyin etmək hüququnun olmasını cavabdehə xatırlatmaq istəmişdir. Baxmayaraq ki, iddia tələbindən kənara çıxmağa və qanunla müəyyən edilmiş meyardan artıq alimentin təyin edilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə məhkəmə tərəflərin dövlət rüsumundan azad olmasına istinad etsə də, nədənsə cavabdehdən 76.40 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsini göstərmişdir. Lakin aliment tələbi ilə bağlı dövlət rüsumundan azad olunan tərəflərin dövlət büdcəsinə nəyə görə rüsum ödəməli olmasını əsaslandırmamışdır. Belə olan halda məhkəmənin cavabdehə qarşı qərəzli olmasını açıq görmək olar. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Ailə Məcəlləsi: 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu: Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Uşağın ailədə valideynləri ilə bərabər yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Uşaq hüquqlarına dair BMT Konvensiyası»:
3. Məhkəmələr uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarı:
7. Nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Eləcə də, bununla bağlı tələb olarsa ər-arvadın birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı və əmək qabiliyyəti olmayan arvadın (ərin) saxlanması üçün ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, bşin materiallarından görünür ki, tərəflər arasındakı hazırki mübahisə nikah pozulduqdan sonra alimentlə bağlıdır. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4031/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh arasındakı nikaha xitam olunaraq uşaqlar ananın, yəni iddiaçının himayəsinə verilərkən aliment tələb etməməsinə baxmayaraq həyat səviyyəsinin dəyişilməsi ilə əlaqədar olaraq uşaqların maddi tələbatlarını təkbaşına ödəməkdə çətinlik çəkdiyini, cavabdeh də bir valideyn olaraq bu məsuliyyəti iddiaçı ilə bərabər bölüşməli olmasını göstərərək hazırki iddianı qaldırmışdır. Cavabdeh iddiaya etirazında alimentin müqabilində evə olan payından imtina etmiş və buna görə iddiaçı ilə razılığa gəlməsini, apellyasiya şikayətində isə məhkəmənin iddiaçının alimentdən imtina etməsinin səbəblərinin araşdırmadığını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının aliment tələbindən imtina etməsi eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi anlamına gəlmir. Belə ki, alimentin tutulmasının əsas məqsədi uşağın maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onun hüquq və mənafelərinin qorunmasına xidmət edir və qanunvericiliyin tələblərinə əsasən aliment məhz uşaqların saxlanması üçün müəyyən edilmiş vəsaitdir. Məhkəmə kollegiyası qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşağın maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onun hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşağı saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ olaraq nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşağın tərbiyəsinə, sağlamlığına və onun psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşağın maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşağın sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun. Həmçinin, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur Göründüyü kimi aliment uşaqların saxlanması üçün müəyyən edilmiş vəsait olduğundan həmin tələbdən imtina edilməsi gələcəkdə eyni tələblə müraciət edilməsinə maneə olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdehdən tutulmalı olan alimentin məbləğinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri işə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bu baxımdan, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tutularkən həmin qanunun tələbləri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər uşaq üçün hər ay 235 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, cavabdeh bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, oların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqların tələbatını təmin etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya həmçinin qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə- iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda dövlət rüsumu cavabdehdən tutulur. Bu baxımdan məhkəmə kollegiyas hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, e-2(008)- 3577/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Fərrux Qasımov Günel Abbasova