Məhkəmə qərarları › İş №2(103)-5215/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5215/2024

30.09.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5215/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X9 Cavabdeh PHŞ-yə qarşı “əmək haqqı və s.” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmək haqqı və s.” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı X4 nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” PHŞ-nin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı X9 Cavabdeh PHŞ-yə qarşı “əmək haqqı və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1603/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh PHŞ (işəgötürən) ilə X9 (işçi) arasında bağlanmış 100 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçi “Kimya texnologiya” fakültəsinə tədqiqatçı professor vəzifəsinə təyin edilmişdir. Tərəflər müqavilənin xx.xx.2022-ci ildən xx.xx.2023cü ilədək müddətli bağlanması, işçiyə hər ay 3.500 manat məbləğində əmək haqqı ödənilməsi, əmək haqqı və digər ödənclərin ayda bir dəfə işçinin “Kapital Bank”dakı hesabına köçürülməsi, iş qrafikinin sərbəst olması barədə razılığa gəlmişlər.

2. Cavabdeh PHŞ (işəgötürən) ilə X9 (işçi) arasında bağlanmış 484 nömrəli, xx.xx.2023cü il tarixli əmək müqaviləsindən görünür ki, işçi “Kimya texnologiya” fakültəsinə tədqiqatçı professor vəzifəsinə təyin edilmişdir. Tərəflər işçiyə hər ay 3.500 manat məbləğində əmək haqqı ödənilməsi, əmək haqqı və digər ödənclərin ayda bir dəfə işçinin “Kapital Bank”dakı hesabına köçürülməsi, iş qrafikinin sərbəst olması barədə razılığa gəlmişlər. Əmək müqaviləsinin 8-ci bəndində əmrə əsasən xx.xx.2023-cü ildən əmək haqqının 3.900 manat olması, xx.xx.2023-cü il tarixli əmrə əsasən əmək müqaviləsinin xx.xx.2024-cü il tarixədək uzadılması qeyd edilmişdir.

3. Cavabdeh PHŞ tərəfindən X6 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, tərəflər arasında 2018-ci ildən başlayan əməkdaşlıq münasibətlərinin uğurla davam etdiyini, qısa müddət ərzində “Qida təhlükəsizliyi” sahəsində gözə çarpan nailiyyətlər əldə edildiyini, onunla birgə çalışmaqdan məmnunluq duyduqlarını və növbəti 3 ildə daha sıx əməkdaşlıq edəcəklərinə ümid etdiklərini, birgə səyləri ilə bundan sonra da gələcək əlaqələrinin möhkəmlənməsinə, “Qida mühəndisliyi” sahəsində əməkdaşlığın genişlənməsinə əmin olduqlarını bildirmişlər.

4. İddiaçıya ünvanlanmış 07 iyul tarixli mesajdan görünür ki, dünən axşam rektorla danışdığını, rektorun da tələbələrin tətili və müəllimlərin məzuniyyət dövrü ilə məşğul olduğunu, onun isə payızda gəlməsini tövsiyə etdiyini bildirmiş, məzuniyyətindən həzz almasını və payızda görüşmələrini arzulamışdır.

5. İddiaçı tərəfindən göndərilmiş 20 iyul tarixli mesajdan görünür ki, növbəti gəliş tarixinin 05 sentyabr olmasının təsdiqlənməsini istəmişdir.

6. İddiaçı tərəfindən göndərilmiş 07 avqust tarixli mesajdan görünür ki, universitetlə qüvvədə olan müqaviləsinin olduğunu, əgər hansı bir problem varsa, bilmək istədiyini, universitetin müqavilədə yazılanlara əməl etməli olduğunu bildirmişdir.

7. İddiaçıya ünvanlanmış 09 avqust tarixli mesajdan görünür ki, professor Mustafa Babanlının rektor vəzifəsindən azad edilməsi, rektor vəzifəsini digər bir universitetin rektoru Vazeh Əsgərovun icra etməsi, Azərbaycanda rektor vəzifəsinə təyinatın prezidentin sərəncamı ilə olmasını və onların da həmin təyinatı gözləməsini, buna görə də iddiaçının Bakıya gəlməkdən çəkinməsini, özlərinin hər şey aydınlaşan kimi ona xəbər verəcəklərini bildirmişdir.

8. İddiaçı tərəfindən göndərilmiş 14 avqust tarixli mesajdan görünür ki, o, şəxslə deyil, universitetlə müqavilə bağladığını bildirmiş, universitetdə işləyən hər kəsin maaş aldığı halda, ona keçən ay üçün maaş ödənilməməsinin səbəbini soruşmuşdur.

9. İddiaçıya ünvanlanmış 01 sentyabr tarixli mesajdan görünür ki, müxtəlif komissiyaların universitetdə maliyyə pozuntuları ilə bağlı araşdırma apardığını, hələ ki, universitetə yeni rektor təyin edilmədiyini, dərslər 15 sentyabrda başlayacağından, bundan sonra onun gəlməsinin mümkünlüyü barədə yazacağını bildirmişdir.

10. İddiaçıya ünvanlanmış 05 sentyabr tarixli mesajda qeyd edilmişdir ki, rektor vəzifədən azad edildikdən sonra müvafiq komissiya universitetin maliyyə fəaliyyətini yoxlayarkən müəyyən etmişdir ki, bəzi professorlar xaricdə olarkən maaş almışlar. Halbuki, komissiya bildirmişdir ki, sərbəst iş qrafiki o deməkdir ki, professor yalnız Azərbaycanda olduğu müddətdə özünə uyğun vaxtda işləməlidir. Buna görə də onun əmək haqqının müvəqqəti olaraq dayandırıldığı, Miqrasiya Xidməti tərəfindən ona 1 illik iş icazəsi və müvəqqəti yaşayış icazəsinin verildiyi bildirilmişdir.

11. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, X9 xx.xx.2023-cü il tarixdə dövlət sərhədindən giriş etmiş, xx.xx.2023-cü il tarixdə çıxmış, xx.xx.2023-cü il tarixdə giriş etmiş, xx.xx.2023-cü il tarixdə çıxmış, xx.xx.2023-cü il tarixdə giriş etmiş və xx.xx.2023-cü il tarixində dövlət sərhədindən çıxmışdır.

12. Mousavi Aminə məxsus “X3” kartı üzrə xx.xx.2022-xx.xx.2024-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, karta sonuncu dəfə xx.xx.2023-cü ildə 2.985,50 manat məbləğində əmək haqqı, xx.xx.2024-cü ildə isə 3.670,23 manat məbləğində son haqq-hesab köçürülmüşdür.

13. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” PHŞ-nin əmək müqaviləsinə xitam verilmə haqqında xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, “Kimya texnologiya” fakültəsinin tədqiqatçı professoru X4 müqavilə müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsi, son haqq-hesabın edilməsinin baş mühasibə tapşırılması barədə əmr verilmişdir.

14. Cavabdeh PHŞ-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X9 həqiqətən həmin universitetdə “Kimya texnologiya” fakültəsində tədqiqatçı professor vəzifəsində çalışmışdır və ona verilən son haqqhesab müvafiq olaraq ödəniş edilmiş 9 aylıq (2022-ci ilin oktyabr ayından 2023-cü ilin iyun ayı da daxil olmaqla) əmək haqqına müvafiq olaraq hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin iyul ayından etibarən ödənilməmiş əmək haqqı məbləğinin ödənilməsini, ona istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləğinin və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin Cavabdehndən tutularaq iddiaçıya verilməsini xahiş etmişdir.

16. Daha sonra iddiaçı X9 (vəkili-nümayəndəsi Vəkil1) iddia tələbinin dəqiqləşdirilməsi və artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin iyul ayından etibarən ödənilməmiş əmək haqqı məbləğinin ödənilməsini, ona istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləğinin və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin, 22.000 (iyirmi iki min) manat məbləğində mənəvi ziyanın Cavabdehndən tutularaq iddiaçıya verilməsini xahiş etmişdir.

17. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Kampinas Universiteti qida təhlükəsizliyi sahəsində ixtisaslaşmış bir təhsil müəssisəsidir və iddiaçı X10 həmin Universitetin Qida Elmləri və Qidalanma Bölümündə böyük elmi işçi qismində çalışan professor olmuşdur. Həmin təhsil müəssisəsində çalışan İran vətəndaşı olan iddiaçı 2018ci ildən cavabdeh ADNSU ilə əməkdaşlıq etmiş, “Qida mühəndisliyi” ixtisası üzrə kadr hazırlığının başlanılması, müasir tədris və elmi laboratoriyaların qurulması ilə bağlı təcrübə mübadiləsinin aparılmasında cavabdehə köməklik etmişdir. Hətta iddiaçıya Cavabdeh sabiq rektoru 23 iyun 2023-cü il tarixli məktub ünvanlayaraq 2018-ci ildən etibarən əməkdaşlıq münasibətlərinin uğurlu davam etdiyini, bu müddət ərzində Qida təhlükəsizliyi sahəsində gözə çarpan nailiyyətlərin əldə olunduğunu, növbəti 3 il ərzində iddiaçı ilə daha sıx əməkdaşlıq etmək istədiyini bildirmiş, Qida mühəndisliyi sahəsində əməkdaşlığın genişlənməsinə nail olunacağı vurğulanmışdır. Daha sonra Cavabdeh rəhbərliyində dəyişikliklər baş vermiş və iddiaçıya tələbələrin və müəllimlərin məzuniyyət dövrü ilə əlaqədar payızda gəlməsi tövsiyə olunmuşdur. İddiaçı da öz növbəsində Universitetin təbliği istiqamətində fəaliyyətini davam etdirəcəyini və göstərişlərə əməl edəcəyini bildirmişdir. Daha sonra iddiaçı bir neçə dəfə Universitetin məsul şəxsləri ilə əlaqə yaratmağa çalışaraq, əmək haqqının ona ödənilmədiyini bildirmək istəmiş, lakin ona cavabdeh təhsil müəssisəsinin məsul şəxsləri tərəfindən 09 avqust tarixli “WhatsApp” ani yazışma programı vasitəsilə bildirilmişdir ki, təhsil müəssəsinə rektor təyin olunanadək Bakıya səfərdən çəkinsin. Daha sonra ona 5 sentyabr 2023-cü il tarixində həmin proqram vasitəsilə əmək haqqının dayandırıldığı barədə mesaj göndərilmişdir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək “Müstəqil Xidmətlər Müqaviləsi”, xx.xx.2022-ci il tarixində əmək müqaviləsi, daha sonra yenidən 484 saylı, xx.xx.2023-cü il tarixli əmək müqaviləsi (kontrakt) bağlanmışdır. Sonuncu bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən, iddiaçı “Kimya-texnologiya” fakültəsinə “tədqiqatçı professor” vəzifəsinə təyin edilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 3500 manat məbləğində əmək haqqının ödənilməsi nəzərdə tutulmuş, 4.6-cı bəndində əmək haqqının ayda bir dəfə Kapital Bankdakı hesaba ödənilməsi göstərilmişdir. Müqavilənin 4.17-ci bəndində iş qrafikinin sərbəst şəkildə müəyyən olunması, müqavilənin 8.2-ci bəndinin a) hissəsində əmrə əsasən xx.xx.2023-cü il tarixinədək əmək haqqının 3900 manat, b) hissəsində 3-29-50/3-1/936/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrə əsasən əmək müqaviləsinin xx.xx.2024-cü il tarixinədək uzadılması qeyd olunmuşdur. Lakin tərəflər arasında əmək münasibətlərinin mövcud olmasına baxmayaraq, cavabdeh tərəfindən 2023-cü ilin iyul ayından etibarən aylıq əmək haqqı ödənilməmiş və hal hazırda da ödənilməməkdədir.

18. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1603/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Cavabdeh PHŞ-dən 2023-cü ilin iyul ayından xx.xx.2024-cü il tarixədək ödənilməmiş əmək haqqının 2/3 hissəsi, həmin dövr üzrə istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya, hər gecikdirilmiş gün üçün əmək haqqının 1 %-i məbləğində ödənc və 500 manat məbləğində mənəvi zərərin əvəzi tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 156 manat məbləğində dövlət rüsumunun 3 manat hissəsinin Cavabdeh PHŞ-dən tutularaq iddiaçı X6 verilməsi, qalan hissəsinin iddiaçı X6 aid edilməsi, Cavabdeh PHŞ-dən 100 manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

19. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında əmək müqaviləsindən irəli gələn işəgötürən-işçi hüquq münasibətlərinin yaranması, iddiaçının cavabdehin tapşırığı əsasında sərbəst iş qrafiki üzrə məqalələr yazması və ayda bir dəfə kart hesabına köçürmə yolu ilə əmək haqqı və digər ödəncləri alması, lakin 2023-cü ilin iyul ayından cavabdeh tərəfindən iddiaçıya heç bir tapşırıq verilməməsi və aralarındakı əmək müqaviləsi qüvvədə olduğu halda, həmin vaxtdan əmək müqaviləsinə xitam verildiyi xx.xx.2024-cü ilədək cavabdeh tərəfindən iddiaçıya əmək haqqı ödənilməməsi hazırkı işin mübahisəsiz hallarını təşkil edir. Bu müddət ərzində iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada (elektron poçt ünvanı vasitəsilə) və eyni zamanda, universitetin prorektoru ilə yazışmalar zamanı məsələyə aydınlıq gətirilməsi ilə bağlı müraciət ünvanlansa da, cavabdeh tərəfindən ona rəsmi cavab verilməmiş, prorektor isə əvvəlcə ona sentyabr ayınadək işə gəlməməli olduğunu, sonralar isə Azərbaycanda olmaması səbəbindən ona əmək haqqı ödənilməməli olduğunu yazmışdır. Hazırkı mübahisənin əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsi təşkil edir. Belə ki, məhkəmənin qənaətinə görə, iddiaçı 2023-cü ilin iyul ayından cavabdehə boşdayanmanın başlaması barədə xəbərdarlıq etsə də və vəziyyətin dəqiqləşdirilməsi üçün müraciət etsə də, əmək qanunvericiliyinə əsasən heç bir təqsiri olmadan boşdayanma halına görə ona vəzifə maaşının 2/3 hissəsindən az olmayaraq əmək haqqı ödənilməli olduğu halda, əmək müqaviləsinə xitam verilən günədək heç bir ödəniş edilməmiş, bununla da, cavabdeh tərəfindən iddiaçının əmək hüquqları pozulmuşdur. Əmək müqaviləsində iddiaçının sərbəst iş qrafiki əsasında işləməli olmasının göstərilməsi, həmçinin, tərəflərin bildirdiyinə görə, iddiaçının vəzifəsinin məhz cavabdehin tapşırığı əsasında məqalələr yazmaq, elmi araşdırmalar aparmaq və s. olması, iddiaçının cavabdehə müraciət etməsinə baxmayaraq, cavabdehin vəzifəli şəxsinin (beynəlxalq işlər üzrə prorektor Rafiq Camalov) iddiaçıya gözləməli olduğunu bildirməsi onu deməyə əsas verir ki, boşdayanma iddiaçının deyil, məhz cavabdehin özünün təqsiri ucbatından baş vermişdir. Belə ki, tərəflər iddiaçının işə gəlməyə zərurət olmadan cavabdeh tərəfindən verilən tapşırıqlar əsasında iş görməsini mübahisələndirmir, lakin cavabdeh iddiaçıya tapşırıq verildiyi halda, onun həmin işi yerinə yetirmədiyini mübahisələndirsə də, bu dəlilini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, əksinə iddiaçı ona tapşırılan bütün işlərin görülməsinə dair sübutları (xarici dildə olan məqalələrin çap edilmə tarixi göstərilməklə) məhkəməyə təqdim etmişdir. Əgər iddiaçı, həqiqətən də, cavabdehin qeyd etdiyi kimi ona verilən tapşırığı yerinə yetirməmiş olsaydı, bu zaman cavabdeh onun barəsində əmək qanunvericiliyinə müvafiq olaraq tədbirlər görməli idi. Lakin göründüyü kimi, cavabdehin iddiaçının vəzifəsini icra etməməsinə dair mülahizəsi mötəbər sübutlarla təsdiq olunmur. Beləliklə, cavabdehin etirazını doğuran bu halın onun tərəfindən təsdiq edilməməsi və əksinin iddiaçı tərəfindən təsdiq edilməsi göstərilən vaxtdan cavabdeh tərəfindən əmək müqaviləsi üzrə vəzifəsinin icra edilməyərək, onun iddiaçıya heç bir iş tapşırmaması faktını doğrulayır və cavabdehin təqsirinə görə iddiaçının boşdayanmasının yaranması qənaətinə gəlməyə əsas verir. Cavabdeh “prorektorun iddiaçıya “gözlə və s.” kimi göstərişlər verməyə səlahiyyətli olmadığını, iddiaçının həmin göstərişə əməl etməməli olduğunu” mübahisələndirsə də, məhkəmə bu dəlili ona görə əsassız hesab edir ki, iddiaçının rəsmi müraciətinə cavabdeh tərəfindən heç bir rəsmi cavab verilməmiş, həmin müddətlərdə rektor dəyişikliyinin olması, universitetin müvafiq komissiyalar tərəfindən yoxlanılması, buna görə onun vəziyyətinin aydınlaşdırılması üçün iddiaçının yeni dərs ili başlayanadək gözləməli olması cavabdehin vəzifəli şəxsi – özü də beynəlxalq işlər üzrə prorektoru tərəfindən bilavasitə iddiaçıya bildirilmişdir. İddiaçı da haqlı olaraq prorektorun onunla səlahiyyətli şəxs kimi yazışdığını hesab etmiş (prorektor mesajda rektorun və ya müvafiq komissiyanın ona belə dediyini, belə tövsiyə olunduğunu yazmışdır) və buna görə də prorektorun ona dediklərinə əsasən hərəkət edərək gözləməyə məcbur olmuşdur. İddiaçı yalnız prorektor tərəfindən ona göndərilmiş “əmək haqqı ödənilməsinin düzgün olmaması barədə” mesajdan sonra cavabdeh tərəfin əsl niyyətindən xəbərdar olaraq və hüququnun pozulduğunu hesab edərək müvafiq tədbirlərə əl atmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “2023-cü ilin iyul ayından etibarən ödənilməmiş əmək haqqı məbləğinin ödənilməsi” hissəsində qismən təmin edilməli, 2023-cü ilin iyul ayından əmək müqaviləsinə xitam verilən xx.xx.2024-cü il tarixədək iddiaçıya heç bir ödəniş (əmək haqqı və digər) edilməməsi, 2024-cü ilin mart ayının 12-də tərəflər arasındakı əmək müqaviləsinə xitam verilməsi nəzərə alınmaqla və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 169-cu maddəsinin tələblərinə əsaslanaraq, Cavabdeh PHŞ-dən 2023-cü ilin iyul ayından xx.xx.2024-cü il tarixədək ödənilməmiş əmək haqqının 2/3 hissəsi tutularaq iddiaçı X4 xeyrinə ödənilməli, tələbin bu hissəsi qalan hissədə təmin edilməməlidir. İddia tələbinin “2023-cü ilin iyul ayından istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, tərəflər arasında etibarlı əmək müqaviləsi olduğu halda, 2023-cü ilin iyul ayından əmək müqaviləsinə xitam verilən xx.xx.2024-cü il tarixədək cavabdeh tərəfindən iddiaçıya əmək məzuniyyəti verilməməsi və istifadə edilməmiş əmək məzuniyyəti üçün kompensasiya ödənilməməsi, hətta son haqqhesab ödənilən xx.xx.2024-cü il tarixdə də bu məsələnin öz həllini tapmaması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, tələb bu hissədə əsaslıdır. Belə ki, tərəflər arasında etibarlı əmək müqaviləsinin olması, əmək qanunvericiliyinə əsasən iddiaçının qanunla müəyyən edilmiş əmək məzuniyyəti hüququnun olması, lakin 2023-cü ilin iyul ayından xx.xx.2024-cü il tarixədək ona əmək məzuniyyətinin verilməməsi və həmin müddət üçün istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya verilməməsi iş üzrə müəyyən edilmiş mübahisəsiz hallardır. Buna görə də məhkəmənin qənaətinə görə, əmək qanunvericiliyin tələblərinə müvafiq olaraq, 2023-cü ilin iyul ayından əmək müqaviləsinə xitam verilən xx.xx.2024-cü il tarixədək istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Hər gecikdirilmiş gün üçün əmək haqqının 1 %-i məbləğində ödənc ödənilməsi” tələbi ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə edilmiş mövqeyi, işçiyə ayda bir dəfədən az olmayaraq əmək haqqın verilməsi tələbini, əmək müqaviləsində və ya kollektiv müqavilədə əmək haqqının verilməsinin başqa müddətlərinin müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, bu tələb əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan (Bank hesabından çıxarışlardan) da aşkar şəkildə görünür ki, iddiaçıya 2023-cü ilin iyul ayından etibarən əmək müqaviləsində və əmək qanunvericiliyində nəzərdə tutulan müddətdə, yəni hər ay iddiaçıya əmək haqqı ödənilməli olduğu halda ödənilməmişdir. Buna görə də cavabdeh işəgötürən tərəfindən hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində ödənc ödənilməsi məqsədəmüvafiqdir. İddia tələbinin “22.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək hüququnun pozulması səbəbindən onun mənəvi ziyan çəkməsi ağlabatan olsa da, bu ziyanın tələb edilən məbləğdə qiymətləndirilməsi məhkəmə tərəfindən ağlabatan hesab edilmir. Nəzərə alınmalıdır ki, mənəvi ziyanın məqsədi zərərçəkmiş şəxsi zənginləşdirmək deyil, onu mənəvi cəhətdən rahatlaşdırmaqdır. Qeyd olunanları, həmçinin iddiaçı ilə cavabdeh arasında bağlanmış 484 №-li əmək müqaviləsinin 5.1-ci maddəsinin tələblərini nəzərə alaraq və qiymətləndirmə sərbəstliyinə əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzinin 500 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə hesab edir ki, 500 manat məbləğində mənəvi zərərin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

20. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 2.2-ci, 4.1-ci, 10-cu, 12.1-ci hissəsinin “a,b,d” bəndləri, 113-cü maddəsinin 1-2-ci hissələri, 135.2-ci, 172-ci maddəsinin 1, 2 və 4cü hissələri, 172.5-ci, Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı, 21.1-ci, 1096-cı, 1097-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci, 76.1-ci, 76.2-ci, 77.1-ci, 80, 81, 88, 106-cı, 216-220, 227, 233-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən Cavabdeh PHŞ apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1603/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə hazırki mübahisəni boşdayanma kimi qiymətləndirərək düzgün qənaətə gəlməmişdir. İşəgötürənin təşəbbüsü ilə boşdayanma dedikdə, müxtəlif səbəblərdən iş yerində iş prosesinin müvəqqəti dayandırılması, işçilərin iş yerlərinə gəlməsinin məhdudlaşdırılması, əmək funksiyalarının yerinə yetirilməsinin qarşısının bu və ya digər yolla alınmasıdır. Bu zaman işəgötürən tərəfindən boşdayanma haqqında müvafiq əmr qəbul edilməli, işçilər bu əmr ilə tanış edilməli, əmrdə boşdayanmanın başlama və bitmə vaxtı müəyyənləşdirilməli, boşdayanmanın kimlərə (konkret işçilər, bütün təşkilat və s.) aid edilməsi dəqiq qeyd olunmalıdır. İddiaçı ADNSU-da elmi fəaliyyət ilə məşğul olmuş, hazırladığı elmi məqalələri ADNSU adından nəşr edilməsi üçün, onları yüksək reytinqli beynəlxalq jurnallara təqdim edirdi. İddiaçı ilə ADNSU arasında bağlanmış əmək müqaviləsində, iddiaçının arzusu təmin edilərək, iş vaxtı və iş yeri sərbəst olaraq müəyyən edilmiş, işçinin elm adamı olması nəzərə alınaraq ona elmi fəaliyyətlə məşğul olmaq üçün istədiyi şərait yaradılmışdır. İddiaçı fəaliyyətinin böyük hissəsini ADNSU-nun və ölkənin hüdudlarından kənarda göstərmişdir. Başqa sözlə, ADNSU iddiaçı üzərində hər hansı təsir mexanizmlərinə malik olmamış, onun istədiyi vaxt Bakıya, ADNSU-ya gəlməsini və getməsini təmin etmişdir. İddiaçı tərəfindən ADNSU üçün 40-a yaxın elmi məqalələr yazılmış, bütün bu məqalələr iddiaçının ölkənin hüdudlarından kənarında olduğu zaman hazırlanmışdır. İddiaçı bilavasitə ADNSU-da çox az müddət keçirmişdir. O, xx.xx.2022-ci il tarixindən xx.xx.2022ci il tarixinə kimi Bakıda olmuş, cəmi 8 gün ADNSU-da olub. Daha sonra, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi Bakıda olmuş, cəmi 7 gün ADNSU-da olub. Növbəti dəfə X10 xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi Bakıda olmuş, cəmi 5 gün ADNSU-da olub. Sonuncu dəfə X10 Azərbaycan Respublikasına xx.xx.2023cü il tarixində gəlmiş və xx.xx.2023-cü il tarixində ölkəni tərk etmişdir. Bu müddət ərzində X10 ADNSU-da cəmi 4 gün keçirib. Göründüyü kimi, X5 iş yeri ADNSU-da olmamış, həm də onun iş qrafiki, öz istəyi ilə, sərbəst müəyyən olunmuşdur. Yəni, ADNSU işəgötürən olaraq, iddiaçıdan işi dayandırmağı tələb etməyə və ya onun əmək müqaviləsi üzrə yerinə yetirməli olduğu işi, əmək funksiyaları onun iradəsinə zidd olaraq dayandırmağa heç bir imkanı olmamışdır. Bununla da, hesab edirlər ki, X10 öz təşəbbüsü ilə üzərinə düşən işi yerinə yetirməyi dayandırmışdır. Bu isə işçinin təqsiri üzündən boşdayanma hesab olunmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçı elmi fəaliyyətlə məşğul olmuşdur, elmi məqalələrin nəşr edilməsinin dayandırılması heç bir halda ADNSU-nun imkanları daxilində olmamışdır.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı X9 tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehin apellyasiya şikayəti tamamilə əsassızdır. Məhkəmə mübahisəni Azərbaycan Respublikasının 169-cu maddəsinin birinci bəndi ilə əsaslandırmış və mübahisəyə boş dayanma kimi hüquqi qiymət vermişdir. Cavabdehin mövqeyinə görə bu məsələ həmin maddənin 2-ci bəndinə əsasən işçinin təqsiri üzündən boş dayanma kimi qəbul edilməlidir. Lakin bu iddia əsassızdır. Belə ki, iddiaçıya Cavabdeh PHŞ-nin sabiq rektoru 23 iyun 2023-cü il tarixli məktub ünvanlayaraq 2018-ci ildən etibarən əməkdaşlıq münasibətlərinin uğurlu davam etdiyini, bu müddət ərzində Qida təhlükəsizliyi sahəsində gözə çarpan nailiyyətlərin əldə olunduğunu, növbəti 3 il ərzində iddiaçı ilə daha sıx əməkdaşlıq etmək istədiyini bildirmiş, Qida mühəndisliyi sahəsində əməkdaşlığın genişlənməsinə nail olunacağı vurğulanmışdır. Yəni iddiaçı öz əmək funksiylarını bütün dövrlər ərzində davam etdirmiş, Universitetin nüfuzunun cavabdehin dediyi kimi ölkə hüdudlarından kənarda və beynəlxalq aləmdə hazırladığı elmi məqalələr ilə Universitet adından nəşr edilməsi üçün onları yüksək reytinqli universitetlərə təqdim etmişdir. Baxmayaraq ki, cavabdeh iddiaçıya ödənilməli olan əmək haqqını dayandırmışdır, lakin iddiaçı yenə də öz əmək funksiyasını davam etdirmişdir. Buna sübut olaraq birinci instansiya məhkəməsində sübutlar, eləcə də elmi məqalələr təqdim olunmuşdur. Əgər iddiaçı öz əmək fəaliyyətini dayandırmışsa hansı səbəbdən 2023-cü ilin iyul ayının 5-də qeyd olunan məqaləni dərc etdirmişdir? Hansı səbəbdən cavabdeh tərəfindən həmin ayın ödənişi həyata keçirilməmişdir? Hansı səbəbdən bu müddət ərzində iddiaçıya hər hansı iş həvalə edilməmişdir? Həmçinin Cavabdeh PHŞ-nin rəhbəriyində dəyişikliklər baş vermiş, iddiaçıya tələbələrin və müəllimlərin məzuniyyət dövrü ilə əlaqədar payızda gəlməsi tövsiyyə olunmuşdur. İddiaçı da öz növbəsində Universitetin təbliği istiqamətində fəaliyyətini davam etdirəcəyini və göstərişlərə əməl edəcəyini bildirmişdir. Daha sonra iddiaçı bir neçə dəfə Universitetin məsul şəxsləri ilə əlaqə yaratmağa çalışaraq və əmək haqqının ona ödənilmədiyini bildirmək istəmiş, lakin ona cavabdeh təhsil müəssisəsinin məsul işçiləri tərəfindən 09 avqust tarixli “Whatsapp” ani yazışma proqramı vasitəsilə bildirilmişdir ki, təhsil müəssisəsinə rektor təyin olunanadək Bakıya səfərdən çəkinsin. Daha sonra ona 5 sentyabr 2023-cü il tarixində həmin proqram vasitəsilə əmək haqqının dayandırıldığı barədə mesaj göndərilmişdir. Bu isə bir daha sübut edir ki, iddiaçı öz əmək funksiyalarını yerinə yetirmiş, lakin cavabdeh təşkilat ona iş verməkdən imtina etmişdir. Bu hal eyni zamanda iddiaçının birinci instansiya məhkəməsində verdiyi ifadələrlə bu hal öz əksini tapmışdır. Hazırkı vəziyyətdə işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında əmək müqaviləsindən irəli gələn işəgötürən-işçi hüquq münasibətlərinin yaranması, iddiaçının cavabdehin tapşırığı əsasında sərbəst iş qrafiki üzrə məqalələr yazması və ayda bir dəfə kart hesabına köçümə yolu ilə əmək haqqı və digər ödəncləri alması, lakin 2023-cü ilin iyul ayından cavabdeh tərəfindən iddiaçıya əmək haqqı ödənilməmişdir. Bu müddət ərzində iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada (elektron poçt ünvanı vasitəsilə) və eyni zamanda universitetin prorektoru ilə yazışmalar zamanı məsələyə aydınlıq gətirilməsi ilə bağlı müraciət ünvanlansa da, cavabdeh tərəfindən ona rəsmi cavab verilməmiş, prorektor isə əvvəlcə ona sentyabr ayınadək gəlməməli olduğunu, sonralar isə Azərbaycanda olmaması səbəbindən ona əmək haqqı ödənilməməli olduğunu yazmışdır. Bu isə bir daha onu sübut edir ki, boş dayanma iddiaçının deyil, cavabdehin təqsiri üzündən baş vermişdir. xx.xx.2023-cü il il tarixli əmrə əsasən Müqavilə xx.xx.2024-cü il tarixli Əmrə əsasən, müqavilə xx.xx.2024-cü il tarixinədək, yəni müvəqqəti yaşama icazəsinin etibarlılıq müddətinədək uzadılmışdır. Lakin 2023-cü il ilin iyul ayından etibarən müqavilənin müddəti bitənədək, nə əmək haqqı verilmiş, nə də ki, iş tapşırılmışdıır. Bundan əlavə cavabdeh PHŞ-nin məsul əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçı mənəvi sıxıntı və psixioloji gərginlik keçirmiş, bu hərəkətlər onun iztirab keçirməsinə səbəb olmuşdur. Ona görə də hesab edir ki, cavabdeh bu gündə öz qanunsuz hərəkətlərini davam etdirdiyindən əmək haqqı məbləğini və digər ödənişləri ödəmədiyindən, bu hallar iddiaçıda psixioloji gərginlik, mənəvi sıxıntı və iztirab yaradıb.

Proses iştirakçılarının izahatı

24. Cavabdeh PHŞ-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirir ki, boşdayanma müxtəlif səbəblərdən iş yerində iş prosesinin müvəqqəti dayandırılması, işçilərin iş yerlərinə gəlməsinin məhdudlaşdırılması, əmək funksiyalarının yerinə yetirilməsinin qarşısının bu və ya digər yolla alınması başa düşülür. Rayon məhkəməsi düzgün qərar qəbul etməmişdir. İddiaçı yüksək reytinqə malik və savadlı alimdir. Müxtəlif əməkdaşlıqlar etmişdir. Onun əməkdaşlıq etməsini məhdudlaşa bilməzlər, ona əmək haqqı, əlavə, nəqliyyat xərclərini də ödəmişlər. İddiaçının elmi məqalələrinin ADNSU adından nəşr edilib yüksək reytinqli beynəlxalq jurnallara təqdim edilməsi üçün müqavilə bağlanmışdır. İddiaçı müxtəlif vaxtlar ölkəyə giriş-çıxış edib. xx.xx.2021-ci ildə gəlib. xx.xx.2021-ci ildə qayıdıb və.s. Onun bilavasitə iş yeri universitet olmamışdır. Universitetin rektorunun onunla heç bir problemi olmamışdır. Prorektorun iddiaçı ilə yazışmalarının heç bir hüquqi əsası yoxdur. İşçinin davamiyyət məsələsini prorektor həll etmir. Onun işə gəlməmə səbəbini onlar bilmir. Yazışmaların məqsədini öyrənməyə çalışdı. Prorektorun elə mesaj yazma səlahiyyəti yoxdur. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

25. İddiaçı X4 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçı savadlı və reytinqi yüksək alimlərdən biridir. Cavabdehlə müqavilə bağlanılıb, universitetin reytinqini qaldırmışdır. İyul ayında iddiaçı məqalə yazmışdır, universitetə təqdim etmişdir. Amma, ona ödəniş ödənilməyib. Dəfələrlə iddiaçı cəhd edib. İddiaçını qeyri-rəsmi çəkindirməyə, yayındırmağa çalışıblar. İddiaçı müqqavilədəki öhdəliklərini yerinə yetirib. Boşdayanma dövründə universitet üçün məqalələr yazıb, təqdim edib. Boşdayanma universitetin hərəkətlərinə görə olub. İddiaçı fəaliyyəti barəsində məlumat verib. İddiaçı, universitetin onunla əlaqələndirilən şəxslə əlaqə saxlayıb. Apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş edir.

Tətbiq edilən hüquq normaları:

26. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 2 Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Maddə 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Maddə 12. a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; .. d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir.

Maddə 68.2 b) əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Maddə 135.2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 169.1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Maddə 169.2. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Maddə 172.5 Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

30. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin edilməməsini xahiş etmişdir. Cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. İşin halları ilə müəyyən edilir ki, X9 xx.xx.2022-ci ildən əmək müqaviləsi əsasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kimya texnologiya” fakültəsində tədqiqatçı professor vəzifəsində işləməyə başlamış, əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü ildə qurtarması, aylıq əmək haqqının məbləğinin 3.900 manat olması qeyd edilmişdir.

33. Cavabdeh PHŞ-nin əmək müqaviləsinə xitam verilmə haqqında xx.xx.2024-cü il tarixli əmrə əsasən “Kimya texnologiya” fakültəsinin tədqiqatçı professoru X4 müqavilə müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsi, son haqq-hesabın edilməsinin baş mühasibə tapşırılması barədə əmr verilmişdir.

34. İddiaçının hazırkı iddia tələbi 4 hissədən ibarətdir: 1) Cavabdeh tərəfindən ona 2023-cü ilin iyul ayından etibarən ödənilməmiş əmək haqqı məbləğinin tutulması; 2) İstifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləğinin tutulması; 3) Hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin tutulması; 4) 22.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi;

35. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarından görünür ki, əmək müqaviləsində iddiaçının sərbəst iş qrafiki əsasında işləməli olması göstərilmiş, iddiaçının müqavilə üzrə öhdəlikləri cavabdehin tapşırığı əsasında məqalələr yazmaq, elmi araşdırmalar aparmaq və s. olmuşdur.

37. İşin faktiki halları ilə həmçinin müəyyən edilir ki, 2023-cü ilin iyul ayından cavabdeh tərəfindən iddiaçıya heç bir tapşırıq verilməmiş və aralarındakı əmək müqaviləsi qüvvədə olduğu halda, həmin vaxtdan əmək müqaviləsinə xitam verildiyi xx.xx.2024-cü ilədək cavabdeh tərəfindən iddiaçıya əmək haqqı ödənilməmişdir. Bu müddət ərzində iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada (elektron poçt ünvanı vasitəsilə) və eyni zamanda, universitetin prorektoru ilə yazışmalar zamanı məsələyə aydınlıq gətirilməsi ilə bağlı müraciət ünvanlansa da, cavabdeh tərəfindən ona rəsmi cavab verilməmiş, prorektor isə əvvəlcə ona sentyabr ayınadək işə gəlməməli olduğunu, sonralar isə Azərbaycanda olmaması səbəbindən ona əmək haqqı ödənilməməli olduğunu yazmışdır. Qeyd edilən hallar X9 ilə Rafiq Camalov adı qeyd edilən “+994 55 778 15 00” nömrəsi arasında olan yazışmalardan da müəyyən edilir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçının iddia tələbinin hüquqi əsasını Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən boşdayanma halı təşkil edir. Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsində qeyd edilir ki, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. (Maddə 169.2)

39. Hazırkı işin hallarından görünür ki, boşdayanma halı iddiaçının təqsiri üzündən baş verməmiş, iddiaçı tərəfindən bununla bağlı Cavabdeh PHŞ-yə dəfələrlə xəbərdarlıq edilmişdir.

40. Cavabdeh iddia tələbinə etirazının əsası kimi, cavabdeh iddiaçıya tapşırıq verildiyi halda, onun həmin işi yerinə yetirmədiyini qeyd etsə də, bu dəlilini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən əmək müqaviləsi üzrə öhdəliklərinin icra edilməsi ilə bağlı məhkəməyə mötəbər sübutlar (xarici dildə olan məqalələrin çap edilmə tarixi göstərilməklə) təqdim edilmişdir. Həmçinin qeyd edilir ki, cavabdeh iddiaçı tərəfindən əmək funksiyalarının icra edilməməsinə istinad etsə də, bununla bağlı Cavabdeh PHŞ tərəfindən hər hansı tədbirlər görülməsi ilə məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən boşdayanma halı iddiaçının təqsiri üzündən olması sübuta yetirilmədiyindən iddiaçıya maaşının üçdə iki hissəsindən az olmayaraq məbləğdə ödənc ödənilməlidir.

42. Məhkəmə kollegiyası iddiaçının istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləğinin tutulması tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında etibarlı əmək müqaviləsi olduğu halda, 2023-cü ilin iyul ayından əmək müqaviləsinə xitam verilən xx.xx.2024-cü il tarixədək cavabdeh tərəfindən iddiaçıya əmək məzuniyyəti verilməməsi və istifadə edilməmiş əmək məzuniyyəti üçün kompensasiya ödənilməməsi, hətta son haqqhesab ödənilən xx.xx.2024-cü il tarixdə də bu məsələnin öz həllini tapmaması işin faktiki halları ilə müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 2023-cü ilin iyul ayından əmək müqaviləsinə xitam verilən xx.xx.2024-cü il tarixədək istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

43. Məhkəmə kollegiyası iddiaçının hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin tutulması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan (Bank hesabından çıxarışlardan) da aşkar şəkildə görünür ki, iddiaçıya 2023-cü ilin iyul ayından etibarən əmək müqaviləsində və əmək qanunvericiliyində nəzərdə tutulan müddətdə, yəni hər ay iddiaçıya əmək haqqı ödənilməli olduğu halda ödənilməmişdir. Buna görə də cavabdeh işəgötürən tərəfindən hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində ödənc ödənilməlidir.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.

45. Məhkəmə kollegiyası iddiaçının mənəvi ziyanla bağlı tələbinin qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

46. Həmin Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

47. İşin hallarından və qanunvericiliyin, o cümlədən mövcud məhkəmə praktikasına dair Ali Məhkəmənin Plenumunun qərarında göstərilən müddəalarından belə nəticəyə gəlmək olur ki, iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissədə qismən təmin edilməsi də qanuni və əsaslı olmuşdur.

48. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

49. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

50. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh PHŞ-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1603/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar