Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5221/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, cavabdeh “Cavabdeh Sığorta Şirkəti”nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh Sığorta Şirkəti”nə qarşı “dəymiş zərər görə sığorta haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)- 226/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Cavabdeh Sığorta Şirkəti”nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3053 manat zərərin və 30 manat dövlət rüsumunun Cavabdeh Sığorta Şirkəti tərəfindən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə saat 18:00 radələrində etibarnamə ilə idarə etdiyi “Volkswagen Golf” markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şhəri, Qafqaz küçəsi ilə hərəkət etdiyi zaman X5 idarə etdiyi “Toyota Prado” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toyota Prado” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün günahı ucbatından baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Golf” markalı avtomobilin sol tərəfi əzilmiş və xeyli miqdarda ziyan vurulmuşdur. Cavabdeh maşına dəyən zərərin məbləğini 521 manat həcmində müəyyən etmişdir. Halbuki əslində maşına dəyən zərər bu məbləğdən qat-qat artıqdır. İddiaçının müraciətindən sonra cavabdeh sığorta ödənişini 621 manatadək artırmış və həmin məbləği bank kartına köçürərək iddiaçıya təqdim etmişdir. Lakin cavabdehin təqdim etdiyi bu məbləğ maşının təmiri və bərpa olunması üçün kifayət etmir. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-226/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla əlavə olaraq bildirmişdir ki, Həqiqət Məhərrəmova “Volkswagen Golf” markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobili ona nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə ilə satmış, bundan sonra o, avtomobili öz adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh şirkətin nümayəndəsi apellyaasiya şikayətinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılamasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işin hallarını və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsas götürərək işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan AC № 649543 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** SP *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Golf” markalı nəqliyyat vasitəsi X1 mülkiyyətindədir. İş materiallarında olan nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında xx.xx.2018-ci il tarixli Etibarnamənin surətindən görünür ki, “Volkswagen Golf” markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı xx.xx.2019-cu il tarixədək etibarnamə vermişdir. İddiaçı məhz sözügedən etibarnaməyə istinad edərək apellyasiya baxışının predmeti olan tələbləri irəli sürmüş, birinci instansiya məhkəməsi isə iddia tələblərini təmin etmədiyi zaman iddiaçının həmin avtomobilin onun mülkiyyətində olmasına dair hər hansı sübut təqdim etmədiyinə əsaslanmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü işin müəyyən edilmiş hallarına əsasən iddiaçının barəsində mübahisə açdığı nəqliyyat vasitəsi təqdim etdiyi qeydiyyat şəhadətnaməsinə əsasən X2 məxsusdur. Mülki Məcəllənin 178.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Kollegiya qeyd edir ki, qanunvericilik normalarının tələbinə görə daşınmaz əmlakla bağlı hər hansı hüququn tanınmasını tələb etmək üçün, həmçinin mülkiyyətdə və ya qanuni istifadədə olan əmlakla bağlı kənar-qanunazidd hesab edilən müdaxilənin qarşısının alınmasını tələb etmək üçün ilk növbədə həmin əmlaka maddi hüquq normalarının tələblərinə müvafiq, müqavilə əsasına və ya qanuni əsasa söykənən hüquq yaranmalıdır. Hazırkı işdən isə görünür ki, iddiaçının istinad etdiyi etibarnamə xx.xx.2019cu il tarixədək qüvvədə olmuş, lakin o, iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı avtomobili sonradan öz adına rəsmiləşdirdiyini irəli sürsə də bu barədə nə birinci instansiya məhkəməsinə nə də apellyasiya instansiyası məhkəməsinə sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu mənada kollegiyanın qənaətinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə, həmin şəxsdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmadığına görə, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Kollegiya onu da qeyd edir ki, iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də apellyasiya şikayətinin təmin olunması mümkün deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-226/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5221/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5221/2020
24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver