Məhkəmə qərarları › İş №2(103)-5227/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5227/2024

14.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5227/2024 14.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı X1 qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı X1 qarşı “aliment məbləğinin azaldılması” tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin qətnamədən iddiaçın verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə görə, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir. Həmin Qanunun 8.1.2-ci maddəsinə görə, iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilməlidir. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə görə isə, ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İddiaçı ödədiyi 720 manat alimentin 480,16 manata azaldılmasını xahiş etdiyindən, müvafiq tələb üzrə iddianın qiyməti ödəmənin azaldılmasını istədiyi məbləğin illik məcmusu qədər, yəni 2878,08 (239,84 x 12 = 2878,08) manat təşkil edir və belə olan halda onun iddia ərizəsi üçün ödəməli olduğu rüsum 48,78 manat, buna müvafiq olaraq apellyasiya şikayəti üçün ödənilməli rüsum məbləği 24,39 manat olmuş, lakin apellyator ümumiyyətlə rüsum ödəməmişdir. İddiaçı həmin iddia ərizəsində, həm də apellyasiya şikayətində rüsum ödənişindən azad olduğunu göstərsə də, qeyd olunmalıdır ki, “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar – İddiaçı isə “aliment alınması tələbi üzrə” iddiaçı deyildir. Beləliklə, apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X1 qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Birinci instansiya məhkəməsinin hakiminin diqqətinə çatdırılsın ki, hazırkı qərardadda əks olunmuş mövqeyi əsas götürərək, məhkəmə xərclərinə dair həll olunmamış məsələ üzrə əlavə qətnamə çıxarılmasına zərurət olub-olmadığını müzakirə etməlidir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Elnur Həsənov Hakimlər: Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar