Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5230/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2359/2020 saylı, 03.06.2020-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh “xxxx” QSC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətindən onun xeyrinə mənəvi zərərə görə 1.000.000 (bir milyon) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri Tahir Nəcəfquliyev Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində olan “Neftqaztikinti” trestinin 3 saylı tikinti quraşdırma idarəsində quraşdırıcı işləmişdir. 31 avqust 2012-ci il tarixdə səhər saat 07 radələrində Tahir işə getmək üçün evdən çıxmışdır. Saat 09 radələrində eşidəndə ki, Lökbatan qəsəbəsində 124 saylı marşrut avtobusu qatarla toqquşub, çoxlu xəsarət alan var, iddiaçı dərhal ərinin mobil telefonuna zəng vurub əlaqə saxlamaq istəmiş, lakin tanımadığı bir nəfər cavab verib telefonu hadisə yerində tapdığını, telefon sahibinin isə “Semaşko” xəstəxanasına aparıldığını demişdir. Bundan sonra ərinin toqquşma zamanı qatarın altına düşərək öldüyü iddiaçıya məlum olmuşdur. Həmin hadisə ilə əlaqədar cinayət işi qaldırılmışdır. Müəyyən edilmişdir ki, X3 2012- ci il avqust ayının 31-də “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Qaradağ rayonu ərazisində Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə keçid növbətçisi vəzifəsində növbədə olarkən dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını təmin etmək üçün keçiddə Ağstafa-Bakı sərnişin qatarının yaxınlaşması barədə səs və rabitə siqnalının verildiyinə baxmayaraq “Dəmir yolu keçidlərinin istismarına dair” Təlimatın 4.5, 4.6 və 4.7-ci bəndlərinin tələblərini pozub, hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, şlaqbaumları vaxtında bağlamamış və avtomobil yolu ilə nəqliyyat vasitələrinin keçiddən keçməsinə qadağa qoymamış, nəticədə saat 07:28 dəqiqədə X32 idarə etdiyi «Daewoo» markalı, Az-**-TF-*** dövlət nömrə nişanlı Lökbatan qəsəbəsindən Bakı şəhəri istiqamətində 124 saylı marşurutla hərəkət edən sərnişin avtobusu açıq şlaqbaumdan keçərək sərnişin qatarı ilə toqquşmuş, hadisədə avtobusda olan sərnişinlərdən - X17, X4, X33, X19, X10, X48, X6, X11, X34, X20, X35, X7, X25, X42, X36, X67, X5, X49, X12, X50, X1, X13, X56, X8, X43, X51 az ağır, X52, X26, X21, X9, X79 ağır xəsarətlər almış, X14, X37, X27, X15, X18 və X57 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli 1(101)-248/2013 saylı hökmünə əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2014-cü il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzası 9 ilə qaldırılmışdır. Ali Məhkəmənin 28 oktyabr 2015-ci il tarixli qərarı ilə məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli 1(101)-248/2013 saylı qanuni qüvvə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehin təqsiri təsdiq olunur və hazırkı mülki işdə preyudisial əhəmiyyət daşıyır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli 1(101)-248/2013 saylı qanuni qüvvəyə minmiş hökmünün 42-ci səhifəsində qeyd olunur ki, məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 17 sentyabr 2012-ci il tarixli, 116 saylı rəyindən görünür ki, mərhum T.N.Nəcəfquliyevin meyitinin məhkəmə tibbi ekspertizasında sağ yuxarı ətrafın və hər iki aşağı ətrafın travmatik amputasiyası, alt çənənin səthi əzilmiş yarası, sol alın-gicgah nahiyəsinin, sol yanağın sıyrıqları aşkar edilmişdir. Yuxarıda qeyd olunan xəsarətlər başın və bədənin küt travması nəticəsində yaranmışlar, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 31.08.2012-ci il tarixdə baş vermiş nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və T.N.Nəcəfquliyevin ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. T.N.Nəcəfquliyevin ölümünə səbəb, almış olduğu travma kompleksi və massiv qanitirmə nəticəsində baş vermiş ağır dərəcəli travmatik hemorragik şok olmuşdur. Cavabdehin məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçının əri öldüyünə görə ona mənəvi zərər dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının yaxın qohum sayılan ərinin faciəvi şəkildə ölməsindən sonra sağlamlığında baş verən mənfi dəyişikliklər nəticəsində çəkdiyi iztirablar, sarsıntılar, düşdüyü depresiyalar, hər gün ona həmin hadisənin sanki bu gün baş verdiyini xatırladır. Ərinin faciəvi şəkildə həlak olması bir qadın kimi iddiaçının sağlamlığına ağır zərbə vurmuşdur. Bu günədək ərinin itkisinin iztirabını çəkir. Məhz bu səbəbdən iddiaçı Tibbi-Sosial Ekspert Komissiyasının rəyi ilə 2017-ci ildə “Beyin infarktının nəticələri, Sağ orta beyin arteriyası sistemində keçirilmiş geniş sahəli və təkrari işemik insultlardan sonrakı vəziyyət, Hemiplegiya, Sol tərəfli dərin hemiplegiya, Durğunluq ürək çatmamazlığı, Ürək çatmamazlığı İİİ f/s” diaqnozları əsasında ikinci dərəcəli əlil olmuşdur. Həyat yoldaşının yoxluğu, sağlamlığını itirməyi iddiaçının iztirablarının davam etməsinə səbəb olur. İddiaçı bəlkə bu əzab və iztirabları yüngülləşər, xəstəlikləri daha da kəskinləşməz deyə mənəvi zərərin ödənilməsini tələb etmək qərarına gəlmişdir. İşin hallarına əsasən cavabdeh qurumun işçisinin hüquqazidd hərəkəti nəticəsində iddiaçının fizikimənəvi əzab çəkməyi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Ona görə iddiaçı düşünür ki, qeyd olunan halları nəzərə alaraq ona vurulmuş mənəvi zərərin əvəzi olaraq, 1.000.000 manat məbləğində pulun cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən alınaraq ona ödənilməsi ədalətli olar. İddiaçı ümid edir ki, məhkəmə baş verən hadisənin unudulmasının mümkün olmaması səbəbindən iddiaçının keçirdiyi iztirabların ömür boyu davam edəcəyini nəzərə alaraq mənəvi zərərin miqdarını tam şəkildə təmin etməlidir ki, pozulmuş hüquqlarının bərpası baxımından ədalətli olsun. Belə olarsa cavabdehin məsuliyyəti də artar ki, iddiaçının ərinin yerində kiminsə əzizlərinin, hətda körpə uşağın belə ola biləcəyi ictimai təhlükəlilik baxımından ağır olan eyni hadisə, faciə təkrar baş verməsin və başqa insanlar da onun çəkdiklərini çəkməsinlər. İddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən iddiaçının əri, cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Qaradağ rayonu ərazisində Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə keçid növbətçisi vəzifəsində işləyən Eyyub İsmayılovun təqsirli hərəkəti nəticəsində ölmüş, hüquqazidd təqsirli hərəkət nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: İlham Cəfərov).
4. Həmin qətnamədən İddiaçı və cavabdeh “xxxx” QSC qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişlər.
5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6533/2020 saylı, 09.09.2020-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyun 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (Sədrlik edən: Akif İsgəndərov).
6. Həmin qətnamədən iddiaçı və cavabdeh kassasiya şikayəti vermişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1260/2021 saylı, 16.03.2021-ci il tarixli qərarı ilə, cavabdeh “xxxx” QSC-nin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6533/2020 saylı, 09.09.2020-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş baxılması üçün həmin məhkəməyə qaytarılmış, İddiaçı kassasiya şikayəti təmin edilməmişdir (sədrlik edən: Əhməd Əhmədov). Apellyasiya şikayətləri və dəlilləri:
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarına düzgün istinad etmiş olsa da, onun tələbini tam təmin etməmişdir. Ona görə də qətnamə dəyişdirilməli və mənəvi tarazılığın yenidən bərpa olunması üçün iddia tələbi tam təmin edilməlidir.
9. Cavabdeh “xxxx” QSC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin mübahisəsiz halı iddiaçının ərinin 2012-ci ildə baş vermiş yolnəqliyyat hadisəsində həlak olmasıdır. Lakin bu hadisə nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi konkret formada sübut olunmalıdır. Ərinin həlak olması ilə bağlı iddiaçının qəmlənməsi təbiidir. Lakin şəxsin yaxın qohumunu itirməsi hələ onun mənəvi sarsıntı keçirməsinə dəlalət etmir. İş materiallarında iddiaçının sağlamlığının pozulması nəticəsində 2017-ci ildə ikinci qrup əlillik dərəcəsi alması barədə sənəd mövcud olsa da, həmin xəstəliyin baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəsinin olması sübut olunmamışdır. Çünki baş vermiş hadisə ilə sağlamlığın itirilməsi arasındakı fərq 5 ildir. Qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş edir. Tərəflərin izahatları:
10. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə bamayaraq tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
12. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Sübutların tədqiqi:
13. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mərhum X16 ilə rəsmi nikahda olmuş və həmin nikahdan onların üç övladları dünyaya gəlmişdir. X41 vəfat edənə qədər SOCARın “Neftqaztikinti” trestinin 5-ci dərəcəli polad və dəmir beton konstruksiyaların quraşdırıcısı peşəsində çalışmışdır. HəminTrestin verdiyi arayışa əsasən 5-ci dərəcəli polad və dəmir beton konstruksiyaların quraşdırıcısı peşəsi üzrə orta aylıq əmək haqqı 2012-ci il üzrə 1021,73 manat, 2013-cü il üzrə 1099,76 manat, 2014-cü il üzrə 1075,43 manat, 2015-ci il üzrə 1086,98 manat, 2016-cı il üzrə 1167,37 manat, 2017-ci il üzrə 1199,56 manat, 2018-ci il üzrə 1291,25 manat, 2019cu il üzrə 1423,32 manat və 2020-ci il üzrə 1496,20 manat olmuşdur.
14. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli hökmü ilə X58 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və X3 həmin Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər.
15. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 27.02.2014-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək onlara təyin olunan azadlıqdan məhrum etmə cəzasının müddəti hər biri üçün 9 il müəyyən edilmişdir. Bu qərar Ali Məhkəmənin Cinayət Kollegiyasının 28.10.2015-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat:
16. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının ərinin “xxxx” QSC-nin əməkdaşı X2 təqsiri nəticəsində ölməsi iddiaçıda yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Məhkəmə hesab etmişdir ki, ərinin vəfat etməsi nəticəsində iddiaçının çəkidiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və həyat yoldaşının həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. İddiaçının mənəvi sarsıntı keçirməsi uzun müddət birgə yaşadığı həyat yoldaşının faciəvi şəkildə ölməsinin onda səbəb olduğu mənfi psixi reaksiyada, iddiaçının iztirab keçirməsi isə onun ikinci dərəcəli əlil olması ilə əlaqədar sağlamığını itirməsində ifadə olunur. Həmçinin, iddiaçının qadın olması, vəfat edənin onun 23 il birgə nikahda yaşadığı həyat yoldaşı olması, ərinin vəfatından sonra himayəsində yetkinlik yaşına çatmayan uşaqların qalması ilə əlaqədar iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirabların ağırlığı, bu sarsıntı və iztirabların uzun bir müddət ərzində davam edəcəyi və cavabdeh hüquqi şəxsin əmlak vəziyyəti nəzərə alınmalıdır. Hüquqi dəyərləndirmə:
17. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır.
18. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
19. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “...Ümumiyyətlə, analoji cinayət hadisəsi çox tez-tez rast gəlinən cinayət hadisəsidir və həmin işlər üzrə zərərçəkənlərə 30.000 manat mənəvi ziyanın ödənilməsi təcrübəsinin formalaşdırılması açıq-aşkar ağlabatan görünmür. Çünki belə nəticə mənəvi zərərin miqdarını şərtləndirən yuxarıda şərh edilən hallara, eyni zamanda ölkə üzrə ümumi statistik yaşam səviyəsinə uyğun gəlmir. Məhkəmələr yuxarıda sadalanan kriteriyaları nəzərə alaraq elə qərarlar qəbul etməlidirlər ki, gələcəkdə oxşar işlər üzrə tutulmalı olan mənəvi zərərin məbləği ilə bağlı məhkəmə təcrübəsi formalaşdırmaq mümkün olsun. Bundan başqa, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, sözügedən zərərin baş verməsinə səbəb olan hadisə təkcə cavabdehin işçisi tərəfindən törədilməyib və qanuni qüvvəyə minmiş məhkəmə hökmündən görünür ki, həmin hökmlə məhkum edilmiş digər şəxs, yəni Fərid Ağayev 31 avqust 2012-ci ildən “xxxx” MMC sürücü işləyib və “Daevoo” markalı, ** TF *** dövlət nömrə nişanlı sərnişin avtobusunu idarə edib. Törətmiş olduğu yol-nəqliyyat hadisəsinə görə Fərid Ağayevdə eyni hökmlə 8 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilib. Göründüyü kimi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının əri Tahir Nəcəfquliyevin ölümünə səbəb təkcə iş üzrə cavabdehin işçisinin deyil, həmçinin “xxxx” MMC işçisi Fərid Ağyaevin təqsirkar hərəkətləri olub.”
20. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
21. İş materiallarında olan 01.07.1989-cu il tarixli 284138 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X16 ilə İddiaçı Təvəkkül qızı nikaha daxil olmuşlar (i.v. 7).
22. Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.09.2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X16 04.09.2012-ci il tarixdə travmatik şok səbəbindən ölmüşdür (i.v. 8).
23. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11.12.2013-cü il tarixli hökmü ilə X3 və X58 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib, hər biri 08 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər.
24. Bakı Apelyasiya Məhkəməsinin 27.02.2014-cü il tarixli qərarı ilə apelyasiya şikayətləri təmn edilməmiş, apelyasiya protesti təmin edilərək, hökmlə E.M.İsmayılova təyin edilmiş cəza 1 il artırılaraq 9 il müəyyən edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 28.10.2015- ci il tarixli qərarı ilə X3 barəsində Bakı Apelyasiya Məhkəməsinin 27.02.2014-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
25. Beləliklə, müəyyən edilmişdir ki, “xxxx” QSC-nin əməkdaşı X3 və “xxxx” MMC-nin nəznində sürücü işləyən və hadisə vaxtı qəzaya uğramış nəqliyyat vasitəsini idarə etmiş X32 təqsiri nəticəsində baş vermiş qəzada 26 nəfər az ağır, 5 nəfər ağır xəsarətlər almış, 6 nəfər, o cümlədən iddiaçının oğlu X57 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşlər. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hal hazırki baxışın predmetini təşkil etmir. Hazırki halda araşdırılan məsələ tutulan mənəvi ziyanın məbləği ilə bağlıdır.
26. İddiaçı baş vermiş hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb edir və bu zərərin həcmini 3.000.000 manat həddində qiymətləndirir.
27. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20000 manat məbləğində pulun tutulması qənəatinə gəlmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu 03 noyabr 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında" Qərarının 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
29. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərmişdir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
30. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar.
31. Kollegiyanın qənaətinə görə, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyanın məbləği də ağlabatan deyildir. Kollegiya onu da nəzərə alır ki, hadisənin baş verməsində və həmin hadisə nəticəsində zərərin yaranmasında və artmasında sürücü X32 da təqsiri olmuşdur və bu səbəbdən o da (işçisi olduğu təşkilat) zərər çəkənlər qarşısında maddi və mənəvi məsuliyyət daşıyır. Belə olan halda iddiaçının gələcəkdə F.Ağayevə qarşı da eyni məzmunlu iddia qaldırması istisna olunmur. Hadisənin baş verməsində qeyd olunan halın mövcudluğu cavabdehin məsuliyyətini azaldan haldır. Birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış, mənəvi zərərin məbləğini yüksək həddə müəyyən etmişdir.
32. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının tələb etdiyi 1.000.000,0 manat məbləğində mənəvi zərəri ağlabatan və ədalətli hesab etməyib, bu məqsədlə cavabdeh “xxxx” QSC-dən 10.000,0 manat məbləğində pulun tutulmasının yetərli olması qənaətinə gəlir. İddiaçını şikayətinin dəlilləri əsassızdır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
34. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Nəticə: Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini, işin hallarını nəzərə alaraq, mənəvi zərərə görə cavabdeh "xxxx” QSC-dən 10.000 manat məbləğində pulun tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2359/2020 saylı, 03.06.2020-ci il tarixli qətnaməsi mənəvi zərərin məbləği hissəsində dəyişdirilsin. Vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdeh “xxxx” QSC-dən alınaraq İddiaçı ödənilməli olan pul məbləği 10.000 (on min) manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev