Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5234/2023 04.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Mehbulla qızı və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin ləğv edilməsi, pulun qaytarılması və maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası barədə mülki iş üzrə üzrə QƏRARDADİ (Açar sözlər: "müqavilənin ləğv edilməsi, pulun qaytarılması və maddi və mənəvi ziyanın ödənilməsi") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-2216/2018 nömrəli, 28 iyun 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları: Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 ilə Cavabdeh2 firması arasında 11.3.1 nömrəli obyektə görə imzalanmış 31 may 2012-ci il tarixli 551 saylı və 15.2.102 nömrəli obyektə görə (xx.xx.2008) imzalanmış nömrəsiz və tarixsiz Müqavilələrin ləğv edilməsi, müqavilə üzrə və müqavilədən kənar xərclər üzrə ödənilmiş 68.720 manat pulun cavabdehlərdən müştərək qaydada İddiaçı2 xeyrinə tutulması, əldən çıxmış faydaya görə 120.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada İddiaçı2 xeyrinə tutulması, müqavilə üzrə və digər xərclər adı altında ödənilmiş 68.720 manat məbləğində pulun illik 5%-olan (10 il x 3.436) 34360,00 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada İddiaçı2 xeyrinə tutulması, işin aparılması ilə bağlı İddiaçı1 tərəfindən çəkilmiş xərclərə görə 50.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada İddiaçı1 xeyrinə tutulması, mənəvi ziyana görə 100000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada İddiaçı1 xeyrinə tutulması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını, Cavabdeh1 əməlində cinayət tərkibinin əlamətləri olduğundan onun barəsində xüsusi qərardad çıxarılmaqla prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsini xahiş etmişlər.
2. Nizami Rayon Məhkəməsinin 2(007)-2216/2018 nömrəli, 28 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim F.X.Mirzəyev) iddia qismən təmin edilərək, İddiaçı2 ilə Cavabdeh2 MMC arasında bağlanmış 31 may 2012-ci il tarixli, 551 saylı və 07 fevral 2008-ci il tarixli müqavilələrin ləğv edilməsi və cavabdehlərdən müştərək qaydada 3.000 manat pulun tutulub iddiaçılara ödənilməsi qət edilmişdir.
3. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 01 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov sədrlik edən, məruzəçi, X.Ə.Sarıyev və E.Y.Şamayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçılar qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat:
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov sədrlik edən, məruzəçi, M.T.Əhmədova və Ə.M.Rüstəmov) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-370/2020 nömrəli, 03 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, Z.Ə.Əliyev və R.Ə.Eyvazov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 68.720 manat, əldən çıxmış faydaya görə 103.787,50 manat pulun tutulub İddiaçı2 verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat:
8. Qətnamədən iddiaçılar kassasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
9. Qətnamədən həmçinin Cavabdeh2 MMC kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 10.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4823/2020 nömrəli, 15 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.R.Xələfov (sədrlik edən və məruzəçi), G.A.Quliyev və V.T.Həsənov) cavabdehin kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, iddiaçıların kassasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat:
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2770/2021 nömrəli, 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.A.Şirinov sədrlik edən, məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat: 12.Qətnamədən iddiaçılar kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən iddianın təmin edilməyən hissəsində ləğv edilib, mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. 13.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5063/2021 nömrəli, 7 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər X5 (sədrlik edən, məruzəçi), X2 və X1) iddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(103)-2770/2021 saylı qətnaməsi qismən-cavabdehlər Cavabdeh2 MMCdən və Cavabdeh1 müştərək qaydada müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 68.720 manat pul tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış və qalan mübahisələndirilən hissədə qətnamə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki dördüncü icraat: 14.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1845/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və Kazımov Elşən Cələddin oğlu) iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi qismən - cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 68.720 manat pul tələbinin rədd edilən hissəsində ləğv olunmuş, iddianın həmin hissədə qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 13250 (on üç min iki yüz əlli) manat pulun tutularaq İddiaçı2 verilməsi, iddianın mübahisələndirilən qalan hissədə təmin olunmaması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki dördüncü icraat: 15.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1845/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 16.Həmin qətnamədən eyni zamanda İddiaçı2 kassasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 17.Həmin qətnamədən həmçinin Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin Cavabdeh1 müştərək qaydada 13250 manat pulun tutulması hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 18.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4829/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1845/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi mənəvi zərərə aid hissədə ləğv olunmuş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, İddiaçı2 xeyrinə mənəvi ziyana görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 15.000 manat məbləğində pulun tutulması, qətnamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 19.Bundan sonra mülki iş üzrə qətnamə xx.xx.2023-cü il tarixdə icraya yönəldilmişdir. 20.Daha sonra xx.xx.2023-cü il tarixdə iş üzrə Cavabdeh1 birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, Nizami Rayon Məhkəməsinin 2(007)-2216/2018 nömrəli, 28 iyun 2018-ci il tarixli qətnaməsindən xəbərsiz olduğunu, qətnamə icraya yönəldikdən sonra ona məlumat verildiyini, qətnamə əsasında verilən icra vərəqində qeyd edilənlərdən məlumat aldıqdan sonra həmin qətnamənin rəsmi olaraq ona təqdim edilməsi və apellyasiya şikayəti verilməsi üçün müddətin müəyyən edilməsinə dair hazırkı ərizə ilə müraciət etmək qərarına gəldiyini qeyd etmişdir. 21.Bundan sonra xx.xx.2023-cü il tarixdə Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş, həmin apellyasiya şikayət birinci instansiya məhkəməsi tərəfindən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: 22.Məhkəmə kollegiyası Nizami Rayon Məhkəməsinin 2(007)-2216/2018 nömrəli, 28 iyun 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. 23.Kollegiya qeyd edir ki, hazırkı iş dörd dəfə apellyasiya və kassasiya instansiyasında baxılmışdır. Eyni zamanda məlum olur ki, məhkəmə iclasları barədə məhkəmə bildirişləri və məhkəmə aktları iş üzrə tərəflərə, o cümlədən Cavabdeh1 mülki iş materiallarında olan rəsmi qeydiyyatda olduğu ünvanına MPM-in tələblərinə uyğun qaydada çatdırılmışdır. 24.Mülki işin apellyasiya instansiyası məhkəməsində ikinci icraatı zamanı məhkəmə bildirişi Cavabdeh1 çatdırılması üçün Xəzər Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Biriliyinə göndərilmişdir (2-ci cild, i/v 35), eyni zamanda ikinci apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-370/2020 nömrəli, 03 mart 2020-ci il tarixli qətnaməsi də Cavabdeh1 çatdırılması üçün Xəzər Rayon İcra Hakimiyyyəti Mənzil Kommunal Təsərrüfat Biriliyinə göndərilmiş, xəbərnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə onlar tərəfindən qəbul edilmişdir. 25.Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 1845/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 xx.xx.2022-ci il tarixdə kassasiya şikayəti vermişdir (3-cü cild, i/v 23). 26.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4829/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1845/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi mənəvi zərərə aid hissədə ləğv olunmuş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, İddiaçı2 xeyrinə mənəvi ziyana görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 15.000 manat məbləğində pulun tutulması, qətnamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 27.Bununla da məlum olur ki, Cavabdeh1 hazırkı qətnamədən ən azı xx.xx.2022-ci il tarixdə məlumatlı olmuşdur. 28.Bununla da müəyyən olunur ki, Cavabdeh1 qətnamədən xx.xx.2022-ci il tarixdə məlumatlı olsa da, qanunla müəyyən olunmuş 1 aylıq şikayətvermə müddəti ötürülməklə, xx.xx.2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. 29.Bundan əlavə, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, Nizami Rayon Məhkəməsinin 2(007)-2216/2018 nömrəli, 28 iyun 2018-ci il tarixli qətnaməsindən xəbərsiz olduğunu, qətnamə icraya yönəldikdən sonra ona məlumat verildiyini, qətnamə əsasında verilən icra vərəqində qeyd edilənlərdən məlumat aldıqdan sonra həmin qətnamənin rəsmi olaraq ona təqdim edilməsi və apellyasiya şikayəti verilməsi üçün müddətin müəyyən edilməsinə dair hazırkı ərizə ilə müraciət etmək qərarına gəldiyini qeyd etmişdir (3-cü cild, i/v 117). 30.Göründüyü kimi, müddətin bərpa olunmasına dair ərizəyə birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələblərinə müvafiq münasibət bildirilmədən mülki iş Cavabdeh1 apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. 31.Kollegiya həmçinin qeyd edir ki, qüvvədə olan prosessual qanunvericilikdə apellyasiya instansiya məhkəməsinin qanuni qüvvədə olan qətnaməsinin apellyasiya instansiya məhkəməsinin özü tərəfindən yenidən yoxlanılması nəzərdə tutulmamış, bu səlahiyyət kassasiya instansiyası məhkəməsinə aid edilmişdir. 32.Məhkəmə kollegiyası bir daha qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4829/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1845/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi mənəvi zərərə aid hissədə ləğv olunmuş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, İddiaçı2 xeyrinə mənəvi ziyana görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 15.000 manat məbləğində pulun tutulması, qətnamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 33.“M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 iyun 2017-ci il tarixli Plenum Qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, ...apelyasiya instansiya məhkəməsi özünün qanuni qüvvədə olan qətnaməsinin mövcud olmasına baxmayaraq işə yenidən baxmış...hüquqi müəyyənlik prinsipini pozaraq prosessual qanunvericiliklə müəyyən edilmiş sələhiyyət həddini aşmışdır. 34.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli qərardadında qeyd edilir ki, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir (62-ci bənd). 35.Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1845/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi həm də Cavabdeh1 kassasiya şikayətinə əsasən kassasiya qaydasında yoxlanıldığından hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə müzakirə edilərkən, həm də onun həmin qətnaməni ümumiyyətlə apellyasiya qaydasında mübahisləndirmək imkanının olub-olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli qərardadı kontekstindən də yoxlanılmalıdır. 36.Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 37.Məcəllənin 130.1-ci maddəsinin tələbinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 38.Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, buraxılmış müddəti bərpa edir. 39.Həmin Məcəllənin 366.2-ci maddəsində isə qeyd edilir ki, apellyasiya şikayətinin qaytarılmasına əsas olan hallardan biri də apellyasiya şikayətinin müəyyən edilmiş müddət keçdikdən sonra verilməsidir. 40.Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə görə apelyasiya instansiyası iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prossessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Nəticə: 41.Kollegiya hesab edir ki, Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayəti müddətin bərpasına dair ərizəyə münasibət bildirilmədən göndərildiyi üçün apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi (müddətin bərpasına dair ərizəyə baxılması) üçün mülki iş materialları rayon məhkəməsinə göndərilməlidir. 42.Bundan başqa, Kollegiya qeyd edir ki, həmin ərizə müzakirə edilərkən birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinin mümkünlüyü məsələsi, həm də onun həmin qətnaməni ümumiyyətlə apellyasiya qaydasında mübahisləndirmək imkanının olub-olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli qərardadı kontekstindən də yoxlanılmalıdır. 43.«Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. 44.Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş son dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. 45.Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 384.0.6, 400, 402, 405, 406-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Nizami Rayon Məhkəməsinin 2(007)-2216/2018 nömrəli, 28 iyun 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov