Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5236/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı "alimentin növünün və miqdarının dəyişdirilməsi” tələbinə dair ilk, həmçinin X2 cavabdeh İddiaçı qarşı “alimentin miqdarının dəyişdirilərək artırılması” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(010)-577/2022 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh X4 (bundan sonra, cavabdeh) qarşı "alimentin növünün və miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılaraq 07 oktyabr 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan hər ay 75 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, tərəflər 05 yanvar 2006-cı il tarixdə nikaha daxil olmuş, birgə nikahdan 07 oktyabr 2006-cı il təvəllüdlü X10 adlı bir uşaqları vardır. 2009-cu ildə avtomobil qəzası nəticəsində əmək qabiliyyətimi qismən itirmiş və ailənin maddi tələbini tam ödəyə bilməmişdir. Suraxanı Rayon Məhkəməsinin 01 aprel 2010-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşağın ananın yanında qalması, uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 75 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Avtomobil qəzası nəticəsində aldığı xəsarətlərə görə əmək qabiliyyətini qismən itirdiyi üçün İİ qrup əlillik dərəcəsi ilə pensiya almış, həmin pulla alimenti ödəmişdir.16 iyul 2010-cu il tarixdə X3 ilə yeni nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan üç uşağı vardır. 2014-cü ildə yenidən avtomobil qəzasına düşmüş, fiziki sağlamlığını itirmiş, kənar şəxslərin qulluğuna ehtiyacı yaranmışdır. Suraxanı Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq sabit pul məbləğində 160 manat müəyyən olunmuşdur. 21 may 2019-cu il tarixdə Şərur rayon Əhalinin Sosial Müdafiəsi Mərkəziniı rəyi əsasında İİ dərəcəli əlillik qrupu dəyişdirilərək İİİ dərəcə kimi müəyyən edilmişdir. Əlillik pensiyanın məbləği az olduğundan qətnamə ilə qət edilmiş alimenti ödəməyə imkanı çatmır. Valideynin köməkliyi ilə müalicə xərclərini və kommunal xərcləri ödəyir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Eyni zamanda X5 cavabdeh İddiaçı qarşı “alimentin miqdarının dəyişdirilərək artırılması” barədə qarşılıqlı iddia verərək, 07 oktyabr 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(010)- 1788/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı alimenti ödəməmək üçün müxtəlif yollara əl atmışdır. 2017-ci ilin noyabr ayında cavabdehlə birgə nikahdan anadan olmuş, 07 oktyabr 2006-cı il təvəllüdlü X7 müayinə və müalicə olunmağı üçün Türkiyə Respublikasına aparmalı idi. Dəfələrlə İddiaçı razılıq ərizəsini verməsini xahiş etsə də, o, bilərəkdən və qərəzli şəkildə razılıq verməmiş, yalnız aliment tələbindən imtina edəcəyi təqdirdə razılıq verəcəyini bildirmiş, bu səbəbdən də məcburiyyət qarşısında qalaraq, alimentdən imtina etmişdir. Müəyyən vaxtdan sonra onun azyaşlı övladını saxlamaq üçün maddi imkanı pisləşmiş, bu səbəbdən o, cavabdeh İddiaçı qarşı “alimentin məbləğinin artırılması” barədə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin 01 aprel 2010-cu il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay 160 manat sabit pul məbləğində müəyyən olunmuşdur. Cavabdeh İddiaçı ona qarşı yazdığı iddia ərizəsi qanunsuz və əsassız olmaqdan başqa həm də başdan ayağa tamamilə yalan məzmundan yazılmış, aliment ödənişindən bilərəkdən, qəsdən yayınmaq məqsədi ilə yazılmışdır. Cavabdeh alimenti heç bir zaman vaxtı-vaxtında və tam şəkildə ödəməmiş, onu daima get-gələ salmış, alimenti ödəməmək üçün müxtəlif yollara əl atmışdır. Uşaq hazırda orta məktəbdə oxuyur, ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə uşaqlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2021-ci ildə hər uşaq üçün 175 manat, 2022-ci il üçün isə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Uşağın bütün qayğılarını və ehtiyacını tamamilə o, çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Cavabdeh uşağın maddi vəziyyəti ilə maraqlanmır, heç bir maddi köməklik göstərmir. Tam əksinə bir ataya yaraşmayan şəkildə utanmadan, çəkinmədən özünə saxta sənədlər toplayaraq, məhkəməyə başdan ayağa tamamən yalan məzmunda yazılmış uydurma bir iddia ərizəsi ilə alimentin miqdarının azaldılması barədə müraciət etmişdir. Qeyd edilənlərə əsasən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(010)- 577/2022 saylı qətnaməsi ilə (hakim Nərminə Rzayeva) ilk iddia qismən təmin olunmuş, Suraxanı Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(010)-1788/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarının 110 (bir yüz on) manatadək azaldılması, qətnamənin qanuni qüvvəyə mindiyi andan icra edilməsi, ilk iddianın qalan hissədə, həmçinin qarşılıqlı iddianın rədd edilməsi qət olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, alimentin miqdarının azaldılmasının qanunvericiliyin tələblərinə, həmçinin yetkinlik yaşına çatmayan uşağın üstün maraqlarına zidd olması, sübutlara düzgün hüquqi qiymət verilməməsi və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, ilk iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ilk iddianın təmin olunan hissəsində ləğv olunmalı, ilk iddia həmin hissədə rədd olunmalı, qətnamə qalan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin 07 oktyabr 2006-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmaları, birgə nikahdan 07 oktyabr 2006-cı il təvəllüdlü X10 adlı bir uşaqlarının olması, nikahlarının Suraxanı Rayon Məhkəməsinin 01 aprel 2010-cu il tarixli qətnaməsi ilə pozulması, uşağın ananın yanında saxlanılması, həmçinin uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 75 manat sabit pul məbləğində alimentin tutulması, sonradan Suraxanı Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə alimentin miqdarının artırılaraq sabit pul məbləğində 160 manat müəyyən olunması işin mübahisə olunmayan hallarıdır. Hazırda iddiaçı maddi imkanın aşağı olmasını, İİİ qrup əlil olmasını, yeni ailə quraraq himayəsində 3 azyaşlı uşağının olmasını və s. bildirərək, alimentin miqdarının azaldılaraq 75 manat müəyyən olunmasını xahiş etmiş, cavabdeh isə əksinə uşağın ehtiyaclarının və məsrəflərinin artmasını, uşaqlar üçün hər il müəyyən olunan yaşayış minimumunun artmasını və s. bildirərək alimentin miqdarının artırılaraq 200 manat həddində müəyyən olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi, ilk iddianı qismən, qarşılıqlı iddianı rədd edərkən – iddiaçının xəstə olmasına, İİİ qrup əlil olmasına, maddi vəziyyətinin aşağı olmasına, himayəsində üç azyaşlı uşağının olmasına, uşağın saxlamaq vəzifəsinin hər iki valideynə aid olmasına və s. əsaslanmışdır. Kollegiya, ilk iddianın təmin olunması hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, aşağıdakılara qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «Uşaq hüquqları haqqında» Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarədəri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. AM-in 75.4-cü maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Qeyd olunmalıdır ki, qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi imkanını da nəzərdə tutmuşdur. Hazırkı işdə müəyyən edilmişdir ki, uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı hər ay 160 manatdır. Həmin məbləğ Suraxanı Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Analoji hüquqi mövqe, həmçinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Qərarında da göstərilmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, yaşayış minimumu özündə insanın sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri ehtiyacları müəyyənləşdirmişdir. Belə olan halda uşaqların saxlanılması üçün alimentin miqdarı yaşayış minimumuna mümkün qədən yaxın məbləğdə müəyyən olunmalı, kəskin fərqlənməməlidir. Eyni zamanda məhkəmə kollegiyası qəbul edir ki, alimentin miqdarı müəyyən olunan zamanı aliment ödəyən şəxsin ailə və maddi vəziyyəti də diqqətdən kənarda qalmamalıdır. Lakin, iddiaçının yeni nikahdan himayəsində başqa uşaqlarının olması və maddi imkanının aşağı olması onun cavabdehlə olan nikahdan doğulmuş övladının saxlanılması öhdəliyini aradan qaldırmır. Çünki, Ali Məhkəmənin qeyd edilən qərarına əsasən, hətta aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması da onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda iddiaçının sağlamlığına görə İİİ dərəcə əlil hesab edilmişdir ki, bu da onun əmək qabiliyyətinin tam deyil, qismən itirilməsi anlamına gəlir. Birinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almamış, əksinə alimentin miqdarını daha da azaltmışdır ki, bu da istər qanunvericiliyin qeyd edilən tələblərinə, istərsə də uşağın üstün maraqlarına uyğun olmamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası işin faktiki hallarını, iddiaçının ailə və maddi vəziyyətində, həmçinin sağlamlığında müəyyən dəyişikliklərin olmasını və s. işin diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Suraxanı Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasına və alimentin məbləğinin qarşılıqlı iddiaya əsasən 200 manat həddində müəyyən olunmasına da qanuni əsaslar yoxdur. Ümumiyyətlə, hazırki işin halları baxımından əvvəlki qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsinə əsaslar müəyyən edilmir, ilk və qarşılıqlı iddialar əsassızdır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ilk iddianın təmin olunan hissəində ləğv olunmalı, ilk iddia həmin hissədə rədd olunmalı, qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddiannı qiyməti - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. MPM-in 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissələrində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh X4 qarşı "alimentin növünün və miqdarının dəyişdirilməsi” tələbinə dair ilk, həmçinin X2 cavabdeh İddiaçı qarşı “alimentin miqdarının dəyişdirilərək artırılması” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(010)-577/2022 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(010)-577/2022 saylı qətnaməsi ilk iddianın təmin olunan hissəində (yəni, Suraxanı Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(010)-1788/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarının 110 (bir yüz on) manatadək azaldılması, qətnamənin qanuni qüvvəyə mindiyi andan icra edilməsi) ləğv olunsun, ilk iddia həmin hissədə təmin olunmasın. Qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5236/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5236/2022
16.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver