Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5236/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “sahiblik və istifadə hüququnun tanınması, müqavilənin bağlanması, qeydiyyat üçün sənədlərin verilməsi və mənzilin boşaldılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 iyun 2025-ci il tarixli qətnamədən İddiaçı və vəkili (nümayəndəsi) Vəkil1 birgə verdikləri apellyasiya şikayətinə əsasən işə, İddiaçı özünün və vəkili (nümayəndəsi) Vəkil1, Cavabdeh2 özünün və vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində Cavabdeh1 MMC-nin inşa etdiyi 20 saylı çoxmərtəbəli yaşayış evinin 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 55,8 kv.m olan 1 otaqlı 75 nömrəli mənzilə dair cavabdeh MMC ilə Cavabdeh2 arasında xx.xx.2006-cı il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, mənzil üzərində onun sahiblik və istifadə hüququnun tanınması, mənzilə dair onunla müqavilənin bağlanması və mənzilin dövlət reyestrində qeydiyyatı üçün sənədlərin verilməsi öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması, Cavabdeh2 həmin mənzildən çıxarılması, hüquqi xidmət üçün vəkilə ödədiyi 350 manatın və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzil almaq qərarına gəlmiş iddiaçı, cavabdeh MMC ilə xx.xx.2006-cı il tarixdə müqavilə bağlayaraq iddia ərizəsində qeyd edilən mənzili 16.740 ABŞ dollarına (həmin vaxtın məzənnəsi ilə 14.731 Azərbaycan manatı) MMC-dən almış, lakin MMC ilə bağladığı müqaviləni bacısı olan Cavabdeh2 adından bağlamış, bu səbəbdən də pulun ödənilməsi barədə "xxxx" pulu ödəmiş şəxs kimi Cavabdeh2 adı qeyd edilmişdir. Mənzili aldığı vaxtdan iddiaçının istifadəsində olmuş, Cavabdeh2 həmin mənzildə heç vaxt yaşamamış, mənzil heç vaxt sonuncunun istifadəsində olmamış, mənzilə dair MMC ilə bağlanmış müqavilənin və “Kassa mədaxil orderinin” əsli də Cavabdeh2 deyil, iddiaçıdadır. İddiaçı həmin mənzili aldıqdan sonra mənzili öz vəsaiti hesabına təmir etdirmiş və ötən illər ərzində kirayəyə vermişdir. Buna baxmayaraq xx.xx.2024-cü il tarixdə Cavabdeh2 mənzilin giriş qapısını sındıraraq mənzilə qanunsuz olaraq daxil olmuş və mənzili zəbt etmişdir. İddiaçı bununla əlaqədar olaraq Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə ərizə ilə müraciət etsə də, Cavabdeh2 bu kimi hərəkətləri mülki mübahisə kimi qiymətləndirilmiş və xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Mənzilin Cavabdeh2 deyil, iddiaçıya məxsus olması göstərilənlərdən başqa həmçinin onunla təsdiq edilir ki, Cavabdeh1 MMC-nin rəhbərliyinin barəsində icraatı başlanılmış cinayət işi üzrə mübahisəli mənzil ilə bağlı zərərçəkmiş şəxs kimi Cavabdeh2 deyil, məhz iddiaçı tanınmışdır. Bu hal həmin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxartdığı hökmlə təsdiq edilir. b) iddia qarşı verilmiş etiraz barədə məlumat
3. Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil2 iddia tələbinə qarşı verdiyi yazılı etirazda göstərmişdir ki, iş üzrə iddiaçı, mənzilə dair bağlanmış müqavilənin və MMC-nin verdiyi “Kassa mədaxil orderinin” əslinin Cavabdeh2 deyil, onda olmasına, mənzilin Cavabdeh2 tərəfindən deyil, onun özü tərəfindən şəxsi vəsaiti hesabına təmir olunaraq icarəyə verilməsinə, cavabdeh MMC-nin rəhbərliyinin barəsində olan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxartdığı hökmə istinad edərək, bildirir ki, mübahisəli mənzil ilə bağlı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi Cavabdeh2 deyil, məhz onun tanınmasına istinad edərək, mənzilin Cavabdeh2 deyil, ona məxsus olmasını bildirsə də, nəzərə alınmalıdır ki, o, bunların hamısını Cavabdeh2 tapşırığı və vəsaiti hesabına həyata keçirmişdir. Belə ki, İmişli rayonunda yaşayan, orada müəllim işləyən və təsərrüfat idarə edən Cavabdeh2 qazandığı pulu Bakı şəhərində yaşayan bacısına – iddiaçıya verərək, Bakı şəhərində onun üçün mənzil almağı tapşırmışdır. Buna görə də mənzilə dair MMC ilə bağlanmış müqavilənin və MMC-nin verdiyi “Kassa mədaxil orderinin” əsli iddiaçıdadır. İddiaçı həmin sənədləri Cavabdeh2 verməmişdir. Bunlara baxmayaraq Cavabdeh2 Bakı şəhərində mütəmadi olduğu vaxtlar mənzilə baş çəkmişdir. İddiaçı mənzilə dair müqavilənin və “Kassa mədaxil orderinin” özündə olmasından istifadə edərək və Cavabdeh2 xəbər vermədən həmin sənədləri cavabdeh MMC-nin rəhbərliyinin barəsində olan cinayət işinin istintaqını aparan istintaq orqanına təqdim edərək, həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmasına nail olmuşdur. Lakin bu kimi halların mövcud olması o demək deyil ki, mənzil iddiaçıya məxsusdur. Çünki mənzilə dair MMC ilə bağlanmış müqavilədə və MMC-nin verdiyi "xxxx" mənzilin sahibi kimi Cavabdeh2 adı qeyd edilmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı tərəf mənzilin dəyəri kimi MMC-yə verilmiş pulun gah iddiaçının şəxsən özü tərəfindən, gah da iddiaçı ilə Cavabdeh2 qardaşı vasitəsi ilə MMC-yə ödənildiyini bildirir ki, bu da ziddiyyətli məqam kimi iddiaçının ziyanına qiymətləndirilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, Cavabdeh2 iddiaçıya məlumat vermədən mənzilə daxil olması və mənzilin giriş qapısının kilidinin dəyişməsi Cavabdeh2 ziyanına şərh oluna bilməz, çünki həmin mənzil Cavabdeh2 özünə məxsusdur və o, mənzilin iddiaçı tərəfindən ələ keçirmək istəməsini anlayaraq mənzil üzərində öz hüquqlarını bərpa etmişdir. Daha sonra nəzərə alınmalıdır ki, cavabdeh MMC-nin rəhbərliyinin barəsində olan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxartdığı hökm hazırkı iş üzrə preyudisial xarakter daşımır, çünki Cavabdeh2 həmin cinayət işi üzrə tərəf olmamışdır.
4. Cavabdeh2 vəkili (nümayəndəsi) həmçinin “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi haqqında” ərizəni Rayon Məhkəməsinə təqdim edərək, bildirmişdir ki, mənzilə dair müqavilə xx.xx.2006-cı il tarixdə bağlanmış və iddiaçı həmin vaxtdan etibarən bilirdi ki, mənzilin sahibi Cavabdeh2dır. Belə ki, müqavilədə mənzilin sahibi kimi Cavabdeh2 adı qeyd edilib. Buna baxmayaraq iddiaçı həmin müqavilənin etibarsızlığı ilə bağlı hazırkı iddia ilə 2024-cü ildə, yəni təxminən 19 il sonra məhkəməyə müraciət etmişdir. Bununla da, iddiaçı, istər Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş 1 aylıq və 1 illik iddia müddətlərini, istərsə də, Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş 10 illik iddia müddətini ötürmüşdür. İddia müddətinin ötürülməsi isə iddianın rədd edilməsi üçün əsasdır.
5. İş üzrə digər Cavabdeh1 və iş üzrə üçüncü şəxs olan "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti iddia tələbinə dair mülki işin baxılması barədə xəbərdar olsalar da, iddiaya dair yazılı münasibətlərini (mülahizələrini) Rayon Məhkəməsinə təqdim etməmişlər. c) tərəflərin məhkəmə iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
6. Cavabdeh2 vəkili (nümayəndəsi) iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə iddia tələbinə qarşı verdiyi yazılı etirazın və “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi haqqında” ərizənin məzmununa uyğun izahat vermişdir.
7. Cavabdeh1 MMC və iş üzrə üçüncü şəxs olan "xxxx" MMMC məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə baxışı iclaslarında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Bu səbəbdən də Rayon Məhkəməsi işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 iddia tələbini müdafiə edərək, Rayon Məhkəməsinə verdiyi izahatda əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində qeyd edilənlərdən başqa nəzərə alınmalıdır ki, qeyd edilən müqavilə Cavabdeh2 iradə ifadəsini əks etdirmir, Cavabdeh2 həmin müqavilədən və müqavilənin predmeti olan mənzildən xəbəri olmamışdır. Buna görə də, müqavilə Cavabdeh2 tərəfindən imzalanmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, mübahisəli mənzili özününkü sayan Cavabdeh2 mənzilə dair bağlanmış müqavilənin dublikatı almağa cəhd belə göstərməmiş, dublikatın ona verilməsi üçün nə cavabdeh MMC-yə, nə də ki, iş üzrə üçüncü şəxs olan MMMC-yə müraciət etməmişdir. Cavabdeh tərəfin iddia müddəti ilə bağlı dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi haqqında” ərizə əsassızdır. Çünki Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin hüquq pozuntusunun aradan qaldırılması tələblərinə iddia müddəti şamil edilmir. Həmçinin nəzərə alınmalıdır ki, tərəflər arasında mənzillə bağlı mübahisə yalnız 2024-cü ilin avqust-sentyabr aylarında, yəni Cavabdeh2 mənzilə qanunsuz daxil olması ilə başlanmışdır. Bu nəzərə alındıqda isə müəyyən edilir ki, iddiaçı iddia müddətini ötürməmişdir. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
9. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci tarixli qətnamə ilə iddianın təmin edilməməsini, iddia ərizəsinin verilməsi ilə bağlı iddiaçının çəkdiyi xərclərin onun özünə aid edilməsini qət etmişdir.
10. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzilə dair bağlanmış və iddia ərizəsində qeyd edilən xx.xx.2006-cı il tarixli müqavilənin şərtlərinə əsasən müəyyən edilir ki, həmin müqavilə podrat müqaviləsidir. Müqavilədə “sifarişçi” kimi Cavabdeh2 “podratçı” kimi Cavabdeh1 MMC, mənzilin inşasına çəkilməli olan xərcin məbləği 16.740 ABŞ dolları kimi göstərilmişdir. MMC tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli "xxxx" isə qeyd edilib ki, həmin məbləğ MMC-yə Cavabdeh2 tərəfindən ödənilmişdir. Cavabdeh2 ilə iddiaçı doğma bacılardır və hazırda onların münasibətləri pozulmuşdur. İddiaçı Cavabdeh2 mənzilə görə pul ödəmədiyini vurğulayaraq mənzilin öz adına rəsmiləşdirilməsi üçün Cavabdeh2 ilə cavabdeh MMC arasında bağlanılmış müqavilənin etibarsız hesab edilməsi və onun özü ilə müqavilənin bağlanılması öhdəliyinin MMC-nin üzərinə qoyulmasını tələb edir. Rayon Məhkəməsi qeyd etmişdir ki, yaxın qohum olan və aralarında münasibətləri pozulmuş tərəflərin ilkin razılaşmalarının bütün hallarını müəyyən etmək mümkün olmasa da, işin mübahisəsiz halları üzrə podrat münasibətlərində sifarişçi qismində Cavabdeh2 çıxış etməsi müəyyən edilir. Buna görə də, iddia tələbi təmin edilə bilməz. Rayon Məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırki mübahisə dəymiş ziyanla və ödənilməmiş (qaytarılmamış) pul məbləğləri ilə bağlı pul tələbi deyil, podrat müqaviləsi ilə əldə olunmuş sahənin üzərində əmlak xarakterli hüquqların müəyyənləşdirilməsi ilə bağlıdır. Müqavilənin etibarsızlığı tələbinə gəldikdə isə Rayon Məhkəməsi qeyd etmişdir ki, müqavilənin etibarsız hesab olunması üçün əsas yoxdur. Belə ki iş materialları və tərəflərin izahatları ilə podrat müqaviləsinin bağlanıldığı və podrat münasibətlərində sifarişçi qismində Cavabdeh2, podratçı qismində MMC-nin çıxış etməsi öz təsdiqini tapır. Qanunvericiliyin tələblərinə əsasən podrat müqaviləsinin mütləq yazılı formada bağlanılması şərti nəzərdə tutulmamışdır. Hər hansı əqdin (o cümlədən podrat müqaviləsinin) etibarlı olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin faktiki hallarından da görünür ki, podrat müqaviləsi bağlanarkən lazımi subyektlərin iradə ifadəsi müqavilənin bağlanılmasına yönəlmiş, müqavilənin forma tələbləri pozulmamışdır. Belə ki, podratçı müqaviləsi üzrə təhvil verdiyi məmulata (podrat predmetinə, mənzilə) mülkiyyət hüququnun sifarişçiyə verməli olduğundan, həmin hüquq isə öz növbəsində sahiblik və istifadə hüququnu ehtiva etdiyindən, mübahisəli sahənin üzərində podrat müqaviləsi üzrə sifarişçi olmayan iddiaçının hüquqları tanına bilməz. Müqavilənin etibarsız sayılması barədə iddia tələbləri təmin edilmədiyindən və sifarişçi olaraq cavabdeh MMC, podratçı olaraq Cavabdeh2 aralarında podrat münasibətlərinin yarandığı öz təsdiqini tapdığından, Cavabdeh2 mübahisəli mənzildən çıxarılması barədə iddia tələbləri də təmin edilməməlidir. Rayon Məhkəməsi həmçinin qeyd etmişdir ki, yuxarıda qeyd olunan hallar müəyyən edildiyindən, mübahisəli mənzil üzərində iddiaçının sahiblik və istifadə hüquqlarının tanınması, mənzilə dair onunla müqavilənin bağlanması və mənzilin dövlət reyestrində qeydiyyatı üçün sənədlərin verilməsi öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması barədə tələblər təmin edilməməlidir. Mübahisəli mənzilin bir neçə şəxslərə satılması nəticəsində bir sıra müqavilələrin saxtalığının müəyyən edilməsi üzrə cinayət işinin gedişatında iddiaçının zərərçəkmiş qismində tanınması ilə bağlı iddia dəlillərinə münasibətdə Rayon Məhkəməsi qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-65/2014 saylı hökmünün surətindən görünür ki, məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil saxta müqavilələr əsasında bir neçə şəxsə satılmışdır. Hökmdə zərərçəkmiş şəxsin – hazırkı iş üzrə iddiaçının mənzillə təmin edilməsi və sonuncunun şikayətinin olmaması nəzərə alınaraq ona dəymiş maddi ziyanın ödənilməsi qənaətinə gəlinmişdir. Rayon Məhkəməsi qeyd etmişdir ki, iddiaçının həmin cinayət işinin araşdırması gedişatında zərərçəkmiş şəxs qismində tanınması sonuncunun mənzilin üzərində əmlak hüquqlarına malik olan yeganə şəxs olması və ya mənzilin saxta müqavilələr əsasında özgəninkiləşdirilməsi nəticəsində yeganə zərərçəkmiş şəxs olması anlamına gəlmir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə ki, iddiaçının cinayət işində zərərçəkmiş şəxs olması sonuncunun həmin mənzilə dair gələcəkdə əmlak xarakterli mübahisələrdə tərəf olmasını, əmlakın üzərində sair şəxslərin əmlak hüquqlarının aşkar edilməsini və müəyyənləşdirilməsini istisna etmir. Hökmlə mənzilin saxta müqavilələr əsasında müxtəlif şəxslərə satılması müəyyən edilmiş, iddiaçının mənzillə təmin edildiyindən, digər alıcılar (zərərçəkmiş şəxslər) barəsində dəymiş ziyanın ödənilməsi qərarlaşdırılmışdır. Buna görə də məhkəmə qeyd edir ki, iddiaçının həmin cinayət işi üzrə zərərçəkmiş şəxs olmasına baxmayaraq, həmin hökmlə müəyyən edilmiş hallar iddiaçı ilə Cavabdeh2 arasında yaranmış əmlak mübahisəsi üzrə iddiaçının Cavabdeh2 münasibətdə daha üstün əmlak hüquqlarına malik olmasını təsdiq etmir. Həmin hökm cinayət əməlinə görə təqsirli şəxslərin cəzalandırılması və dəymiş zərərin aradan qaldırılması məqsədlərinə yönəlməklə, iddiaçı ilə Cavabdeh2 arasında mövcud olan (yaranacaq) əmlak mübahisəsini (mülki mübahisəni) həll etməyə və sonuncuların birinin digərinə münasibətdə əmlak xarakterli hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə yönəlməmişdir. Yuxarıda qeyd olunanlara əsasən Rayon Məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsassızıdır. e) apellyasiya şikayəti barədə məlumat
11. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi tərəflər arasındakı münasibətləri yanlış olaraq podrat müqaviləsi kimi tövsif edərək Mülki Məcəllənin 752 və 753-cü maddələrinə istinad etsə də, cavabdeh MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin məzmunundan görünür ki, həmin müqavilə payının verilməsini ehtiva edir. Həmin müqavilədə Cavabdeh2 imzasının olmaması isə həmin müqavilənin Mülki Məcəllənin 329.1 və 331.1-ci maddələrinə əsasən etibarsız olmasını göstərir. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. Bundan başqa qeyd edilməlidir ki, Rayon Məhkəməsi, iddiaçının 2006-cı ildən bəri mənzilə faktiki sahiblik etməsi, onu öz vəsaiti hesabına təmir etdirib kirayəyə verməsi, habelə qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmlə mənzil üzrə yeganə zərərçəkmiş şəxs kimi tanınması faktlarına hüquqi qiymət verməmiş və iddianın əsassız olması nəticəsinə gəlmişdir. Eyni zamanda Rayon Məhkəməsi Cavabdeh2 xx.xx.2024-cü il tarixdə mənzilin qapısını sındıraraq mənzilə daxil olmasını Mülki Məcəllənin 164.1-ci maddəsi ilə qadağan edilmiş özbaşınalıq kimi qiymətləndirməyərək, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməklə iddianın rədd edilməsi barədə əsassız qənaətə gəlmişdir. f) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
12. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.
13. Cavabdeh2 və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdilər və iddia tələbinə qarşı verilmiş yazılı etirazın, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdilər. Cavabdeh2 əlavə olaraq bildirdi ki, iddiaçı onun xahişinə əsasən onun üçün mənzil tapmışdır. Mənzilin pulunu MMC-yə ödədikdən sonra ona müqavilə və “Kassa mədaxil orderi” verilmişdir. Müqavilə ona verilsə də, o, müqaviləni imzalamamışdır, çünki hesab etmişdir ki, qeyd edilən sənədlərin MMC tərəfindən ona verilməsi mənzilin ona məxsus olmasını təsdiqi üçün kifayət edir.
14. İş üzrə digər cavabdeh MMC və üçüncü şəxs MMMC apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da apellyasiya baxışı iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, cavabdeh MMC ilə Cavabdeh2 arasında xx.xx.2006-cı il tarixdə bağlanılmış müqavilədən görünür ki, MMC, onun tərəfindən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində inşa edilən 20 saylı çoxmərtəbəli yaşayış evinin 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 55,8 kv.m olan 1 otaqlı 75 nömrəli mənzilin Cavabdeh2 verilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh2 isə üzərinə öhdəlik götürmüşdür ki, bunun müqabilində MMC-yə 16.740 ABŞ dolları məbləğində pulu MMC-yə ödəyəcək.
17. MMC tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli "xxxx" görünür ki, mənzilin dəyəri Cavabdeh2 tərəfindən MMC-yə ödənilmişdir.
18. Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, hazırkı iş üzrə iddiaçı ərizə ilə 36-cı PŞ-nə müraciət edərək, bildirmişdir ki, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 20 saylı çoxmərtəbəli yaşayış evində yerləşən 75 saylı mənzilə dair sənəd onun bacısı Cavabdeh2 adına rəsmiləşdirilsə də, əslində onun özünə məxsusdur. Buna baxmayaraq Cavabdeh2 xx.xx.2024-cü il tarixdə mənzilin giriş qapısının qıfılını sındıraraq mənzilə qanunsuz daxil olmuş və mənzili zəbt etmişdir.
19. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, bacısı Rəbiyə və qardaşı Süleyman həmin mənzili onun adına 17.000 ABŞ dollarına Elman adlı şəxsdən almışlar. Rəbiyə onun bacısı olduğundan o, mənzilin sənədlərini Rəbiyəyə vermiş və sənədlər Rəbiyədə qalmışdır. O, Rəbiyəyə 2013-cü ilə kimi Rəbiyəyə hissə-hissə, ümumilikdə 22.000 manat vermişdir, çünki mənzilin alınması üçün 17.000 ABŞ dolları məbləğində pulu Rəbiyənin əri Ramiz vermişdir. O, həmin mənzilə görə artıqlaması ilə Rəbiyəyə pul vermişdir. Təxminən 2014-cü ildən həmin mənzildə digər şəxslər kirayə yaşayıb. Aylıq kirayə haqqı Rəbiyəyə çatıb. Kirayə yaşamamışdan qabaq, Rəbiyə ona təklif etmişdir ki, qızı ilə birlikdə həmin mənzildə yaşasınlar. Həmin vaxt o, İmişlidə ata və anasına baxırdı, bu səbəbdən həmin mənzildə yaşaya bilməmiş və orada kirayə digər şəxs yaşamışdır. xx.xx.2023-cü il tarixində atası vəfat etdikdən sonra o, Rəbiyənin əri Ramizdən xahiş etmişdir ki, mənzilin sənədlərini onun özünə qaytarsınlar, lakin sənədləri ona verməmişlər. xx.xx.2024-cü il tarixdə həmin mənzilə gedərək mənzildə kirayə yaşayan şəxsdən mənzildən çıxmasını tələb etmişdir. xx.xx.2024-cü il tarixdə isə İmişli rayonundan Bakıya gələrək, mənzilə baş çəkmiş və mənzilin giriş qapısının bağlı, kirayə yaşayan şəxsin mənzildə olmadığını görərək, mənzilin giriş qapısının qıfıl dəmir küt alətlə sındıraraq, mənzilə daxil olmuşdur.
20. Həmin qərardan görünür ki, qeyd edilən ərizə əsasında aparılmış yoxlama nəticəsində müəyyən edilmişdir ki, bacılar arasında yaranmış mübahisə mülki xarakterlidir və buna görə də, cinayət işinin başlanılması rədd edilməlidir.
21. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-65/2014 saylı cinayət işi üzrə çıxardığı xx.xx.2014-cü il tarixli hökmdən görünür ki, hazırkı mülki iş üzrə cavabdehlərdən biri olan MMC-nin təsisçisi və sədri X2 və başqaları Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2-ci və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində ona görə cəlb edilmişlər ki, onlar Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən və MMC tərəfindən inşa edilmiş 20 saylı çoxmərtəbəli yaşayış evində yerləşən bir neçə mənzili, o cümlədən hazırkı mülki iş üzrə mübahisə predmetini təşkil edən mənzili bir neçə şəxsə satmışlar.
22. Həmin hökmdən həmçinin görünür ki, hazırkı iş üzrə iddiaçı, mübahisəli mənzilin başqa şəxsə satılmasına görə zərərçəkmiş şəxs qismində tanınaraq bildirmişdir ki, mübahisəli mənzili xx.xx.2006-cı il tarixdə cavabdeh MMC-nin rəhbəri Elman Tağıyevdən 16.740 manata almış, lakin sonradan bilmişdir ki, həmin mənzil saxta sənədlərlə başqa şəxslərə də satılmışdır.
23. Hazırkı mülki iş üzrə Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X3 bildirmişdir ki, İddiaçı və Cavabdeh2 onun bacılarıdır. O, mübahisəli mənzili Rusiyada yaşayan Rəbiyənin və sonuncunun ərinin tapşırığına əsasən 2006-cı ildə MMC-dən 17.000 ABŞ dollarına almışdır. Mənzilin Gültəkinin adına rəsmiləşdirilməsi isə sonuncunun valideynlərə baxması və gələcəkdə Bakıda qeydiyyata düşə bilməsi məqsədilə tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən olmuşdur.
24. İşə baxmış Rayon Məhkəməsi iş üzrə tərəflər arasında yaranmış mülki mübahisəni həll edərkən, cavabdeh MMC ilə Cavabdeh2 arasında xx.xx.2006-cı il tarixdə bağlanmış müqaviləni “Podrat müqaviləsi” kimi qiymətləndirmiş və mülki mübahisəni bu baxımdan həll etmişdir.
25. İş üzrə iddiaçı isə Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində bildirir ki, Rayon Məhkəməsi tərəflər arasındakı münasibətləri yanlış olaraq podrat müqaviləsi kimi tövsif edərək Mülki Məcəllənin 752 və 753-cü maddələrinə istinad etsə də, cavabdeh MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin məzmunundan görünür ki, həmin müqavilə payının verilməsini ehtiva edir.
26. Apellyasiya şikayətinin bu dəlilinin əsaslılığının qiymətləndirilməsi ilə bağlı Məhkəmə cavabdehin MMC-nin hüquqi şəxs olmaqla növünü, yəni kooperativ olmamasını, MMC-nin mənzilə dair bağladığı və yuxarıda qeyd edilən həmin müqavilənin məzmununu, müqavilə bağlanılan zaman Cavabdeh2 hər hansı kooperativə üzv (payçı) kimi qəbul edilməsi haqqında qərarın mövcud olmamasını nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsi həmin müqaviləni “Podrat müqaviləsi” kimi qiymətləndirərək, mülki mübahisəni bu baxımdan həll etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.
27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (maddə 752.1.). Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir (maddə 752.2.). Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır (maddə 753.1.). Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır (maddə 753.2.).
28. İddiaçının digər dəlili ondan ibarətdir ki, mənzil aldığı vaxtdan onun istifadəsində olmuş, Cavabdeh2 həmin mənzildə heç vaxt yaşamamış, mənzil sonuncunun istifadəsində heç vaxt olmamış, mənzilə dair MMC ilə bağlanmış müqavilənin və “Kassa mədaxil orderinin” əsli də Cavabdeh2 deyil, onda olmuşdur. Bu hal isə onu göstərir ki, mənzilə aid sənələr Cavabdeh2 adına rəsmiləşdirilmiş, mənzil Cavabdeh2 deyil, faktiki olaraq ona məxsusdur.
29. Məhkəmə iddiaçının bu dəlilini əsassız sayır. Çünki hazırkı mülki mübahisənin predmeti olan mənzilə aid müqavilənin və “Kassa mədaxil orderinin” əslinin həmin sənələrdə adı qeyd edilmiş Cavabdeh2 deyil, iddiaçıda olması iddiaçını həmin mənzilin sahibinə çevirməmişdir. Ümumiyyətlə bu kimi halın mövcud olmasına görə iddiaçının dəlilinin əsaslı hesab edilməsi hazırda qüvvədə olan qanunlarda nəzərdə tutulmamışdır.
30. Bundan başqa, iddiaçı bildirir ki, mənzilin dəyəri Cavabdeh2 tərəfindən deyil onun tərəfindən MMC-yə ödənilmişdir. Buna görə də, qəbul edilməlidir ki, mənzil ona məxsusdur.
31. İddiaçı bu tələbinin əsaslığını şahid ifadəsi (bax: hazırkı qətnamənin 23-cü bəndinə) və Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş 1(101)-65/2014 saylı cinayət işi üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli hökmü (bax: hazırkı qətnamənin 21-22-ci bəndlərinə) ilə əsaslandırır.
32. İddiaçının bu dəlil ilə bağlı Məhkəmə aşağıdakıları qeyd edir: 32.1. Mənzilin dəyərinin kimin tərəfindən ödənilməsi şahid ifadəsi ilə müəyyən edilə bilməz. Çünki MPM-in 81-ci maddəsinin tələbinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mənzilin dəyərinin ödənilməsi Azərbaycan Respublikası Maliyyə Nazirinin xx.xx.2016-cı il tarixli, Q-09 №-li əmri və Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş ciddi hesabat blanklarına, hazırkı halda “Kassa mədaxil orderi” ("xxxx") ilə müəyyən edilə bilər. Cavabdeh MMC tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2006-cı il tarixli "xxxx" yanlışlığın yol verilməməsi işin mübahisəsiz halıdır. Belə olan halda həmin sənədin, sənəddə “ödəyici” kimi adı qeyd edilmiş şəxsə deyil, başqa şəxsə aid edilməsi mümkün deyil, çünki bu qayda yuxarıda qeyd edilən həmin əmrdə, hazırda qüvvədə olan Vergi Məcəlləsində, qanunlarda və normativ hüquqi aktlarda nəzərdə tutulmamışdır. 32.2. MPM-in 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin hökmdən və hazırkı iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, Cavabdeh2 həmin cinayət işi üzrə tərəf olmamışdır. Buna görə də həmin hökm Cavabdeh2 münasibətdə preyudisial xarakter daşımır. Digər tərəfdən qeyd edilməlidir ki, həmin hökm mübahisəli mənzil üzərində Cavabdeh2 və ya iddiaçının mülkiyyət və ya sahiblik hüququnun olmasını müəyyən etməmiş, hökmdə qeyd edilən cinayət hadisəsinin həmin iş üzrə təqsirləndirilən şəxslər tərəfindən törədilib-törədilməməsini müəyyən etmişdir.
33. Göründüyü kimi iddiaçının müzakirə edilən bu dəlili də əsassızıdır.
34. İş üzrə iddiaçı Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində həmçinin qeyd edir ki, mənzilə dair MMC ilə cavabdeh arasından xx.xx.2006cı il tarixdə bağlanmış müqavilə Cavabdeh2 tərəfindən imzalanmamışdır. Bu hal isə həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsasıdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır.
35. Məhkəmə apellyatorun bu dəlili ilə bağlı bildirir ki, həmin halın mövcudluğu hazırkı iş üzrə iddiaçı üçün hər hansı bir hüquqi nəticə yaratmır. Müqavilə tərəfi olmayan iddiaçı qeyd edilən hala görə müqavilənin etibarsız hesab edilməsini mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil.
36. Bu baxımdan qəbul edilməlidir ki, iddiaçının bu dəlili də əsaslı deyil. h) apellyasiya baxışının nəticəsi
37. Göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə əsaslı, qanuni və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızıdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir.
40. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdehlər və iş üzrə üçüncü şəxs hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlərlər. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırki qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
41. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 iyun 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər proses iştirakçıları hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.