Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5241/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Musayev Şahəli Cəlal oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin və həyətin təmirinə xərclənmiş pulun ödənilməsi və cehiz əşyalarının qaytarılması” barədə ilkin, Cavabdeh1 İddiaçı qarşı “əşyaların evdən çıxarılması və əldən çıxmış fayda qismində kirayə haqqının ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2la xx xxxxxx 2010-cu il tarixdə nikaha daxil olmala ailə qurduğunu, ailə qurduqdan sonra Cavabdeh2 yaşadığı ünvan 1 ünvanına gəlin köçdüyünü, həmin ünvanda Cavabdeh2la birgə təsərrüfat apardığını, nikahlarından xx.xx.2010-cu il tarixdə Emil, xx.xx.2012-ci il tarixdə Dəniz adını verdikləri uşaqlarının dünyaya gəldiyini, Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulduğunu bildirmiş, həmin evdə olan cehiz əşyalarının, onlar olmadığı təqdirdə onların dəyərinin, eyni zamanda evin təmiri üçün xərclədiyi 10 000 manatın Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 11, ev 8-də olan şəxsi əşyalarının onun öz hesabına mənzildən boşaldılması, xx xxxxx 2019-cu ildən etibarən qətnamə icra olunacağı tarixədək hər ay 500 manat məbləğində kirayə haqqının (əldən çıxmış fayda qismində), ödənilmiş 30 manat dövlət rüsumunun Arzu Əsədəovadan tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 11 ünvanında yerlşən 8 saylı ev tərəfindən atası X7 və onun birgə vəsaiti hesabına tikilmiş, Zəngilan rayonundan məcburi köçkün olan Cavabdeh3 2006-cı ildə evi ona kirayə verməyini xahiş etmiş, xx xxxxxx 2006-cı il tarixdə Cavabdeh3 ilə hər ay 200 manat ödəməsi şərtilə kirayə müqaviləsi bağlamış, Cavabdeh3 məcburi köçkün olduğundan onun və ailə üzvlərinin mənzilə məcburi köçkün kimi qeydiyata alınmasına, həmçinin 2010-cu ildə İddiaçı Cavabdeh3 oğlu Cavabdeh2 ilə ailə həyatı qurduğundan və gəlib onlarla yaşadığından onun da mənzilə məcburi köçkün kimi qeydiyata alınmasına etiraz etməmişdir. İddiaçı ilə Cavabdeh2 arasındakı nikah pozulduğundan Arzu evi tərk edərək köçüb getmiş, bundan sonra mənzilə köçürülmə tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş və iddia rədd edilmiş, bu qətnamə Azərbaycan Respublikası Ali Məhkəmənin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra xx.xx.2019-cu il tarixli bildirişlə İddiaçı və onun valideynlərinə xəbərdarlıq edərək 20 gündən gec olmayaraq evini boşaltmalarını və bütün əşyalarının evdən çıxarılmasını tələb etmiş, əks təqdirdə xx xxxxx 2019-cu il tarixdən etibarən hər ay 500 manat olmaqla kirayə haqqını istəyəcəyini bildirmiş, lakin mənzildə olan əşyalar boşaldılmamış və mənzildən istifadəsində çətinliklər yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, “Malayziya” istehsalı olan mebel: qorka, komod (6500 manat), bir ədəd stol və səkkiz ədəd stul (1500 manat), divan, kreslolar və jurnal stolu (850 manat), yataq otağı üçün Türkiyə istehsalı olan şifonyer, taxt, iki balaca, bir uzun tumba və güzgülü komoddan ibarət mebel dəsti (2500 manat), «Samsung» markalı plazma televizor (400 manat), «LG» markalı televizor (200 manat), televizor altlığı DVD (120 manat), “krosno” aparatı (150 manat), dörd ədəd BƏƏ-nin Dubay şəhərinin istehsalı olan çilçıraqlar, üç lampalı formada üç ədəd (240 manat) və biri dairəvi formalı (150 manat), dörd ədəd 2X3 ölçülü xalçalar, üç ədəd kiçik ölçülü xalçalar, bir ədəd 3x4 formalı xalça (800 manat), «Karaca» şirkətinə məxsus on iki əşyadan ibarət qab dəstləri (700 manat), on iki əşyadan ibarət Çin XR istehsalı olan qab dəstləri (300 manat), «Versace» markalı altı ədəd fujerlər (200 manat), bir qrafin və altı ədəd bokal (180 manat), iki boqema xrustal güldanlar (500 manat), iki ədəd böyük xrustal meyvə qabı (400 manat), iki ədəd xrustal kül qabı (120 manat), iki ədəd xrustal güldanlar (400 manat), dörd ədəd konfet qabları (120 manat), səkkiz ədəd mürəbbə qabları (220 manat), on iki əşyadan ibarət sarı güllü boyanmış qonaq dəsti qabları (150 manat), on iki əşyadan ibarət Rumuniya istehsalı yemək qabı və altı dəst salat qabları (200 manat), Türkiyə istehsalı olan mikrodalğalı soba (200 manat), qaz peçi (100 manat), divan üstü Türkiyə istehsalı “adyallar” (300 manat), bir taxt döşəyi (400 manat), iki balaca döşək (300 manat), bir böyük yorğan (140 manat), iki balaca yorğan (120 manat), dörd ədəd yastıq (80 manat), on böyük dəsmal (100 manat), on dörd ədəd orta ölçülü dəsmal (112 manat), “Tac” firmasına məxsus on iki ədəd çay dəsmalı (120 manat), on iki ədəd yeni “pastel” (720 manat), Bakı istehsalı olan mətbəx mebeli (600 manat), «LG» markalı paltaryuyan (550 manat), «İndezit» markalı soyuducu (450 manat), Bakı istehsalı olan jalüz (100 manat), mətbəxdə «Aura» markalı Türkiyə istehsalı olan qırmızı ağ rəngli qab dəsti (200 manat), beş ədəd dəmir podnos (80 manat), mətbəxdə qoyulmuş Bakı istehsalı olan divan (280 manat), «LG» markalı kondisioner (1200 manat), «İmperqaz» markalı kombi (650 manat) və ya həmin əşyalar mövcud olmadıqda onların dəyərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 11, ev 8-də olan şəxsi əşyalarının onun hesabına həmin evdən çıxarılması, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın İddiaçı tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsiqət olunmuşdur. Həmin qətnamədən İddiaçıapellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmiş, şikayətini ilkin iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdehlər isə məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının ilkin iddianın təmin olunmayan, qarşılıqlı iddianın isə təmin olunan hissələri üzrə yoxlanılması təşkil edir. Çünki qarşılıqlı iddiaçı (ilkin iddia üzrə cavabdeh) qətnaməni mübahisələndirməmiş, ilkin iddiaçı isə qətnamənin ləğvini xahiş etsə də, şikayətinin məzmunundan aydın olur ki, o, özünün tələbinin təmin olunmayan hissəsinin təmin edilməsini, həmçinin qarşılıqlı iddianın rəddini istəmişdir. Başqa sözlə qətnamənin, ilkin iddianın qismən təmin olunan, qarşılıqlı iddianın təmin olunmayan hissələri hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki,şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, İddiaçı Cavabdeh2 ilə xx.xx.2020-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, Cavabdeh2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, döngə 8 ünvanında yerləşən 35 saylı evə gəlin kimi köçərək oraya cehiz əmlaklarını da aparmış, 2018-ci ilin əvvəllərindən münasibətləri pozulmuş, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İlkin iddiaçının iddiasına görə, Cavabdeh2la münasibətləri pozulduqdan sonra iddia ərizəsində göstərdiyi əmlaklar ona qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin halları baxımından ilkin iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırki apellyasiya baxışının predmeti olan iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü ilkin iddiaçının üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi əşyalarının mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehlərin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İlkin iddiaçı iddiasını sübuta yetirmək üçün məhkəməyə hər hansı mötəbər sübut təqdim etməsə də, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsinin iddianı təmin etmə tədbirinə dair qərardadı icra olunarkən pərdə, sokçəkən və “Asus” markalı notbukdan başqa iddiaçının tələb etdiyi digər əşyalar ünvan 4 ünvanında aşkar olunmuş, məhkəmə də onun iddia tələbini qismən təmin edərkən məhz bu faktı əsas götürmüşdür. Yuxarıda qeyd olunduğu kimi, qətnamə ilkin iddianın təmin olunduğu hissədə mübahisələndirilməmişdir və apellyasiya baxışı çərçivəsində yoxlanılmır. İlkin iddianın təmin olunmayan hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, ilkin iddiaçı 500 manat dəyərləndirdiyi 3 ədəd pərdənin, 150 manat dəyərləndirdiyi sokçəkən maşının, 1500 manat dəyərləndirdiyi “Asus” markalı notebookun mövcudluğunu və onların cavabdehlər tərəfindən götürüldüyünü sübuta yetirə bilməmişdir və buna görə də kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsinin həmin əşyalar üzrə gəldiyi nəticə qanuni hesab olunmalıdır. İlkin iddianın təmin olunmayan digər hissəsi üzrə isə kollegiya aşağıdakıları qeyd edir: Bakı Apellyasiya Məhkəməsinin tərəflər arasında başqa mübahisə üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə ilə müəyyən edilmişdir ki, “... iddiaçı 2010-cu il tarixdə evə köçərkən ev mövcud olmuş, yalnız tərəflər evdə yaşayarkən evdə müəyyən daxili yaxşılaşdırma işləri aparılmışdır. Belə olan halda iddiaçının (İddiaçı) evin tikilməsinə digər tərəflə əldə etmiş olduğu birgə vəsait və özünün şəxsi vəsaiti əsasında tikinti aparması təsdiq olunmamışdır. İşin digər təkzib olunmayan hallarından görünür ki, ev üçüncü şəxsə məxsusdur və onunla cavabdehin atası arasında etibarlı olmayan müqavilə əsasında kirayə götürülmüşdür”. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X1rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. İlkin iddiaçı, ünvan 4 ünvanında sonradan təmir işləri aparıldığını və buna özünün vəsaitini sərf etdiyinə dair də heç bir sübut təqdim etmədiyindən, kollegiya müvafiq tələb üzrə gəlinən nəticəni də əsaslı hesab edir. Kollegiya qarşılıqlı iddia üzrə gəlinən nəticə ilə də razılaşır; belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 11, ev 8-in Cavabdeh1 aid olduğu müəyyən edilmişdir və bu səbəblə də o, tikilidə qalan ilkin iddiaçıya məxsus əşyaların evdən çıxarılması tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-226/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ilkin iddiaçının ödəmiş olduğu rüsum məbləği onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5241/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5241/2020
30.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver