Məhkəmə qərarları › İş №2(103)-5242/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5242/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5242/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1311/2020 saylı, 30 yanvar 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunla nəzərdə tutulmuş 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində sığorta pulun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1311/2020 saylı, 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana İ qrup əlillik təyin olunduqda, ona sığorta məbləğinin 80 faizi miqdarında sığorta ödənişi ödənilir. İddiaçının hərbi xidmətdən tərxis edilən gündən 22 il sonra əlillik dərəcəsi alması sığorta hadisəsi hesab oluna bilməz. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5027/2020 saylı, 06 avqust 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamışdır. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-811/2021 saylı, 15.03.2021-ci il tarixli qərarı ilə təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5027/2020 saylı, 06 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili M.Həsənov apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Bərdə rayonu Hərbi Komissarlığı tərəfindən 29.11.1989-cu il tarixdə verilmiş НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 22.08.1992-ci il tarixdən 08.10.1992-ci il tarixədək Kəlbəcər və Laçın rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Bərdə rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş 30.10.2012-cı il tarixdə verilmiş 292543 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı birinci qrup əlildir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralanmasıdır. Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən 17.04.2013-cü il tarixdə verilmiş Ə 023253 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı İ qrup müharibə əlilidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 21 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 28.11.2016-cı il tarixdə verilmiş xxxxxxx0003 nömrəli rəydən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı İ qrup əlillik dərəcəsi verilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralanmasıdır. TSEK tərəfindən ona qapalı fəqərə sütunu travması, L 1 fəqərəsinin fəsadlaşmış kompression sınıq çıxığı, aşağı ətrafların süst paraplegiyası, çanaq üzləri funksiyasının pozulması, iki tərəfli xr. koxliar nevrit, sensonevral tip ağır eşitmə İİİ-V dərəcəli, sağ tərəfli xr. irinli orta otit və sağ tərəfli ikinci sinusit diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 18 oktyabr 2019-cu il tarixli, 07-07-875 nömrəli cavabından görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə edilmişdir. Ona görə bu məsələyə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacağı bildirilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 yanvar 2014-cü il tarixli qərarı ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyasının bundan öncəki qərarını ləğv etmiş Ali Məhkəmə 2(102)- 811/2021 saylı, 15.03.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, ... “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin sığorta olunana xidmətdən buraxıldığı gündən üç il müddətində əlillik təyin olunması barədə normanın məqsədlərinə görə sığorta hadisəsinin mövcud olması üçün sığorta olunan məhz hərbi xidməti ilə əlaqədar aldığı xəstəlik nəticəsində əlil olmalı və onun əlilliyi ilə xidməti vəzifələrini yerinə yetirməsi arasında birbaşa səbəbli əlaqə mövcud olmalıdır. Əgər şəxs hərbi xidmətdən tərxis olunduqdan sonra onun əlil hesab edilməsinə əsas verən fiziki və sosial məhdudiyyətləri arıq yaranıbsa, onun həmin əlilliyi təsdiq edən sənədi gec alması icbari sığortası haqqında qanunvericiliyin məqsədləri baxımından hərbi qulluqçuların sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz. ...Mülki işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili odur ki, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana İ qrup əlillik təyin olunduqda, ona sığorta məbləğinin 80 faizi miqdarında sığorta ödənişi ödənilir. İddiaçının hərbi xidmətdən tərxis edilən gündən 22 il sonra əlillik dərəcəsi alması sığorta hadisəsi hesab oluna bilməz. Məhkəmə kollegiyası cavabehin apellyasiya şikayətində istinad olunan həmin dəlili barədə qeyd edir ki, həmin qanunda qeyd edilən normanın əsas məqsədi sığorta olunan şəxsin əlilliyinin, həqiqətən də, onun hərbi xidməti zaman alması ilə bağlı olmasını müəyyən etməkdir. Kollegiya bununla bağlı bildirir ki, hazırkı mülki iş materiallarının 70-76-cı səhifələrində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 24.02.2011-ci il tarixli qərarlarının surətləri əlavə edilmiş və həmin sənədlərdə iddiaçının xəstəliyinin hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı qeyd olunmuşdur. Bununla da müəyyən olunur ki, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanununda nəzərdə tutulan üç illik müddət hazırkı işin faktiki halları baxımından əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Bundan başqa, müddətlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi də xüsusilə əhəmiyyətlidir. Belə ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 yanvar 2014-cü il tarixli Qərarında Məhkəmə qeyd etmişdir ki, «... şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur...» Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin müddətlə bağlı yeganə dəlili əsassız olduğundan təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan və hazırkı işin hallarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə tam haqlı olmuş, apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1311/2020 saylı, 30 yanvar 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar