Məhkəmə qərarları › İş №2(103)-5245/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5245/2022

01.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5245/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə ödənilmiş kredit borcunun yarısının alınıb verilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: birgə nikah dövründə götürülmüş kredit borcunun tərəflər arasında bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə ödənilmiş kredit borcunun yarısının alınıb verilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə ailənin xərcləri üçün "xxxx" ASC-dən xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə götürülmüş 9500 manat məbləğində kredit borcundan ödənilmiş hissənin 1/2 hissəsini təşkil edən 3622,14 manat və ödənilməmiş qalıq borcun 1/2 hissəsini təşkil edən 3627,13 manat, ümumilikdə 7249,27 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 12 sentyabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahlarında övladları yoxdur. Xəzər Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Birgə nikahda olduqları dövrdə o, 03 fevral 2020-ci il tarixdə "xxxx" ASC-dən 9.500 manat məbləğində kredit götürmüşdür. Həmin kredit, onların ailə ehtiyacları üçün xərclənmişdir. Həmin kreditə görə hər ay 402,46 manat məbləğində pul onun əmək haqqından tutularaq banka ödənilir. Beləliklə o, kredit götürülən gündən bu günkü günədək 7.244,28 manat məbləğində pul vəsaiti banka ödəmişdir. Bundan əlavə, kreditin ödənilməmiş hissəsi – 7254,27 manat məbləğində borc qalmışdır.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki ayrıldıqları 2020-ci ilin avqust ayından sonra "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilmiş 8027,81 manat pulun yarısının – 4013,9 manat hissəsinin Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Bəhrəmzadə) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1356,78 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

5. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 225.1, AR Ailə Məcəlləsinin 31.1- 31.2, 32.1, 32.2, 36.3, 37.1, 37.2, 37.3-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-740/2022 saylı, 20 aprel 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisə olunmayan hallarına əsasən müəyyyən olunur ki, tərəflər xx.xx.2019-cu il tarixdə Bakı şəhəri“Bakı ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikah bağlanmışlar. İddiaçı özünün məhkəmədə verdiyi ifadəsində etiraf etmişdir ki, nikah dövründə 9 500 manat "xxxx"ASC-dən götürdüyü kredit pulun 5 000 manatını avtomobilin alınmasına sərf etmiş, qalan 4 500 manatını isə ailə ehtiyaclarına-evin təmirinə və götürülmüş qızıl-zinət əşyalarının alınması ilə bağlı yaranmış borclarını bağlamışdır. Evin təmirinə və qızıl zinət əşyalarına görə yaranmış borcların bağlanmasına ilə bağlı ailə xərclərinə pulun xərlənməsini iddiaçı məhkəmədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özünün qətnaməsində göstərmişdir ki, iddiaçı 9 500 manat məbləğində pulun ailənin tələbatlarına xərclənməsini iddia etsə də bu barədə sübutları məhkəməyə təqdim etməmişdir və işin araşdırılmış hallarından da müəyyən edilməmişdir. İşin müəyyən edilmiş hallarından isə görünür ki, götürülmüş həmin kredit məbləğinin 5 000 manat məbləğində hissəsi birgə nikah dövründə ailə tələbatlarına xərclənmişdir. (Qətnamənin 3-cü səh. 5-ci abzas) Belə ki, işin mübahisəsiz hallarından müəyyən olunur ki, tərəflərin birgə nikah dövründə iddiaçı tərəfindən götürülmüş 9 500 manat kredit məbləğin 5 000 manatına birgə nikah dövründə avtomobil alınmışdır. Məhkəmə qətnaməsinə əsasən həmin avtomobilin satışından əldə edilmiş pul vəsaitinin-5 000 manatın ½ hissəsi 2 500 manat alınaraq Cavabdeh verilməsi qət edilmişdir (Qətnamənin 3-cü səh. 6-cı abzas). Göründüyü kimi məhkəmə ziddiyətli qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Digər tərəfdən iddiaçının izahatında eyni zamanda kredit pulun bir hissəsinin də qızıl-zinət əşyalına görə yaranmış borca xərcləməsi də iddiaçı tərəfindən sübut olunmamışdır. Hansı qızıl əşyaların alınması və bununla bağlı qızılların şəkilləri və bunların nədən ibarət olması məhkəməyə iddiaçı təqdim etməmişdir. İşin müəyyən olunmuş hallarına görə əslində iddia tələbi sübut olunmadığından iddianın təmin olunmaması barədə qətamənin qəbul edilməsi əsaslarının yaranmasına baxmayaraq, məhkəmə qismən də olsa iddianı təmin etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. 10.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

12. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

14. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin tamamilə ləğv edilərək, iddia tələbinin rədd edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci madəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

17. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

18. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

19. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.

21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ərarvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

25. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-848/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanılmış nikahın pozulması qət edilmişdir.

26. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-2728/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı “VAZ 21074” markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə etdiyi pul vəsaitinin- 5000 manatın ½ hissəsi 2500 manat alınaraq Cavabdeh verilməsi qət edilmişdir.

27. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-10374/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-2728/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. İş materiallarında olan xx.xx.2020-ci il tarixli GTKR1775868A119 saylı "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən İddiaçı 36 ay müddətinə illik 29,84 faiz olmaq şərtilə 9500 manat məbləğində kredit verilmişdir.

29. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixli GTKR1775868A119 saylı kredit müqaviləsi üzrə İddiaçı bank qarşısında heç bir öhdəliyi yoxdur.

30. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, 2020-ci ilin avqust ayınadək xx.xx.2020-ci il tarixli GTKR1775868A119 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2286,43 manat, ümumilikdə 12047,81 manat ödəniş aparılmışdır.

31. İş materiallarında olan xx.xx.2020-ci il tarixli nəqliyyat vəsaitəsinin alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı tərəfindən həmin tarixdə 5000 manat məbləğində pula “VAZ 21074” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil alınmışdır.

32. Hazırki işin mübahisəsiz hallarından müəyyən olunur ki, tərəflərin birgə nikah dövründə iddiaçı tərəfindən götürülmüş 9500 manat kredit məbləğinin 5000 manatına birgə nikah dövründə avtomobil alınmışdır. Məhkəmə qətnaməsinə əsasən həmin avtomobilin satışından əldə etdilmiş pul vəsaitinin - 5000 manatın ½ hissəsinin, yəni 2500 manatın alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Qeyd edilən məbləğin 2286,43 manat hissəsi banka tərəflərin birgə nikahda olduqları dövrdə ödənilmişdir. Qalan 2713,57 manat hissəni isə İddiaçı nikah pozulduqdan sonra öz hesabına ödəmişdir.

33. Bu səbəbdən də iddiaçının nikah pozulduqdan sonra ödədiyi həmin məbləğin tərəflərə bərabər şəkildə aid edilməsi və həmin məbləğin ½ hissəsini cavabdehdən tələb etmək hüququ yaranmışdır.

34. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birgə nikah dövründə 5000 manat məbləğində öhdəlik üzrə 2286,43 manat məbləğində hissəsi birgə nikah dövründə ödənildiyindən, daha sonra ödənilməli olan və iddiaçı tərəfindən ödənilmiş 2713,57 manatın (5000-2286,43) yarısı, yəni 1356,78 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

35. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsaslı hesab etmir və qeyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

36. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

37. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

39. Məhkəmə kollegiyası həmçinin izah edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

40. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qətetdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-740/2022 saylı, 20 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar