Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5247/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 2741/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2(011)-3207/2023 nörməli qətnaməsi ilə cavabdehlə xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində 738 saylı akt qeydi ilə bağlanmış nikahlarının pozulması, birgə nikahdan doğulmuş uşaqları xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 cavabdehin yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq ondan qazancının və başqa gəlirlərinin yarısı miqdarında alimentin tutulması qət edilmişdir. Hal-hazırda uşağı xx.xx.2011-ci il təvəllüdlü X6 Bakı şəhəri Xətai rayon məhkəməsinin müvafiq qətnaməsinə əsasən onun yanındadır, qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanda onunla birlikdə yaşamaqdadır. Yanında olan uşaq cavabdehin yanında olanda da o, nəinki ona, heç digər uşaqlarına da qayğı göstərməmiş, ödədiyi alimenti və özünün əldə etdiyi kifayət qədər gəliri uşaqlarına xərcləməmişdir. O, hər dəfə uşaqları ilə görüşəndə imkanı qədər onların tələbatlarını ödəmişdir. Hal-hazırda isə maddi vəziyyəti çətin olduğundan yanında olan uşağa baxmağa çətinlik çəkir və onun artan tələbatını və digər uşaqların alimentini çətinliklə ödəyir. Cavabdeh isə qeyd etdiyi kimi kifayət qədər gəlir əldə etsə də, onun yanında olan uşağa heç bir maddi yardım etmir və uşağı ilə görüşmür. Belə olan halda məcburi qaydada ondan aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, qanunvericiliyin, uşaqlar üzrə müəyyən edilmiş minimum dolanışıq xərcini və uşaqların mənafeyini nəzərə alaraq məhkəmə iddianı təmin edəcəkdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2741/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Firuzə Mirzəyeva) iddia qismən təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin xx.xx.2024-cü il tarixdən hesablanmaqla, Cavabdeh tutularaq İddiaçı ödənilməsi, mediasiya xərcinin yarısını təşkil edən 25 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilməmiş 48,2 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi və qətnamənin aliment hissəsində dərhal icra edilməsi, qalan hissədə iddia təmin olunmaması qət edilmişdir. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin alimentin tutulması hissəsində əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, onun valideyn kimi uşaqlar qarşısında öhdəliklərini dərk etməsi, alimenti ödəməkdən yayınmaması, tərəflərin birgə nikahdan olan üç uşaqdan ikisinin onun yanında, birinin isə iddiaçının yanında qalması, məhkəmənin bu və digər halları nəzərə almaması, iş üzrə araşdırma aparmamamsı və s. kimi əsaslandıraraq, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş edərək, əlavə olaraq cavabdehin rəsmi iş yeri və daimi gəlirinin olmadığını, maddi imkanının iddiaçı ilə müqayisədə aşağı olduğunu, birinci instansiya məhkəməsi tərəfindən bu halın nəzərə alınmadığını bildirərək şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq iddiaçının rəsmi iş yerinin olduğunu, əmək haqqının 1/3 hissəsinin aliment kimi ödədiyini, cavabdehin rəsmi iş yerinin olmadığını, lakin gəlirli sahə ilə məşğul olduğunu bildirərək şikayətin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin olunmamalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin 09 iyun 2011-ci il tarixdə nikaha daxil olmaları, birgə nikahdan üç yetkinlik yaşına çatmayan uşaqlarının (xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X2) olması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahlarının pozulması, uşaqların anası Cavabdeh yanında saxlanılması, eyni zamanda həmin uşaqların saxlanılması üçün İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsinin qət olunması, daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə uşaqlardan xx.xx.2011-ci il təvəllüdlü X4 atası İddiaçı yanında qalmasının müəyyən edilməsi və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarınin azaldılaraq, digər iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsinin qət olunması işin mübahisə edilməyən hallarıdır. Birinci istansiya məhkəməsi uşaqlardan uşaqlardan xx.xx.2011-ci il təvəllüdlü X4 iddiaçının İddiaçı yanında qalmasını nəzərə alaraq həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavbadehdən hər ay 235 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulmalı olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, həmçinin apellyasiya şikayətinin dəlillərini əsaslı sayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. AM-nin 78.3-cü maddəsinin tələbinə görə, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. AM-nin 78.2-ci maddəsinin tələbinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.5-ci bəndindəki mövqeyinə görə sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olubolmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi). Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, tərəflərdən hər biri ilə uşaq qalıbsa, o zaman bir valideyndən az təminatlı digər valideynin xeyrinə aliment tutula bilər. Hazırki işin faktiki hallarından isə görünür ki, işdə cavabdehin iddiaçıdan daha təminatlı olması ilə bağlı hər hansı sübut mövcud deyildir. Həmçinin, iş materiallarından və tərəflərin izahatlarından cavabdehin daimi iş yerinin olmaması, bunun əksinə iddiaçının isə daimi iş yerinin və qazancının olması müəyyən olunur (Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən, iddiaçı "xxxx" MMC-də sistem üzrə məsləhətçi vəzifəsində işləməklə, əmək haqqı 1332.57 manatdır). İddiaçı tərəf isə qeyd edilənlərin əksini əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahlarından üç yetkinlik yaşına çatmayan uşaqları vardır ki, onlardan ikisi hazırda da cavabdehin yanında qalır. Belə olan halda birinci instansiya məhkəməsi nəyə görə cavabdehdən iddiaçının xeyrinə bir uşağın saxlanılması üçün hər ay sabit pul miqdarında 235 manat aliment tutulmalı olmasını əsaslandırmamış, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Yuxarıda da qeyd edildiyi kimi, qanunverici tərəflərdən hər biri ilə uşaq qaldığı halda valideynlərdən bir-birinin xeyrinə alimentin tutulması qaydasını müəyyən etməmişdir. Göründüyü kimi, hazırki vəziyyətdə cavabdehdən iddiaçının xeyrinə iddiaçının yanında qalan uşağın saxlanılması üçün alimentin tutulmasına qanuni əsaslar müəyyən edilmir. Əks hal, həmçinin iddiaçının himayəsində olan uşaqların saxlanılmasına da təsir etməklə, cavabdehin maddi vəziyyətinin daha da ağırlaşması ilə nəticələnə bilər. MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-nin 385.1.1-ci maddəsinə əsasən məhkəmə aktı maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi onun apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmiş, maddi hüquq normalarının tələbləri pozulmuşdur. Bu səbəbdən qətnamə əsassızdır, şikayətin dəlilləri onun ləğvi üçün tam əsasdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası iddianın tam əsassız olması nəticəsinə gəldiyindən hesab edir ki, məhkəmə xərcləri (dövlət rüsumu, mediasiya xərci) iddiaçının özünə aid edilməlidir. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddiannı qiyməti — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (hər ay sabit pul miqdarında 235 manat alimentin miqdarı MPM-in 112.1.3-cü maddəsinə əsasən 1 il ərzində ödəmənin məcmusuna əsasən 5000 manatdan azdır). Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 2741/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 2741/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ləğv olunsun, iddia təmin olunmasın. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5247/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5247/2024
24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver