Məhkəmə qərarları › İş №2(103)-5248/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5248/2021

19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5248/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçı MMMC cavabdeh “xxxx” MMC-yə qarşı istilik kommunikasiya xətlərinin bərpa edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(005)-2313/2021 saylı qərardadından iş üzrə cavabdeh “xxxx” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMMC cavabdeh “xxxx” MMC-yə qarşı istilik kommunikasiya xətlərinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı iddianın təmin tədbiri barədə ərizə təqdim edərək, yekun məhkəmə qətnaməsi qəbul edilənədək iddianın təmin tədbiri qismində Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 26 saylı binanın zirzəmisində “xxxx” MMC tərəfindən binanın istilik kommunikasiya xətlərinin söküb daşınmasının dərhal dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(005)-2313/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 26 saylı binanın zirzəmisində “xxxx” MMC tərəfindən binanın istilik kommunikasiya xətlərinin sökülüb daşınmasının dərhal dayandırılması qərara alınmışdır. Qeyd olunan qərardaddan narazı qalan cavabdeh “xxxx” MMC şikayət verərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2313/2021 saylı 07.04.2021-ci il tarixli qərardadının ləğv edilməsi, İddiaçı MMMC tərəfindən verilmiş iddianı təmin etmə tədbiri haqqında ərizəsinin rədd edilməsi baradə qərardad qəbul edilməsini, əks halda şikayətə baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həm İddiaçı MMMC və cavabdeh “xxxx“ MMC müvafiq qaydada qeydiyyatdan keçmiş hüquqi şəxslərdir. Xüsusi ilə qeyd edilmişdir ki, cavabdeh “xxxx” MMC kommersiya hüquqi şəxsidir. Məlumdur ki, iki hüquqi şəxs arasındakı məhkəmə mübahisəsinin aidiyyatı kommersiya məhkəməsidir. Belə olan halda Nərimanov Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə iddia ərizənin icraata qəbul edilməsi qanununa uyğun olmamışdır. Məhkəmə aidiyyatının pozulması ilə icraata qəbul edilmiş iddia ərizəsi üzrə iddianın təmin tədbirinin seçilməsi, isə məhkəmənin yol verdiyi qanun pozuntusunun davamı kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmə tərəfindən hazırkı qərardadın qəbul edilməsində yol verilmiş digər bir qanun pozuntusu isə ondan ibarətdir ki, qəbul edilmiş qərardad əsaslandırılmamış, hansı ilkin sübutlar əsasında iddianı təmin etmə tədbirinin seçilməsi qeyd edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(005)-2313/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(005)-2313/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət, 2(005)- 2313/2021 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X5 şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 şikayətin dəlillərini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərədən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddianı təmin etmə tədbiri badərə ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında göstərilmişdir ki, "... iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. ... məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir". Kollegiya qeyd edir ki, məhkəmə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 26 saylı binanın zirzəmisində “xxxx” MMC tərəfindən binanın istilik kommunikasiya xətlərinin sökülüb daşınmasının dərhal dayandırılmasının zəruriliyinə səbəb olan halları əsaslandırmamışdır, belə bir iddianı təmin etmə tədbirinin hazırkı iş üzrə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədinə necə qulluq etməsi anlaşılmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə yalnışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinin tələbinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il, 10 nömrəli Qərarına əsasən, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmçinin, həmin Qərarın 13-cü bəndinə əsasən, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Kollegiya eyni zamanda sadalanan normaların tələblərinə əsaslanaraq qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianı təmin etmə tədbiri barədə ərizəyə yenidən baxılarkən, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il, 10 nömrəli Qərarının tələbləri nəzərə alınmaqla qərardad qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli və iddianı təmin tədbiri barədə iddiaçının ərizəsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” MMC-nin şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(005)-2313/2021 saylı qərardadı ləğv edilsin və iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizəyə yenidən baxılması üçün iş Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar