Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5266/2025 06.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: alimentin tutulması X1 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-4372/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) faktiki münasibətlərindən xx.xx.2022-ci il tarixdə X6 doğulmuşdur. Uşaq hazırda iddiaçının himayəsindədir. İddiaçı 3-cü qrup əlildir, 180 manat məbləğində təqaüd alır. Cavabdeh ailə başçısını itirməyə görə 393,34 manat məbləğində təqaüd alır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, uşağın saxlanması, normal inkişaf etməsi, təhsili, müalicə xərcləri kifayət qədər vəsait tələb edir. Bunların qarşılanması onun imkanları xaricindədir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 4372/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar da nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olumuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 49,52 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra olunması qət olunmuşdur. (hakim X7)
5. Məhkəmə iddiaya münasibətdə qeyd etmişdir ki cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan, uşaq hazırda iddiaçı ilə birlikdə yaşadığından və alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadığından iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.
6. Məhkəmə alimentin məbləğinə münasibətdə qeyd etmişdir ki, iddiaçı alimenti sabit pul məbləğində tələb etdiyindən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün iddiaçının xeyrinə aliment sabit pul məbləğində tutulmalıdır.
7. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, iddiaçı müvafiq iddia ərizəsi ilə xx.xx.2025ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Tərəflərin faktiki münasibətlərindən doğulmuş uşağın saxlanılması üçün tutulan aliment “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamının 1ci bəndinə uyğun olaraq, 2025-ci il üzrə ölkə üzrə mövcud olan 400 manat minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir.
8. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 2.952 (246x12=2.952) manat təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 49,52 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, 34cü, BMT-nin xx.xx.1948-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”-nin 25-ci, BMT-nin xx.xx.1966-cı il tarixli qətnaməsi ilə təsdiq edilmiş “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ının 10-cu, BMTnin “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü, 18-ci, 27-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.2-ci, 75-ci, 78.1-ci, 100.2-ci, 110.2-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü, 19-cu, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 76-77-ci, 88-ci, 112.1-ci, 119-cu, 124-cü, 217-218ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddələrinə, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanuna, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8- 2/2016 nömrəli, xx.xx.2016-cı il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin alimentin məbləği ilə bağlı hissədə dəyişdirilərək, uşağın saxlanması üçün tutulmalı alimentin məbləğinin hər ay 150 manat sabit pul məbləğində, yaxud ölkə üzrə müəyyən olumuş minimum əmək haqqının 0,375 misli həddində müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına əsasən alimentin məbləğinin 246 manat (minimum dolanacaq xərci) olması məcburi deyildir, məbləğ “ona yaxın” digər rəqəm də ola bilər. Beləliklə, Plenumun Qərarı məbləğin sabit deyil, cavabdehin maddi vəziyyətindən asılı olaraq, alternativ olmasını da mümkün sayır. Məhkəmə alimentin məbləğini müəyyən edərkən nəzərə almamışdır ki, onun bir insan kimi yaşamaq və müəyyən maddi təminat almaq hüququ vardır. O, “serebral iflicinin qalıq əlamətləri. Hiperkinetik forma, spastik tetraparez. İntellektin enməsi” diaqnozu ilə ikinçi qrup əlildir. Əlilliyi hər hansı iş tapıb çalışmağa və pul qazanmağa imkan vermir. Onun məcburən işləməməyi və yeganə qazancının 393,34 manat pensiyadan ibarət olması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Esosial” Mərkəzləşdirilmiş elektron informasiya sistemindən xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli arayışlarla təsdiqlənir. Əgər pensiya məbləğindən hər ay 246 manatı aliment kimi ödəsə, onda yaşayışı üçün aylıq cəmi 147.34 manat qalır. O, həmin məbləğə yaşaya bilməz, çünki bu məbləğ pensiyaçılara yaşayış təminatı üçün müəyyən olunmuş minimal məbləğ olan 232 manatdan 1,6 dəfə azdır. Habelə, onun müalicəsi üçün də xeyli maddi tələbatı vardır. O, müntəzəm olaraq, fizioterapiya, massaj, MBT və digər tibbi prosedurlar keçməlidir. Bunlar isə, məlumdur ki, müəyyən maliyyə xərclərini tələb edir. Odur ki, qətnamə onun minimal təminat almaq hüququnu pozur, onu aclığa və ölümə məhkum edir. O, 1-2 il ərzində minimal maddi təminatsız qalıb, həyatdan getsə, onda uşağa aliment ödənişi də dayanacaqdır. Amma, qətnamə ilə minimal maddi təminatı azaldılmasa, onda uşağa 18 yaşına qədər müntəzəm aliment ödənişini təmin edə bilər. Yəni, təklif etdiyi aylıq 150 manat həddi uzunmüddətli çərçivədə uşağın mənafeyini də əhatə edir. Bundan başqa, o, uşağın saxlanmasına ayda 150 manat verirsə, anası İddiaçı da eyni məbləğdə öhdəlik daşımalıdır. Bu halda, onun verəcəyi 150 manat və iddiaçının verəcəyi 150 manat (cəmi- 300 man.) uşağın ilkin maddi təminatını tam ödəməyə imkan verərdi. Nə uşağın minimal təminat hüququ (246 manat), nə də onun minimal təminat hüququ (232 manat) pozulmazdı.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur; 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
17. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
18. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamına əsasən Minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
20. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına istinadən qeyd etməyi zəruri hesab edir ki, ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Həmçinin qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin, yəni tərəflərin maddi və ailə vəziyyətinin, diqqətəlayiq digər halların, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması vəzifəsini qoymuşdur. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır.
21. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir; 8.3-cü bəndinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır; 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Hazırkı apellyasiya şikayətində qətnamənin alimentin məbləği ilə bağlı hissədə dəyişdirilməsi xahiş edildiyindən, qətnamə yalnız həmin (məbləğlə bağlı) hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, həmin hissədə qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu səbəbdən birinci instansiyası məhkəməsinin qətnaməsinin alimentin məbləği ilə bağlı hissədə dəyişdirilməsinə hər hansı əsas yoxdur.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflərin faktiki münasibətlərindən xx.xx.2022-ci il tarixdə X6 doğulmuşdur. Hazırda uşaq iddiaçının himayəsindədir. Tərəflərin arasında alimentin ödənilməsi barədə saziş yoxdur.
27. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
28. İddiaçı hazırda onun himayəsində olan xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə alimentin sabit pul məbləğində tutulmasını tələb edir. Həm onun tələbi, həm də uşağın iddiaçının himayəsində olması, bununla da uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin məhz onun üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın sabit pul formasında aliment kimi cavabdehdən tutulmasına əsas verir.
29. Cavabdeh ümumilikdə aliment ödənilməsinə etiraz etmir, sadəcə olaraq aliment məbləğinin əlil olması ilə əlaqədar işləyə bilməməsi, habelə yeganə qazancının bu səbəblə dövlət tərəfindən ödənilən təqaüd olması halına istinad edərək azaldılmasını və 150 manat məbləğində müəyyən edilməsini tələb edir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 246 manat da məbləğ etibarı ilə maksimum deyil, 2025-ci il üzrə 1 uşaq üçün müəyyən edilmiş yaşayış minimumudur. Bu məbləğin hər hansı miqdarda azaldılması uşağı, həmin hüququnun tələb edilən səviyyədə reallaşmasından uzaqlaşdırır. Digər tərəfdən cavabdeh iddiaçının hər hansı məbləğdə gəlir əldə etməsini, habelə uşağın onunla (yəni birgə təsərrüfat aparılan dövrdə) birlikdə yaşadığı vaxtdakı təminat səviyyəsinin hər ay müəyyən edilmiş yaşayış minimumundan az olmasını təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilmir.
31. Cavabdehin əlil olması da uşaqlar üçün müəyyənləşdirilmiş minimum yaşayış xərclərindən də az aliment öhdəliyi daşımasına əsas vermir. Hər bir halda əmək qanunvericiliyi həssas əhali qrupuna daxil olan şəxslərin əmək münasibətlərinə daxil olması ilə bağlı münasibətləri də tənzimləyir və dövlət də bu sahədə həmin şəxslərin də öz fiziki imkanlarına uyğun iş yeri ilə təmin edilməsinə şərait yaradır. Bu səbəbdən məhkəmə kollegiyası bu dəlili əsaslı hesab etmir.
32. Nəzərə alınmalıdır ki, iddiaçıdan fərqli olaraq cavabdehin bu məsələdə öhdəliyi yalnız hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddi ilə məhdudlaşdırılır (bundan əlavə hər hansı məbləğin verilməsi cavabdehin iradəsinə bağlıdır, lakin cavabdeh hazırda tutulan məbləğin özünün azaldılmasını tələb edir). Bu baxımdan hazırda himayəsində olan uşaqla bağlı bu məbləğdən artıq yaranmış bütün xərcləri məhz iddiaçı qarşılamaq məcburiyyətindədir. Artıq məbləğin yaranması da istisna deyil. Belə ki, məsələn, uşağın istifadəsində olan geyim və digər əşyaların sıradan çıxması və istifadə üçün yararsız hala düşməsi, onların yenisi ilə əvəz edilməsini şərtləndirir. Bu itkilərin maddi baxımdan qarşılanması da bilavasitə iddiaçının üzərinə düşəcəkdir. Uşağın qidalanmasından, habelə digər məsələlərdən irəli gələn xərclərlə bağlı da iddiaçının eyni çətinliklərlə üzləşməsi istisna deyil. Başqa sözlə, hamıya məlum olan və hamılıqla qəbul olunan bir haldır ki, reallıqda uşaqla bağlı tez-tez “Planlaşdırılmamış xərclər” yaranır və onlar məhz iddiaçı tərəfindən qarşılanacaqdır. Hər bir halda, mübahisələndirilən aliment məbləği 2025-ci il üzrə müəyyən edilmiş yaşayış minimumu məbləğdir. Bu məbləğ hesabına da uşağın hər hansı deyil, məhz minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ təmin edilmiş olur.
33. Məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, sabit pul məbləğində aliment tutularkən onun miqdarı ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir. Bu baxımdan 2025-ci ili üçün ölkə üzrə müəyyənləşdirilmiş minimum əmək haqqı məbləği 400 manat olduğundan, tutulmalı olan alimentin miqdarı isə 246 manat həddində müəyyən edildiyindən cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 (246:400) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
34. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdlr. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
35. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti məbləğ etibarı ilə (246 – 150 = 96 x 12 = 1.152 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-4372/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.