Məhkəmə qərarları › İş №2(103)-5268/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5268/2025

28.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5268/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X3 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "VAZ 21047 minik" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir, iddiaçı və cavabdeh həmin nəqliyyat vasitəsindən etibarnamə əsasında istifadə etmişlər, nəqliyyat vasitəsi cavabdehin istifadəsində xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər, iddiaçının istifadəsində isə xx.xx.2024-cü il tarixindən sonra olmuşdur, həmçinin avtomobil sonradan etibarnamə əsasında iddiaçı tərəfindən xx.xx.2025 tarixinə qədər digər şəxsə verilmişdir, maşın iddiaçının istfadəsində olduğu müddətdə qəza baş vermişdir, hazırda da onun istifadəsindədir – bunlar işin mübahisəsiz hallarıdır.

2. İddiaçı, cavabdehin nəqliyyat vasitəsini ona verərkən avtomobildəki qüsurları gizlətdiyini, bunun nəticəsində hazırda həmin nəqliyyat vasitəsini sata və istifadə edə bilmədiyini iddia edərək cavabdehdən nəqliyyat vasitəsi üçün ödədiyi 5800 manatı və onun təmiri üçün ödədiyini iddia etdiyi 360 manatı tələb edir.

a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6180 manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 82 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, X5 xx.xx.2024-cü ildə, 25 saylı notariat ofisində təsdiq edilmiş etibarnamə əsasında X1 mülkiyyətində olan "VAZ 21047 minik" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili 5800 manata oğluna satmışdır. Həmin pulu oğlu hissə-hissə (4000 manat və 1800 manat) olmaqla cavabdehin "LEO bank" kartına keçirmişdir, avtomobili aldıqdan sonra nömrəsinin dəyişilməsinə 50 manat, qabaq faranın dəyişilməsinə 150 manat, Resorun dəyişilməsinə 30 manat, əyləc naklatkalarının dəyişilməsinə 80 manat, mühərrik yağı filtrinin dəyişilməsinə 50 manat (ümumilikdə 360 manat) xərcləri çıxmışdır, lakin avtomobili aldıqdan bir müddət sonra 2 saylı Gəncə şəhər Notariat ofisində təsdiq edilmiş xx.xx.2025-ci il tarixli etibarnamə əsasında X7 vermişdir, həmin şəxs bu avtomobili dövlət yol polisi idarəsində öz adına qeydiyyatdan keçirmək istəyərkən orada avtomobilə baxış keçirilərək müəyyən edilmişdir ki, avtomobilin arxa ban nömrəsinə müdaxilə olunmaqla ətrafında qaynaq işləri aparılmışdır. Bu səbəbdən də qeydiyyat aparılmasından imtina edilmişdir. X11 Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsi tərəfindən həmin faktla bağlı araşdırma aparılmış və avtomobildə edilmiş bu dəyişiklik bir daha öz təsdiqini tapmışdır. Beləliklə də, cavabdeh onları aldatmış və avtomobildə edilmiş bu qanunsuz dəyişikliklər barədə ona əvvəlcədən məlumat verməmişdir. Onlar cavabdehǝ bu barədə məlumat verərək pulunu geri qaytarmasını tələb etsə də, lakin o, qəti şəkildə buna etiraz etmişdir. Onun bu qanunsuz hərəkəti barədə Xətai rayon 30-cu Polis Bölməsinə şikayət etsə də, lakin oradan mənə verilən xx.xx.2025-ci il tarixli məktubda şikayətimin mülki xarakterli olması və bu səbəbdən də məhkəməyə müraciət etməli olduğu tövsiyə edilmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, maşını satanda iddiaçı dostları ilə gəlmişdi. Ona təcili pul lazım idi deyə satıb maşını, 5800 manata, borcu olduğu üçün satıb, maşını satandan sonra iddiaçı maşını vurub hətta ondan kömək istəyib düzəltməyə. O maşını satanda iddiaçının dostuna məlumat verib ki, maşında bəzi detallar dəyişib. Onun xəbəri yoxdur etibarnamənin ləğvindən, 5800 manata elə vuruğu olub deyə satılıb, bu gün həmin maşının dəyəri 9-10 min manatdır. Şəmsəddin maşının sahibidir, 2022-ci ildən Şəmsəddinin adınadır, ondan alıb, 19 noyabr 2022-ci ildə alıb maşını, maşını 1 ay 1 gün sürüb, sonra satıbdır iddiaçıya, ondan əvvəl 2000 manat sonra da 300 manat pul istəyib iddiaçı, maşın ona 6500 manata başa gəlib, avtomobilin BAN nömrəsinə müdaxilə barədə onun heç bir xəbəri olmamışdır. Avtomobilin satışı barədə danışıqlar zamanı o kifayət qədər şəffaf davranmış və İddiaçı avtomobil barədə onda olan bütün məlumatları, o cümlədən dəyişən hissələr və təmirlə bağlı məlumatları izah etmiş, hətta ondan maşını ətraflı yoxlatdırmasını xahiş etmişdir, bununla belə İddiaçı atası Nümayəndə 2 ay sonra ona davamlı zəng edərək pulu geri qaytarmağını və avtomobili geri götürməyini tələb etdilər. Hətta yenə zəng edib maşının qəzalı vəziyyətdə olmasını və 2000 AZN gətirməyini istədilər. O, avtomobili Ş.Rəhimovdan almış və qısa müddət sonra İddiaçı satmışdır, avtomobilin BAN nömrəsinə müdaxilə olunduğuna dair onun xəbəri olmamışdır və həmin şəraitdə bunu bilməyi və ya xüsusi yoxlanış olmadan bunu aşkar etməyi mümkün deyildir. Əlavə olaraq BAN nömrəsinə müdaxilə barədə eşidən kimi avtomobilin əvvəlki sahibi Ş.Rəhimova zəng etmişdir, Ş.Rəhimov əvvəlcə məsələdən xəbərsiz olduğunu dedi, lakin daha sonra məsələni araşdırdığını və avtomobilin onun mülkiyyətinə keçməzdən öncə Maştağa qəsəbəsində qəzaya düşdüyünü bildirmişdir, o, K. Mirzəyevə Ş.Rəhimovla əlaqə saxlamağını və məsələni onunla müzakirə etməyi təklif etmişdir, lakin K. Mirzəyevin atası Nümayəndə yenə də ondan pul istəməyə davam etmişdir. Sonda Cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev, iş № 2(011)-3582/25) iddia rədd edilmişdir.

7. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin hazırkı mübahisə üzrə məsuliyyətinə əsas verən hallar müəyyən olunmamamışdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 387.3, 1091-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Belə ki, hakim cavabdehin iddiaçıdan 5800 manat pul alması faktını qətnamədə qeyd etsə də, lakin iş üçün əhəmiyyəti olan bu halı sübut kimi qəbul etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etmədiyini bildirərək onun rədd olunmasını xahiş etdi.

13. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd olunduğundan, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv edilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

19. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

20. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "VAZ 21047 minik" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir, iddiaçı və cavabdeh həmin nəqliyyat vasitəsindən etibarnamə əsasında istifadə etmişlər, nəqliyyat vasitəsi cavabdehin istifadəsində xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər, iddiaçının istifadəsində isə xx.xx.2024-cü il tarixindən sonra olmuşdur, həmçinin avtomobil sonradan etibarnamə əsasında iddiaçı tərəfindən xx.xx.2025 tarixinə qədər digər şəxsə verilmişdir, maşın iddiaçının istfadəsində olduğu müddətdə qəza baş vermişdir, hazırda da onun istifadəsindədir – bunlar işin mübahisəsiz hallarıdır.

21. İddiaçı, cavabdehin nəqliyyat vasitəsini ona verərkən avtomobildəki qüsurları gizlətdiyini, bunun nəticəsində hazırda həmin nəqliyyat vasitəsini sata və istifadə edə bilmədiyini iddia edərək cavabdehdən nəqliyyat vasitəsi üçün ödədiyi 5800 manatı və onun təmiri üçün ödədiyini iddia etdiyi 360 manatı tələb edir. Bununla belə, cavabdehin hazırkı mübahisə üzrə məsuliyyətinə əsas verən hallar müəyyən olunmamışdır.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.

24. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

25. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən nəqliyyat vasitəsinə dair iddiaçıya verilmiş etibarnamə və səlahiyyətlər hazırda ləğv edilməməklə iddiaçının öz ixtiyarındadır, cavabdehin həmin avtomobilə görə məsuliyyətinə əsas verən hallar müəyyən deyil, həmçinin iddiaçı özü tərəfindən məhkəmə iclasında verdiyi izahatında nəqliyyat vasitəsini qəbul etməmişdən əvvəl yoxladığı, bundan sonra onu qəbul etdiyi, avtomobilin onda olarkən qəza baş verdiyi kimi hallara dair etiraf edir ki, bu hallar da iddia tələbinin təmin edilməsini mümkünsüz edir. Həmçinin, məhkəmə qeyd etmişdir ki, avtomobilin iddiaçının istifadəsində qalması ilə bərabər, ona görə ödənilmiş pulun geri tələb edilməsi əsassız varlanmaya gətirib çıxaran haldır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin.

29. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, mülkiprosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.

31. Məhkəmə, iddia tələbi üzrə tərəfin söykəndiyi faktiki halların təsdiqi üçün irəli sürdükləri dəlillərə və qeyd etdikləri xüsusatlara sübutlar, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verməyi zəruri hesab edir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər.

32. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.

33. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə müəyyən olunmuş hallara qiymət verərək bu qənaətə gəlmişdir ki, cavabdehin hazırkı mübahisə üzrə məsuliyyətinə əsas verən hallar müəyyən olunmadığından iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır.

35. Apellyasiya şikayətinin əsas dəlili odur ki, məhkəmə cavabdehin iddiaçıdan 5800 manat pul alması faktını qətnamədə qeyd etsə də, lakin iş üçün əhəmiyyəti olan bu halı sübut kimi qəbul etməmişdir.

36. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia tələbini rədd etmə əsası cavabdehin iddiaçıdan 5800 manat pul almasının sübut edilməsi ilə əlaqəli deyil, cavabdehin hazırkı mübahisə üzrə məsuliyyətinə əsas verən halların müəyyən olunmaması ilə bağlıdır, iddiaçı özü tərəfindən məhkəmə iclasında verdiyi izahatında nəqliyyat vasitəsini qəbul etməmişdən əvvəl yoxladığı, bundan sonra onu qəbul etdiyi, avtomobilin onda olarkən qəza baş verdiyi kimi halları etiraf etmişdir.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərkən bu tələblərə əməl etmiş, sübutların qanunun tələbinə uyğunluğunu, tamlığını, işə aidliyini, mümkünlüyünü, obyektivliyini, mötəbərliyini yoxlamış və yalnız bundan sonra onları qiymətləndirmişdir.

39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 09 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar