Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5272/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: birgə nikah dövründə yaranmış öhdəliklərin icrası ilə bağlı pulun tutulması, əmlakın qaytarılması) X1 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış öhdəliklərin icrası ilə bağlı pulun tutulması, əmlakın qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-311/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmış, həmin nikahdan xx.xx.2011-ci il tarixdə X6 və xx.xx.2016-cı il tarixdə X8 doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-466/2023 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar cavabdehin yanında saxlanılmış, eyni zamanda uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə aliment tutulmuşdur.
2. Birgə nikah dövründə iddiaçıya "xxxx" KB ASC ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 1927nkNAR/20 saylı kredit və bank hesabı müqaviləsinə əsasən 36 ay müddətinə (xx.xx.2023-cü il tarixədək), illik 29% ödəmək şərti ilə 1.000 manat, xx.xx.2020-ci il tarixli, 7853sNAR/20 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit) xx.xx.2025-ci il tarixədək, illik 29% ödəmək şərti ilə 500 manat məbləğində kredit verimişdir. İddiaçı həmin müqavilələr üzrə müəyyən edilmiş kredit məbləğlərini Bankdan qəbul edərək, təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı, gecikməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirə bilməməsi səbəbindən "xxxx" KB ASCyə borcu yaranmışdır.
3. Bununla bağlı xx.xx.2020-ci il tarixli, 7853sNAR/20 saylı kredit müqaviləsi üzrə yaranmış 801,88 manat məbləğində borcun bağlanması məqsədi ilə tərəflər arasında xx.xx.2022-ci il tarixli, 996nkNAR/22 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən xx.xx.2027-ci il tarixədək, illik 25% ödəmək şərti ilə 807 manat məbləğində kredit verilmişdir. Bu müqavilə üzrə aparılmış ödənişləri əks etdirən hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2022-ci il – xx.xx.2023-cü il tarixlərdə iddiaçı tərəfindən ümumilikdə 867,58 manat məbləğində ödəniş edilmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 1308/2022 nömrəli qətnaməsinə əsasən isə digər, yəni xx.xx.2020-ci il tarixli, 1927nkNAR/20 saylı kredit və bank hesabı müqaviləsi üzrə iddiaçıdan "xxxx" KB ASC-nin xeyrinə 856,68 manat əsas, 76,88 manat faiz, 1,93 manat cərimə, cəmi 935,49 manat məbləğində pul, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmuşdur. "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2022-ci il – xx.xx.2023-cü il tarixlərdə bu borc üzrə ümumilikdə 966 manat məbləğində pul ödənilmişdir.
5. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-dən 1.409 manat dəyərində Samsung N770 128GB RED markalı telefon almışdır. Bu müqavilə üzrə aparılmış ödənişləri əks etdirən hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2022-ci il – xx.xx.2023-cü il tarixlərində onun tərəfindən ümumilikdə 549 manat məbləğində ödəniş edilmişdir.
6. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən 583 əyarlı 10-11 qram çəkisi olan 1 ədəd qızıl sepin dəyəri 880 manat, 750 əyarlı 0.10 sot 5 brilyant qaşlı 7- 8 qram çəkisi olan 1 ədəd qızıl üzüyün dəyəri 900 manat, 583 əyarlı, 0.6 sot 3 brilyant qaşlı 7-8 qram çəkisi olan 1 ədəd qızıl üzüyün dəyəri 630 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı Cavabdeh qarşı iddia və iddia tələblərinin həcminin artırılması barədə ərizələrlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, “Baku Electronics" MMC ilə bağlanmış BL480293 nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən onun tərəfindən ödənilmiş 383 manatın ½ hissəsi olan 191.50 manatın cavabdehdən tutularaq ona ödənilməsi və müqavilə üzrə qalıq borc olan 260 manat pulun yarı bölünməsi; “Unibank KB" ASC-nin Nərimanov filialı ilə bağlanmış 1927nkNAR/20 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən onun tərəfindən ödənilmiş 558 manatın ½ hissəsi olan 279 manat, "xxxx" ASC-nin Nərimanov filialı ilə bağlanmış 996nkNAR/22 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən onun tərəfindən ödənilmiş 801,88 manatın ½ hissəsi olan 400,94 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, onun xeyrinə ödənilməsi, ona məxsus dəyəri 900 manat olan, 11 qram, 583 əyarlı qızıl sepin, dəyəri 900 manat olan, 5 brilyant qaşlı, 750 əyarlı qızıl üzüyün, dəyəri 650 manat olan, 3 brilyant qaşlı, 583 əyarlı qızıl üzüyün cavabdehdən alınaraq ona qaytarılması, bu mümkün olmadıqda isə həmin əşyaların cəmi dəyəri olan 2.450 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini işin yuxarıda göstərilmiş faktiki hallarına istinad edərək əsaslandırmış, o cümlədən qeyd etmişdir ki, “Baku Electronics'' MMC-dən BL480293 nömrəli müqaviləyə əsasən qiyməti 1.409 AZN olan Samsung N770 128GB RED markalı mobil cihazı nisyə satış yolu ilə əldə etmişdir. Hazırda borc məbləği tamamilə ödənilmişdir. Həmin mobil cihaz hazırda cavabdehin istifadəsindədir. xx.xx.2022-ci il tarixdən sonra o, müqavilə üzrə 196 manat borc məbləğini təkbaşına ödəmişdir. Bundan başqa, birgə nikah dövründə xx.xx.2020-ci il tarixdə o, "xxxx" KB ASC-nin Nərimanov filialından 1927nkNAR/20 nömrəli və 7853sNAR/20 nömrəli kredit müqavilələri əsasında kredit götürmüşdür. Bu müqavilələr üzrə əldə edilmiş borc məbləği ailə ehtiyaclarını ödəmək məqsədilə istifadə edilmişdir. Həmin müqavilə üzrə nəzərdə tutulan borc məbləğinin də 558 manatı təkbaşına onun tərəfindən ödənilmiş və kredit bağlanmışdır. 7853sNAR/20 nömrəli kredit müqaviləsi ilə əlaqədar olaraq birgə nikahda olduqları dövrdə xx.xx.2020-ci ildə o, "xxxx" KB ASC-nin Nərimanov filialından 996nkNAR/22 saylı kredit müqaviləsi əsasında kredit götürmüşdür. Müqavilənin 1.3-cü bəndi ilə nəzərdə tutulmuşdur ki, kredit alan yəni hazırki iddiaçı kreditdən bankın Nərimanov filialı ilə imzalanmış xx.xx.2020-ci il tarixli, 7853sNAR/20 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin restrukturizasiyası məqsədi üçün istifadə edəcəkdir. Müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə üzrə 801,88 məbləğində güzəştli kredit verilmişdir. xx.xx.2022-ci ildən sonra borcun geriyə qalan məbləği, yəni 867,58 qəpik onun tərəfindən ödənilmiş və kredit bağlanmışdır. Eyni zamanda, ona məxsus olan nikahdan əvvəl anası Firəngiz Mirabova tərəfindən bağışlanmış 1 qızıl sep və 1 qızıl kişi üzüyü onların birgə yaşadıqları evdə qalmışdır. Həmçinin, cavabdehin nişanda ona aldığı qızıl kişi üzüyü də həmin evdə qalmışdır.
9. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən birgə nikah dövründə alınmış “Samsung” markalı telefon İddiaçı tərəfindən ona hədiyyə olaraq alınmışdır. İddiaçı kreditləri uşaqların məktəb bazarlığı və evin kirayə haqqının ödənilməsi məqsədilə almışdır. İddia ərizəsində qeyd olunan qızıl sepi iddiaçı 2014-cü ildə böyük uşaqları Nərgizə hədiyyə edib. Bunun baş verməsi səbəbi isə həmin zaman iddiaçı ilə cavabdehin birinci dəfə boşanmasından sonra barışmaları olmuşdur. Yəni, tərəflərin barışması münasibətilə iddiaçı qızıl sepi böyük qızına bağışlamışdır. 2 ədəd kişi üzüyünü iddiaçı evdən gedərkən şəxsi əşyaları ilə aparmışdır. İddiaçı məhkəməyə saxta sübutlar təqdim etməkdən çəkinməyib. Onun xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təqdim etdiyi fotoşəkillərdən onun fotosu olan guya iddia tələbinə aid “qızıl sep” əslində qızıl deyil və onun hələ nikahdan əvvəl subay vaxtında taxdığı sadə bijuteriyadır. Qaşlı kişi üzüyü olan fotoşəkilin isə iddiaçıya heç bir aidiyəti yoxdur və onun belə bir üzüyü olmayıbdır. 2012-ci ildə onun 2 qiymətli qızıl-zinət əşyası iddiaçı (və ya onun ailə üzvləri) tərəfindən götürülmüşdür. Belə ki, o, həmin vaxt baş vermiş mübahisədən qayıtdıqdan sonra siyirmədə saxladığı bir ədəd 6-7 qramlıq qızıl sepini və 8 ədəd brilliyant qaşlı qızıl üzüyünü orada görməmişdir. Bundan başqa, 2022-ci ilin avqust ayında iddiaçının qardaşının adına faizə 500 manat pul götürmüşdür. İddiaçı həmin borcdan cəmi 2 ay ödəniş etmişdir. Tərəflərin münasibəti pozulduqdan sonra isə o pul verməmiş, məbləğ faizi ilə artdığı üçün 1.000 manatadan artıq vəsaiti onun qardaşı özü ödəmək məcburiyyətində qalmışdır. İddiaçının həqiqətə uyğun olmayan və tamamilə əsassız iddia ərizəsi heç bir mötəbər sübuta söykənmir. Buna görə də onun iddiası rədd edilməlidir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 311/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir (X2).
11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, iddia tələbinin “qızıl-ziynət əşyalarının qaytarılması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəf qeyd edilən qızıl-zinət əşyalarını cavabdehdən tələb etsə də, həmin əşyaların cavabdehdə olması barədə hər hansı sübutu məhkəməyə təqdim edilməmişdir. Cavabdeh qızıl zinət əşyalarının mövcudluğunu qismən (1 sepin qızıl olmadığı qeyd etməklə) qəbul etsə də, bu əşyaların onda olmadığını bildirmişdir. İş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir.
12. Məhkəmə iddia tələbinin “birgə nikah dövründə əldə edilmiş öhdəliklərin bölgüsü” hissəsinə münasibətdə qeyd etmişdir ki, birgə nikah dövründə yaranmış öhdəliklərin bölgüsü dedikdə məhz icra edilməli öhdəliklər nəzərdə tutulmuşdur. Yəni artıq icra edilmiş öhdəliklərin tərəflər arasında bölgüsü aparılmır. 1927nkNAR/20 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklər tərəflərin birgə nikahda olduqları dövrdə tam icra olunmuşdur. xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilə ilə bank tərəfindən iddiaçıya 500 manat məbləğində kredit verilmiş, sonradan bu müqavilə üzrə qalıq borc xx.xx.2022-ci il tarixdə bağlanmış 996nkNAR/22 saylı müqavilə ilə restrukturizasiya alınmış, son ödəniş müddəti xx.xx.2027-ci il müəyyən edilmişdir. Müqavilənin müddəti nəzərə alınmaqla müqavilə öhdəliklərinin tam icra edilməmiş olmasına dair əsaslı ehtimallar olsa da, iddiaçı bu müqavilə üzrə də məhz etdiyi ödənişləri tələb etmiş, qalıq borca heç bir münasibət bildirməmişdir. İddiaçı müqavilə üzrə icra edilməmiş öhdəliklərin bölgüsünü deyil, icra etdiyi öhdəliklər üzrə pulun cavabdehdən tutulmasını tələb etdiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi xx.xx.2020-ci il tarixdə bağlanmış 7853sNAR/20 saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən edilmiş ödənişlərin ½ hissəsinin cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. xx.xx.2020-ci il tarixli, BL480293 nömrəli müqavilə üzrə İddiaçı həm ödədiyi 383 manat pulun ½ hissəsi olan 191,50 manat pulun cavabdehdən tutulmasını, həm də ödənilməli olan 260 manat qalıq borcun tərəflər arasında bölünməsini xahiş etmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddia ərizəsində müqavilə üzrə 196 manat pulun ½ hissəsi olan 98 manat pulun, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təqdim etdiyi iddia tələbinin həcminin artırılması barədə ərizəsində isə müqavilə üzrə 383 manat pulun ½ hissəsinin cavabdehdən tutulmasını xahiş etmişdir. Burdan iddiaçının iddia ərizəsini verdikdən sonra müqavilə üzrə 187 manat ödəniş etdiyi aydın olur. İddia tələbinin həcminin artırılması barədə ərizəsində qalıq borcun 260 manat qeyd edilməsi nəzərə alınarsa, iddia ərizəsinin verildiyi xx.xx.2023-cü il tarixə 447 manat qalıq borcun olduğu aydın olur. Lakin iddiaçı həm ödədiyi məbləğin, həm də müqavilə üzrə ödəməli olduğu məbləğin cavabdehdən tutulmasını xahiş edir. Bununla yanaşı, iddiaçı xx.xx.2020-ci il tarixli, BL480293 nömrəli müqavilə üzrə ödənilmiş və ödənilməli olan pul məbləğləri barədə məhkəməyə hər hansı sübut etməmişdir. İş materiallarında qalıq borc məbləğini təsdiq edən hər hansı sübut yoxdur. Yəni sözügedən müqavilə üzrə icra edilməmiş öhdəliklərin qalması iş materialları ilə sübuta yetirilmir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının qanuni əsasları iş materialları ilə öz təsdiqini tapmamışdır, buna görə də iddia təmin edilməməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31-ci, 32-ci və 34-cü, 37-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157-ci, 223-cü, 225-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 106-cı, 119-cu, 217-ci, 218-ci maddələrinə və Azərbaycan Respublikası “Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli, Konstitusiya Məhkəməsi Plenumunun “S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə” 12 iyul 2017-ci tarixli Qərarlarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin təsdiqi kimi onun tərəfindən kifayət qədər fakt və sübutlar məhkəməyə təqdim edilmişdir. Etirazda açıq olaraq cavabdeh qızıl sepin olduğunu etiraf edərək hədiyyə olduğunu qeyd edir, lakin hədiyyə edildiyinə dair heç bir əsas yoxdur. Onun təqdim etdiyi fotoşəkildəki sep məhz həmin sepdir, göründüyü kimi cavabdehin istifadəsindədir. Həmin sepin bijuteriya olduğunu qeyd etməklə isə növbəti dəfə məhkəməni aldadır. Birlikdə yaşadıqları dövrdə qızıl-zinət əşyaları cavabdeh tərəfindən saxlanılıb. Hamiya məlumdur ki, qızıl-ziynət əşyaları açıq yerdə saxlanılmır. Münasibətləri pozulduqdan sonra isə əlbəttə ki o, mənzii tərk edən vaxt yeri müəyyən edə bilməzdi. Belə olan halda iddiaçının qızıl-zinət əşyalarını götürməsi mümkünsüzdür. Məhkəmə qətnaməsindən belə nəticəyə gəlmək olar ki, nikah dövründə qızıl-zinət əşyalarını nikah dövründə kim saxlayırsa, nikah pozulanda həmin şəxsdə qalmalıdır. Bu ədalətsizdir və qanunaziddir. Məhkəmə doğru-düzgün araşdırma edib, həqiqəti üzə çıxara bilmir. O, evi tərk edən zaman uşaqlar evdə olmuşdur, Əgər zərurət varsa birgə nikahdan doğulmuş hazırda isə 13 yaşlı Nərgiz və 8 yaşlı Ayla məhkəməyə dəvət olunaraq dindirilə bilər. Uşaqlar bu faktı təsdiq edə bilər ki,o, evi tərk edən vaxt yalnız özünə məxsus geyim əşyalarını götürmüşdür. Cavabdehin indiyə qədər əsassız olaraq dövlət orqanlarına etdiyi müraciətlər onu deməyə əsas verir ki, onun tərəfindən qızıl-zinət əşyalarının ümumiyyətlə axtarılması üçün əşyalar arasında axtarış aparılmış olsa, cavabdeh bundan mütləq qaydada şikayət edərdi, lakin indiyə qədər qızılzinət əşyaları ilə bağlı heç bir şikayəti olmayıbdır. Qeyd edilən məqamların heç biri məhkəmə tərəfindən nəzərə alınmayıb. İddia tələbinin digər hissəsi birgə nikah dövründə öhdəlik götürülmüş kredit müqavilələri üzrədir. İddia tələbinin həmin hissələri ilə bağlı da məhkəmənin mövqeyi tam əsassızdır və qanunaziddir. Belə ki, işin faktiki hallarına baxan məhkəmə tərəflərin nikahın pozulması üçün mediasiya və məhkəmə üçün müraciət etdiyi tarixdən ayrı yaşadıqlarını və ayrı təsərrüfat apardıqlarını müəyyən edir. Hətta cavabdehə məhkəməyə müraciət etdiyi tarixdən aliment kəsilmişdir, məlumdur ki, ailə mübahisəsində məhkəmədən əvvəl mediasiya prosesi olub. Məhkəmə isə səthi olaraq qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixədək nikahda olublar. Onun tərəfindən təkbaşına icra edilmiş öhdəliyə sərf olunmuş vəsait tərəflər arasında bərabər bölünməlidir. O, "xxxx" ASC-yə olan nikah dövründə əldə edilmiş borca görə 2 müqavilə üzrə ödəniş etmişdir. BOA Agentliyi vasitəsilə bir müqavilə üzrə faizlərlə birlikdə 900 manat yaxın, digər müqavilə üzrə 600 manat ödəniş etmişdir. Bununla belə, məhkəmə xx.xx.2022-ci il tarixdə bağlanmış 996nkNAR/22 saylı müqaviləsi üzrə öhdəliyin tam icra edilməmiş olmasına dair ehtimal olduğunu qeyd edir. Halbuki, həmin müqavilə üzrə işə xitam verildiyinə dair məktub təqdim edilmişdir. Kredit müqavilələri cavabdehin də etirazda göstərdiyi kimi, kirayə haqqının ödənilməsinə və uşaqların məktəb bazarlığına bir sözlə ailənin ümumi ehtiyaclarına sərf edilib. "xxxx" MMC-dən alınmış telefon isə cavabdehin yeni telefona ehtiyacı olduğu üçün alınıb. Cavabdeh isə onun hədiyə olduğuna dair heç bir sübut təqdim etmədiyi halda məhkəmə əsassız fikrə inanır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
18. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir; 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
23. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarında qeyd edilir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Nikah dövründə məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əmələ gəlmiş öhdəliklərin ər-arvadın ümumi öhdəliklərini təşkil etməsi ilə bağlı hüquqi yanaşma bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyası, Ukrayna Respublikası, Qazaxıstan Respublikasının məhkəmə təcrübəsində də mövcuddur. Belə ki, qeyd edilən ölkələrdə də ərin və ya arvadın əldə etdiyi kreditin məhz ailə ehtiyacları üçün sərf olunduğu müəyyən edildiyi halda həmin kredit üzrə öhdəlik ər-arvadın ümumi əmlakına daxil edilir. Nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin (məsələn, nikahdan əvvəl alınmış kredit məbləğinin və ya üçüncü şəxslərə zərər yetirilməsi nəticəsində əldə edilmiş vəsaitin və s.) ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 6.39-cu bəndinə əsasən ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Apellyasiya şikayətində qətnamənin ləğv edilib, iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “pulun tutulmasının rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə qismən edilməlidir.
29. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddia tələbi iki hissədən, yəni qızıl-zinət əşyalarının qaytarılmasından və birgə nikah dövründə yaranmış öhdəliklərin icrası ilə bağlı ödənilmiş pulun yarısının cavabdehdən tutulmasından ibarətdir.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə qızıl-zinət əşyalarının qaytarılması tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
32. Bu baxımdan iddiaçı ardıcıllıqla iddiada göstərilən əşyaların ümumiyyətlə mövcud olmasını, sonra həmin əşyaların ona məxsus olduğunu, sonra isə bu əşyaların hazırda cavabdehin qanunsuz istifadə və sahibliyində olmasını sübut etməlidir.
33. İddiaçı nikahdan əvvəl anası tərəfindən ona bir ədəd qızıl sep və 1 ədəd qızıl üzük, habelə cavabdeh tərəfindən ona 1 ədəd qızıl üzük bağışlandığını, lakin faktiki ayrılarkən bu əşyaların cavabdehdə qaldığını iddia edir və onların, habelə olmadıqda dəyərinin cavabdehdən alınaraq ona verilməsini tələb edir. Cavabdeh bu tələbi qəbul etmir. Qızıl sepin 2014-cü ildə, birinci dəfə boşanmadan sonra barışmaqları ilə bağlı iddiaçı tərəfindən böyük uşaqları Nərgizə hədiyyə edildiyini, yəni iddiaçı tərəfindən qızına bağışlandığını, 2 ədəd kişi üzüyünü isə iddiaçı evdən gedərkən şəxsi əşyaları ilə birlikdə apardığını, təqdim edilmiş fotoşəkillərdə əks olunmuş kişi üzüklərinin isə iddiaçıya heç bir aidiyətinin olmadığını, onun belə bir üzüyünün olmadığını bildirir.
34. İddiaçı isə nəticə etibarı ilə qızıl sepin nikahdan əvvəl onun istifadə və sahibliyində olmasını sübuta yetirə bilmir. Bununla bağlı təqdim etdiyi fotoşəkillər (iddiaçı əks etdirilmiş sepin məhz iddia üzrə tələb edilən əşya olduğunu bildirir) isə artıq onların nikahda olduqları dövrə aiddir və həmin fotoşəkillərdə bu əşya cavabdehin üzərindədir. Həmin əşyanın iddiaçının üzərində olmasını təsdiq edən sübut kimi təqdim edilmiş fotoşəkillərdən isə belə bir hal (iddiaçının boynunda nəinki bu əşyanın, ümumiyyətlə konkret olaraq hansı əşyanın olması aydın deyil) müəyyən edilmir. Mütəxəssis tərəfindən qızıl-zinət əşyalarının dəyəri müəyyən edilərkən də qızıl seplə bağlı hissədə məhz cavabdehin əks olunduğu fotoşəkildən istifadə edilmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu əşyanın ona məxsus olması ilə bağlı mövqeyi əsassızdır. Həmin əşya iddiaçıya məxsus olmamış, bu səbəbdən cavabdehdən alına bilməz.
35. Tələb edilən qızıl üzüklərlə bağlı qeyd edilməlidir ki, bu halın təsdiqi olaraq təqdim edilmiş hər iki şəkildə (i.v. səh. 48 və 62) yalnız bir insan əli əks olunmuş, əlin sahibi isə görünmür. Fotoşəkillərdə olan həmin əlin iddiaçıya məxsus olması isə müəyyən edilmir. İkinci şəkildə olan əlin isə birinci şəkildə olan əldən fərqləndiyi və ümumiyyətlə daha çox yaşı olan bir şəxsə məxsus olduğu açıq və aydın şəkildə görünür (mövcud vəziyyətdə bu halı müəyyən etmək üçün həmin sahə üzrə mütəxəssis olmaq da lazım deyil). Mütəxəssis rəyi isə bu hissədə yalnız bir şəkil üzrə tərtib edilmişdir. Halbuki, iki qızıl üzük tələb edilir. Nəticə etibarı ilə bu fotoşəkillərdə əks olunmuş qızıl üzüklərin iddia üzrə tələb edilən qızıl üzüklərə hər hansı aidiyyətinin olduğu müəyyən edilmir, onların mövcudluğunu təsdiq edən hər hansı başqa sübut isə təqdim edilmir. Qeyd edilənlər öz növbəsində bu əşyaların bir məmulat olaraq (nə görünüşü, nə də ki, əyarı, çəkisi və digər göstəriciləri barədə hər hansı məlumatların olmaması əsası ilə) cavabdehdən tutulmasını qeyri-mümkün edir. Bu səbəbdən məhkəmə kollegiyası növbəti, yəni bu əşyaların cavabdehə məxsus olması və cavabdehin qanunsuz istifadə və sahibliyində olması mərhələləri üzrə araşdırma aparılmasına hər hansı zərurət görmür.
36. Bununla belə, məhkəmə kollegiyası bu hissədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən iddia tələbinin “birgə nikah dövründə yaranmış öhdəliklərin icrası ilə bağlı ödənilmiş pulun yarısının cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Nisyə alqı-satqı müqaviləsi”nə əsasən iddiaçı tərəfindən 1.409 manat dəyərində Samsung N770 128GB RED markalı telefon aparatı alınmışdır. Bu əşyanın iddiaçı tərəfindən cavabdehə hədiyyə edilməsi öz təsdiqini tapmır. Yalnız onun cavabdehin istifadə və sahibliyində olması faktı isə bu qənaətə gəlmək üçün əsas deyil. Belə ki, mahiyyəti və funksionallığı baxımından bu əşyanın distant əlaqələndirilmə vasitəsi olduğu hamıya məlumdur. Hər bir halda, iddiaçı həmin əşyanı cavabdehlə bu qaydada əlaqə saxlamaq üçün əldə etmişdir. Gələcəkdə yenisinin alınması ilə əlaqədar, onun iddiaçının özü tərəfindən istifadə edilməsi, habelə uşaqların istifadəsinə verilməsi də istisna deyil. Bu baxımdan da onun məhz ailənin ümumi ehtiyacları üçün əldə edilməsi şübhəsizdir. Bu müqavilə üzrə aparılmış ödənişləri əks etdirən hesabdan çıxarış məlumatlarına əsasən isə xx.xx.2022-ci il – xx.xx.2023-cü il tarixlərində iddiaçı tərəfindən ümumilikdə 549 manat məbləğində ödəniş edilmişdir.
38. İddiaçıya "xxxx" KB ASC ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 1927nkNAR/20 saylı kredit və bank hesabı müqaviləsinə əsasən 36 ay müddətinə (xx.xx.2023-cü il tarixədək), illik 29% ödəmək şərti ilə 1.000 manat, xx.xx.2020-ci il tarixli, 7853sNAR/20 saylı kredit müqaviləsinə əsasən isə 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit) xx.xx.2025-ci il tarixədək, illik 29% ödəmək şərti ilə 500 manat məbləğində kredit verimişdir. İddiaçı həmin müqavilələr üzrə müəyyən edilmiş kredit məbləğlərini Bankdan qəbul edərək, təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı, gecikməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirə bilməməsi səbəbindən "xxxx" KB ASCyə borcu yaranmışdır.
39. Bununla bağlı xx.xx.2020-ci il tarixli, 7853sNAR/20 saylı kredit müqaviləsi üzrə yaranmış 801,88 manat məbləğində borcun bağlanması (restrukturizasiya edilməsi) məqsədi ilə tərəflər arasında xx.xx.2022-ci il tarixli, 996nkNAR/22 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçıya xx.xx.2027-ci il tarixədək, illik 25% ödəmək şərti ilə 807 manat məbləğində kredit verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1308/2022 nömrəli qətnaməsinə əsasən isə digər, yəni xx.xx.2020-ci il tarixli, 1927nkNAR/20 saylı kredit və bank hesabı müqaviləsi üzrə iddiaçıdan "xxxx" KB ASC-nin xeyrinə 856,68 manat əsas, 76,88 manat faiz, 1,93 manat cərimə, cəmi 935,49 manat məbləğində pul, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmuşdur.
40. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, 996nkNAR/22 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il – xx.xx.2023-cü il tarixlərdə ümumilikdə 867,58 manat, qeyd edilən qətnamənin icrası qaydasında isə xx.xx.2022-ci il – xx.xx.2023-cü il tarixlərdə ümumilikdə 966 manat məbləğində pul ödənilmişdir.
41. Cavabdeh özü də iddiaya qarşı etirazında kreditin uşaqların məktəb bazarlığı və evin kirayə haqqının ödənilməsi məqsədi ilə alındığını bildirir (halbuki, ilk öncə, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında onun nümayəndəsi və vəkili kreditin hansı məqsədlər üçün götürüldüyünü bilmədiklərini göstərmişdir). Bu da kreditin məhz ailənin ümumi ehtiyaclarını ödəmək məqsədi ilə götürüldüyünü təsdiq edir.
42. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-466/2023 saylı qətnaməsi ilə pozulsa da, tərəflər faktiki olaraq 2022-ci ilin sentyabr ayından ayrı yaşayır və birgə təsərrüfat aparmırlar. Bu mövqedən iddiaçı çıxış edir, cavabdehin nümayəndəsi və vəkili də xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının 2022-ci ilin sentyabr ayında evdən getdiyini qeyd edir (i.v. səh. 64). Bu hal həmin qətnamə ilə də bilavasitə öz təsdiqini tapır. Belə ki, nikahın pozulması barədə iddia qaldırmazdan əvvəl mediasiya prosesi baş tutmuş və bunun nəticəsi olaraq aidiyyəti mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə müvafiq arayış verilmişdir. Bu baxımdan müddət etibarı ilə həmin prosesə 2022-ci ilin sentyabr ayından başlanılmışdır.
43. Bununla belə, 37-38-ci bəndlərdə göstərilən müqavilələrin hər biri tərəflərin nikahda olduğu və birgə təsərrüfat apardığı dövrdə bağlanmış, buna uyğun olaraq həmin müqavilələr üzrə borcun ödənilməsi öhdəliyi də məhz birgə nikah dövründə yaranmışdır. Lakin artıq müəyyən edildiyi kimi, tərəflərin birgə təsərrüfat aparmadıqları 2022-ci ilin oktyabr ayından başlayaraq iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 549 manat, xx.xx.2022-ci il tarixli, 996nkNAR/22 saylı kredit müqaviləsi (birgə təsərrüfat aparılan dövrdə bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun restrukturizasiyası məqsədi ilə bağlanmışdır) üzrə 867,58 manat, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1308/2022 nömrəli qətnaməsinin (xx.xx.2020-ci il tarixli, 1927nkNAR/20 saylı kredit müqaviləsi üzrə yaranmış borc) icrası qaydasında isə 966 manat məbləğində pul ödənilmişdir. Bu da öz növbəsində iddiaçının qeyd edilən müddətdən sonra ödədiyi məbləğin yarısının cavabdehdən tələb etmək hüququnu yaradır (məhkəmə kollegiyası Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlərin mövcudluğunu müəyyən etməmişdir).
44. Birinci instansiya məhkəməsi isə işin bu hallarına diqqət yetirməmiş və nəticədə bu münasibətləri tənzimləyən hüququ normalarını düzgün tədbiq etməyərək, əsassız olaraq bu tələb üzrə iddianı rədd etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və buna uyğun olaraq iddia tələbini bu hissədə qismən əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə ödənilmiş 549 manat pulun (bu məbləğə daxil olmaqla iddia üzrə qalıq borc kimi yarı bölünməsi tələb edilən 260 manat pul artıq ödənildiyindən, məhkəmə kollegiyası bu pulun yarısının da tutulmasını hüquqi baxımdan mümkün hesab etmişdir), xx.xx.2020-ci il tarixli, 1927nkNAR/20 saylı kredit müqaviləsi üzrə ödənilmiş 558 manat pulun (iddia üzrə tələb edilən məbləğə uyğun, həqiqətdə daha artıq ödənilmişdir), habelə xx.xx.2022-ci il tarixli, 996nkNAR/22 saylı kredit müqaviləsi üzrə ödənilmiş 801,88 manat (iddia üzrə tələb edilən məbləğə uyğun, həqiqətdə daha artıq ödənilmişdir) pulun yarısı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 311/2024 nömrəli qətnaməsi “birgə nikah dövründə yaranmış öhdəliklərin icrası ilə bağlı ödənilmiş pulun yarısının cavabdehdən tutulmasının rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə ödənilmiş 549 manat pulun ½ hissəsi olan 274,50 manat, xx.xx.2020-ci il tarixli, 1927nkNAR/20 saylı kredit müqaviləsi üzrə ödənilmiş 558 manat pulun ½ hissəsi olan 279 manat, xx.xx.2022-ci il tarixli, 996nkNAR/22 saylı kredit müqaviləsi üzrə ödənilmiş 801,88 manat pulun ½ hissəsi olan 400,94 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi tələb edilmədiyindən iddiaçıya aid edilməlidir.
46. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın hər iki tərəf üzrə mübahisələndirilə bilən hissəsinin qiyməti (iddiaçıya münasibətdə (2.450 + 94) 2.544 manat, cavabdehə münasibətdə isə (274,50 + 279 + 400,94) 954,44 manat) məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-311/2024 nömrəli qətnaməsi “birgə nikah dövründə yaranmış öhdəliklərin icrası ilə bağlı ödənilmiş pulun yarısının cavabdehdən tutulmasının rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə qismən təmin edilsin. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə ödənilmiş 549 (beş yüz qırx doqquz) manat pulun ½ hissəsi olan 274,50 (iki yüz yetmiş dörd manat, əlli qəpik) manat, xx.xx.2020-ci il tarixli, 1927nkNAR/20 saylı kredit müqaviləsi üzrə ödənilmiş 558 (beş yüz əlli səkkiz) manat pulun ½ hissəsi olan 279 (iki yüz yetmiş doqquz) manat və xx.xx.2022-ci il tarixli, 996nkNAR/22 saylı kredit müqaviləsi üzrə ödənilmiş 801,88 (səkkiz yüz bir manat, səksən səkkiz qəpik) manat pulun ½ hissəsi olan 400,94 (dörd yüz manat, doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.