Məhkəmə qərarları › İş №2(103)-5278/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5278/2024

02.10.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5278/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh Publik hüquqi şəxsə qarşı QƏTNAMƏ İş № 2(103)-5278/2024 (Açar sözlər: əmrin ləğvi, iddiaçının işə bərpası, məcburi iş buraxma dövrü üçün hesablanan aylıq əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X5 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh Publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işəburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 3273/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 02 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/3-2-2405/2023 saylı, 29 dekabr 2023-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X3 və kiçik tibb heyətində tibb-bacısı vəzifəsinə bərpa edilməsi, İddiaçı 29 dekabr 2023-cü ildən başlayaraq işə bərpa olunan günə qədər məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbini belə əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşmüş və Bakı şəhərinə gəlmişdir. Xeyli müddətdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində tibb bacısı vəzifəsində işləmişdir. 25 sentyabr 2020-ci ildə onunla müəssisə arasında olan əmək müqaviləsi yenidən tərtib olundu və işəgötürənin tələdi ilə o da həmin müqaviləyə imza atmışdır. Lakin həmin müqavilənin surəti ona verilməmişdir. Nəhayət, 2023-cü ilin dekabr ayının sonunda işəgötürən tərəfindən ona işdən azad olunduğunu bildirmişlər. Bundan sonra dəfələrlə işəgötürənə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və əmək müqaviləsinin surətinin ona təqdim olunmasını xahiş emiş, lakin işəgötürən haqlı tələbini yerinə yetirməkdən imtina etmişdir. Nəhayət, xx.xx.2024-cü ildə rəsmi qaydada işəgötürənə müraciət etmiş və uzun sürən gərgin mübarizədən sonra (1 ay 11 gün) Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17- 4/2-M-3278/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və əmək müqaviləsinin surəti ona təqdim olunmuşdur. Əmək müqaviləsi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, Əmək Müqaviləsinin hər 2 nüsxəsinin işəgötürəndə olmasından istifadə edən "işəgötürən" tərəfindən əmək müqaviləsi saxtalaşdırılıb və müqavilənin 2.1 bəndi dəyişdirilərək "MÜDDƏTSİZ" sözü 3 ay sözü ilə əvəz olunub. Həmçinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi ilə xitam verilmişdir. Bundan sonra mübahisənin mediasiya vasitəsi ilə həll olunması üçün onun tərəfindən qarşı tərəfə mediasiya təklifi göndərilmişdir. Lakin tərəf mediasiya təklifinə cavab vermədiyi üçün Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin qarşı tərəf mediasiya sessisiyasında iştirak etmədiyi üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 3273/2024 saylı qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia ərizəsi təmin edilməmişdir.

4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1, 42.2, 45.1, 47-ci maddənin “f” bəndi, 68-ci maddəsinin “b” bəndi, 73.1, 83.1, 296.1, 296.2, 300.1-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 4.1, 14.2, 77.1, 80, 81, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayəti iddia ərizəsinihn dəlillərinə uyğun əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, işəgötürən işçiyə əmək müqaviləsinin hər iki nüsxəsini imzalatsa da, müqavilənin bir nüsxəsinin işçiyə verməyib. Müqavilə imzalandıqdan sonra işəgötürən hər iki nüsxənin özündə olmasından istifadə edərək, müddətsiz sözünün əvəzinə “3 ay” sözünü qeyd edib. Bu isə həmin şəxsin saxtakarlığının bir nümunəsidir. Təəssüf ki, məhkəmə tərəfindən bu hala qiymət verilməyib. Cavabdehin işlədiyi sahə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu əvvəlcədən də məlumdur. Bu halda işəgötürən tərəfindən əmək müqaviləsində müddət göstərilməsi qanunvericiliyin tələblərini ciddi şəkildə pozulması deməkdir. Bu qədər aşkar olan hala məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı 1993-cü ildən həmin müəssisədə işləyir. Onunla 2020-ci ildə yenidən əmək müqaviləsinin bağlanması, onun göstərilən müəssisədə 2020-ci ildən işləməsi anlamına gəlmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə əmək müqaviləsi müddətsiz bağlanmışdır.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının bundan əvvəlki əmək müqaviləsi onlarda mövcud deyil.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

11. Maddə 35, İV hissə. Əmək müqaviləsi sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Azərbaycan Respublikası Əmək Məcəlləsi

12. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

13. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

14. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

15. Maddə 47, “f” bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

16. Maddə 68.2, “b” bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması ona xitam verilməsinin əsaslarından biridir.

17. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

18. Maddə 300. 1-ci hissə. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

22. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

23. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

28. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.

29. Belə ki, mülki iş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh xx.xx.2020-ci il tarixli əmrlə İddiaçı ilə müddətli əmək müqaviləsi bağlanaraq o, orta və kiçik tibb heyətində tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir.

30. 29 dekabr 2023-cü il tarixli əmrdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika X4 və kiçik tibb heyətində tibb bacısı vəzifəsində çalışan X2 əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilsin və onunla 2020-ci il 25 sentyabr tarixində bağlanılmış əmək müqaviləsinə 2023-cü il 29 dekabr tarixində xitam verilməsi və İddiaçı son haqq hesabı və istifadə edilməmiş 8 (səkkiz) təqvim günü əmək məzuniyyətinə görə pulun əvəzinin ödənilməsi əmr edilmişdir.

31. Əmək kitabçasının surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh xx.xx.2020-ci il tarixli əmrlə İddiaçı ilə müddətli əmək müqaviləsi bağlanaraq o, orta və kiçik tibb heyətində tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir.

32. Həmin kitabçadan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn X8 edilməsi Departamentinin müdirinin xx.xx.2023-cü il tarixli əmri ilə İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin, “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

33. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, mübahisələndirilən əmrdə X1 tərəf olduğu əmək müqaviləsinə xitam verilməsinə onun müddətinin qurtarmasının səbəb olması göstərilmişdir. İddiaçı isə iddia ərizəsində əmək müqaviləsinin işə götürən tərəfindən saxtalaşdırılaraq müddətsiz sözünün 3 ay sözü ilə əvəz etməsinə dair irəli sürdüyü dəlilləri məhkəmə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakterli sayır. Lakin kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

34. Belə ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 3 aylıq müddətə bağlandığını bildirmiş və bunun tərəflər arasındakı razılıqdan irəli gəlməsi ilə əsaslandırmışdır. Halbuki Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

35. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

36. Qəbul etdiyi əmrin qanuni və əsaslı olmasını sübut etmək vəzifəsi daşıyan işəgötürənin nümayəndəsi tərəflər arasında qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsinin bağlamasını bildirsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunan tərəflər arasında bağlanan əmək müqaviləsində hansı səbəbdən müqavilənin müddətli bağlamasına dair hər hansı bir şərt göstərilməmişdir. Əksinə əmək müqaviləsindən müəyyən olunur ki, işçinin əmək funksiyalarına müəyyən müddətə deyil, icrası müddətsiz xarakter daşıyan işələr daxildir.

37. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müddətli bağlanmasına yol verilir. Lakin tərəflər arasında bağlanan əmək müqaviləsindən bu prinsipə əməl edilməsi, yəni uzun müddət müddətsiz əmək müqaviləsinə əsasən işləyən işiçinin işlədiyi müəssisə ləğv edildikdən sonra hansı səbəbdən daimi xarakter daşıyan işlərə görə müddətli əmək müqaviləsi bağlamağa razı olması bu müqavilədən müəyyən olunmur.

38. Kollegiya hesab edir ki, müddətsiz əmək müqaviləsi (əksini işəgötürən sübut edə bilməmişdir) üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə uzlaşmır. Belə ki, həmin Məcəllənin 56-cı maddəsinin 1-2-ci hissələrinə görə, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.

39. Göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə) onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-nin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz.

40. Məlum olduğu kimi, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təziyindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. ƏM-nin 47-ci maddəsinin “f” bəndi tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müəyyən müddətə bağlanması üçün hüquq bərabərliyi prinsipinə əməl edilməsi” şərtini nəzərdə tutur. İşçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.

41. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşçi ilə əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür.

42. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.

43. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işdən azad edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər də işçinin xeyrinə həll olunmalıdır.

44. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, əvvəlki işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair əsaslı olan tələblərini təmin etməməkdə haqlı olmamış, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

46. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

48. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

49. Azərbaycan Respublikası MPM-nın 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 3273/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunsun. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/3-2-2405/2023 saylı, 29 dekabr 2023-cü il tarixli əmri ləğv edilsin, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X3 və kiçik tibb heyətində tibb-bacısı vəzifəsinə bərpa edilsin. xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar